Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:37

Prezident Azərbaycan polisinə yaşıl işıq yandırdı


İlham Əliyev Bakı Polis Akademiyasında, 2007
İlham Əliyev Bakı Polis Akademiyasında, 2007
-
«Polis orqanlarının bir nəfər də olsun əməkdaşı cəzalandırılmayacaq» – prezident İlham Əliyev Azərbaycan polisinin 95 yaşını bitirdiyi gündə - iyulun 2-də belə deyib.

Polis Akademiyasında Heydər Əliyev Mərkəzinin açılışında çıxış edən prezident bildirib ki, polis orqanları bütün hərəkətlərini qanun çərçivəsində aparırlar, bütün qanunsuz hərəkətlərə layiqli cavab verirlər və verəcəklər:

«Xatırlayıram ki, 2005-ci ildə bəzi qüvvələr Azərbaycanda qondarma «narıncı inqilab» etmək istəyəndə polis orqanlarının qətiyyətli hərəkətləri bütün bu xoşagəlməz halların qarşısını aldı. O vaxt – 2005-ci ildə vəziyyət indiki kimi deyildi. Bəzi hallarda Azərbaycan beynəlxalq qurumlar tərəfindən təzyiqlərə də məruz qalırdı. İndi heç kim bizə təzyiq edə bilməz. Amma o vaxtlar güclü təzyiqlər var idi ki, polis orqanlarının hərəkətləri pislənilsin, guya onlar həddindən artıq hərəkət etmişlər, polis orqanlarının əməkdaşları cəzalandırılsın. Yəni, qarşımıza şərt qoymuşdular. Mən o vaxt da demişəm, bu gün də demək istəyirəm, polis orqanlarının bir nəfər də olsun əməkdaşı cəzalandırılmayacaqdır. Çünki onlar qanun keşiyində dayanır, təhlükəsizliyi təmin edirlər. Onlar öz həyatlarını risk altına ataraq Azərbaycan dövlətinin rahat yaşamasını təmin edirlər».

«PREZİDENTİN CƏMİYYƏTƏ MESAJI»

Dövlət başçısı öz çıxışında 2005-ci ilin 26 noyabr hadisələrini xatırlayır. O ilin parlament seçkiləri nəticələrindən narazı qalanlar oturaq etiraz aksiya keçirmək istəyirdilər. Amma polis aksiyaya imkan verməmişdi. Bu hadisədən sonra bəzi beynəlxalq təşkilatlar etirazçılara qarşı aşırı zorakılığa yol verdiyinə görə Azərbaycan polisinin cəzalandırılması tələbini irəli sürmüşdülər. İlham Əliyev o vaxt da polisin cəzalandırılmayacağını bəyan etmişdi. Prezidentin az qala eyni bəyanatı təkrarlaması birmənalı qarşılanmayıb, axı ölkə yeni seçkilər ərəfəsindədir.

Gözəl Bayramlı etiraz aksiyasında
Gözəl Bayramlı etiraz aksiyasında
İlin əvvəlində – İsmayıllı və Binə olaylarının gedişində polisin etirazçılara qarşı gözyaşardıcı qazdan, təzyiqli sudan və digər vasitələrdən istifadəsinə etiraz olaraq «Silahları üzərimizdən çəkin» aksiyası keçirilmişdi. Bakıda – «Fəvvarələr meydanı»ndakı aksiyaya qatılan AXCP sədrinin müavini Gözəl Bayramlının həmin vaxt qolu çıxmışdı:

«Mən sadəcə qolumu qaldırıb «Azadlıq» qışqırırdım. Arxadan iki polis yaxınlaşıb qolumu aşağı saldı. Bu vaxt 3-cü bir polis onların yardımına gəldi. Məni polis maşınına mindirəndə gördüm ki, qolumu tərpədə bilmirəm. Bu il də seçki ərəfəsində prezident polis vasitəsilə bizlərin sərbəst toplaşma azadlığımızı reallaşdırmağımıza müdaxilə edəcək. Düşünürəm ki, İlham Əliyevin cəmiyyətə vermək istədiyi mesaj budur: etirazlara cəhd etməyin, onsuz da polis bunun qarşısını alacaq. Prezidentin belə bir çıxışına çox təəssüf edirəm».

Gözəl Bayramlı deyir ki, Azərbaycan vətəndaşları konstitusiyanın onlara verdiyi hüquqdan – sərbəst toplaşma azadlığından yararlanmaq istəsə də, hər dəfə polis zorakılığı ilə üzləşir.

«XARİCİ DÖVLƏTLƏRİN «PROJELƏRİ»Nİ GERÇƏKLƏŞDİRƏNLƏRƏ POLİS SÖZÜNÜ DEYƏCƏK»

İstər-istəməz sual doğur: Polisin zorakılığı sübut olunarsa, yenə cəzalandırılmayacaq? Azərbaycan prezidenti mətbuat konfransları keçirmədiyindən, bu sualı birbaşa onun özünə ünvanlamaq şansı yoxdur. Odur ki, sualı onun siyasətini dəstəkləyənlərə ünvanlayırıq.

Milli Məclisin Hüquq siyasəti və Dövlət Quruculuğu Komitəsinin üzvü Çingiz Qənizadənin fikrincə,
Çingiz Qənizadə
Çingiz Qənizadə
dövlət başçısı öz çıxışında polisin yalnız qanuni hərəkətlərindən danışıb. Söhbət Azərbaycanda xarici ölkələrin çirkin «projelərini» reallaşdırmağa imkan verməməkdən gedir:

«Hər bir dövlət başçısı bu cür fikirlər bildirməlidir. Xaricdən ölkəyə eksport edilən «narıncı inqilab»ın, digər qanunsuz çevrilişlərin qarşısı alınmalıdır. Cənab prezident polisin ölkədə hakimiyyətin qeyri-qanuni yolla dəyişdirilməsinə yönələn addımların qarşısını almasını dəyərləndirir. Bu o demək deyil ki, polis istədiyini edə bilər. Amma kimsə bundan kənara çıxacaqsa, xarici dövlət «projelərinin» tərkib hissəsi çərçivəsində qanunsuz etiraz aksiyaları və mitinqlər keçirəcəksə, bu halda polis öz sözünü deməlidir».

BEYNƏLXALQ TƏŞKİLATLARIN GÖZÜNDƏN PƏRDƏ ASMAQ...

Müxalifət bildirir ki, Azərbaycan hakimiyyəti sərbəst toplaşma azadlığını pozur, onların bir araya gəlməsinə imkan vermir. Azərbaycan polisi ictimai asayişi qoruduğunu və qanunauyğun şəkildə razılaşdırılmayan toplantı, aksiya və mitinqlərin qarşısını aldığını söyləyir.

Ortada bir ziddiyyət var və Çingiz Qənizadə də bunun fərqindədir deyə, bildirir ki, Milli Məclisdə dəfələrlə müxalifət üçün razılaşdırılmış yerlərin ayrılması məsələsini qaldırıb. Onun dediyinə görə, hazırda etiraz aksiyaları və mitinqlər üçün yeni siyahı hazırlanır.

İntiqam Əliyev
İntiqam Əliyev
Amma siyahını kimlərin hazırladığı və onun nə vaxt açıqlanacağı barədə məlumat yoxdur. Yeni siyahıda müxalifəti razı salacaq yerlərin olub-olmayacağı da bilinmir. Hakimiyyətin hazırladığı yeni siyahını gözdən pərdə asmaq kimi qiymətləndirənlər də var. Axı nüfuzlu beynəlxalq qurumlar Azərbaycanda sərbəst toplaşma azadlığına yaradılan əngəllərdən narahatlığını dəfələrlə dilə gətirib.

«İLHAM ƏLİYEV BU ÇIXIŞI İLƏ DEMƏK İSTƏYİR Kİ...»

Hüquqçu İntiqam Əliyevin fikrincə, seçkilər öncəsi ölkə başçısının belə bir çıxışı razılaşdırılmayan aksiyalarda polis zorakılığına yaşıl işıq yandırır:

«Ölkə prezidentinin bu çıxışı dinc aksiyalarda heç bir zorakılığa yol vermədən etiraz edənlərə qarşı polis zorakılığına yaşıl işıq yandırır. Dinc toplantılarda polisin tətbiq etdiyi gücün adekvat olub-olmamasına məhkəmə qiymət verməlidir. İlham Əliyev həmin çıxışı ilə bir daha bütün dünyaya sübut edir ki, bu ölkədə nə məhkəmə, nə də parlament var və bütün hakimiyyət ona məxsusdur, göstərişləri də özü verir. Dövlət başçısının belə çıxışından sonra, çox güman, builki prezident seçkilərində də cəzasızlıq mühiti sürəcək və polis sərbəst toplaşma azadlığının qarşısını zorakılıqla alacaq».

«BİR DƏFƏ ƏLİNİ QALDIRIB AZADLIQ QIŞQIRANDA...»

İndi Gürcüstanda yaşayan fəal gənc Hacı Hacıyev Azərbaycan polisi ilə Gürcüstan polisini müqayisə edir.
Hacı Hacıyev
Hacı Hacıyev
O, Bakı və Tbilisidə keçirilən etiraz aksiyalarındakı müşahidələrinə dayanaraq söyləyir ki, gürcü polisi ictimai asayişi, Azərbaycan polisi isə daha çox hakimiyyəti qorumaq missiyasını üzərinə götürüb:

«Gürcüstan paytaxtının mərkəzi küçəsində keçirilən aksiyada polis etirazçılara müdaxilə etmir, yalnız etirazçılar arasında münaqişə yaranan halda onları aralayırdı. Amma Bakıdakı aksiyalarda əlini qaldırıb bircə dəfə «Azadlıq!» qışqırmaq yetər ki, polis səni tutub aparsın».

İyulun 2-də müxalifət partiyaları və ictimaiyyət nümayəndələrinin birləşdiyi Milli Şura özünün prezidentliyə vahid namizədini müəyyənləşdirib və 2013-cü il prezident seçkilərində Rüstəm İbrahimbəyovun namizədliyini təsdiqləyib. Hakimiyyət ehtimal edir ki, Rüstəm İbrahimbəyov və Milli Şura xaricin, özəlliklə Rusiyanın layihəsidir.
Prezident İlham Əliyev çıxışında da buna eyham vuraraq söyləyib ki, bəziləri qul psixologiyası ilə yaşayır, daim böyük qardaş axtarışındadırlar.
XS
SM
MD
LG