Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:45

Şeyx Mahmud Şəbüstəri. Gülşəni-raz


-

ŞEYX MAHMUD ŞƏBÜSTƏRİ

«GÜLŞƏNİ-RAZ»

Adıyla bu cana fikir qandıran,
Can nuruyla qəlb çırağın yandıran.
Fəzlindən hər iki aləmdir rövşən,
Feyzindən xaki-Adəm oldu gülşən.
Qüdrəti görsəndi bircə an, bir dəm,
Kafü nundan doğdu hər iki aləm
Qüdrətinin qafı qələmə yetdi,
Minlərlə nəqş lövhi-ədəmə yetdi.
O dəmdən peyda oldu iki aləm,
O dəmdən aşkar oldu cani-Adəm.
Ağıl ilə seçim Adəmə gəldi,
Hər şeyin əslini onunla bildi.
Özünü gördükdə bir şəxs müəyyən,
Fikirləşdi axı görən nəyəm mən.
Cüzvidən külliyə bir səfər etdi,
Oradan aləmə bir güzar etdi.
Dünya etibarlı işdirsə, əgər,
Vahiddən törənər başqa ədədlər.
Əmr ilə xəlq bir nəfəsdən yetişdi,
O dəm gələn kimi yenə də getdi.
Lakin bu yer gediş-gəlişdən deyil,
Gedişə bax, ayrı gəlişdən deyil.
Öz əslinə qayıtdı bütün əşya
Hamı bir şey oldu, pünhan və peyda.
Qədim uca Allah edər bir dəmdə,
Əvvələ sonluğu iki aləmdə.
Xəlqü əmr aləmi burda bir oldu,
Biri çoxaldısa, biri azaldı.
Bütün qeyri-surət doğar vəhmindən,
Nöqtə dairədir seyr sürətindən.
Bircə xətt var, əvvəldən ta axır,
Xəlqi-cahan olmuş ona müsafir.
Peyğəmbər bu yolda dönər sarvana,
Dəlil və bələdçi olar karvana.
Seyyidimiz oldu onlara sərvər,
Həm əvvəl, həm axır bu işdə rəhbər.
Əhmədin «mim»ində əhəddir zahir.
Dövrdə əvvəl gəldi eyni axir.
Yolun sonu gəldi xətmi-nübüvvət,
Onda mənzil oldu Allaha dəvət.
Ürəkaçan məqamı cami-cəmdir
Canyaxan camalı şəmi’-cəmdir.
O öncə, ürəklər dalınca qaçar,
Ətəyindən tutub gör neçə canlar.
Övliya bu yolda, əvvəldən-sondan,
Yetdiyi mənzildən verir bir nişan.
Sonra öz həddinə oldular vaqif
Söz açdılar: nədir mərufla arif.
Biri bəhri-vəhdətdəndir ənəl-həqq,
Biri yaxın-uzaqdan, seyri-zövrəq.
Birisi elmi-zahir etdi hasil,
Göstərdi ki, quruluqdur bu sahil.
Biri gövhər alıb qaldı hədəfdə,
Birisi bunları qoydu sədəfdə.
Biri cüzv ilə külldən söz açdı
Biri qədimdən hüdusa göz açdı.
Biri zülfü, xalü xətt bəyan etdi,
Şərabü şəmü şahid əyan etdi.
Biri xəyal ilə varlığı buldu,
Biri də bütlə zünnara qərq oldu.
Sözlər uzlaşaraq mənzilə düşdü,
Xilqətin fəhmində müşkülə düşdü.
Kimi bu mənaya olubdur heyran,
Zəruridi bunu bilmək hər zaman.
Yetmişdən keçərək yeddilə onda.
Başlandı hicrətin şəvval ayında.


Kitabın yazılma səbəbi

Bir elçidə vardı min lütfü ehsan,
Yetişdi xadimi-əhli-Xorasan.
Böyük bir şəxs vardı orada məşhur,
Hünərdə sanasan bir çeşmeyi-nur.
Xorasan əhlindən hər kimi desən
Bu anda yaxşıdır o hər bir kəsdən.
Məna barəsində bir məktub düzmüş,
Məna bilənlərə onu göndərmiş.
Orada bir neçə müşkül ibarə,
İşarət əhlindən gəlmiş izharə.
Nəzmə düzüb bir-bir çəkdi meydana,
Az sözün içində bir dünya məna.
Elçi oxuyanda məktubu, dərhal
Düşdü dildən-dilə ondakı əhval.
Əyləşmiş məclisdə hazır əzizlər,
Salmışlar həmin bu dərvişə nəzər.
Orada var idi təcrübə görmüş,
Yüz dəfələr belə məna eşitmiş.
Mənə söylədi ki, cavab ver bir dəm
Fayda tapsın ondan bu əhli-aləm.
Dedim, nə ehtiyac, bu nə məsələ,
Yazdım bu barədə neçə risalə.
Dedi, bəli, ancaq gərək bu cavab,
Məqsədlə uzlaşsın, edilən xitab.
Çox təkiddən sonra işə başladım,
Yığcam sözlər ilə cavabı yazdım.
Bir anda çoxların arasında mən,
Dedim bu sözləri heç düşünmədən.
Onlarda bu qədər var lütfü ehsan,
Vaz keçsinlər bizə olan iraddan.
Hamı bilir, bu kəs büsbütün ömür,
Heç vaxt istəməyib söyləsin şeir.
Gərçi təbim buna gəlirdi qadir,
Ancaq söz söyləmək olurdu nadir.
Nəsrlə yaratmış çoxluca kitab,
Məsnəviyə heç vaxt etməmiş xitab.
Əruz, qafiyəylə ölçülmür məna,
Heç də hər qəlibə sığışmır məna.
Mənalar heç zaman hərfə sığışmaz,
Gülzum bəhri heç bir zərfə sığışmaz.
Düşmüşük darlığa öz hərfimizdən,
Başqa şey artırmaq nə üçün, nədən?!
Fəxr deyil bu söz, şükür üçündür,
Əhli-dil yanında üzür üçündür.
Şairlikdən mənə bir ar gəlməz,
Yüz qərinə keçsə, Əttar gəlməz.
Yüz min sirli aləm burda gizlidir,
Əttar dükanından bir dəstə güldür.
Bu tək-tək halları keçirmək gərək,
Deyil divdən gizli eşitmiş mələk.
Məktubun cavabın cümlə həmin dəm,
Bircə-bircə dedim, nə çox, nə də kəm.
Məktubun cavabı çatdı elçiyə,
Gəldiyi yol ilə döndü geriyə.
Əzizlərdən biri buyurdu mənə,
Bir şeylər artırım bunlara yenə.
Dediyin mənanı yenə bəyan et,
Eynilə eyni-elmdən əyan et.
Görmədim o vaxtlar ondan bir macal,
Artıram bunlara başqa zövqi-hal.
Onun vəsfi söz-söhbətlə müşküldür,
Hal sahibi bilir bu neca haldır.
Əməl etdim sözünə uyğun dinin,
Rədd etmədim istəyənin istəyin.
Aydın olsun deyə burdakı əsrar,
Tuti nitqim onu eylədi izhar.
Gəldi fəzlü inayəti Allahın,
Bir neçə saata dedim hamısın.
Ürək o həzrətdən bir ad istədi,
«Gülşənimizdir» – ona cavab gəldi.
O Həzrət namə adın etdi gülşən.
Ürəklərin gözü ondandır rövşən.


Birinci sual: Fikir və təfəkkür

Öncə öz fikrimdən eylədim heyrət,
Təfəkkür deyilən nədir bu söhbət?
Mənə dedi, söylə: nədir təfəkkür,
Bu mənadan bir an etdim təhəyyür.
Təfəkkür batildən haqqa getməkdir,
Cüzvdə ol mütləq küllü görməkdir.
Həkimlər bu işi etdilər təsnif,
Belə söylədilər, verdilər tərif.
Ürəkdə hasil olar hər təsəvvür,
Onun ilkin adı olar təzəkkür.
Fikirləşən zaman bundan keçərlər,
Adət üzrə ona ibrət deyərlər.
Tədbir üçün olur ilkin təsəvvür,
Ağıl əhli deyər ona təfəkkür.
Təsəvvürün düzənindən bu məlum,
Təsdiq olar naməfhumdan məfhum.
Bu sırada öncə ata və ana,
Nəticə övladdır, ey qardaş, anla!
Ancaq bu düzəndə niyə, nə üçün,
Ehtiyac var yenə işləsin qanun.
Bir də təsdiq edilməsə, bu işlər,
Hər an sırf təqlidə çevrilə bilər.
Bu uzun yolları burax, bir zaman,
Musa tək əsanı tərk eylə, bir an.
Çıx əminlik vadisinə sən nagah
Ağac sənə desin: «ənni ənallah».
Mühəqqiq vəhdəti tapar şühudda,
Bu ilkin nəzərdir nuri-vücudda.
Ürək mərifətdən nur-səfa gördü,
Nəyə nəzər saldı, bir xuda gördü.
Yaxşı fikir üçün təcrid bir şərtdir,
Sonra bərq saçaraq təsdiq yetişir.
Allah yol açmasa, dünyada heç kəs,
Məntiqlə heç nəyi o aça bilməz.
Çün fəlsəfi həkim qalıbdır heyran
O görmür əşyadan qeyri bir imkan.
İsbati-vacibçün eylədi imkan,
Vacibin zatında o qaldı heyran.
Gah dövrdən o əksinə seyr edər,
Gah məhbus tək silsilədə ilişər.
Ağıl ilə varlığa bərk girişdi,
Ayaqları silsilədə ilişdi.
Cümlə əşya ziddiylə edir zühur,
Haqqa nə tay, nə də bərabər olur.
Zatında nə zidd, nə tay görünər,
Bilmirəm ki, onu o necə bilər.
Mümkündə vacibdən yoxdur nümunə,
Necə bilsin onu, necə, de yenə?
Nə yazıq, şam ilə parlaq günəşi,
Biyabanda gəzər o nadan kişi.


Təmsil: Günəşin nurunun dəyişməsi

Bu günəş qalsaydı bir halda əgər,
Şüası olardı eyni, bərabər.
Nur ondan olduğun bilməsə hər kəs,
Məğz ilə qabığa fərq qoya bilməz.
Haqqın nurundandır, bil, cümlə cahan,
Haqq onda peydadır, həm də ki pünhan.
Haqqın nuru bilməz nəql ilə təhvil,
Ona yaxın düşməz təğyirlə təbdil.

Sən xəyalsan, cahan isə daimdir
Öz zatına o həmişə qaimdir.
Uzağı düşünən ağıl kimdə var,
Çoxlu çaşbaşlığa olarsa düçar.
Uzaqgörənlikdən bu əqli-füzul,
Gah fəlsəfi oldu, gah da ki hülul.
Ağıl tab gətirməz Onun nuruna
Get başqa bir göz tap haqq axtarana.
Filosofun çaşdır hər iki gözü,
Haqq vəhdətin görməz, duruxar özü.
Korluqdan gəlibdir fikirdə təşbih,
Biryönlü baxışdır idrakda tənzih.
Tənasüx sayılır küfr ilə batil,
Bu da dargözlükdən olubdur hasil.
Anadangəlmə kor kamala yetməz,
Mötəzili kimi bir yola yetməz.
Kəlami xəbərsiz zövqi-tovhiddən,
Qaranlığa düşüb əbri-təqliddən.
İki gözdən qüsurlu əhli-zahir,
Zahirdə o görər yalnız təzahür.
Hər kəs Ondan azmı-çoxmu söz açar,
Öz gözüylə gördüyündən bəhs açar.
Zatı pakdır necə, hansı, niyədən,
Şəni çox ucadır deyilənlərdən.


İkinci sual: Tiəriqətin şərti

Hansı fikir olur bu yol üçün şərt,
Niyə gah günahdır, gah da itaət.
Əgər nemət üçün şərtdirsə fikir
Haqqın zatı üçün günah bilinir.
Haqqın zatı üçün düşünmək batil
Bəlli şeyi hasil etmək çox müşkül.
Bu ayələr aydın olmuşdur zatdan,
Onun zatı aydın olmaz ayatdan.
Bütün aləm Onun nuruyla peyda,
Bəs aləmdən O necə olar peyda.
Zatın nuru hara, hara məzahir,
Onun pak calalı qahirdir, qahir.
Ağılı buraxıb, haqqla ol, kişi!
Yarasanın gözü görməz günəşi.
Haqqın nuru dəlildirsə, əzəldən,
Yeri yoxdur danışmaq Cəbraildən.
Mələklər gərçi yaxındır dərgaha,
Bu məqamda sığışarmı Allaha.
Bu nurdan mələyin qanadı yanır,
Ağılın baş-ayağı, dadı yanır.
Ağıl Ondan nur alar, əgər bilsək,
Günəş qamaşdıran başdakı göz tək.
Görən yaxın olsa gözə, görünməz,
Göz qaralar, ona idrak yetişməz.
Bil ki, bu qaralıq bir nuri-zatdır,
İçdəki qaranlıq abi-həyatdır.
Qaranlıq göz nurun bəzən üstələr,
Nəzər etmə, bura yetişməz nəzər.
Ayrı şeydir torpaqla aləmi-pak
Acizdir dərki-idrakdan bu idrak.
Qaraüzlü mümkündən iki aləm,
Allah bilir, ayrılmadı bircə dəm.
Qaraüzlü dərviş iki cahanda,
Səvadi-əzəm oldu tam bu anda.
Nə deyim bu mətləb incədir, incə,
Qaranlıq gündüzdə işıqlı gecə.
Bu məşhəddə təcəlli nuru rövşən,
Yaxşı olar bir söz söyləməsəm mən.


Təmsil: Haqqın nurunun vasitəsiz görünməsi

Günəşin çeşməsin görmək istəsən,
Gərək başqa şeyi tələb edəsən.
Gözün taqəti yox görsün bu işi,
Suda görmək olar parlaq günəşi.
Onun işıqlığı azalsa əgər,
Sənin bu idrakda halın yüksələr.
Ədəm nədir? – mütləq varlığa ayna,
Haqqın nuru əks olur onda peyda.
Yoxluq olur varlıq üçün müqabil,
Onun əksi olur bu halda hasil.
Ol vəhdət kəsrətdən oldu aşikar,
Birin saydın, çoxluq oldu bərqərar.
Ədəd başlanğıcda bir olsa, yenə,
Heç vaxt sonu bitməz, onu bilsənə.
Yoxluq öz zatında saf olduğundan,
Gizli xəznə zühurə gəldi ondan.
Oxu, «gizli xəznə» hədisin bir an,
Ta aşkar görünsün ol gənci-nihan.
Yoxluq – ayna, aləm – əks və insan,
Gözün əksi kimi şəxs onda pünhan.
Sən gözün əksisən, o göz üçün nur,
Göz gözü göz ilə bil, görmüş olur.
Cahan insan oldu, insansa cahan,
Bundan daha da pak olmaz bir bəyan.
Yaxşı baxsan əgər, əslində bu iş,
Həm gözdür, həm görən, həm də ki görüş.
Qüdsi hədis etdi mənasın bəyan,
«Mənlə eşitdi, gördü» oldu əyan.
Başdan-başa bir aynadır bu cahan,
Hər zərrədən saçar yüz mehri-taban.
Əgər bir qətrənin bağrını yarsan,
Yüz saf dərya üzə çıxarar ondan.
Hər cüzvə düz baxsan əgər torpaqdan,
Minlərlə Adəm aşkar olar ondan.
Ağcaqanad əzasıyla bir fildir,
Ad cəhətdən damla elə bil Nildir.
Bir dənə içində yüz xırman gəldi,
Bir darı içində bir cahan gəldi.
Cücü qanadında yerləşibdir can
Nöqtənin içində çeşmi-asiman.
Ürəyin nöqtəsi kiçikdirsə, bil
Allah etmiş iki aləmə mənzil.
Cəm olubdur onda hər iki aləm,
Bəzən iblis olar, bəzən də Adəm.
Bax gör aləm bir-birinə dolaşmış,
Divlə şeytan həm mələklə bulaşmış.
Bir-birilə hamı toxum ilə bar
Kafərdən mömindir, mömindən kafər.
Cəm olmuş hamısı nöqteyi-halda
Bütün dövrü zaman, gün, ay və il də.
Əzəl ilə əbəd eynidir bir dəm,
İsa nüzul etdi, var oldu Adəm.
Bu dövrdə hər bir nöqtə dövr edər,
Hər şəkildən min şəkil ələ gələr.
Hər nöqtədən yeni bir dövr düzələr,
Həmin mərkəz, bu dövrdə seyr edər.
Bir zərrə öz yerindən çıxsa əgər,
Aləm başdan-ayağa xələl görər.
Hamısı sərgəştə, heç biri bir an,
Kənara çıxmayıb həddi-imkandan.
Müəyyənlik hər birin etmiş məhbus,
Cüziyyət küllidən olubdur məyus.
De ki, daim seyr ilə həbs içində,
Həmişə boşluqla libas içində.
Hamı hərəkətdə və daim aram,
Nə başlanğıc peyda, nə də ki əncam.
Hamı öz zatından yetmiş agaha,
Oradan yol tapmış uca dərgaha.
Pərdə arxasında hər zərrə pünhan,
Canalan camalla, xoşüzlü canan.


Qayda: İlahi təzahürlərin mərtəbələrinin sonsuzluğu

Sən aləmdən həmin bir söz eşitdin,
Gəl bir söylə aləmdən bəs nə gördün.
Nə bilmisən nədir surət, ya məna,
Nə olar axirət, necədir dünya.
Söylə simurğ ilə uca Qaf nədir,
Behiştlə cəhənnəm və ə’raf nədir?
Hanı o aləm ki, peyda deyildir,
Bir günü burada sanki bir ildir.
Dünya deyil təkcə burda gördüyün
Eşit, axır var həm də görmədiyin.
Gəl, göstər Cabilqa hansıdır, nədir?
Cabilsa şəhrinin bəs adı nədir?
Məğribi məşriqi birgə düşünsən,
Birdən artıq deyil bu aləm, bilsən.
İbn Abbasdandır onun bəyanı,
Eşit və özünü yaxşıca tanı.
Yuxulusan, bu görməyin xəyaldır,
Gördüyün hər şey ondan bir misaldır.
Həşrin sübhü ilə ayılsan dərhal,
Bilərsən hamısı vəhmdir, xəyal.
Çaş gözün xəyalı qalxsa aradan,
Dəyişər bu zaman yerlə asiman.
Günəşi gər əyan göstərsə üzün,
Qalmaz nuru Nahidin, ayla günün.
Düşsə ondan şölə bir səngi-xara,
Rəngli yun tək olar daş para-para.
Bacarıqdır indi, bil, iş qaydası,
Bacarmasan bilməyin nə faydası.
Ürək hədisindən nə deyim ki, sən,
Ayağın palçığa batıb düşmüsən.
Cahan sənin, sənsə qalmısan aciz,
Səndən daha məhrum kim görmüş, hərgiz?
Hisslər sanki bir mənzildə saxlamış,
Acizlik əliylə ayaq bağlamış.
Seçmisən qadın tək uğursuz diyar,
Öz cəhlindən sən etmədin bircə ar.
Dünya igidləri qərq olmuş qana,
Sən pərdədə ayaq qoymadın yana.
Bir qarı dinindən nə fəhm etmisən,
Özünə bu cəhli rəva bilmisən.
Naqisdir ağılda, dində qadınlar,
Niyə mərdlər üçün yol seçsin onlar?
Əgər mərdsən, çıx dışraya, nəzər et,
Qarşı gələn hər bir şeydən güzər et.
Mərhələ içində dayanma bir an,
Saxlama, qoy getsin yolçuyla karvan.
Xəyal kimi haqqı istə, haqq söylə
Gecəni gün, gündüzü gecə eylə.
Ulduzla ay, böyük günəş parlayar,
Hisslə xəyal, ağıl üçün nur saçar.
Hər şeydən üz döndər, ey yolçu, boylə,
«Həmişə sönəni sevmərəm» söylə.
Bu yolda Museyi-İmran kimi sən,
Get eşit «Allah mənəm» ayəsindən.
Varlıq dağınadək öndə qalarsan,
«Ərni ləntərani» cavabı alarsan.
Həqiqət kəhrüba, vücudun saman
Varlıq dağın yoxsa, bu yol haradan?
Təcəlli yetişsə varlıq dağına,
Dönər varlıq bir ayaq torpağına.
Bir cazibə edər gədanı sultan,
Bir anda dağ dönərək olar saman.
Xacənin ardınca əsraya yetiş,
Böyük ayələrə tam eylə gərdiş.
«Ümmi Hani» sarayından çıx çölə
«Məni görən» hədisin mütləq söylə.
Keç iki aləmdən, künci kafında,
Otur qabi-qövseynin qafında.
Nə istəsən haqq onu sənə verər,
Aləmdə nə varsa sənə göstərər.

Qayda: Aləmin kitabı ilə Allahın nazil etdiyi kitabın müqayisəsi

Canı təcəllidə olançün bu dəm,
Haqqın kitabıdır bütün bu aləm.
Ərəz qayda, cövhər isə hərf olub,
Mərtəbələr ayələrə vəqf olub.
Ondan hər bir aləm bir surədir xas,
Birisi fatihə, o biri ixlas.
Əqli-küll tək gəldi ilkin ayəsi,
Bismillah sözünün başdakı «be»si.
İkincisi külli nəfs – nur ayəsi,
Çıraq kimi oldu nurun qayəsi.
Ərşi-Rəhmandır üçüncü ayəsi,
Oxu dördüncüdə kürsi ayəsi.
Ondan sonra, gəlir göyün kütləsi,
Orada «Səbül-məsani» surəsi.
Ünsürə nəzər et, yenə, ey huşyar,
Hər biri ayədir açıq-aşikar.
Onlardan sonra da üç mövlud gələr,
Saya gəlməz burda olan ayələr.
Axırda nazil oldu nəfsi-insan,
«Ən-Nas» surəsiylə xətm oldu Quran.

Qayda: Xarici aləmdəki varlıqlar (afaq) barədə təfəkkür

Məhbus olma ünsürə, təbiətə,

Çıx nəzər sal, bu sün’ə, bu xilqətə.
Təfəkkür et göylərin xilqətində,
Haqq səni mədh etsin ayələrində.
Bax gör bir yol gedir Ərşi-əzəmə,
Əhatəsi vardır iki aləmə.
Niyə Ərşin adın qoydular Rəhman?
Qəlbiylə nə qurdu onunla insan?
Niyə hər ikisi hərlənir müdam,
Bircə ləhzə tapa bilməyir aram.
Ürək mərkəz, Ərş isə bəsitdir.
Bu bir nöqtə, o da dövri-mühitdir.
Gecə-gündüz az-çox eyləyər gərdiş,
Ərş sənin dövrəndə, ey mərd, ey dərviş.
Dövr edən cisimlər nə üçün ondan,
Hərəkətə gəlmiş, yaxşı bax bir an.
Dolab tək məşriqdən məğribə gedər,
Yeməksiz, yuxusuz daim dövr edər.
Gecə-gündüz, bu böyük çərx müdam,
Aləm ətrafında dövr edər tamam.
Onunla böyləcə başqa fələklər,
Çərx ilə yanaşı dövrə gələrlər.
Lakin böyük çərxin gərdişin bilsək,
Əksinə dövr edər bu səkkiz fələk.
Kürsü ortasıdır bürclərin zatı,
Orda nə ayrılma, nə boşluq qatı.
Əvvəl Qoçla, Buğa, Əkizlər, Xərçəng,
Sonra verir Şirlə Qız buna ahəng.
Mizan ilə Əqrəb, sonra da Kaman,
Oğlaq, Dolça, Balıq sonuncu nişan.
Min iyirmi dörddür sabit ulduzlar
Kürsüdə onların öz məqamı var.
Yeddinci Keyvandır çərxə pasiban,
Altıda Müştəri olubdur məkan.
Beşincidə Mərrix olub yerbəyer,
Dörddəki Günəşdir, aləmi bəzər.
Üçüncü Zöhrədir, iki – Ütarid,
Ay dünya çərxinə olubdur varid.
Zühəlçün Oxlaqla, Dolça, Müştəri,
Qövs ilə Balıq ilk və son yeri.
Qoç Əqrəblə Bəhram yerinə gəldi,
Şir yenə Günəşdə rahat yer buldu.
Zöhrənin guşəsi Buğayla Mizan,
Utarid yer tapdı Əkizlə Qızdan.
Xərçəngi özünə Ay həmcins etdi,
Quyruq baş olaraq bir düyün seçdi.
İyirmi səkkizdir Ayın mənzili,
Uzlaşar Günəşlə hər müqabili.
Köhnə saplaq kimi qədimidir bu,
O bilən əzizin təqdiridir bu.
Düşüncədə olsan bir mərdi-kamil,
Hər dəfə söylərsən, deyildir batil.
Ol haqqın kəlamı bunu söyləyər,
Yəqin zəifləsə, batil görünər.
Cücünün varlığı hikmətsə, ey xam,
Onsuz var olarmı Tir ilə Bəhram?
Bu işin əslinə baxsan əgər sən,
Fələyi də Onun hökmü bilərsən.
Münəccim nəsibsiz qalıb imandan,
Hər təsiri bilər göydən, ulduzdan.
Gör necə ram olmuş çərxi-müdəvvər,
Haqqın əmri, hökmü ilə bu qədər.


Təmsil: Bütün varlıq nümunələrində olan hərəkətlərin qaynağı

Deyirsən dövr edər daim fələklər,
Gecə-gündüz çərx tək gərdişə gələr.
O bilici hakim, hər ləhzə ondan,
Başqa qab düzəldər gil ilə sudan.
Zaman ilə məkan içində nə var,
Bir ustadla bir karxanədən olar.
Kamal əhlidirsə bütün ulduzlar,
Niyə hər an nöqsan ya xələl tapar?
Hamısı seyrdə, rəngdə, şəkildə,
Niyə hal tapıblar müxtəliflikdə.
Niyə gah zirvədə, gah da alçaqda,
Bəzən tənhadırlar, bəzən cütlükdə.
Çərxin qəlbi nədən doldu atəşlə,
Kimin şövqündəndir bu keşməkeşlə.
Ulduzlar piyada onda dövr edər,
Gah yuxarı, gah da aşağı gedər.
Hava, su, od, torpaq – bütün ünsürlər,
Fələklər altında tutublar bir yer.
Hər biri öz yerinə olur məhrəm,
Qabağa-geriyə getməz bir qədəm.
Təb ilə mərkəzdə dördlük təzadlar,
Cəm halda gəldiyin heç görənmi var?
Fərqlənir hər biri zatla, surətlə,
Bir şey olmuş bir hökmi-zərurətlə.
Üç törəmə varlıq gəldi onlardan,
Öncə cisim, sonra bitkiylə heyvan.
Cövhərini qoymuş araya, inan,
Sufi tək saflaşıb surətdən bu an.
Əmri, hökmü, ədli hamıya yetir,
Canla-başla olun Ona müntəzir.
Bərk maddə qəhrdən torpağa düşmüş,
Bitkisə mehrdən ayağa durmuş.
Canlı sidqü ixlas ilə meyl edər,
Öz cinslə növünü saxlamaq istər.
Hamı Onun hökmünə etmiş iqrar,
Gecə-gündüz Ona olmuş tələbkar.


Qayda: Daxili aləm (nəfslər)

Öz əslinə yaxşı baxsan bir daha,
Ana ata oldu, yenə var ana.
Dünyanı büsbütün özündə gör sən,
Ən sonda gələni, gəl öndə gör sən.
Axırda peyda oldu nəfsi-Adəm,
Zatının tüfeyli hər iki aləm.
Axır deyil, son qayəsidir axır.
Özünün zatıyla olurmu zahir?
Zalım və cahil tək o, ziddir nurla,
Lakin məzhər olur eyni zühurla.
Aynanın arxası tutqun olanda,
Şəxsin üzü bütöv görünər onda.
Dördüncü fələkdən gün şüa saçar,
Yalnız torpaq üstə o, əks olunar.
Mə’bud timsalıydın mələklər üçün
O üzdən səcdəyə layiq görüldün.
Hər bədəndən vardır qarşında bir can
Sənə bağlanmışdır sanki ip ondan.
Ona görə ram oldular əmrinlə,
Hər birinin canı gizlidir sənlə.
Aləmin məğzisən, bəs ortadasan,
Özünü tanı ki, cani-cahansan.
Şimal rübü sənə olmuşdur məskən,
Ürək sol tərəfdə olur bədəndən.
Cahan ağıl, can sənin sərmayəndir,
Yerlə göylər hamısı bəzəyindir.
O yoxluğu gör ki, eyni varlıqdır,
Ucalığa bax, zatən alçaqlıqdır.
Təbii qüvvətin on mindir sənin,
İradə qüvvətin hədsizdir sənin.
Hər bir hərəkətçün vasitələr var,
Bədən üzvləri, bir də damarlar.
Həkimlər burada heyran qaldılar,
İnsan bədənində çaşdılar onlar.
Heç kəs yol tapmamış, bəs nədir bu iş,
Aciz olmağına etiraf etmiş.
Haqdan hər birində bir pay, bir qisim,
Mə’ad ilə məbdə hər biri bir isim.
Bu adlarla mövcud aləm dayanar,
Bu adlarla daim təsbihdə olar.
Hər biri əvvəldə baş verdi ondan,
Son qayıdış gəldi həmin qapıdan.
Döndü geri ilk gəldiyi qapıdan,
Lakin bu dünyada qaldı sərgərdan.
Ona görə cümlə adları bildin,
Haqqın surətinin əksi tək gəldin.
Elm, iradə, qüdrət Ondandır səndə,
Səadət sahibi olan, ey bəndə.
Həyatla eşidən, görən, danışan,
Bəqa sifəti də səndədir ondan.
Əhsən əvvələ ki, eyni axırdır,
Əhsən batinə ki, eyni zahirdir.
Gecə-gündüz gümandasan özündən,
Yaxşıdır ki, varsan özün bilmədən.
Təfəkkürün sonu heyrətlə bitdi,
Burda təfəkkür bəhsi xətmə yetdi.


Üçüncü sual: «mən» və «özündə səfər etmək»

Bəs mən kiməm? – mənə məndən ver xəbər,
«Özündə səfər et» – nə məna verər?
Məndən soruşdun ki, mən nə deməkdir,
«Mənə məndən xəbər ver» nə deməkdir?
Gər mütləq varlığa olsa işarət,
«Mən» sözüylə bəyan olar ibarət.
Həqiqət təyindən oldu müəyyən,
İbarənlə ona sən söylədin «mən».
Mənlə sən varlığın təcəllisiyik,
Varlıq çırağının şəbəkəsiyik.
Qəlib və ruhları bil eyni nurdan,
Gah çıraqdan saçar, gah da aynadan.
Deyirsən mən sözü – bu bir ibarə,
Ruha doğru yönəldilən işarə.
Ağılı özünə eylədi rəhbər,
Özü öz cüzvündən bilmədi xəbər.
Get, ey xacə, yaxşı tanı özünü,
Köklük şişmək deyil, bir aç gözünü.
Mən ilə sən üstündür canü təndən,
Tərkibcə ikisi gəlmişdir məndən.
Mən kəlməsi tək insana xas deyil,
Bununla deyəsən cana xas deyil.
Kövnü-məkandan üstündür bu bir yol,
Cahandan keç, öz-özündə cahan ol.
Mahiyyətin xətt ilə nişanından,
İkigözlü olur görünən zaman.
Arada nə yol var, nə yol gedən var,
Allaha qovuşub «hay»lar «hu» olar.
Cəhənnəm imkanda, behişt vücudda,
Mən ilə sən vasitəyik arada.
Bu pərdə qarşından gedərsə əgər,
Qalmaz məzhəb hökmü, nə də adətlər.
Şəriətin hökmü mənlə sənindir,
Hər şey səndə olan canla tənindir.
Mən ilə sən, əgər yoxuq arada,
Nə Kəbə, nə məbəd, nə deyr var orda.
Kölgə nöqtəsidir «eyn»ində təyin,
«Qeyn» «eyn» olar, saflaşsa eynin.
İkicə qədəmdir salikin yolu,
Burada təhlükə olsa da çoxlu.
Biri mahiyyətin hayından keçmək,
Biri varlıq səhrasından ötüşmək.
Bu məşhəddə bir oldu cəmi fərdlər,
Vahid yayımlandı eyni ədədlər.
Sən o cəmsən ki, eyni vəhdət gəldi,
Sən vahidsən ki, eyni kəsrət gəldi.
O kəs sirr bilər ki, özündən keçər,
Cüzvdən küllə doğru bir səfər edər.


Dördüncü sual: Müsafir (Haqq yolçusu) və kamil mərd

Kim olur müsafir – Haqqın yolçusu,
Kimə kamil mərd söyləyim, doğrusu?
Dedin: Kim bu yolda müsafir olar?
Kim əslini bilmək üçün çalışar?
Müsafir tez keçər hər bir mənzildən,
Özündən saflaşar, od tək tüstüdən.
Süluk – kəşflə seyr başlar imkandan,
Vacibə yönələr keçib nöqsandan.
İlkin seyrin əksinədir mənzillər,
Kamil insan olmaq üçün yol gedər.

Qayda: Mütləq varlıqdan doğan feyzin yüksəlişi

Bil ki, əvvəl o necə mövcud oldu,
Ta ki kamil insan gəlib doğuldu.
Öncə maddə kimi o olur peyda,
Sonra bilik alır izafi ruhla.
Qüdrətdən hərəkət etdi o zaman,
İradə yetişdi sonra da Haqdan.
Bu tiflə aləmin duyğusu yetdi,
Onun vəsvəsisi işə girişdi.
Cüzvi hissələr onda nizama düşdü,
Mürəkkəbdən o, külliyə yetişdi.
Peyda oldu qəzəblə şəhvət, demək –
Tamahla xəsislik, özünü öymək.
Hərəkətə gəldi mənfur sifətlər,
Divdən, vəhşilərdən oldu da betər.
Tənəzzüldə bu nöqtə son söz olar,
Vəhdət nöqtəsilə üzbəüz olar.
Kəsrətin işindən o sonsuz oldu,
Başlanğıc ilə yenə düz oldu.
Əgər dama düşüb məhdud qalsalar,
Heyvandan da betər yolu azarlar.
Əgər bir nur yetsə can aləmindən,
Ya əksi-dəlildir, ya cazibədən.
Ürəyi Haqq nuruyla həmraz olar,
Gəldiyi yol ilə yenə qayıdar.
Cazibədən, ya da yəqin dəlildən,
Yol tapar yəqin imana könüldən.
«Səcini - fəccardan» keçib qayıdar,
«Əbrari-əliyyin» deyə üz tutar.
Tövbə ilə vəsf olunar həmin dəm,
Seçilər elə bil övladi-Adəm.
Bütün pis əməldən tamam paklanar,
İdris peyğəmbər tək göylərə çıxar.
Pis sifətdən elə ki, tapar nicat,
Nuh tək olar bundan sahibi-səbat.
Cüzvi qüdrət qala bilməz ki, külldə,
Xəlil kimi sahibdir təvəkküldə.
İradə ram olar Haqq rzasıyla,
Musa kimi gedər böyük qapıya.
Öz elmindən gərəkdir ki, qurtulmaq,
İsa kimi səmada nəbi olmaq.
Varlığı biryolluq verər taraca,
Əhmədin ardınca gələr meraca.
Axır nöqtə yetişər olar əvvəl,
Oraya nə mələk sığar, nə mürsəl.


Təmsil: Nəbi və vəlinin özəllikləri

Nəbi günəş kimi, vəli isə ay,
Allahla müqabil olub alar pay.
Nübüvvətin kamalı saflıqdadır,
Vilayət onda gizli yox, peydadır.
Vilayət vəlidə örtülü gərək,
Vəli peyğəmbərlə peydadır demək.
Vəli Haqq yolunda həmdəm gəlibdi,
Nəbi vilayətçün məhrəm gəlibdi.
Yol taparsız «Allahı sevərsiniz»,
«Allah sizi sevsin» xəlvətinə siz.
Həmin xəlvətxanada o sevilər,
Biryolluq Haqq ilə tez cəzb edilər.
Vəli tabe olar məna üzündən,
Abid vəli olar məna yönündən.
Vəli işin edər o zaman tamam,
Başlanğıca gəlsin yenə də əncam.
Kamil mərd odur ki, hər şeydə tamam,
Xacə məqamında o olar qulam.
Qət edər bu zaman uzaq məsafət,
Haqq qoyar başına taci-xilafət.
Fənadan sonra da bəqaya yetər,
Sonluqdan əvvələ yenə yol gedər.
Şüar etsin şəriəti özünə,
Libas etsin təriqəti özünə.
Ol zatın məqamı bu həqiqətdir,
İmanla küfr bu arada cəmlənir.
Gözəl əxlaq ilə Haqqa tapınmış,
Elm, zöhd və təqvada tanınmış.
Hər şey onda, o hamıdan uzaqda,
Gizlənmiş ilahi qübbənin altda.
Xarab olar sərasər məğzi-badam,
Qabığını soysan əgər olsa xam.
Yetişsə, qabıqsız o yaxşı olar,
Qabığını soyub məğzini çıxar.
Şəriət qabıqdır, içi həqiqət,
Bunlar arasında gəlir təriqət.
Məğzin naqisliyi bu yolda xələl,
Məğz yetişibsə, qabıqsız gözəl.
O zaman ki, arif yəqini qandı,
Məğz yetişəndə qabıq da sındı.
Vücudu bu aləmdə qərar tapmaz,
Çıxıb getdi, daha geri qayıtmaz.
Qabıqla günəşdən işıq götürər,
Bu seyrdə yenidən bir dövr edər.
Ağac tək böyüyər su ilə xakdan,
Budaqları keçər yeddi əflakdan.
Həmin dənə yenə aşkara çıxar,
Birə yüz, bax budur təqdiri-cabbar.
Toxum ağac xəttində seyr eylədi,
Nöqtədən xətt, xəttdən də dövr eylədi.
Salik dairədə olsa mükəmməl,
Axır nöqtə yenə də olar əvvəl.
Bir daha olar o sanki bir pərgar,
Əvvəlki işini eyləyər təkrar.
O bir dəfə qət eyləsə məsafət,
Haqq başına qoyar taci-xilafət.
Bu anlam tənasüx mənası vermir,
Təcəllidən olur belə hal zahir.
Soruşub dedilər: nədir nəhayət?
Dedilər, qayıtmaq gərək bidayət.

Qayda: Peyğəmbərliyin bitməsi və vilayətin təzahürü

Nübüvvət zühura Adəmdən gəldi,
Kamalı vücudi-Xatəmdən gəldi.
Vilayət qalaraq bir səfər etdi,
Nöqtə tək dünyada yenə dövr etdi.
Onun külli zühuru olar xatəm,
Onunla tam olar bu dövri-aləm.
Övliya varlığı onun üzvüdür,
O külldür, onlar sanki cüzvdür.
O xacədən tapar tam bütöv nisbət,
Ondan tam yetişər hamıya rəhmət.
Ondan örnək alar hər iki aləm,
Həm xəlifə olar övladi-Adəm.

Təmsil: Peyğəmbər və övliyaların mərtəbələri

Günün nuru gecədən ayrı oldu,
Sənin üçün sübhün şəfəqi doğdu.
Bir daha dövr edər bu çərxi-dəvvar,
Axşam, qürub gələr, zavala uğrar.
Nəbinin nurudur xurşidi-ə’zəm
Gah Musadan gələr, gah da ki Adəm.
Aləmin tarixin oxusan əgər,
Mərtəbəni bilərsən birər-birər.
O günəşdən hər dəm bir kölgə gəldi,
Dinin meracıçün pillə yüksəldi.
Xacənin zamanı son zirvə idi,
Hər kölgə və zülmət Mustafa idi.
Düz qamət üçündür ortada – zirvə,
Öndən, sondan, sağdan, soldan yox kölgə.
O Haqqın yolunda etdi iqamət,
Doğru əmrə tərəf tutdu düz qamət.
Qaranlıqdan düşməz bir an kölgəsi,
Ey Allahın nuru, Onun kölgəsi.
Onda qiblə orta – qərblə şərq olub,
Ona görə nur içində qərq olub.
Əlindən ki, şeytan oldu müsəlman,
Ayağı altında kölgələr pünhan.
Cümlə mərtəbələr ayağı altda,
Yerdəkilər bütün sayəsi altda.
Nurundan vilayət saldı kölgələr,
Məşriq ilə məğrib oldu bərabər.
Hər kölgə ki, əvvəldə oldu hasil,
Sonda başqasıyla oldu müqabil.
Hər alim ümmətdən indi çıxsa, bil,
Bir elçidir nübüvvətə müqabil.
Nəbi nübəvvətdə olub mükəmməl,
Hər validən olar naçar o əfzəl.
Vilayət xatəmlə tam oldu zahir,
Nöqtənin əvvəli xətm oldu axır.
Ondan aləm tapdı əminlik, iman,
Maddə də, canlı da ondan tapdı can.
Dünyada qalmaz bircə nəfs kafir,
Haqq, ədalət büsbütün olar zahir.
Vəhdətin sirrindən ol vaqifi-Həqq,
Onda peyda olar bir vəchi-mütləq.


Beşinci sual: Vəhdət və mərifət

Kim vəhdət sirrinə vaqifdir, axır?
Nəyi tanımağa arifdir, axır?
O kəs vaqif oldu vəhdət sirrindən,
Dayanmadan keçdi məqam içindən.
Arif qəlbən tanıyar haqq vücudu,
Müşahidə edər mütləq vücudu.
Başqa varlıq yox həqiqi varlıqdan,
Ya pak olmalısan bu dar varlıqdan.
Vücudun kol-kosdur, tikanlı bir xak,
Nə var at kənara, et özünü pak.
Get ürək evini pak-pak təmizlə,
Məhbub üçün uyğun məqam – yer eylə.
Sən çıxsan dışraya, o içə gələr,
Sənə sənsiz camalını göstərər.
Nafiləylə Haqqa sevimli oldu,
«La»yın inkarilə evin süpürdü.
Məhmud məqamından o məkan tapar,
«Eşidən, görəndən» bir nişan tapar.
Varlığa qalarsa eybi ötüşməz,
Arif öz elmində eynə yetişməz.
Maneə olmasa özündən uzaq,
Ürəkdə evinə nur saçmaz çıraq.
Məneələr bu aləmdə dörd olur,
Paklanmaq onlardan yenə dörd olur.
Öncə paklanmalı çirkdən, nəcisdən,
İkinci – məsiyyət, şeytan şərindən.
Üçdə pis əxlaqdan paklıq gərəkdir,
Bu adamçün sanki bir vəhşilikdir.
Dördüncü sirri qeyrdən pak etmək,
Burda sona yetir bu seyr demək.
Hər kim əldə etsə belə təharət,
Layiq olar şəksiz ona münacat.
Sən özünü tamam uduzmasan gər,
Namazın nə zaman tam gerçəkləşər.
Hər bir natəmizdən zatın pak olar,
Namazdan göz nurun daim çoxalar.
Heç bircə fərqlənmə qalmaz arada,
Arif ilə məruf bir olar burda.


Altıncı sual: Arif və məruf

Əgər ariflə məruf zati-pakdır,
Bu nə sevda, o ki, bir ovuc xakdır.
Haqqın nemətinə naşükür olma,
Haqqı tanıyarsan Haqqın nuruyla.
Ondan qeyri arif-məruf nə olar?
Bu torpaq günəşdən istilik tapar.
Əcəb deyil zərrədə vardır ümid,
Nurla mehr göstərər ona bir xurşid.
Yadına sal fitrətin hal-məqamın,
Oradan bilərsən fikrin əsasın.
Allah ki, «Ələsti Rəbbiküm» dedi,
Sonda gələn dərhal «bəli» söylədi.
Adəmin torpağı qarışılan gün,
Yazdılar qəlbinə iman büsbütün.
O məktubu bir yol gər oxusan sən,
İstədiyin hər bir şeyi bilərsən.

Bəndəlik peymanı bağladın gecə,
Nadanlıqdan onu unutdun necə.
Haqq kəlamı nazil olubdur ondan
Ki, ilkin əhdini yada salasan.
Əgər Haqqı əvvəl görmüsənsə sən,
Burada bir daha onu görərsən.
Sifətlərin görsən bu gün burada,
Zatını görərsən sabah orada.
Yoxsa öz səyini zaye etmə sən,
«Hidayət olmazı» Qurandan öyrən.


Təmsil: Fitri qabiliyyət

Anadan gəlmə kor əlvan rəng bilməz,
Yüz il söyləsən də çox dəlil, çox söz.
Ağ, qırmızı, sarı, yaşıl və kahı,
Onda olar yalnız qara siyahı.
Nə pisdir kor olsa anadangəlmə,
Hardan görə bilər çəksə də sürmə.
Üqbanı görməkdən ağıl acizdir,
Anadangəlmə kor kimi fərsizdir.
İnsanın ağıldan uca yolu var,
O gizli sirləri bunla tanıyar.
Daş ilə dəmirdən çıxan atəş tək,
Allah canla təndə qoymuş bir örnək.
O məcmudan peyda oldu sirli yol,
Eşitdinsə, get özünlə məşğul ol.
Bir-birinə dəyir daş ilə dəmir,
İki aləm nurundan şölələnir.
İlahi naxışın nüsxəsi sənsən,
Özündə gəl axtar, hər nə istəsən.

Yeddinci sual: «Ənəl-həqq» deyiminin incəliyi

Nitqdə «ənəl-həqq» nöqtəsi hanı,

Hərzəmi söylədin aydın mənanı?
Ənəl-həqq sirlərin kəşfidir, mütləq,
Haqqdan başqa kim söyləyər «ənəl-həqq».
Aləm zərrələri Mənsur tək olar,
İstər məst halında, istərsə xumar.
Bu təsbih, bu təhlil daimdir hər dəm,
Hamı bu mənaya üz tutmuş möhkəm.
İstəsən ki, səninçün olsun asan,
«Və innə min şeyən» oxu bircə an.
Pambıq kimi təmizlədin özünü,
Həllac sayaq dedin bu an sözünü.
Çıxar qulağından güman pənbəsin,
O vahid qəhharın dinlə nidasın.
Haqqdan davamına gəlir bir nida,
Niyə qiyamətə qalsın bu sevda?
Əminlik vadisinə çıx ki, nagah,
Ağac sənə desin ki, «mənəm Allah».
Ağacdan «ənəlhəh» olursa rəva,
Bəs niyə xoşbəxtdən olmayır rəva?
Hər kimin qəlbində şəkk yoxsa tamam,
Yəqin bilir varlıq birdir, vəssalam.
Mənəmlik bir Haqqa layiq bilinir,
O qeyb olar, xəyaldan da gizlindir.
Həzrəti-Həqqdə əslən ikilik yox,
O Həzrətdə mənlə biz və sənlik yox.
Bir şeydir sənlə o, və biz ilə mən,
Vəhdətdə heç fərqlənmə yoxdur əslən.
Kim özündən xali olub boşaldı,
Ənəl-həqq içində bir səda oldu.
Həlak olar qeyri, tək vəchi qalar,
Salik ilə seyrü süluk bir olar.
Burda hülul-ittihad mümkün deyil,
Vəhdətdə ikilik azğınlıqdır, bil.
Hülul və ittihad qeyridən gələr,
Lakin vəhdət tamam seyrdən gələr.
Müəyyənlik oldu varlıqdan cüda,
Nə Haqq bəndə oldu, nə bəndə Xuda.
Xəlq və kəsrət varlıqda görüntüdür,
Hər görünən eynilə var deyildir.


Təmsil: Varlıqsız görüntülər

Qoy aynanı qalsın burda bərabər,
Ona baxıban gör bir şəxsi – digər.
Bir daha bax gör kimindir o əks,
Nə budur, nə də o, kimindir bu əks?
Öz zatımla həmişə müəyyənəm,
Bilmirəm nə olar bəs mənim kölgəm.
Yoxluq varlıq ilə necə birləşər,
Nurla zülmət ikisi heç bir gələr?
Keçmişlə gələcək nə aydır, nə il,
İndiki nöqtədən başqa an deyil.
Xəyali nöqtədən sirayət edər,
Ona nəhr dedin, hey axıb gedər.
Məndən başqa bu səhrada bəs kimdir?
Söylə mənə bu səs-səda nədəndir?
Ərəz fani, cövhər ondan mürəkkəb,
De nə vaxt hardadır axı mürəkkəb?
Cisimdə var dərinlik, en, uzunluq,
Yoxluqdan bəs necə yarandı varlıq?
Bu cinsdəndir əslində cümlə aləm,
Bunu bildin, gəl iman gətir tamam.
Haqqdan qeyri varlıq yoxdur, əl-Həqq,
«O Haqqdır» de, gər istərsən ənəl-Həqq.
Varlıqdan gəl ayır xəyal üzünü,
Ey biganə, aşina et özünü.


Səkkizinci sual: Seyr və süluk, Haqqa qovuşan arif

Niyə bəs məxluqa deyirlər vasil?
Necə oldu seyrlə süluk hasil?
Haqq vüsalı xəlqiyyətdən ayrılıq,
Özündən biganə yəni aşnalıq.
Mümkün varlıq iman tozun silərsə,
Vacibdən savayı qalmaz heç nəsə.
Varlıq iki aləmdə bir xəyaldır,
Bəqa vaxtı eyni işlə zavaldır.
Məxluq deyil ki, Haqqa olan vasil,
Bu sözü söyləməz heç mərdi-kamil.
Yoxluq bu qapıya haçan yol tapar?
Torpağın Rəbb ilə de nə işi var?
Yoxluq nədir ki, Haqqa vasil olsun,
Ondan da seyr-süluk hasil olsun.
Bu mənadan canın olarsa agah,
Vaxtında deyərsən əstəğfürullah.
Sən yoxsan, yoxluqda həmişə sakin,
Vacibə yetərmi yoxluqla mümkün.
Heç cövhər ərəzsiz olmaz əyanda,
Ərəz necə qalmaz iki zamanda.
O həkim bu fənni edərkən təsnif,
Dərinlik, boy, enlə eylədi tərif.
Həyula bəs nədir? Mütləq bir yoxluq,
Onda surət tapar özünə varlıq.
Həyulasız surət qədim deyildir,
Həyula da onsuz daim deyildir.
Aləmdə cisimlər bu iki yoxdan,
Yoxdan başqa bir xəbər yoxdur ondan.
Mahiyyət nə azdır, nə də çoxdur, bil,
Özündə nə mövcud, nə də yoxdur, bil.
Həqiqətdə nəzər salsan imkana
Varlıqsız eynilə gələr nöqsana.
Varlıq kamalıyla sirayət edər,
Müəyyənlik həqiqini nə bilər.
Həqiqi olmayan mövcud deyildir,
Çox ədəd vahiddən məhdud deyildir.
Cahanın varlığı məcazidir, bil,
Bütün işi ləhv ilə bazidir, bil.


Təmsil: Varlığın halları

Dəryadan göylərə yüksələr buxar,
Haqqın əmri ilə səhraya yağar.
Günəşin şüası dördüncü göydən,
Ona düşər, birləşər bir-biriynən.
İstilik yenə də yuxarı qalxar,
Bu dəryanın suyu ondan yapışar.
Hava, torpaq onlarla olsa bahəm,
Cücərər bitkilər tam səbzü xürrəm.
Çevrilib heyvnçün qida tək qalar,
İnsan yeyər, yenə onda həll olar.
Bir toxum olaraq tövrün dəyişər,
Ondan insan olub bir daha gələr.
Natiq nəfsin nuru bədənə saçar,
Bir lətif cisim bundan işıqlanar.
Tifl, cavan olar qoca və lap pir,
Bilər elm ilə rəy, əql ilə tədbir.
O Həzrəti-pakdan əcəl yetişər,
Pak paklığa, torpaq torpağa gedər.
Aləm hissələri sanki bitkidir,
Həyat dəryasından bircə qətrədir.
Zaman keçsə bəs aləmdən nə qalar,
Onların sonluğu yenə boş olar.
Onlardan hər biri mərkəzə gedər,
Təbiət bu hökmü eyləməz hədər.
Vəhdət bir dəryadır qan ilə qaynar,
Ondan min məcnunsov dalğalar coşar.
Gör, yağış damlası necə dəryadan,
Tapdı bir neçə ad, şəkil bu zaman.
Buxar, bulud, yağış, nəmlik ilə gil,
Bitkiylə canlılar, insani-kamil.
Hamı bir damlaydı, axı əvvəllər,
Onunla təmsil oldu bütün şeylər.
Əql, nəfs, çərx, kütlə dünyada,
Sanki bir damladır başda və sonda.
Əcəl ki, ulduza, çərxə yetişər,
Bütün varlıq yoxluq içində itər.
Dalğa baş qaldırsa, dünya yox olar,
«Biçilmiş zəmi» tək yəqinlik bular.
Birdəfəlik xəyal gedər aradan,
Haqqdan qeyri bir şey qalmaz dünyadan.
Səndə Haqqa yaxınlıq olar hasil,
Bu an sənsiz dosta olarsan vasil.
Vüsal bu məqamda tanımaz xəyal,
Xəyal öndən getsə yetişər vüsal.
Demə öz həddindən keçibdir mümkün,
Nə o vacib olar, nə vacib mümkün.
Kim üstünlük tapsa məna cəhətdən,
Deməz həqiqətin çevrilməsindən.
Xacənin qarşıda min-min yolu var;
Gəlib-getməyini düşün gör nə var.
Cüzv-küll bəhsində deyim insandan,
Bir-bir mənşəyindən aşkar və pünhan.


Doqquzuncu sual: Vacib və mümkünün vüsalı,

Haqqa yaxınlıq və uzaqlıq
Mümkünlə vacibin vüsalı nədir?
Yaxın-uzaq, az-çoxun halı nədir?
Nə az, nə çox, eşit hədisi məndən,
Yaxınlıqdan düşdün uzaq özündən.
Varlıq zühurunu yoxluqda buldu,
Yaxın-uzaq, az-çox buradan oldu.
Yaxın odur ki, varlıqdan nur alar,
Uzaq odur, varlıqdan uzaq qalar.
Sənə özündən bir nur yetirsə əgər,
Səni varlığından o, xilas edər.
Sənə bu var-yoxdan bəs nə yetişər,
Ondan bəzən qorxu, gah ümid gələr.
Kim onu tanısa qorxmaz ki, ondan,
Uşaq kölgəsindən qorxar hər zaman.
Əgər yola düşsən, bir qorxu gəlməz,
Ərəbin atına qamçı gərəkməz.
Nə qorxun var cəhənnəmin odundan,
Tənlə can pak olub öz varlığından.
Atəşdən pak – xalis qızıl parlayar,
Onda qatqı yoxsa, od nə yandırar?
Qarşında özündən qeyri yoxdur, bax,
Özcə vücudunu gəl düşün ancaq.
Əgər sən özünə olsan giriftar,
Aləm sənə bir daha hicab olar.
Varlıq çevrəsində alçaq cüzv sənsən,
Vəhdət nöqtəsilə üzbəüz sənsən.
Aləmdəki hər şey səndədir zahir,
Şeytan tək deyirsən, mənim tək kimdir.
Onun üçün mənə verdin ixtiyar,
Bədənim minikdir, canımsa süvar.
Bədən cilovunu cana verdilər,
Bəs bütün təklifi mənə verdilər.
Bilmirsən ki, bu yol atəşpərəsdir,
Varlıqdan gələnlər nəhs, afətdir.
Bəs hansı ixtiyar, ey mərdi-cahil,
Mahiyyətcə o kəs sayılır batil.
Varlığın bir kərrə yoxluq kimi var,
Daha demə haradandır ixtiyar?
Hər kim ki, özündən tapmamış varlıq,
Zatında nə pislik var, nə yaxşılıq.
Kimi gördün sən cümlə bu aləmdə,
Qəmsiz şadlıq tapsın təkcə bir dəmdə.
Kimdə hasil oldu ümid sonadək,
Kim kamalda qaldı ən son anadək.
Mərtəbələr qalır, onu keçənlər
Allahla haqq əmrin qalib bilərlər.
Haqqı təsirli bil hər bir yerdə sən,
Ayağı kənara qoyma həddindən.
Öz halından bil ki, bu qədər nədir?
Oradan da bil, əhli-qədər kimdir?
Hər kimin məzhəbi qeyri-cəbrdir,
Nəbi deyib ki, sanki o kafirdir.
Bu kafir Hürmüzlə Əhrimən dedi,
Həmin axmaq nadan «o» və «mən» dedi.
Bizdə məcazladır bu hərəkətlər,
Həqiqətdə oyundur bu nisbətlər.
Hərəkətin yaranıb sən yox ikən,
Səni bir iş üçün seçiblər erkən.
Səbəbsiz qüdrətə malikdir bu həqq,
Özcə elmi ilə hökm etmiş mütləq.
Öncə qərarlaşıb canla bədəndən,
Hər birisi üçün bir iş müəyyən.
Birisi yeddi yüz min il itaət
Etsə də boynuna keçdi tünd lənət.
Sonra asilikdən nur, səfa qandı,
Tövbə edib seçilmiş ad qazandı.
Əcəbdir bu bir əmri tərk etməkdən,
Rəhm, qüfran aldı haqqın lütfündən.
Qadağadan başqası oldu məlun,
Sənin felinə yox nə, niyə və çün.
Cənabi-kibriya laübalidir,
O xəyali ölçülərdən xalidir.
Nə varmış əzəldə, ey mərdi-naəhl,
Bu Məhəmməd oldu, o Əbu Cəhl.
O kimdir Allaha «nə üçün» söylər,
Müşrik həzrətinə pis sözlər deyər.
Tək ona layiqdir, sorsun «nə?», «niyə?»
Bəndədən etiraz xoş olmaz deyə.
Allahlıq yalnız böyüklükdür, bil,
Səbəb onun felinə layiq deyil.
O Allaha layiq lütf, qəhrdir,
Lakin bəndələrçün fəqr, cəbrdir.
Kəramət Adəm üçün naçardır,
Bəs onun nəsibi nə ixtiyardır.
Heç zaman heç nəyi olmaz özündən,
Sonra da soruşar yaxşıdan, pisdən.
İxtiyarı yoxdur, olubdur məmur,
Əhsən bu miskinə muxtardır məcbur.
Bu zülm deyil, eyni elm, ədldir,
Cövr deyil, bu ki lütf, fəzldir.
Şəriətə ondan təklif etdilər,
Ki, özcə zatından tərif etdilər.
Haqqın təklifindən aciz olsan sən,
Biryolluq aradan özün gedərsən.
Sən özündən tamam nicat taparsan,
Ey dərviş, haqq ilə zəngin olarsan.
Get, canı bədəndə qəzaya et ram,
İlahi təqdirə razı ol tamam.


Onuncu sual: Nitq dəryası və ondan yaranan gövhər

O nə dəryadır nitqi sahil oldu,
Dibindən hansı gövhər hasil oldu?
Varlıq dərya, nitqdir onun sahili,
Sədəf – sözdür, bilik – qəlb cəvahiri.
Hər dalğada min dürri-şəhvar gələr,
Çölə səpər nəql, hökm və xəbər.
Min-min dalğa gələr hər bir dəm ondan,
Heç vaxt bircə damla olmaz kəm ondan.
Varlıq elmi o dərin dənizdəndir,
Dürr qabığı səslə hərflərdəndir.
Mənalar nə sayaq edər tənəzzül,
Lazımdır işlənsin burada təmsil.


Təmsil: Sədəf və gövhərin yaranması

Eşitmişəm neysan ayında ki, mən,
Sədəf üzə qalxar ümman dibindən.
Dəryanın dibindən yuxarı çıxar,
Üstündə oturub ağzını açar.
Dəryadan buxarlar göyə yüksələr,
Haqqın əmri ilə aşağı enər.
Neçə damla onun ağzına damar,
Sonra da ağzını yüz bənd bağlayar.
Dolu bətn ilə diblərə gedər,
Bu yağış damlası dürrə çevrilər.

Qəvvas o dəryanın dibinə gedər,
Oradan ən parlaq lö’lö gətirər.
Bədənin sahildir, varlığın dərya,
Buxar bir feyz, yağışsa «elmi-əsma».
Qəvvasın ağılı böyük dəryadır,
Mücrüdə yüz-yüz cəvahir saxlayır.
Ürək elm üçün tutumlu zərfdir,
Sədəf bu elmdə səs ilə hərfdir.
Nəfəs rəvan olar parlaq şimşək tək,
Ondan söz qulağa yetişər demək.
Sədəfi qır, çıxar şahanə bir dürr
Qabığı at, o gözəl məğzi götür.
Lüğətlə söz, nəhv ilə sərf bəhsində,
Hamısı dolaşır hərf çevrəsində.
Kim ki, bütün ömrün buna sərf edib,
Sanki nazlı ömrün boş yelə verib.
Qozdan quru qabıq gələr əlinə,
Kim onu qırmasa, yetməz məğzinə.
Qabıqsız yetişməz məğz, bil əvvəl,
Zahiri elmlə din olur gözəl.
Öyüd nuş et mən tək can qardaşından,
Din elminə çalış qəlb ilə candan.
Alim iki aləmdə sərvər olar,
Əgər kiçik isə, böyük ər olar.
Əməl gerçəkləşir əhval üzündən,
Yaxşıdır bil ki, «qeylü-qal» elmindən.

Lakin suyla gildən gələn əməl, bil,
Ürəkdən yetişən elm kimi deyil.
Cisimlə can arasında nə fərqdir,
Bunu qərb tək bilsən, o biri şərqdir.
Əməlin əhvalın buradan bildir,
Qal elmilə halın nisbəti nədir.
Elm yoxdur meyl varsa dünyaya,
Onda surət vardır, lakin yox məna.
Elm ilə tamah cəm gəlməz əslən,
İti qov özündən, mələk istəsən.
Mələk əxlaqından din elmi gələr,
İt xislətli qəlbə gəlməz bu hünər.
Mustafa hədisi həmin elədir,
Yaxşı eşit ki, əlbəttə, belədir.
Evin içində gər olarsa surət,
Mələk ora gəlməz budur zərurət.
Ürəyin təxtini sil eylə düpdüz,
Mələk mənzil salsın sənlə üzbəüz.
Ondan hasil eylə vərasət elmi,
Ək axirət üçün, hazır et zəmi.
Haqq kitabın oxu nəfsü afaqdan,
Ziynətlən büsbütün əsl əxlaqdan.


Qayda: Əxlaq prinsipləri

Yaxşı əxlaq üsuludur ədalət,
Sonra hikmət, iffət, bir də şücaət

Düz əməlli, düz sözlü həkim gərək,
Dörd sifətə malik hər bir kim gərək.
Canla ürək hikmətdən agah olar,
Nə hiyləgər, nə də ki səfeh olar.
İffətlə şəhvəti örtüb qapamaq,
Hərislik, sönüklük ondandır uzaq.
Zillət, təkəbbürdən pakdır şücaət,
Süstlük, lovğalıqdan uzaqdır əlbət.
Ədalət o zatın şüarı oldu,
Zülmə qarşı yaxşı rəftarı oldu.
Orta-miyanədir hər yaxşı əxlaq,
İfratla təfritdən olubdur uzaq.
Düz yol miyanədir, gəl onu tanı,
Dərin cəhənnəmdir hər iki yanı.
Nazikdir tük kimi, iti xəncər tək,
Nə gəzmək mümkündür, nə çox əylənmək.
Ədalətin bircə əksi, ziddi var,
Sayda yeddi gəldi bütün təzadlar.
Hər ədəd altında bir sirr gizlənir,
Cəhənnəm qapısı ondan yeddidir.
Necə ki, zülmdən cəhənnəm gəlir,
Behişt ədalətçün daim məskəndir.
Ədlin əvəzinə nur, rəhmət gəldi,
Zülmə görə lənətlə zülmət gəldi.
Gözəllik aşkardır mötədil halda,
Cismin ədaləti olur kamalda.

Mürəkkəb də sanki bircə şey olar,
Tərkibində nə fe’l, nə də fərq bular.
Mahiyyətcə bəsit varlığa oxşar,
Bunla onun üçün peyvənd yaranar.
Bu tərkib halında bir peyvənd deyil,
Cismani vəsfdən ruh uzaqdır, bil.
Suyla torpaq saflıq tapsa sərbəsər,
Haqqdan ona tərtəmiz bir ruh yetər.
Tarazlıq taparsa tərkib hissələr,
Can aləmi ona işıq səpələr.
Təmsil: ruhla bədənin əlaqəsi
Can şüası bədənlə uzlaşanda,
Günəşlə Yer təmsili vardı onda.
Hərçənd gün dördüncü göydə yerləşir,
Şüası yenə də yerə yetişir.
Gündə olmaz ünsür təbiəti, bil,
Ulduz isti, quru, soyuq, tər deyil.
Ünsürlər ondan isti, soyuq alar,
Ağ, qırmızı, yaşıl, sarı, al olar.
Hökmü adil şah kimi rəvan olar,
Nə xaricə, nə daxilə yayılar.
Ünsürlər uzlaşıb tapdı tarazlıq
Hüsnündən nəfsi-natiq oldu aşiq.
Mənəvi nikah bağlandı doğru din,
Külli nəfs cahana verdi kəbin

Onlardan yaranar dildə fəsahət,
Nitqlə elm, əxlaqla camal, əlbət.
Misalsız cahandan məlahət gəldi,
Sanki laübali rindxislət gəldi.
Gözəllik şəhrinə o bayraq taxdı,
Aləmin nizamın dağıdıb yıxdı.
Gah hüsnün atına olar şahsüvar,
Gah nitqilə iti qılınc tək çaxar.
Şəxsdə deyərlər ona məlahət,
Nitqdə söylərlər adın fəsahət.
Vəliylə şah, dərvişlə peyğəmbər,
Hamı onun hökmü altda baş əyər.
Gözəllər hüsnünün içində nə var,
Bu hüsn deyildir, bəs onda nə var?
Haqqdan qeyri gəlməz bu dilrübalıq,
Kimsə şərik olmaz, bu iş xudalıq.
Şəhvət hardan ürəkləri ovlayar,
Ki, haqq hərdən batillə zahir olar.
Haqqı hər bir yerdə təsirli bil, sən!
Ayağı kənara qoyma özündən.
Haqq, haqq libasında haqq din işidir,
Haqq batil içində şeytan işidir.


On birinci sual: Cüzv və küll

Külldən artıq olan o nə cüzvüdür?
O cüzvü axtarmaq yolu nə cürdür?

Vücud cüzv olaraq külldən üstündür,
Ki, küll mövcud, bu isə əksinədir.
Mövcudun zahiri kəsrətdə olur,
Batinisə yalnız vəhdətdə olur.
Külli vücud kəsrətdən oldu zahir,
Vəhdətdə o cüzv olaraq gizlidir.
Küll zahir üzündən çox görünər,
Miqdarca o öz cüzvündən az gələr.
Nə sonda vacib, varlığa cüzv oldu,
Varlıq onu əli altına aldı.
Həqiqətdə küllün vücudu yoxdur,
Həqiqətə nişan tək ərz olubdur.
Külli vücud vahid üçün çox gələr,
Çox kəsrət üzündən belə görünər.
Ərəz varlıq üçün ictimaidir,
Zatında yoxluğa doğru səy edir.
Küll hər bir cüzvlə ondan yox olar,
Küll bircə anda imkandan yox olar.
Cahan külldür, hər bir göz qırpımında,
Yox olar ərəz tək qalmaz zamanda.
Daha yenə peyda olar bir cahan,
Hər an, hər ləhzədə yerlə asiman.
Hər saat cavan köhnələr, qocalar,
Hər an orda cəmlənər, həm dağılar.
İki saat dayanmaz bir şey onda,
Həm ölər, həm dirilər bircə anda.

Lakin böyük qiyamət bu deyildir,
Bu əməl günüdür, o din günüdür.
Ondan buna böyük fərq var, zinhar,
Nadanlıqla özün etmə giriftar.
Nəzər sal icmala və təfsilata,
Bax il-ilə, aya, günlə saata.
Təmsil: Aləmdəki dəyişmələr və böyük qiyamət
Əgər bu mənanı bilmək istəsən,
Səndə də var ölüm-həyat düşünsən.
Dünyada aşağı-yuxarı nə var,
Misalı tənlə canda peyda olar.
Dünya sən tək bir şəxsdir müəyyən
Sən onun canısan, o sənə bədən.
İnsanda bil ki, üç cürə ölüm var,
Biri hər an mahiyyət üzrə olar.
İkinci ölümsə ixtiyaridir,
Üçüncüsü qeyri-ixtiyaridir.
Ölüm ilə həyat olar müqabil,
Üç növ həyat gələr bu da üç mənzil.
İxtiyari ölüm yox cahan içrə,
Bütün aləmdə vardır sənə görə.
Lakin hər bir anda dönər-dəyişər,
Axırda yenə də əvvəl tək gələr.
Həşr zamanında aləmdə nə var,
Səndə can verərkən olar aşkar.

Bədənin yer, başın isə asiman,
Hisslərin ulduzdur, günəş isə can.
Sümüklər dağ kimi möhkəm dayaqdır,
Tüklər bitki, ətraf isə ağacdır.
Öləndə bədənin peşmanlıq çəkər,
Qiyamətdə olan Yer kimi titrər.
Beyin qarışaraq can qara olar,
Hisslərin ulduz tək sönüb qaralar.
Tərdən məsamələr dərya tək olar,
İnsan baş-ayaqsız orda qərq olar.
Canın halsız olar, ey miskin kişi,
Süstlükdən sümüklər rəngli yun kimi.
Dolaşar həm bir-birinə qılçalar,
Bütün cütlər öz tayından ayrılar.
Ruh ki, tamam bədəndən cüda olar,
Sənin yerin dümdüz olub saflanar.
Bu hal, bu minvalla olacaq aləm,
Özündə görərsən bunları o dəm.
Bəqa haqq üçündür, nə varsa fani,
Bəyanı büsbütün «səbül-məsani».
«Hər şey fani» hökmünü bəyan etdi,
«Yenidən xəlq olmağı» əyan etdi.
İki aləm yox oluban yaranar,
Adəm nəfsi tək xəlq olub oyanar.
Həmişə xəlq ilə xilqət yenidir,
Nolsun ki, ömür vaxtı qədimdir.

Haqq-taalanın feyzinin fəzli,
Daim öz şəniylə edər təcəlli.
Yaranma, təkamül olar o yandan,
Hər an dəyişiklik gələr bu yandan.
Lakin keçib gedər dünyanın tövri,
Tamam bəqa tapar axirət yeri.
Hər nəyi görsən, bil, budur zərurət,
İki aləmi var: məna və surət.
İlkin vüsal eynilə ayrılıqdır,
O birisi Allah yanında vardır.
Bəqa vücud üçün bir addır, lakin,
Başqa varlıqlar tək o, oldu sakin.
Məzhərlər münasib olarsa zahir,
Əvvəldə görünər eynilə axır.
Dünyada qüvvə tək bilinən şeylər,
O aləmdə dərhal hərəkət edər.


Qayda: Son qayıdışda (məad) bədən və nəfsin halları

Əvvəl nə hərəkət olarsa səndən,
Qayıdarsan ona bir neçə yöndən.
Hər dəfə nəf olsun, istərsə zərər,
Sənin nəfsində adətə çevrilər.
Hallar xasiyyətə keçsə adətdir,
Meyvəni ətirli edən müddətdir.
Ondan öyrənibdi insan peşələr,
Ondan təşkil edib çox əndişələr.

Bütün sözlər, adət və hərəkətlər,
Aşkar olar nə varsa ruzi-məhşər.
Bədən köynəyindən lüt olsa əgər,
Aydın olar biryolluq eyblə hünər.
Bədənin qalsa da, olmaz küdurət,
Sanki aydın suda görünər surət.
Orda peyda olar könüldəkilər,
Oxu bu ayəni «açılar sirrlər».
Bir daha xas aləmə uyğunlaşar,
Əxlaqın cisim ilə şəxs kimi olar.
Ünsür qüvvəsindən yenə burada,
Üç törəmə varlıq olubdur peyda.
Səndə əxlaq bir aləmdir, adı can,
Gah işıqlı olar, gah da yandıran.
Müəyyənlik götürülər varlıqdan,
Nəzərə yetişməz yüksək, alçaqdan.
Axirət evində ölməz bu bədən
Qəliblə can bir rəng olar bu dəmdən.
Ayaq, baş və gözün sanki ürəkdir,
Zülmətdən saflanan torpaq deməkdir.
Haqqın nuru sənə təcəlli edər,
Gözün onu cəhətsiz uca görər.
İki aləmi bir-birinə vurarsan,
Bilməm necə məstlik dəmi qurarsan.
«Rəbbi şərab verər», düşün nə demək,
Pak nədir, özündən saf təmizlənmək.
Afərin şərbətə, ləzzətlə zövqə,
Afərin dövlətə, heyrətlə şövqə.
Xoş o dəm ki, özsüz olaq büsbütün,
Dərviş kimi haqq ilə mütləq zəngin.
Nə din, nə əql, nə təqva, nə də idrak,
Məstü heyran torpağa düşüb bu pak.
Burda vəznsizdir hur ilə cənnət,
O xəlvətə sığmaz biganə, əlbət.
Üzünü görərək mey içdim ondan,
Bilmirəm nə olar sonra bunlardan.
Hər məstlik yönələr xumara sarı,
Bu fikirdə ürək qan olar, barı.


On ikinci sual: Qədim və sonradan yaradılan aləm (hüdus)

Qədimlə hadisə necə ayrıldı,
Biri aləm, o biri Allah oldu.
Ayrı deyil hadisə ilə qədim,
Varlıqdan qalır o, deyildir daim.
Hər şey odur, bu da Simurğa oxşar,
Haqqdan başqa hər şey quru ad olar.
Yoxluğun varlığı heç mümkün deyil,
Vücud varlıqdandır, əzəli deyil.
Nə o budur, nə də bu o, ey insan,
Bütün müşküllər sənə olar asan.
Dünya işi büsbütün bir gümanda,
Bir nöqtə tək dövr edər hər bir anda.
Get, bir od nöqtəsin dövrə gətir sən,
Onun sürətindən çevrə görərsən.
Biri naçar saya gəlsə, bil ki sən,
Çoxalmaz bu vahid çoxlu ədəddən.
Allahdan savayı hədisi boşla,
Bunu ondan ayırd et öz ağlınla.
Bunda hər şey xəyal, şəkk etmə buna,
Vəhdət ikiliyə yol verməz əsla.
Yoxluq varlıq kimi olub yeganə,
Kəsrət nisbət ilə var olur yenə.
Dərəcə çoxluğu, bu ixtilaflar,
Çoxsifətli imkandan peyda olar.
Hər şeyin varlığı olubdu vahid,
Haqqın birliyinə olubdu şahid.


On üçüncü sual: Zahiri işarələrin mənası

Məna əhli nə istər bu sözlərdən,
Gözlə dodaq üçün hər işarədən.
Nə arar üzlə saç, xətt ilə xalda,
Hər kim qərar tutub məqam və halda.
Hər bir şey ki, bu aləmdə əyandır,
Əksi bu günəşin başqa cahandır.
Dünya sanki saç, xal, xətlə qaşıdır
Ki, hər bir şey öz yerində yaxşıdır.
Təcəlli gah camal, gah da calaldır,
Üz ilə saç bu mənaya misaldır.
Haqq-tala sifəti lütflə qəhrdir,
Gözəldə üzlə saç ondan bəhərdir.
Eşidilən sözlər hisslərlə gələr,
Öncə hisslər üçün mövzu düzələr.
Məna aləminin yox nəhayəti,
Ona necə yetər sözün vüsəti.
Zövqdən peyda olsa əgər mənalar,
Hansı söz təbirlə onu qavrayar.
Ürək əhli təfsir edər mənanı,
Bənzətməylə təbir edər mənanı.
Hisslər o aləmdən kölgə kimidir,
Bu bir uşaq, o bir dayə kimidir.
Mənə görə yozulandır bu sözlər,
O mənaya əvvəlki haldan düşər.
Sözlərə xas hisslər adi hal gələr,
Məna nə olduğun avam nə bilər?
Ağıl dünyasına saldılar nəzər,
Ordan nəql etdilər çox dürlü sözlər.
Tənasübə riayət etdi aqil,
Söz ilə mənaya olundu nazil.
Bütöv bir bənzətmə deyildir mümkün,
Onu axtarmaqdan vaz keçib çəkin.
Bu mənaya kimsə etməz etiraz,
Haqqdan qeyri məzhəb sahibi olmaz.
Ta ki özünləsən, qoru özünü,
Doğru saxla şəriətin sözünü.
Əhli-dilin rüxsətində üç hal var,
Fəna, məstlik, bir də iztirab – bunlar.
Hər kim tanıyırsa bu üç hal nədir,
Bilir ki, sözlə dəlalət necədir.
Səndə vicdan halı yoxdursa əgər,
Nadanlıqdan təqlidlə olma kafər.
Məcazi hal deyildir bu həqiqət,
Hər kəs bilməz nədir sirri-təriqət.
Boş şeylər deməz ki, heç əhli-təhqiq,
Burda kəşf lazım, nəinki təsdiq.
Dedim sözlər ilə məna necədir,
Bağlı saxlansa da, bilərsən nədir.
Mənalarda qayələrə et diqqət,
Lazımi şeylərə olsun riayət.
Bir yandan bununla bənzətmə eylə,
Başqa yandan baxıb fərqlənmə eylə.
Bu qayda biryolluq yerbəyer olar,
Ondan gətirərəm başqa misallar.


Göz və dodağa işarə

Şahidin gözündən gör nədir peyda,
Məna yönlərini gözlə burada.
Xəstəliklə məstlik qalxdı gözündən,
Yoxluq varlıq içrə gəldi lə’lindən.
Ürəklər gözündən məstü xumardır,
Lə’lindən gizlində qalan canlardır.
Ürəklər gözündən qana boyanır,
Lə’l dodağı xəstə cana şəfadır.
Gözünə gəlməzsə bu aləm, əgər
Dodağı hər saat bir lütf göstərər.
Bir an insanlıqla nəvaziş edər,
Bir an biçarəyə çarə göstərər.
Şuxluqdan can gələr torpaqla suya,
Nəfəsilə atəş vurar səmaya.
Onun hər qəmzəsi torla dənədir,
Onun hər guşəsi bir meyxanədir.
Qəmzəsiylə varlığı edir qarət,
Busəsiylə yenə tikir imarət.
Gözündən qanımız qaynayar daim,
Lə’lindən qanımız məst olar daim.
Göz qəmzəsi ilə ürək ovlayar,
Lə’l işvəsi ilə canı artırar.
Yaxınlıq istəsən gözlə ləbindən,
Bu «yox» deyər, o «hə», bilirsən nədən.
Qəmzəylə aləminin işin bitirər,
Busəylə daim can nəvaziş eylər.
Ondan bircə qəmzə, can vermək bizdən,
Ondan bircə busə, var olmaq bizdən.
Bir göz qırpımında cəm oldu aləm,
Ruh üfürməklə yarandı Adəm.
Göz ilə dodaqdan gəldi əndişə,
Bir dünya meypərəstlik etdi peşə.
Bütün varlıq gözünə gəlməz əsla,
Yuxu ilə məstlik yetişər ona.
Məstliklə yuxudur varlıq gedişi,
Torpağın rəbbül-ərbabla nə işi.
Ağıl bundan yüz cür təəccüb etdi,
Ona «göz önündə böyüsün» dedi.


Saça işarə

Uzun hekayədir saçı cananın
Demək sirr yeridir buralar onun.
Sorma məndən qıvrım saçın hədisin,
Tərpətməyin məcnunların zəncirin.
Düz qəddindən söz söylərkən mən dünən,
Saçın tələb etdi örtməyi məndən.
Əyri burda gəldi düzlüyə qalib,
Aşiqin yolunu dolanbac salıb.
Bütün qəlblər ondan olub silsilə,
Bütün canlar ondan edir vəlvələ.
Asılıb hər yandan yüz minlə ürək,
Bu həlqədən kənar deyil bir ürək.
Əgər saçlarını tamam götürər,
Aləmdə heç qılmaz tək bircə kafər.
Əgər daim saçın qalarsa sakin,
Dünyada qalmaz ki, bir nəfər mömin.
Fitnə toru qurdu saç çənbərindən,
Şuxluqla ucunu açdı bədəndən.
Əgər saçı kəsilərsə nə qəm var,
Gecə azalarsa, gündüz uzanar.
Ağıl karvanının o yolun vurdu,
Öz əliylə ona min düyün qurdu.
Onun saçı bir an tapmayır aram,
Gahdan sübh gətirir, gahdan da axşam.
Üzlə saçdan yüz gecə-gündüz etdi,
Əcəb nə çox oyuncaqlar düzəltdi.
Adəmin palçığı qarışdı bu an,
Qoxu aldı o ətirli saçlardan.
Ürəkdə saçından vardır bir nişan,
Özü sakit olmaz ki, heç bir zaman.
Hər an yenə işi başladıq ondan,
Ürəyi götürdük öz canımızdan.
Ürək pərişansa onun zülfündən,
O atəş almışdır onun üzündən.


Üz və xəttə işarə

Üz Allah hüsnünün bil, məzhəridir,
Xətt dərgahın yaxın mərtəbəsidir.
Gözəl bir xətt çəkibdir Haqq üzdən,
Gözəllik kənarda deyildir bizdən.
Xətt gəldi səbz oldu bu aləmi-can,
Adını qoydular dari-heyvan.
Gündüzü gecə et qara saçından,
Tələb et xəttindən çeşmeyi-heyvan.
Xızır kimi bir nişansız məqamdan,
İç dirilik suyu xəttindən hər an.
Şəksiz ki, üzüylə xəttini görsən,
Kəsrətlə vəhdəti bir-bir seçərsən.
Saçından bilərsən işin aləmin,
Xəttindən oxursan gizli sirlərin.
Kim xəttini yaxşı üzündə gördü,
Qəlbim onun üzün xəttində gördü.
Məgər səbül-məsanidirmi üzü?
Məna dolu dəryadır hər bir sözü.
Hər tükündə gizli qalır yenidən,
Min elm dəryası sirr aləmindən.
Su üstə gör qəlbin ərşi-rəhmanın,

Gözəl üzündəki xəttin cananın.

Xala işarə


Genişdir üzündə xalın nöqtəsi,
Mərkəz və mehvərdir mühit dövrəsi.
İki aləm dövrünə xətt gəldi ondan,
Adəmin nəfsiylə qəlbi də ondan.
Qanlı qəlbin halı xarabdır ondan,
Qara xal nöqtəsi əks alır bundan.
Xalından ürəyin halı qan olar,
Bu mənzildən kənara yol bağlanır.
Vəhdətdə yer almaz heç zaman kəsrət,
İki nöqtə olmaz əslində vəhdət.
Bilməm onun xalı qəlbin əksidir,
Yoxsa ürək üzdə xalın əksidir.
Xalının əksindən qəlb peyda olar,
Ya da qəlbin əksi ondadır aşkar.
Ürək üzdə, ya o, ürəkdə gələr,
Mənə örtülüdür bu çətin sirlər.
Əgər ürəyimiz xalın əksidir,
Niyə sonda bəs hallar çeşidlidir.
Gah xumar gözü tək məstü xarabdır,
Gah da saçı kimi bir iztirabdır.
Bəzən ay üz kimi saçır aydınlıq,
Bəzən qara xal tək olur qaranlıq.
Bəzən məscid olur, bəzən də məbəd,
Bəzən cəhənnəmdir, bəzən də cənnət.
Bəzən yeddi fələkdən üstün olar,
Bəzən torpaq altda düşüb sovrular.
Zahidlik, pərhizlik keçib də gedər,
Sonra şərabla şam, həm şahid istər.


On dördüncü sual: şərab, şəm’,
şahid və xarabat rəmzləri

Şərab, şam, şahiddən nə çıxar məna?
Xarabati olmaq bu nə iddia?
Şərab, şəm, şahid eyni mənadır,
Hər surətdə ondan təcəlli vardır.
Şərabla şəm zövqlə nurdur irfandan,
Şahidi gör, deyil kimsədən pünhan.
Şərab burda şüşə, şəm bir çıraqdır,
Şahid ruhun nurundan bir işıqdır.
Şahiddən Musaya şölə tac oldu,
Şərabı atəş, şəmi ağac oldu.
«Gecə» nuru cana şərabla şəmdir,
Lakin şahid böyük ayələrdəndir.
Şərab, şəm, şahid hamısı hazır,
Qafil olma şahidbazlıqdan axır.
Özsüzlük şərabı nuş et bir zaman,
Bəlkə öz əlindən tapasan aman.
Mey iç səni özündən azad etsin,
Damlanın vücudu dəryaya yetsin.
Şərab iç ki, bu cam yarın üzüdür,
Piyalə badəxarun məst gözüdür.
Tələb et sağərsiz camsız bir şərab,
Badə içən, saqi içən bir şərab.
Şərab iç onun üzündən, baqidir
«Səqahüm Rəbbihüm» ona saqidir.
Paklıq odur varlıq pasını silsin,
Məstlik vaxtı səni tam pak eyəlsin.
Mey iç, qurtar özünü soyuqluqdan,
Pis məstlik yaxşıdır yaxşı olmaqdan.
Kim uzaq düşərsə Haqq dərgahından,
Zülmətin hicabı yaxşıdır nurdan.
Adəm bu zülmətdən yüz məmnun oldu,
İblis nurdan əbədi məlun oldu.
Ürək aynasını silmişsə əgər,
Nə fayda, gər özün orada görər.
Üzündən mey üstə bir şölə gəldi,
Orda çox şəkildə köpük düzüldü.
Cahanla can onda köpük üzrədir,
Bu köpük övliya üçün pərdədir.
Əqli-küll ondandır heyran və bihuş,
Nəfsi-küll də ona tamam qul olmuş.
Bütün aləm onun mey kuzəsidir,
Hər zərrənin qəlbi peymanəsidir.
Ağıl məstdir, mələklər məst və can məst,
Hava məstdir, yer ilə asiman məst.
Fələk sərgərdandır, daim izləyir,
Hava ürəkdə bir qoxu gözləyir.
Mələklər pak kuzədən saf mey içdi,
Torpağa damlayla çöküntü tökdü.
Bir damladan sərxoş oldu ünsürlər,
Gah suya, gah da ki oda düşdülər.
Qoxudan bir damla düşdü bu yerə,
Adəm ondan çıxıb qalxdı göylərə.
Əksindən bu solğun bədən can buldu,
Nurundan süst canımız rəvan oldu.
Aləmdə xəlq ondan sərgərdan daim,
Avara öz xanimanından daim.
Biri çöküntüdən ağıla gəldi,
Biri saf rəngindən nağıla gəldi.
Biri yarım damladan oldu sadiq,
Birisi bircə camdan oldu aşiq.
Birinin başına çəkildi birdən,
Kuzə və meyxanə, saqi, mey içən.
Bütöv içsə də ağzı açıq qalar,
Rind dərya ürəkli, baş uca olar.
Varlığı biryolluq içib qurtardı,
İqrarla inkardan keçib qurtardı.
Azad oldu quru zöhddən, cəfəngdən,
Tutdu piri-xarabat ətəyindən.


Xarabata işarə

Özündən qurtuluş xarabatidir,
Özü üçün pərhiz, özü küfrdür.
Xarabatdan sənə nişan vermişlər,
Tovhid odur düşsün bu izafələr.
Xarabat misalsız bir dünyadandır,
Laübali aşiq məqamındandır.
Xarabat yuvadır bu can quşuna,
Xarabat dərgahdır o laməkana.
Xarabati xarab içrə dağılar,
Bu səhrada aləm bir ilğım olar.
Xarabatinin yox hüdudu, sonu,
Nə başı görünür, nə də ki sonu.
Əgər yüz il onu bir-bir axtarsan,
Nə özünü, nə kimsəni taparsan.
Bir dəstə orda baş-ayaqsız gedər,
Hamı nə mömindir, nə də ki kafər.
Özsüzlük şərabın başına çəkib,
Bütün xeyir ilə şəri tərk edib.
Hərəsi mey içib ağız-dodaqsız,
Xilas olubdu ad-sandan soraqsız.
Vəcd – coşqu macəra, hekayəti,
Nur, xəlvət xəyalı və kəraməti.
Çöküntünün qoxusundan yetişib,
Yoxluğun pak zövqündən sərməst düşüb.
Əsa, kuzə, təsbih, fırça və nələr,
Çöküntüdən hamısını pak edər.
Suyla gil içində yıxılar qalxar,
Yaş yerinə gözdən qanlar axıdar.
Bəzən sərxoşluqdan naz aləmində,
İgidlər tək sevinc, fərəh içində.
Gah qara üzlüdür divara doğru,
Gah qızarar üzü o dara doğru.
Bəzən bir vəcd ilə şövqi-canandan,
Çərxi-fələk kimi olur sərgərdan.
O mütribdən hər nəğmə ki, eşitdi,
O aləmdən ona bir vəcd yetişdi.
Can səması nə səs, nə də hərfdir,
Ki, hər pərdə əcəb sirlər gizlədir.
Köhnə libasını çıxarıb atmış,
Hər rəngdən, qoxudan mücərrəd olmuş.
Yuyub etmiş onunla saf hər şeyi,
Bütün qara rəngi, yaşılı, göyü.
Bir peymanə içmişdir o saf meydən,
O sufi saf olmuş hər bir vəsfdən.
Canlı zibil torpağını pak etmiş,
Gördüyündən yüzdə birin deməmiş.
Xumar rindlər ətəyindən tutmuşdur,
Şeyxlik, müridlikdən bizar olmuşdur.
Şeyxlik, müridlik – bu nə darlıqdır?
Nə təqva, nə zöhd, – riyakarlıqdır!
Əgər üzün dağa-daşa yön tutsa,
Sənə daha yaxşı – büt, zünnar, tərsa.


On beşinci sual: Büt, zünnar və tərsa rəmzləri

Büt, zünnar, tərsalıq bu yerdə nədir,
Tamam küfrdür, yoxsa söylə, bəs nədir?
Büt burda eşqin məzhəri, vəhdətdir,
Zünnar bağlamaqsa haqqa xidmətdir.
Küfrlə din varlıqla tapar dirlik,
Tovhid olar eyniylə bütpərəstlik.
Şeylər varlıq üçün məzhər sayılar,
O cümlədən biri axır büt olar.
Yaxşı fikir eylə, ey mərdi-aqil,
Büt varlıq üzündən deyildir batil.
Bil ki, uca Tanrı ona xaliqdir,
Yaxşıdan nə gəlsə yaxşı deməkdir.
Varlıq odur ki, ancaq o xeyirdir,
Əgər şər varsa, mənbəyi qeyridir.
Müsəlman bilsəydi əgər büt nədir,
Bilərdi ki, bu din bütpərəstlikdir.
Müşrik əgər agah olsaydı bütdən,
Öz dinində yolun azmazdı əslən.
O xəlqi bütdə gördü yalnız zahir,
Ondan oldu şəriətdə o kafir.
Sən onda görməsən gər haqqı pünhan,
Şəriətdə çağırmazlar müsəlman.
Məcazi islamdan olubdur bizar,
Kimdə həqiqi küfr olubsa aşkar.
Hər bədən içində bir can gizlənib,
Hər küfrün altında iman gizlənib.
Küfr daim haqqa dua eyləyir,
«Elə şey yox», nə etiraz söyləyir.
Nə deyim, düşmüşəm yoldanmı uzaq,
Allah deyib, qoy batsın onlar, burax.
Bütün üzün kimdir gözəl bəzəyən,
Kim bütpərəst olar, haqq istəmədən.
Həm etdi, həm dedi, həm də ki oldu,
Yaxşı etdi, dedi və yaxşı buldu.
Bir gör, bir de, bir bil, iştə bu yetər,
İmanın kök-budağı belə bitər.
Mən demirəm, bunu eşit Qurandan,
Fərq eyləməz xilqətində o Rəhman.


Zünnara işarə

Hər işin əsasın gördüm bu qərar,
Xidmət nişanıdır bağlamaq zünnar.
Bilik əhli etməz etimad, netsin
Hər şeyin bilməsə ilk vəziyyətin.
Mərdlər kimi bir bənd bağla ormana,
Əhdə sadiqlərin gəl sırasına.
Bu elm atı, bu ibadət çövqanı,
Səadət topun al dövr et meydanı.
Səni bu işə xatir yaratmışlar,
Yoxsa ki, xilqəti çox yaratmışlar.
Ata bir elm, ana isə əməllər,
Göz qırpımı kimi bütün bu hallar.
İnsan ola bilməz atasız, şəkk yox,
Məsih dünyada olmayıb birdən çox.
Vəcd ilə öyünmək cəfəngin burax,
Nur xəyalı, kəramətdən ol uzaq.
Sənin kəramətin haqqpərəstlikdir,
Qalan riya, qürur, qəribəlikdir.
Burda hər şey deyil təkcə fəqr üçün,
Hamı qaçır dərəcə və məkr üçün.
Şəhadətsiz, lənətlənmiş iblisdən
Min işlər törəyər, çıxar adətdən.
Gah divardan gələr, gah da ki damdan,
Gah qəlbdə oturar, gah da əndamdan
Səndə olan gizli halları bilir,
Sənə küfr, fisq, günah gətirir.
İblis imam oldu, sən də ardınca,
Lakin ona haçan çatarsan bunca.
Kəramətin özünü göstərməkdir,
Sən Fironsan, bu allahlıq deməkdir.
Kim Haqq ilə tanışdırsa, heç zaman
Özünü göstərmək baş verməz ondan.
Sənin üzün xalqa doğrudur, zinhar,
Özünü bu işə etmə giriftar.
Avamla otursan ruhun çevrilər,
Nə çevrilmək! Biryolluq əldən gedər.
Avamla eyləmə iş-güc sorağı,
Fitrətdən dönərsən üzü aşağı.
Tələf etdin boş yerə nazlı ömrün,
Demirsən nə oldu avazlı ömrün.
Cəmiyyətə təşviş saldı bu naqqal,
Eşşək başçı oldu, bəh-bəh, nə saqqal.
Sərvərlik gəlibdi indi cahilə,
Ona görə xalq düşübdü pis hala.
Təkgöz dəccalı gör ki, bax böyləcə,
Aləmə göndərib nümunə necə.
Yeni nümunə gör, ey mərdi-həssas,
Onun ulağının adıdır cəssas.
Ulaqları gör ki, ulaq hökmündə,
Cəhalətdən olmuş ulaq önündə.
Xacə axır zaman qissəsin dedi,
Neçə yerdə bu mənanı söylədi.
İndi gör ki, kor ilə kar çobandır,
Din elminin yeri o asimandır.
Arada qalmadı dostluq, mürüvvət,
Kimsə cahillikdən çəkmir xəcalət.
Bütün aləmin halı tərsinədir,
Əgər aqilsənsə, bax gör necədir.
Qovulmuş bir mə’lun, düşmən şəxs indi,
Atası yaxşıymış, olub şeyx indi.
Xızr öldürdüyü pis övlad idi,
Saleh imiş onun atası, cəddi.
Sən öz şeyxin ilə nə etdin, ey xər,
Eşşəkliyin yüz eşşəkdən də betər.
Yaxşı-pisi tanımayan bir nəfər,
Bəs sənin qəlbini necə pak edər?
Ataya bab əgər varsa nişanı,
Nur əla nur olar, nə deyim, tanı.
Oğul xoş düşüncə, xoş bəxt çağıdır,
Meyvə tək ağacın üz qaymağıdır.
Lakin nəsəb ilə din şeyxi hanı,
Bilməz yaxşı-pisi, pisi-yaxşını.
Müridlik din elmi öyrənmək demək,
Qəlb çırağın nurla yandırmaq demək.
Kimsə heç ölüdən elm öyrənibmi?
Sönmüş küllə çıraq heç yandırıbmı?
Qəlbimə ar gəlir bax belə işlər,
Belə zünnar vurum, bitsin təşvişlər.
O mənada yox ki, şöhrətsizəm mən,
Bəli vardır, lakin ar edirəm mən.
Bu işdə şərikim naqis, xəsisdir,
Şöhrətdənsə adsız-sansız gərəkdir.
Bir daha yetişdi ilham o haqqdan,
Hikmətə kəc baxma sən axmaqlıqdan.
Ölkədə olmasa süpürgəçilər,
Xalq hamısı tam təhlükəyə düşər.
Həmcinsliyin sonu ünsiyyət gələr,
Dünya belə qurulub, Allah bilər.
Sən gəl naəhl ilə söhbətdən çəkin,
İbadət istərsən adətdən çəkin.
Adət ibadətlə cəm gəlməz əslən,
İbadət edirsən, əl çək adətdən.


Tərsalığa işarə

Tərsalıq məqsədin təcriddən gördüm,
Xilas yolun təqlid bəndindən gördüm.
Pak müqəddəs vəhdət can məbədidir,
Yuvadır Simurğa, o, əbədidir.
Ruhulladan peyda oldu bu qərar,
Ki, ruhülqüdsdən o oldu aşkar.
Allahdan qarşında həm də bir can var,
Ruhulqüdsdən onda başqa nişan var.
Xilas olsan əgər nəfsi-nasutdan,
Sorağın gələr o uca lahutdan.
Kim mücərrəd oldu sanki bir mələk,
Ruhullah tək yeri dördüncü fələk.


Təmsil: İnsan nəfsinin ali mərtəbələrə yüksəlişi

Südəmər bir uşaq məhbus tək olar,
Ananın yanında beşikdə qalar.
Yetkinlik zamanı səfərə çıxar,
Mərd tək atasına o yoldaş olar.
Ünsürlər ana tək aşağı qalar,
Sən övladsan, ata yuxarı çıxar.
Yüksəliş gecəsi söylədi İsa,
Ata ahəngim var o yuxarıda.
Atan canı, ona doğru sən də get,
Yoldaşların tam getdilər, sən də get.
Quş kimi pərvaza gəlmək istəsən,
Bu dünya leşini quzğuna ver sən.
Bu qəddar dünyanı ver alçaqlara,
Yalnız itlər layiq olar murdara.
Nəsəb nədir, münasibət tələb et,
Haqqa üz çevirib tərki-nəsəb et.
Hər kim yoxluq dəryasında qərq olar,
Nəsəb unudular, qiyamət qopar.
Şəhvətdəndir hər bir nəsəb məsəli,
Yalnız təkəbbürdür onun hasili.
Şəhvət olmasaydı arada əgər,
Əfsanə olardı bütün nəsəblər.
Şəhvət bu arada onları buldu,
Biri ana, o biri ata oldu.
Demirəm ki, ata və ana kimdir,
Onlarla hörmətli yaşam gərəkdir.
Naqisin adını bacı qoyubdu,
Paxıla ləqəblə qardaş deyibdi.
Sən öz düşmənini övlad bilirsən,
Biganəyə yaxın qohum deyirsən.
Mənə de ki, xalayla əmi kimdir,
Dərd-qəmdən savayı ondan nə gəlir.
Təriqətdə sənə olanlar yoldaş,
Şuxluqda da belədir, ey arxadaş.
Cəddinin kuyində otursam bir an,
Sən özün görərsən, nə deyim ondan.
Hamısı əfsanə, əfsun və bənddir,
Xacə canı, bunlar hamı rişxənddir.
Mərdlər tək özünü mərdliklə qurtar,
Bir kəsin haqqını itirmə, zinhar.
Şəriətdə bir dəqiqə boş qalsan,
İki aləmdə dindən bekar olarsan.
Şəriət hüququn heç vermə əldən,
Lakin özünü də saxla könüldən.
Zərlə qadın qəm mayasıdır tamam,
İsa tək boşla onları, vəssəlam
Hənifi ol, hər bir məzhəbdən vaz keç,
Dində məbədə gəl, rahib tək yol seç.
Nə qədər nəzərdə əğyara yer var,
Məsciddə olsan da, sanki deyr olar.
Qeyrilik libası getsə qarşından,
Məscid sənin üçün deyr olar, inan.
Bilmirəm nə halda sən əgər olsan,
Nəfsə müxalif ol, ta qurtulasan.
Bütlə zünnar, tərsalıqla zəng nədir,
Namusu tərk etməyə işarədir.
İstəsən olasan bir bəndeyi-xas,
Hazırla özündə sidq ilə ixlas.
Get özünü götür özcə yolundan,
İmanını təptəzələ hər bir an.
Nəfsin batini mövcuddur kafirdə,
Razı olma islam qalsın zahirdə.
Yenidən imanı təzələ hər an,
Müsəlman ol, müsəlman ol, müsəlman.
Çox iman var ki, o küfrdən doğar,
Küfr deyil o da iman artırar.
Riya, şöhrət, namus – hamısın tulla,
Xirqəni ataraq bir zünnar bağla.
Bizim pir tək küfrdə sən gəl fərdə,
Əgər mərdsən, könül ver tək bir mərdə.
Mücərrəd ol hər təsdiqdən, inkardan,
Tərsazadəyə ver könlünü bir an.


Bütə işarə

Tərsabəçə o büt bir nurdur zahir,
Bütlərin üzündən edər təzahür.
O bütün qəlbləri tam əsir edər,
Gah müğənni, gah da saqi tək gələr.
Afərin mütribə, nəğməsi xoşdur,
Yüz zahidin xirməninə atəşdir.
Afərin saqiyə piyalə verər,
İki yüz yetmişi tam özsüz edər.
Xanəgaha gedər məsti-şəbanə,
Sufilərin halın eylər əfsanə.
Səhər çağı düşsə məsciddə işi,
Orda qoymaz ayıq bircə mərd kişi.
Mədrəsəyə gedib gizlin məst qalar,
Fəqih ondan olar biçarə, xumar.
Eşqindən zahidlər biçarə olmuş,
Öz xanimanından avarə olmuş.
Birin mömin, birisin kifir etdi,
Bütün aləmi şər ilə şur etdi.
Dodağından xarabat abad olmuş,
Üzündən məscidlər nur ilə dolmuş.
Bütün işim tənzimləndi onunla,
Kafir nəfsdən təmizləndim onunla.
Qəlbimdə yüz pərdə vardır elmdən,
Qürur, güman, təkəbbürlə hiylədən.98
Səhər çağı o büt gəldi qapımdan,
Ayıltdı məni qəflət yuxusundan.
Üzündən can xəlvəti oldu rövşən,
Onunla gördüm ki, özüm kiməm mən.
O gözəl üzünə baxanda birdən,
Bir ah qopdu canımdan və içimdən.
Mənə dedi ki, ey şəyyad, hiyləgər,
Ad-san, namus ilə ömrün tam bitər.
Gör ki, elm, qürur, zöhd ilə güman,
Səni xam saxlayıb hansı məqamdan.
Yarım saat salsan üzümə nəzər,
Min il ibadətə qiymətdə dəyər.
Aləmi bəzəyən üzü güzgüdür,
Məni mənlə tamam göstərdi bir-bir.
Xəcalətdən canım qaraldı tamam,
Ömür boşa getdi, puç oldu əyyam.
Gün kimi görünən o ay üzündən,
Ümidimi kəsdim öz canımdan mən.
Biri dolu peymanə verdi mənə,
O saf sudan bir atəş düşdü mənə.
Dedi: indi rəngsiz, qoxusuz meylə
Varlıq naxışların yuyub təmizlə.
Peymanəni bütöv içdim dəminə
Məstlikdən yıxıldım torpaq üstünə.
İndi ki, nə yoxam, nə də ki varam,
Nə huşyaram, nə məst, nə də xumaram.99
Gah gözü tək sərxoş və heyranam mən,
Bəzən saçı kimi pərişanam mən.
Gah öz xislətimdən kül içindəyəm,
Gah onun üzündən san gülşəndəyəm.


Xatimə

O gülşəndən dərib götürdüm bir az,
Qoydum onun adını «Gülşəni-raz».
Onda qəlb sirrindən açılıb güllər,
İndiyədək bunu deməyib bir ər.
Onun süsən dili tam söz deyəndir,
Nərgiz tək gözləri bütöv görəndir.
Qəlbin gözü ilə düşün birbəbir,
Qarşından şübhələr tamam çəkilir.
Gör əql ilə nəql və həqiqətlər,
Elmdə saflaşmış bu incəliklər.
İnkar gözlə baxma ona güman tək,
Güllər gözlərində olar tikan tək.
Nankorluqdur əslində tanımamaq,
Haqq tanımaq yəni haqqı tanımaq.
Məqsəd budur oxuyub yad eyləsin,
Ehtiramla mənə rəhmət söyləsin.
Adımla bitirdim sonun nəhayət,
İlahi! Mahmud olsun son aqibət.

XS
SM
MD
LG