Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:48

ATƏT-in Parlament Assambleyasından Bakıya «Anar Məmmədlini azad et» tələbi


Anar Məmmədli
Anar Məmmədli
-

ATƏT-in Parlament Assambleyasının liderləri Azərbaycanda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin həbsindən narahat olduqlarını bildirirlər.

Assambleyada Demokratiya, İnsan Haqları və Humanitar Məsələlər üzrə Komitənin rəhbəri, Portuqlaiyadan olan deputat İsabel Santos dekabrın 18-də bildirib ki, bu həbs Azərbaycan hökumətinin tənqidi fikirləri və müxalifləri susdurmaq üçün hüquqi vasitələrdən istifadəsinin bir formasına çevrilə bilər:

“ATƏT-in üzvü olan bir dövlət kimi Azərbaycan nəinki Anar Məmmədli ilə hüququn aliliyi çərçivəsində davranmağa cavabdehdir, eyni zamanda da hakimiyyət onun təşkilatını və başqa vətəndaş cəmiyyəti qurumlarını qorumalı, onları təhdid etməməlidir.”

Bu Komitənin məruzəçisi, Serbiyadan olan deputat Gordana Comic isə Azərbaycan hakimiyyətini Anar Məmmədlini dərhal azadlığa buraxmağa çağırdıqlarını deyir:

“Hakimiyyət həmçinin elə addımlar atmalıdır ki, onların ATƏT-in əsas prinsiplərini başa düşdüklərinə əmin olaq. Azərbaycanda daha bir vətəndaş cəmiyyəti fəalının həbsi yolverilməzdir. Biz bu hadisə ilə bağlı suallarımıza çox açıq cavablar tələb edirik.”

Dünən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru, səfir Janez Lenarčič da Anar Məmmədlinin həbsindən narahatlıq ifadə edən bəyanat yayıb.

ABŞ-ın Azərbaycandakı səfirliyi və başqa bir neçə beynəlxalq təşkilat da Azərbaycan hakimiyyətini Anar Məmmədlinin azad olunmasına çağırıblar.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri bu həftənin əvvəlində saxlanıb. Respublika Prokurorluğu onu qanunsuz sahibkarlıq, vergidən yayınma və seçkilərin nəticələrini saxtalaşdırmaqda ittiham edir. Bu ittihamlarla Anar Məmmədli 8 ilə qədər azadlıqdan məhrum oluna bilər.

Anar Məmmədlinin təşkilatı Azərbaycanda keçirilən son bir neçə seçkinin, o cümlədən də son prezident seçkisinin nəticələrinin indiki prezident İlham Əliyevin xeyrinə saxtalaşdırıldığı qeyd olunan hesabat yaymışdı. İndi özü və vəkilləri ona qarşı ittihamları əsassız iddialar, siyasi motivli təqib hesab edirlər.
XS
SM
MD
LG