Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:06

Azərbaycan 2012: Qadağalar, həbslər və işgəncələr ili


Amnesty International beynəlxalq insan haqları təşkilatının loqosu
Amnesty International beynəlxalq insan haqları təşkilatının loqosu
-

Amnesty International beynəlxalq insan haqları təşkilatının 2013-cü il üçün illik hesabatı əslində 2012-ci ilin məlumatlarından tərtib edilib.

Bu hesabatda insan haqlarının qlobal vəziyyəti 159 ölkəyə aid informasiyanın əsasında şərh və təhlil olunur.

Sənəddə bildirilir ki, çox vaxt öz həyatları təhlükə qarşısında olan insan haqları fəalları bu məlumatları “sükut divarlarını yararaq” ictimailəşdirirlər.

Onlardan bəzilərinə bu olduqca baha başa gəlir, təqiblərə, həbslərə və zorakılığa məruz qalırlar.

VƏZİYYƏT SABİT AĞIR OLARAQ QALIR...

Amnesty İnternational təşkilatının hesabatında Azərbaycana xüsusi fəsil həsr edilib.

Bu fəsildə bildirlir ki, hökumət onu tənqid edənlərin təqibini və həbs edilməsini 2012-ci ildə də davam etdirib.

Bakının mərkəzində etiraz aksiyalarının keçirilməsi qadağan edilib və bu ərazidə aksiya keçirmək cəhdlərinin qarşısı polis tərəfindən aşırı zor tətbiqi ilə alınıb.

İşgəncələr, xüsusən də polis idarələrində geniş tətbiq olunub.

Hesabatın vicdan məhbuslarına aid bölümündə deyilir ki, ötən ilin dekabrında bu dustaqlardan dördü prezidentin əfv sərəncamı ilə azad edilib.

Bunlardan Vidadi İsgəndərov və Şahin Həsənli 2011-ci ilin etiraz aksiyaları ilə bağlı həbs edilmişdilər.

Taleh Xasməmmədov və Anar Bayramlı isə 2012-ci ildə qondarma ittihamlarla məhkum olunmuşdular.

Sənəddə deyilir ki, Taleh Xasməmmədov polisin mütəşəkkil cinayətkarlıqla əlaqələrinə aid bir neçə məqalənin nəşrindən sonra “polis məntəqəsində polisə hücum etməkdə” ittiham olunurdu və dörd il müddətinə azadlıqdan məhrum edilmişdi.

İranın Azərbaycan dilində yayımlanan “Səhər” proqramında çalışan Anar Bayramlı Bakı və Tehran arasında münasibətlərin gərgin olduğu bir vaxtda, 2012-ci ilin fevralında qanunsuz narkotik maddə saxlamaq ittihamı ilə məhkum edilmişdi.

JURNALİSTLƏR HƏDƏFDƏ QALIRLAR

İfadə azadlığı bölümündə deyilir ki, hesabat dövründə hökumət insan haqları fəallarını və jurnalistləri təqiblər və həbslər vasitəsilə təzyiq altında saxlayıb.

Hökumət həmçinin may ayında Bakıda keçirilən “Eurovision” mahnı yarışı günlərində baş verən etirazların iştirakçılarına qarşı saxta ittihamlardan istifadə edib.

Həmin ilin 7 martında AzadlıqRadiosunun tanınmış təhqiqat jurnalisti Xədicə İsmaylova ona aid intim fotolarla birlikdə hədələyici məktub alıb.

Bundan əvvəl onun mənzilinə müdaxilə edilmiş və orada gizli kameralar quraşdırlmışdı. Təhdid məktubunda jurnalistdən fəaliyyətini dayandırmaq tələb olunur, əks halda internetdə rüsvay ediləcəyi bildirilirdi.

Daha sonra qeyd olunur ki, aprelin 8-də və iyunun 8-də “Kür” Vətəndaş Cəmiyyətinin üzvləri, insan haqları fəalları Oqtay Gülalıyev və İlham Əmiraslanov saxta ittihamlarla həbs edilmişdilər.

Oqtay Gülalıyev iyunun 13-də azad edilib.

İlham Əmiraslanov isə sentyabrda ədalətsiz məhkəmə hökmü ilə iki il müddətinə azadlıqdan məhrum edilib.

FÖVQƏLNAZİRLƏ GÖRÜŞDƏN SONRA HƏBS

Hesabatda belə bir məqama diqqət çəkilir ki, Əmiraslanov Fövqəladə Hallar naziri ilə görüşərək daşqın qurbanlarının problemlərini ona yetiridikdən bir gün sonra həbs edilib.

İlham Əmiraslanov və Oqtaq Gülalıyev Kür daşqınlarından zərər çəkənlərə ayrılmış vəsaitin mənimsənildiyinə dair iddialarla çıxış edirdilər.

Sənəddə deyilir ki, aprelin 18-də Bakı ətrafında qanusuz ev söküntülərini lentə alan bir neçə jurnalist hücuma məruz qalıb, jurnalist İdrak Abbasov isə polis və mülki geyimdə olan hökumət qulluqçuları tərəfindən hüşunu itirənədək döyülüb.

2012-ci ilin 13 iyununda ictimai fəal Mehman Hüseynova qarşı saxta ittihamlar itrəli sürülüb.

Belə güman edilir ki, onun həbsi “Eurovision” ərəfəsindəki jurnalist fəaliyyəti ilə bağlı olub.

O sonradan azad edilsə də, barəsində açılmış cinayət işi dayandırılmayıb.

Iyunun 21-də dil azlıqlarından olan talışca çıxan “Tolışi sado” qəzetinin redaktoru Hillal Məmmədov saxta ittihamlarla həbs edilmiş, üç ay həbsxanada saxlandıqdan sonra ona qarşı dövlət xəyanəti, dini və milli nifrəti qızışdırmaq ittihamı irəli sürülüb.

Sentyabrın 19-da siyasi fəal və N!DA gənclər təşkilatının sədri Zaur Qurbanlı hakimiyyətdəki qohumbazlığı və prezidentin qızının dərsliyə salınmış şeirini internetdə yazılmış məqalədə tənqid etdiyinə görə həbs edilib.

Hesabatda Azərbaycanda təşkilatlanma və sərbəst toplaşma azadlığı ilə bağlı vəziyyətdən də söz açılır.

Qeyd olunur ki, insan haqları və demokratiya sahəsində çalışan QHT-lər təzyiqlərlə üzləşir, onların, xüsusən də rayonlarda fəaliyyətinə əngəllər yaradılır.

XARİCİ İŞLƏR, YOXSA DAXİLİ İŞLƏR?

2012-ci il fevralın 7-də Naxçıvan Muxtar Respublikasında işləyən Demokratik İnkişaf Resursları Mərkəzi və Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutuna Xarici İşlər Nazirliyindən göndərilmiş məktubda deyilirdi ki, bu təşkilatlar öz internet saytları vasitəsilə “qızışdırıcı informasiya” yayır.

Seçkilərin Monitorinqi və Demokratik Araşdırmalar Mərkəzinin Quba rayon əlaqələndiricisi Aftandil Məmmədov iki dəfə polis idarəsinə dəvət edilib və ona xəbərdarlıq olunub ki, polisi öncədən xəbərdar etmədən heç bir fəaliyyətlə məşğul olmasın.

Beynəlxalq QHT - İnsan Haqları Evi (Human Rights House) təşkilatının Bakı ofisi 2011-ci ildə təkrar qeydiyyat qaydaları bəhanə gətirilərək zorla bağlandıqdan sonra, ötən il də qapalı olaraq qalırdı.

Hesabatda bildirilir ki Bakının mərkəzi etiraz aksiyalarının keçirilməsi üçün qapalı zona olaraq qalır.

Ötən ilin noyabr ayında icazəsiz və ya qadağan olunmuş etirazlarda iştiraka görə cəzalar daha şiddətləndirilib.

BAHALI AZADLIQ

Cinyaət Məcəlləsinin yeni maddələrinə görə belə hərəkətlər 3 müddətinədək azadlıqdan məhrumetmə və ya 10 min dollar cərimə cəzalarına səbəb ola bilər.

Dinc etiraz aksiyaları 2012-ci ildə də polis tərəfindən aşırı zorakılıqla dağıdılıb, iştirakçılar polis tərəfindən döyülüb və ya həbs olunublar.

Məsələn, oktyabr ayında siyasi korrupsiyanın geniş yayıldığını nümayiş etdirən videoların yayılmasından sonra parlamentin buraxılması tələbi ilə 200 nəfərin iştirakilə keçirilmiş aksiya dağıdılıb, 100-dək iştirakçı saxlanıb, 13 aparıcı fəal “polisə müqavimət” ittihamı ilə müxtəlif müddətlərə həbs cəzasına məruz qalıb.

Keçmiş vicdan məhbusu Dəyanət Babayev noyabr ayında Bakının mərkəzində prezidentin istefasına və parlamentin buraxılmasına çağıran etiraz aksiyasında iştirak etdiyinə görə saxlanıb, inzibati həbs müddəti başa çatdıqdan sonra isə ona qarşı xuliqanlıq ittihamı irəli sürülərək təkrar həbs olunub.

Noyabrın 26-da Nəsimi rayon məhkəməsi tərəfindən azad edilmiş Babayevə qarşı ittihamlara xitam verilməyib.

Sənəddə həmçinin bildirilir ki, polis saxlama məntəqələrində və həbsxanalarda işgəncə verilməsı praktikası geniş yayılıb və davam edir.

İşgəncələr haqqında şikayətlərə bir qayda olaraq baxılmır.

Bunlar Amnesty İnternational təşkilatının dünyada insan haqlarının vəziyyətinə dair illik hesabatının Azərbaycandan bəhs edən bölməsində qeyd olunanlar idi.

Hələlik Azərbaycan rəsmilərinin səslənən tənqidlərə bir reaksiyası yoxdur. Amma adətən ölkə rəsmiləri insan haqlarının pozulıması barədə tənqidləri rədd edir, beynəlxalq təşkilatların bu cür hesabatlarını isə Bakıya təzyiq vasitəsi adlandırırlar.
XS
SM
MD
LG