Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:59

Azərbaycan üçün daha bir insan haqları sınağı


Bakı - müxalifəçi fəallar polislə üz-üzə, 21 may 2012
Bakı - müxalifəçi fəallar polislə üz-üzə, 21 may 2012
-

Aprelin 30-da İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Haqları Şurasının növbəti toplantısında Azərbaycana dair Ümumi Dövri Hesabata baxılacaq. Çıxış üçün 83 ölkənin nümayəndəsi yazılıb.

Müzakirələrin qızğın olacağı gözlənir. İnsan Haqları Evi Fondunun Cenevrə nümayəndəliyinin rəhbəri Florian Irminger deyir ki, belə müzakirələr 4-5 ildən bir keçirilir. Ölkələrin BMT qarşısında insan haqları üzrə öhdəliklərini nə dərəcədə yerinə yetirməsi söhbət mövzusu olur. O yada salır ki, 2009-cu ildə Azərbaycanla bağlı müzakirə "dostluq atmosferi"ndə keçib. ABŞ hətta çıxışa da ehtiyac duymayıb. Bir çox ölkələr Azərbaycanın insan haqlarının qorunması sahəsində düzgün istiqamətdə getdiyinə inandıqlarını nümayiş etdiriblər və buna uyğun tövsiyələr veriblər. Florian Irminger-ə görə, indi vəziyyət dəyişib, insan haqlarının vəziyyəti pisləşib. İnsan Haqları Evinin nümayəndəliyinin Azərbaycanda qapadılması da bunun göstəricilərindəndir. İnsan Haqları Evi Fondu bir sıra başqa QHT-lərlə birgə Azərbaycanda insan haqlarının vəziyyətinə dair alternativ hesabat hazırlayıb. Qurum inanır ki. Şurada həmin hesabat nəzərə alınacaq, Azərbaycan ciddi sorğu-sual ediləcək. Florian Irminger deyir ki, onlar prezident seçkiləri ərəfəsində Azərbaycanda insan haqlarının vəziyyətinin müzakirəsini mühüm sayırlar və ümid edirlər ki, müzakirələr həm də Azərbaycanda insan haqları ilə bağlı problemlərin həmin ölkədə iqtisadi maraqları olan ölkələr tərəfindən yaddan çıxarılmadığının nümayişi olacaq.

Əslində bu görüşdə açıqlanacaq sənədlər, qaldırılacaq məsələlər və veriləcək suallar artıq müəyyən mənada bəllidir.

UZUN VƏ YAYĞIN HESABAT

İlk növbədə ortalıqda Azərbaycan hökuməti tərəfindən hazırlanmış hesabat var.

Bunu bəri başdan demək lazımdır ki, rəsmi Bakının hesabatında yenilik azdır.

Hesabatı oxuyarkən belə bir təəssürat oyanır ki, onun hazırlanması, hardasa 2008-ci ildə başa çatıb.

Hesabatda Azərbaycanın insan haqları sahəsində beynəlxalq öhdəlikləri, iştirak etdiyi beynəlxalq konvensiyalar və vəziyyətin yaxşılaşdırılması üçün atılan addımlar, görülən işlərdən danışlılır.

Azərbaycan hökumətinin hesabatındakı bölümlərin əksəriyyətində “mövcud problemlər” hissəsi də var, lakin bu hissələrdə problemlərin nədən ibarət olduğu barədə informasiya demək olar ki, yoxdur.

Məsələn, sərbəst toplaşma barədə bölümdə Azərbaycanda 1998-ci ildə qəbul edilmiş qanunun adı çəkilir, lakin son vaxtlarda bu qanuna əlavə edilmiş məhdudiyyətlər, icazə verilməmiş aksiyaların təşkili və onlarda iştiraka görə cərimələrin astronomik şəkildə artırılması “yada düşmür”.

İnformasiya azadlığı barədə bölümdə də, informasiya azadlığı qanunvericiliyinə informasiyanın alınmasını son dərəcə məhdudlaşdıran yeni əlavə və dəyişikliklərdən söhbət açılmır.

Son illər beynəlxalq təşkilatların gündəmində olan “siyasi məhbuslar” məsələsi barədə hesabatda, heç olmasa, özünümüdafiə xarakterli də nəsə yoxdur.

Lakin Azərbaycan hökumətinin rəsmi hesabatında bu məsələlərin üstündən sükutla keçilməsi o demək deyildir ki, Cenevrə görüşündə bu məsələlər kölgədə qalacaq.

İNSAN HAQLARI SAHƏSİNDƏ PROBLEMLƏR QALIR

Məsələ burasındadır ki, BMT İnsan Haqları Şurasının bu görüşünün gündəliyinə müstəqil hesabat da daxil edilib.

Şuranın hesabatında Azərbaycanın insan haqları sahəsindəki öhdəlikləri, bunlardan hansıların yerinə yetirilib-yetirilmədiyi sadalanır və bu mənada sənəd bir növ sxematik və statistik səciyyə daşıyır.

Lakin bununla belə, sənəddə BMT İnsan Haqları Komitəsini narahat edən konkret kəskin məqamlara toxunulur.

Sənəddə deyilir ki, Azərbaycan hökumətinin insan haqlarına dair təqdim etdiyi hesabat kifayət qədər böyük, lakin yayğındır.

Belə bir fakt xüsusilə vurğulanır ki, məsələn, İşgəncələrə qarşı Komitə Azərbaycanda bu sahədə qəbul edilmiş qanunvericilik aktları ilə onların icrası arasında böyük uçurumun qalmasından narahatdır.

Bu da vurgulanır ki, Azərbaycanın yeni Cinayət Məcəlləsində “işgəncə” məfhumunun təfsiri müvafiq beynəlxalq konvensiyanın 1-ci bəndinə uyğun deyildir.

MEDİAYA QARŞI TƏQİBLƏR

Elmar Hüseynov
Elmar Hüseynov
Sənəddə məlumat verilir ki, mövqe və ifadə azadlığı üzrə xüsusi məruzəçi hökumətə jurnalistlərin polis tərəfindən təqib olunması, döyülməsi və tutulub saxlanması barədə narahatlığını təqdim edib.

Hökumətə həmçinin bildirilib ki, jurnalistlərə qarşı təqiblərdən narahatlığa həm də hökumətin siyasətini tənqid edən naşirin qətli və müxalif siyasi partiyanın sədr müavininin həbsi daxildir.

Sənəddə ad çəkilmir, lakin güman etmək olar ki, söhbət “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qətlindən və Tofiq Yaqublunun həbsindən gedir.

Xüsusi məruzəçinin məlumatında Baş Prokurorluğun Ağır Cinayətlər Departamentinə qarşı irəli sürülən işgəncə iddialarından da narahatlıq ifadə olunub.

Bildirilir ki, bu departamentdə üç uşağa işgəncə verilməsinə aid iddialar vardır.

Qeyd olunur ki, bəzən 18 yaşına çatmamış uşaqlar polis məntəqələrində böyüklərlə eyni təcridxanalarda saxlanılır.

Hökumətə həmçinin həbsxanaların monitorinqi üçün müstəqil qurumun yaradılması tövsiyə edilib.

Hesabatda qadın və uşaq haqlarının kobud şəkildə pozulmasına dair də iddialar mövcuddur.

İşgəncələrə qarşı Komitə həmçinin bildirib ki, hakimlər müttəhimlərin bədənlərindəki açıq-aşkar işgəncə əlamətlərini görməməzliyə vururlar.

Xüsusu məruzəçinin bildirişində deyilir ki, jurnalistlər, redaktorlar və media işçiləri əsas dövlət qurumları tərəfindən müxtəlif dərəcəli təzyiqlərə məruz qalırlar.

Bu qurumların arasında Daxili İşlər və Ədliyyə Nazirliklərinin adları çəkilir.

Azərbaycan mediasının çox güclü özünüsenzuraya məruz qaldığı da xüsusi vurğulanır.

NEFT PULLARINDAN İNSANLARA DA VERİN

Şuranın hesabatında bildirilir ki, Baş katibin xüsusi nümayəndəsi insan haqları fəallarına və təşkilatlarına qarşı hücumlardan narahatdır.

O həmçinin narahatdır ki, insan haqlarının müdafiəsi mövzusunda yazan jurnalistlərə qarşı sual doğuran ittihamlar irəli sürülür, dövlət rəsmiləri tərəfindən qaldırılan məhkəmə iddiaları əsasında media, böhtana görə ağır cərimələrə məruz qalır.

Bu da qeyd olunur ki, insan haqları QHT-ləri üçün hər cür əngəllər yaradılmaqda davam edir.

Sənəddə bildirilir ki. Azərbaycanda son illər ÜDM-in sürətli artımına baxmayaraq səhiyyə və digər sosial sahələrə ayrılan vəsait cüzi olaraq qalır.

Sənəddə hökumətə, əldə etdiyi nəhəng neft gəlirlərindən bu sahəyə ayırmalar edilməsi tövsiyə olunur.

Qeyd olunur ki, Azərbaycanda təhsilin səviyyəsi son dərəcə aşağıdır.

Şura, Azərbaycan hökumətini mövcud əmək qanununu yeniləməyə və əməkçilərin tətil etmək hüquqlarını məhdudlaşdıran müddəaların ləğvinə çağırır.


*** *** *** ***


AZƏRBAYCAN TÖVSİYƏLƏRİ SAYMIR

BMT İnsan Haqları Şurasının Azərbaycana dair toplantısına göndərilmiş daha bir sənəd Article 19 və Azərbaycan Beynəlxalq Tərəfdaşlıq Qrupunun (ABPQ) başçılığı ilə bir sıra nüfuzlu təşkilatların hazırladığı təqdimatdır.

Təqdimatda deyilir ki, Azərbaycan hökuməti BMT İnsan Haqları Şurasının 1-ci dövrəsində ona təqdim olunmuş bir çox tövsiyələri icra etməyib.

Sənəddə vurğulanır ki, insan haqları sahəsində vəziyyət yaxşılaşmaq əvəzinə, 2009-cu ildən bəri kəskin şəkildə pisləşməyə başlayıb.

Söhbət ilk növbədə jurnalistlərin hüquq və həyatlarının müdafiəsindən, jurnalistlərə qarşı zorakılıqlara görə cəzasızlıqdan, şəxsi həyat haqlarının pozulmasından, siysi motivli həbs və məhbus edilmələrdən, qəddar, qeyri-insani və alçaldıcı rəftardan, ifadə azadlığına qanunvericilik yolu ilə qoyulan məhdudiyyətlərdən, internetdə ifadə azadlığına yaradılan əngəllərdən və media üzərində dövlət nəzarətindən gedir.

Sənəddə deyilir ki, Azərbaycan hökuməti müzakirələrin birinci dövrəsində qəbul etdiyi bir çox tövsiyələri icra etməyib.

Rəsmi Bakı ifadə azadlığına dair tövsiyələri qəbul etdiyini bildirsə də, ötən müddətdə ənənəvi və internet mediasının azadlığını məhdudlaşdırmaq, azadfikirliyin istənilən formasına qarşı sərt addımlar atmaq istiqamətində hərəkət edib.

Təqdimatda bildirilir ki, Azərbaycan hökuməti “jurnalistlərə və insan haqları fəallarına qarşı cinayət və pozuntuları səmərəli şəkildə təhqiq edib mühakiməyə çıxarmaq, cavabdehləri cəzalandırmaq əvəzinə”, jurnalistlər üçün xof mühitinin yaradılmasına və tənqidi səslərin susdurulmasına rəvac verib.

Azərbaycanda jurnalistlərin, bloqqerlərin, insan haqları müdafiəçilərinin və fəallarının təhdid və şantaj edilməsi, cismani hücumlar və həbslər adi hala çevrilib.

JURNALİSTLƏRƏ QARŞI 87 ZORAKILIQDAN HEÇ BİRİ ARAŞDIRILMAYIB

Sənəddə deyilir ki, jurnalistlərə qarşı 2009-cu ildən bəri, bir qətl hadisəsi də daxil olmaqla törədilmiş zorakı hücumlara dair 87 halın heç biri ədalət mühakiməsinə çıxarılmayıb.

Buildirilir ki, Azərbaycan böhtana görə cinayət məculiyyətinin aradan qaldırlmasına dair tövsiyəni qəbul etsə də, bunu icra etməyib.

Azərbaycan hökuməti medianın, xüsusilə də yayım mediasının azadlıqlarının genişləndirilməsinə dair tövsiyəni də tərsinə icra edib.

Təqdimatda yazıçı Rafiq Tağının qətlindən, bu qətlin araşdırılmamasından da söz açılır və bu da əlavə edilir ki, o, bu hadisədən əvvəl bir il müddətində Azərbaycan həbsxanasında cəza çəkib.

Sənəddə “Monitor” jurnalının 2005-ci ildə qətlə yetirilmiş redaktoru Elmar Hüseynovun ölümü ilə bağlı təhqiqatın aparılmamasından da bəhs edilir.

Burada jurnalistlərə qarşı zorakılıqlardan konkret faktlar qeyd olunur: 2012-ci ildə jurnalist İdrak Abbasovun dövlət neft şirkətinin işçiləri tərəfindən döyüdüyü, 2011-ci ilin iyulunda Naxçıvanda polis idarəsinin qarşısında jurnalistlər İlqar Nəsibov və Məlahət Nəsibovaya rəsmi şəxslər tərəfindən hücum edildiyi, onlara qarşı təhdidlərə yol verildiyi və onların Milli Təhlükəsizlik Nazirliyində sorğu-suala məruz qoyulduğu, həmin ilin martında “Azadlıq” qəzetinin əməkdaşları Seymir Həziyev və Ramin Dekonun hücuma hədəf olduğu və oğurlandığı xatırladılır.

HÖKUMƏTİ TƏNQİD EDƏNLƏRƏ VİDEO ŞANTAJLARI

Təqdimatda jurnalistlərin şəxsi həyat hüquqlarının kobud şəkildə pozulmasından da bəhs edilir.

Qeyd olunur ki, hökumətə qarşı tənqidi mövqedə olan jurnalistlərin şəxsi həyat hüquqları kəskin şəkildə pozulur.

Sənəddə ən azı 4 belə halın baş verdiyi yada salınır.

“2010-cu il parlament seçkilərinin ərəfəsində “Azadlıq” qəzetinin direktoru Azər Əhmədov nikahdankənar seksual fəaliyyətdə olarkən gizli şəkildə lentə alınıb, 2011-ci ildə “Azadlıq” qəzetinin müxbirləri Natiq Adilov və Tural Cəfərovun otel otaqlarında çılpaq vəziyyətdə olduqlarını göstərən videolar hazırlanıb. Bu videolar hökumətə bağlı Lider TV tərəfindən ölkə boyunca yayımlanıb” – deyilir sənəddə.

Həmçinin AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılovaya qarşı seks videosu internetdə yayılıb, bundan əvvəl təhqiqat jurnalistinə susmaq müqabilində bu videonun yayılmaması təklifi edilmiş və o, şantaj olunmuşdu.

Təqdimatda deyilir ki, Ümumi Dövri Hesabatın 1-ci dinləməsində Azərbaycan hökuməti qanunsuz şəkildə həbs edilmiş şəxslərə aid tövsiyələri rədd etmişdi.

Bu da bildirilir ki, AŞPA məruzəçisinin hesabatına görə Azərbaycanda 80-dək siyasi məhbus vardır.

Təqdimata imza atanlar BMT İnsan Haqları Şurasının Azərbaycana dair Ümumi Dövri Hesabatının ikinci dövrəsində, birinci dövrədə yerinə yetirilməyən tövsiyələrin rəsmi Bakıya bir daha xatırladılmasına çağırırlar.

ÇƏTİN SUALLAR

Cenevrə görüşündə Azərbaycana müxtəlif ölkələr tərəfindən əvvəlcədən ünvanlanmış suallar da var.

Hollandiyadan gələn sualda soruşulur ki, Azərbaycanda hökuməti tənqid və etiraz etdiyi üçün həbs olunanların sayının artması bu ölkənin Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxalq Sazişə əsasən götürdüyü öhdəliklərə nə dərəcədə uyğundur.

Bu sazişdə vətəndaşların sərbəst toplaşma hüququ təsbit edilib.

Hollandiyadan verilən başqa bir sualda yazıçı Əkrəm Əylisinin “cinayətkar təhdidlərdən” qorunması və onu qulağının kəsilməsi ilə hədələyən şəxsə qarşı nə kimi tədbir görüldüyü də soruşulur.

Birləşmiş Krallıqdan təqdim olunan sualda deyilir ki, “hazırladığınız hesabatda bu sənədin tərtibi üçün vətəndaş cəmiyyəti təsisatları ilə məsləhərtləşmələrin zəruriliyi qeyd olunur. Deyə bilərsinizmi ki, sizin hesabatınızın hazırlanmasında vərtəndaş cəmiyyətinin rolu nədən ibarət olub?”

“Bizi maraqlandıran sual budur ki, 2009-cu ildən bəri jurnalsitlərə və insan haqları fəallarına qarşı neçə zorakılıq halı mühakimə ilə başa çatıb?” – başqa bir sualda deyilir.

Britaniyadan gələn daha bir sualda Azərbaycanda builki prezident seçkilərində bütün potensial namizdlər üçün nə dərəcədə açıq siyasi məkan yaradılacağına dair maraq var.
Bu da sual edilir ki, jurnailistlərə öz legitim vəzifələrinin yerinə yetirlməsi üçün təhdidsiz şərait yaradılacaqmı?

Həmçinin soruşulur ki, Azərbaycan ötən prezident seçkilərində ATƏT müşahidəçilərinin aşkar etdikləri nöqsanları aradan qaldırmaq niyyətindədir, ya yox.

Çernoqoriya Azərbaycanın dini tolerantlıq sahəsindəki uğurlarını qeyd etməklə yanaşı belə sual edir ki, Azərbaycan defamasiya haqqında qanununun qəbulu üçün nə vaxt addımlar atacaq.
XS
SM
MD
LG