Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:04

Dövlət Departamenti: «ABŞ təşkilatı Bakıdakı təzyiqdən sonra bağlanıb»


ABŞ Dövlət Departamenti
ABŞ Dövlət Departamenti

-

ABŞ-ın IREX qeyri-hökumət təşkilatı Azərbaycandakı fəaliyyətini dayandırması və Bakıdakı ofisini bağlaması barədə xəbər yayıb.

Məlumatda deyilir ki, Azərbaycan qanunvericiliyinə əsasən, qeydiyyat müddəti bitdikdən sonra təşkilat təkrar qeydiyyat üçün müraciət etməməyi qərara alıb.

ABŞ Dövlət Departamentinin bununla əlaqədar bəyanatında deyilir:

«IREX bank hesablarının dondurulması və ofisinə polis reydi də daxil olmaqla, hökumət təzyiqlərinin ardınca Azərbaycandakı fəaliyyətini dayandırmaq barədə çətin qərar qəbul edib. Biz IREX-in qismən də USAID-in maliyyələşdirməsi vasitəsilə müstəqil, peşəkar mediaya dəstəyini və adamlar arasında üzbəüz ünsiyyət yaratmaq səylərini yüksək qiymətləndirirdik. Azərbaycanda IREX-in bağlanması bu mühüm işə zərbə vurub. İnsan haqlarına və təməl azadlıqlara hörmət, demokratik islahatların tərəqqisi təkcə bizim ikitərəfli münasibətlərimizin möhkəmlənməsi üçün deyil, həm də Azərbaycanın özünün uzunmüddətli sabitliyi üçün mühüm amildir».

Azərbaycanda 1998-ci ildən fəaliyyətdə olmuş IREX-in bəyanatında deyilir ki, təşkilat bir sıra hökumət təsisatları, kommersiya və qeyri-mənfəət qurumları ilə əməkdaşlıq şəraitində ölkədə təhsilin, media və internetin inkişafına böyük töhfə verib.

IREX ümid etdiyini bildirir ki, onun fəaliyyəti Azərbaycan xalqı və hökuməti tərəfindən obyektiv qiymətləndiriləcək və bu QHT barədə bir sıra media qurumlarının yaydığı əsassız iddialar ciddiyə alınmayacaq, istintaq işi qanunun aliliyi prinsipi ilə başa çatacaq.

Son zamanlar yayılmış bəzi iddialarda IREX Azərbaycan hakimiyyətinə qarşı fəaliyyətdə ittiham olunurdu.

Bu iddialara cavab olaraq IREX hələ avqustun 6-da bildirmişdi ki, fəaliyyətini yerli qanunlara tam riayət edərək qurub və qurmaqdadır.

Siyasi Azadlıqların Müdafiəsi Alyansının əlaqələndiricisi Samir Kazımlı «Kavkazski Uzel» saytına müsahibəsində deyib ki, IREX-in Azərbaycandan getməsi ölkədə son zamanlar yaranmış meylin yalnız davamıdır. Bundan əvvəl ABŞ-ın Milli Demokratiya İnstitutu da Azərbaycandakı fəaliyyətini dayandırıb.

«Kavkazski Uzel» saytı xəbər verir ki, Azərbaycan Baş Prokurorluğunun sanksiyası ilə 6 yerli və bir beynəlxalq qeyri-hökumət təşkilatının bank hesablarına həbs qoyulub.

XS
SM
MD
LG