Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:10

İsmayıllıda yandırılan «Çıraq» otelin nazirin oğluna məxsus olmasına dair sənədlər yayılıb


İsmayıllıda yanvarın 23-də yandırılmış "Çıraq" otelin facebook-dakı reklam səhifəsindən.
İsmayıllıda yanvarın 23-də yandırılmış "Çıraq" otelin facebook-dakı reklam səhifəsindən.
-
İsmayıllıda yandırılan “Çıraq” otelinin kimə məxsus olması haqda ilk gündən söz-söhbət gəzir. İlkin məlumatlarda otelin sahibi kimi Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun adı hallanırdı.

Yanvarın 23-də baş vermiş iğtişaşlardan sonra rayonun icra başçısı, nazirin qardaşı Nizami Ələkbərov bu məlumatı bir neçə dəfə təkzib etdi. Hətta otelin kimə məxsus olduğunu bilmədiyini söyləmişdi. Hərçənd icra başçısı otelin həyətində yandırılan avtomobillərin ona məxsus olduğunu etiraf etmişdi.

“ÇIRAQ” OTEL RƏSMİ SƏNƏDLƏRDƏ

Vergilər Nazirliyinin rəsmi saytında yazılıb ki, “Çıraq” otelin sahibi “VAFİ Turizm” MMC-dir. Məlumatda deyilir ki, “VAFİ Turizm”ə “Çıraq Otel”ni işlətmək üçün ötən il dekabrın 26-da lisenziya verilib. Təsisçisi Həsən İsmayılovdur.

Vergilər Nazirliyinin saytında "Çıraq" otel haqqında məlumatın fotosürəti
Vergilər Nazirliyinin saytında "Çıraq" otel haqqında məlumatın fotosürəti
Həmin saytda oxşar adla “VAFİ Region” MMC haqda da məlumat yerləşdirilib. Bu qurum da İsmayıllı şəhərində fəaliyyət göstərir.


Rəsmi sənəddə həmin MMC-nin təsisçisinin Vüqar Füzuli oğlu Ələkbərov olduğu bildirilir. “VAFİ Region”un hüquqi ünvanı İsmayıllı şəhəri M.Orucov 100 göstərilir.

Amma həmin ünvanda yaşayan Ruhiyyə Cavadova AzadlıqRadiosuna 2009-cu ildən burda yaşadığını, belə bir MMC-dən xəbərsiz olduğunu deyib. “VAFİ Region” isə 2010-cu il avqustun 4-də qeydiyyatdan keçib.

“ÇIRAQ” OTELİ TİKƏN DƏ ƏLƏKBƏROV OLUB

“Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllının dediyinə görə, “Çıraq” otel tikilərkən onun ətrafına çəkilən hasarın, eləcə də işçilərin geyimlərinin üzərində “İmprotex Real Estate” MMC-nin adı yazılıb.

“İmprotex Real Estate” MMC İsmayıllıda Sheraton oteli də açmağı planlaşdırır. Starwood Hotels & Resorts Worldwide, Inc-lə imzalanan razılaşmaya görə Sheraton İsmayilli otelinin 2014-cü ildə açılması nəzərdə tutulur. Oteldə 147 otaq, 32 lüks nömrə, restoran, 3 bar, fitnes salonu, açıq və qapalı hovuz da olmalıdır.

Vergilər Nazirliyinin saytında "Çıraq" otel haqqında məlumatın fotosürəti
Vergilər Nazirliyinin saytında "Çıraq" otel haqqında məlumatın fotosürəti
Vergilər Nazirliyinin saytındakı məlumatda isə həmin kommersiya qurumunun təsisçilərindən biri “REY” MMC və Ələkbərova İradə Cəlal qızıdır. Burda da Vüqar Füzuli oğlu Ələkbərovun adı keçir, o qanuni təmsilçisidir.

RƏSMİ SƏNƏDLƏRDƏ DAHA BİR ƏLƏKBƏROV

Yeri düşmüşkən, Vergilər Nazirliyinin sənədlərində Vüqar Ələkbərovun “VAFİ CONSTRUCTİON” MMC-nin də təsisçisi olduğuna rast gəldik.

FACEBOOKDA İDDİA EDİLƏNLƏR

Vüqar Ələkbərov adlı bir nəfər isə facebook sosial şəbəkəsində “Çıraq” otelin reklamını yerləşdirib. Ancaq yanvarın 28-də həmin səhifə bağlanıb. Buna səbəb həmin sosial şəbəkədə “Çıraq” otel və onun təsisçiləri ilə bağlı rəsmi sənədlərin yayılması ola bilər.

Həmin sənədləri yayanlardan biri REAL-ın təsisçilərindən, iqtisadçı Natiq Cəfərlidir.
Vüqar Ələkbərov
Vüqar Ələkbərov
Onun qənaətincə, “VAFİ” MMC-lərin təsisçisi Vüqar Ələkbərov Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu - İsmayıllı rayonun icra hakimiyyəti başçısı Nizami Ələkbərovun qardaşı oğludur:

“Öncədən məlum idi ki, “Çıraq” oteli nazir və icra başçısı olan Ələkbərov qardaşlarına məxsusdur. Azərbaycandakı yazılmamış qanunlara görə, bölgələrdə iri biznesin, otelin qurulması həmin rayonun icra başçısının və ya kuratorunun razılığı olmadan mümkün deyil. Sadəcə, bu deyilənlərin sənədi-sübutu olmalı idi. Bu da sübut.

İcra başçısı isə bir neçə dəfə bu məlumatı təkzib etdi, hətta kimə məxsus olduğunu bilmədiyini dedi. Bununla da cəmiyyətə yalan məlumat verdi. İsmayıllıda baş verənlər qalsın bir qırağa, icra başçısı təkcə yalan danışdığına görə istefaya getməlidir. Çünki rəsmi sənədlərdə həmin otelin Ələkbərovlara aid olduğu üzə çıxdı. Bundan sonra nə deyəcəklər, o maraqlıdır”.

VERGİLƏR NAZİRLİYİNİN MÖVQEYİ

Vergilər Nazirliyinin analitik və informasiya şöbəsindən isə AzadlıqRadiosuna deyiblər ki, onlar həmin kommersiya qurumları haqda məlumat verə bilməzlər: “Qanunvericiliyə görə, biz hüquqi şəxslər, təsisçilər və onların nizamnamə kapitalındakı payları haqda açıqlama verə bilmərik. Bu haqda məlumat kommersiya sirri sayılır”.

"Çıraq" Otelin Facebook-dakı səhifəsindən.
"Çıraq" Otelin Facebook-dakı səhifəsindən.



"Çıraq" Otelin Facebook-dakı səhifəsindən.
"Çıraq" Otelin Facebook-dakı səhifəsindən.


"Çıraq" Otelin Facebook-dakı səhifəsindən.
"Çıraq" Otelin Facebook-dakı səhifəsindən.

"Çıraq" Otelin Facebook-dakı səhifəsindən. Yanvarın 23-də yandırılan "Çıraq" otelin görüntüləri
"Çıraq" Otelin Facebook-dakı səhifəsindən. Yanvarın 23-də yandırılan "Çıraq" otelin görüntüləri
XS
SM
MD
LG