Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:35

Məhkəmə qarşısında maskalı aksiya [Video]


Azerbaijan. Baku. Protest action Hilal Mammadov
Azerbaijan. Baku. Protest action Hilal Mammadov
-
Fevralın 15-də Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin qarşısında səssiz etiraz aksiyası keçirib.

Məhkəmənin qarşısında dayanan maskalı adamlar “Tolışi sado” qəzetinin redaktoru Hilal Məmmədovun hüquqlarının pozulmasına etirazlarını bildiriblər.

Əsasən onlar məhkəmə prosesinin qapalı keçirilməsinə etiraz ediblər.
“Bizim aksiya hakimiyyətin qapalı proses keçirmək cəhdinə qarşı etiraz rəmzidir. Hilal Məmmədov özü də maska taxaraq prosesdə ifadə verməkdən imtina edir”, - komitənin rəhbəri Rafiq Cəlilov Turan-ın müxbirinə bildirib.
Bir neçə dəqiqədən sonra polislər aksiya iştirakçılarına yaxınlaşaraq binanın yanından uzaqlaşmalarını tələb ediblər. Aksiya zamanı polislə toqquşma baş verməyib, heç kim saxlanılmayıb.

HİLAL MƏMMƏDOV MƏHKƏMƏDƏ YENƏ QULAĞINI TIXADI, AĞZINI BAĞLADI

Hilal Məmmədovla bağlı məhkəmə prosesi fevralın 15-də qapalı şəkildə davam edib.

Onun vəkili Cavad Cavadov AzadlıqRadiosuna deyib ki, Hilal Məmmədov məhkəmədə yenə ifadə verməkdən imtina edib. O məhkəmənin qapalı keçirilməsinə etiraz olaraq üzünə maska taxıb, qulaqlarına pambıq tıxayıb, arxasını da məhkəmə heyətinə çevirib.

Yeri gəlmişkən, Hilal Məmmədovun ailə üzvləri də məhkəmə qarşısında ağızlarını bağlayaraq etirazlarını bildiriblər.

Vəkil Cavad Cavadov: “Məhkəmə zamanı iki şahid dindirildi. Hələlik narkotik maddəsi üzrə yox, dövlətə xəyanət maddəsi üzrə araşdırma gedir”.

Məhkəmə qapalı olduğundan vəkil Cavad Cavadov daha artıq məlumat verə bilməyəcəyini söylədi.

Cavad Cavadovun sözlərinə görə, dövlət ittihamçısı vəkillərin hamısının məhkəmədə iştirakının təmin edilməsini istəyib, əks halda qərardad çıxarılaraq Vəkillər Kollegiyasına göndərilməsini tələb edib. Vəkillər bunu şantaj adlandırıb. Hakim vəsatəti təmin etməyib.

Məhkəmə fevralın 20-də saat 10.30-da davam edəcək.
Hilal Məmmədov iyunun 21-də həbs olunub.

Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 283.2.2-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və satma) maddələri ilə təqsirləndirilir. Lakin beynəlxalq birlik və hüquq müdafiəçiləri onu vicdan məhbusu hesab edirlər.

Jurnalistləri Müdafiə Komitəsi Hilal Məmmədovun həbsi haqda bəyanat yaymış, Azərbaycan hakimiyyətini dərhal Hilal Məmmədovu azad etməyə və qəzetin jurnalistlərinə qarşı təzyiqləri dayandırmağa çağırmışdı.
İttihamlar təsdiqlənsə, onu 15 ilədək həbs cəzası gözləyir.
XS
SM
MD
LG