Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:10

Əli İnsanov: «İlham Əliyev, sən xalqımın dostu yox, düşmənisən»- [Video]


Əli İnsanov: «İlham Əliyev, sən xalqımın dostu yox, düşmənisən»
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00

Əli İnsanov: «İlham Əliyev, sən xalqımın dostu yox, düşmənisən»

-
Fevralın 14-də Bakı Apellyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun işi üzrə məhkəmə davam edib.

Keçmiş nazir elə məhkəmə zalına gətirilərkən İlham Əliyevi tənqid etmək fürsətini qaçırmadı:

«İlham Əliyev, sən mənim xalqımın xidmətçisi ola bilməzsən. Xalqın xidmətçisi xalqın sərvətlərini talamaz. Xalqın xidmətçisi gəncləri türmələrdə çürütməz. Xalqın xidmətçisi ziyalıları məhv etməz. Sən xalqımın dostu yox, düşmənisən».

Əli İnsanov həmin sözlərlə prezident İlham Əliyevin fevralın 5-də keçirilən və regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına həsr olunan konfransdakı çıxışına eyham vurub. Həmin çıxışında prezident Azərbaycanda korrupsiya və rüşvətxorluğa yer olmadığını iddia etmiş və özünü «xalqın birinci xidmətçisi» adlandıraraq, bütün dövlət məmurlarından onun kimi işləmələrini istəmişdi.

ƏLİ İNSANOV NƏFƏSİNİN ÇATMADIĞINI DEYİB...

Hakim Qədim Babayevin sədrliyi ilə başlayan məhkəmədə çıxış üçün söz alan Əli İnsanov salındığı şüşə kabinədə nəfəsinin daraldığını bildirib. Hakim beynəlxalq təcrübəyə və Avropada da belə kabinələrdən yararlandıqlarına əsaslanaraq, onun kabinədən çıxmasına icazə verməyib.

Prosesi izləyən Milli Şura sədri Cəmil Həsənli hakimin söylədiklərinə atmaca ilə reaksiya verib:

«Avropaya böhtan atmayın. Bu qayda Avropada olsa da, sizin kimi təqsirləndirilən şəxsin səsini pultla kəsmirlər».

Bu sözlərdən sonra hakim Qədim Babayev Cəmil Həsənlini məhkəmə zalından çıxarıb.

VƏKİL: «NAZİRLƏR VƏ KOMİTƏ SƏDRLƏRİ MƏHKƏMƏYƏ ÇAĞIRILSIN»

Daha sonra Əli İnsanovun vəkili Ağaveyis Şahverdi vəsatət qaldıraraq səhiyyə naziri Oqtay Şirəliyevin və Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun məhkəməyə çağırılmasını və şahid qismində dindirilmələrini istəyib.

Həmin vəsatətdə səhiyyə müəssisələrinin özəlləşdirilməsiylə bağlı yoxlama aktlarına imza atmayan və ya qeyd-şərtlə imza atan iqtisadi inkişaf nazirinin keçmiş müavini (indiki təhsil naziri) Mikayıl Cabbarovun, bu nazirliyin aparat rəhbəri Samir Vəliyevin və maliyyə şöbəsinin o vaxtkı rəisinin məhkəməyə şahid qismində gətirilməsi tələbi də yer alıb.

«MƏLEYKƏ ABBASZADƏ HEYDƏR ƏLİYEV FONDUNUN PUL KİSƏSİDİR»

Vəkil əlavə edib ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Əli İnsanov haqqında Milli Təhlükəsizlik Nazirliyinə həqiqətə uyğun olmayan məlumatlar göndərib. Ona görə də Məleykə Abbaszadə və həmin sahəyə nəzarət edən Fatma Abdullazadə də məhkəməyə çağırılmalıdır.

Əli İnsanov vəkilin qaldırdığı vəsatətə münasibət bildirərkən deyib ki, həmin şəxslərin məhkəməyə gələcəyinə inanmır:

«Onlar... heç zaman məhkəməyə gəlməzlər. Çünki bilirlər ki, mənim onlara çoxlu suallarım olacaq. Onlar necə əsaslandıracaqlar ki, 12 bal toplamış bir şəxsi Tibb Universitetinə hansı əsasla qəbul ediblər. Məleykə Abbaszadə Heydər Əliyev fondunun pul kisəsidir».

Bu zaman hakim keçmiş nazirin çıxışını kəsib və vəsatəti qismən təmin etdiyini bildirib.

Oqtay Şirəliyev, Kərəm Həsənov, Məleykə Abbaszadə və Fatma Abdullazadə ilə bağlı hissələr təmin olunmayıb.

İqtisadi İnkişaf Nazirliyinin 3 işçisinin məhkəməyə çağırılmasına gəlincə, Mikayıl Cabbarov (indiki təhsil naziri) istisna olmaqla, digər iki şəxsin məhkəməyə çağırılmasına qərar verilib.

Vəkillər bu qərara etiraz ediblər:

«İki nəfərin çağırılmasını təmin edirsiniz, Mikayıl Cabbarovun yox. Ona görə ki, həmin adam nazirdir?».

İclasın gedişində Əli İnsanov məhkəmə tərkibinə də etirazını bildirib.

Məhkəmə fevralın 21-dək ertələnib.
XS
SM
MD
LG