Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:05

İctimai-siyasi fəallar izlənilir?


Seymur Həzi
Seymur Həzi
-
20 noyabr-medianın icmalı

«Azadlıq» qəzeti ictimai-siyasi fəalların rəsmi əmrlərlə izləndiyini yazır. Qəzetin yazdığına görə, izlənmə sənədi iki qurum tərəfindən hazırlanır.

“Sənəd Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidməti tərəfindən hazırlanıb. Sənəddən bəlli olur ki, ictimai-siyasi fəallar xüsusi nəzarət altında Azərbaycana giriş-çıxış edir. Təbii ki, şəxs nəzarətdə saxlanıldığından xəbərsiz olur. Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin “ötür”, “izlə” əməliyyatları hakimiyyətin hədəfində olan bütün şəxslərə şamil olunur.

Redaksiyamıza daxil olan sənəd isə konkret olaraq “Azadlıq” qəzetinin şöbə müdiri və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Seymur Həzi barədədir.

Seymur Həzi həm də Türkiyənin müxtəlif kanallarında yayımlanan və hakimiyyətin kiberhücumları nəticəsində fəaliyyətini dayandırmağa məcbur olan “Azərbaycan saatı” verilişinin redaktoru və aparıcısı olub. Onunla bağlı bu əməliyyat da məhz Türkiyəyə və Gürcüstana giriş-çıxış edərkən baş verib.

Sənəddə açıq şəkildə Seymur Həzinin sərhəddən ötürülməsi və sonra izlənilməsi qeyd olunub. Bununla bağlı hətta Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsinin əməliyyat hissə növbətçisinə məruzə də edilib” deyə qəzet yazır.

Qəzet haqqında söz açılan həmin sənədin surətini də dərc edib.

“ELƏ ŞEY VAR Kİ, BİZ BƏZƏN ÖKÜZDƏN SÜD UMURUQ”


“Yeni Müsavat”a müsahibəsində Bakı Dövlət Universitetinin müəllimi Şirməmməd Hüseynov “Demokratik ölkələrə baxanda biz cəhənnəmdəyik” deyib.

Şirməmməd Hüseynov
Şirməmməd Hüseynov
“Biz küləklər şəhərindəyik. Özü də burada təkcə təbiət küləyi deyil, həm də siyasət küləyi əsir.

Rusiyadan bir cür, İrandan, Türkiyədən, Avropa, Amerikadan bir cür külək əsir. Bu küləklər şəhərində, ictimai-siyasi küləklər şəhərində yol keçmək asan deyil. Təsəvvür edin ki, dövlət başçısı gəminin kapitanıdır. O gəmi bata da bilər, sahilə çıxa da bilər, cəhənnəmə də, cənnətə də gedə bilər.

Demokratik ölkələrə baxanda biz cəhənnəmdəyik, avtoritar rejimlərə baxanda cənnətdə. Çünki keçiddəyik, Ərafda. Cəmi 20 il keçib. İndi Fransada 5-ci respublikadır. Fransa, Fransa olana qədər... Elə şey var ki, biz bəzən öküzdən süd umuruq”.

TƏRCÜMEYİ-HALDA 45 SƏHV

AzərTAc xarici KİV-lərə istinadən xəbər verir ki, Böyük Britaniyada “Mançester Yunayted” futbol klubunun məşhur məşqçisi Alex Ferguson-un çapdan çıxan tərcümeyi-halı 45 səhv tapılıb.

Alex Ferguson
Alex Ferguson
“Kitab dərhal “satışda liderə” və memuarlarda 45 faktoloji səhv tapmış tələbkar oxucuların tənqid obyektinə çevrilib.

Oxucular bildirirlər ki, kitabda komandanın yarımmüdafiəçisi Ryan Giggs klubun heyətində ilk oyununa 16 yaşında başladığı yazılıb. Halbuki, həmin vaxt onun 17 yaşı olub.

Bundan başqa, Ferguson ona kardiotənzimləyicinin qoyulduğu tarixi qarışdırıb. Əslində prosedur 2004-cü ilin martında həyata keçirilib, lakin məşqçi bildirir ki, onun üzərində bu əməliyyat 2000-ci ildə aparılıb.

Nəşriyyatın nümayəndələri təsdiq edirlər ki, onlar Ferguson-n kitabından narazı qalan hər bir oxucunun pulunu geri qaytarmağa hazırdırlar.

2013-cü ilin mayında Ferguson 27 il baş məşqçisi olduğu “Mançester Yunayted”dən getdiyini elan edib. Məşqçi bu klubu “MY” 13-cü dəfə Premyer-liqada qalib gəldikdən sonra tərk edib".

ƏRZAQ TƏHLÜKƏSİZLİYİNİ NECƏ TƏMİN ETMƏLİ?

“Gələn ilin dövlət büdcəsi qarşıda duran vəzifələrin uğurla həyata keçirilməsinə əsaslı şərait yaradacaq”

Bunu “Azərbaycan” qəzetində dərc olunan yazısında Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev qeyd edib.

Amma bununla yanaşı deputat hesab edir ki, əzaq təhlükəsizliyinin təminatı baxımından aqrar bölmənin üzərinə böyük yük düşdüyündən bu sahəyə daha çox vəsait ayrılmalıdır.

“Dövlət büdcəsi hesabına emal müəssisələrinin tikilməsinə, xüsusilə, meyvəçilik və tərəvəzçilik bölgələrində belə müəssisələrin sayının artırılmasına böyük ehtiyac var. Məhsulların istehsalında çox böyük potensial olmasına baxmayaraq emal müəssisələrinin az olması ucbatından fermerlər istehsal etdikləri məhsulu emal müəssisələrinə satmaqda böyük çətinliklərlə üzləşir və məhsullarını çox aşağı qiymətə satmağa məcbur olurlar.

Digər tərəfdən, bu vəziyyət hər il xeyli məhsul itkisinə də səbəb olmaqla ərzaq təhlükəsizliyi riskini artırır. Bu mənada çoxsaylı emal müəssisələri həm məhsul itkisinin qarşısını alar, həm də fermerlərin xarici bazarlara çıxış imkanlarını artırar”.

"PARLAMENTDƏ PENSİYAÇILAR ÜÇÜN ÇOXDƏQİQƏLİK SÜKUT"

“Bizim yol” qəzeti 2014-c ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Dövlət Sosial Müdafiə Fond nümayəndəsi gələn il üçün gəlirləri və xərcləri, həmçinin pensiya ödənişləri barədə məlumat verib, amma bu zaman deputatlardan heç kim bu mövzuda müzakirə açmayıb, fikir bildirən olmayıb.

“Ardınca Milli Məclisin büdcəsindən danışılarkən deputatlar qızğın şəkildə müzakirələrə qoşulublar, o cümədən deputat köməkçilərinin 550 manat maaş almasından gileyləniblər.

Ortaya çıxan nəticə budur: Deputatları pensiya və müavinətlərin səviyyəsi narahat etmir, amma öz köməkçilərinin qayğısına qalmağı unutmurlar. Hər bir deputat minlərlə pensiyaçını, əlili və aztəminatlı ailəni təmsil edir, bununla belə, bu sosial qruplara ödənilən vəsaitlərin azlığı onların diqqətini cəlb etmir. Özlərini və köməkçilərini isə layiqincə təmsil edirlər”.

Qəzet yaranmış vəziyyəti “parlamentdə pensiyaçılar üçün çoxdəqiqəlik sükut” adlandırır.
XS
SM
MD
LG