Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:20

Musa Yaqub: «İsmayıllını talayırsınız, üstəlik sadə insanları da söyürsünüz»


Musa Yaqub
Musa Yaqub
-
İsmayıllının keçmiş deputatı, şair Musa Yaqub yanvarın 23-də rayonda baş vermiş gərgin olaylara münasibət bildirib.

O, Modern.az saytına açıqlamasında doğulduğu İsmayıllı rayonunda sakinlərin etiraz aksiyası keçirməsinə bəraət qazandırıb və son vaxtlar İsmayıllıda məmur özbaşnalıqlarının geniş vüsət aldığını bildirərək, baş verən hadisənin gözlənilən olduğunu deyib.

“Bilirsiz ki, camaatın içində narazılıq var. Amma bu narazılığı məmurlar, rəhbərlər başa düşmürlər.

İsmayıllılar elə mədəni insanlardır ki, yurdundan nəyin satılıb, nəyin alınmasına dinmir.

Baş verənlərə səbr edir, dayanır. Bu məmurlar İsmayıllını yeyib-dağıdırlar, sonra xalqı söyürlər.

Gəlmisən İsmayıllıya, yeyib-içib hər şeyi dağıdırsan, sənə göz yumurlar, bəs milləti niyə təhqir eləyirsən?

Mənim ürəyim yanır ki, İsmayıllı gör kimlərin əlindədir. İsmayıllılar indiyədək bu qədər qəzəbli olmayıblar.

İnsanlar artıq bu haqsızlığa, ədalətsizliyə dözə bilmirlər. Meşələrimiz satılıb, torpaqlarımız satılıb, İvanovkamız satılıb. Bu bəs deyil? Başa düşmürəm onlar nə istəyirlər?

Yeyib talayırsınız, üstəlik durub sadə insanları söyürsünüz də...

Camaat buna necə dözə bilərdi? Məmurlar özlərinə gəlməlidirlər. Bu qədər də özbaşnalıq olmaz. Min illərdir bu torpaq ismayıllılarındır. Ora mənim yurdumdur. Biz oralıyıq.

Amma dünən vəzifəyə gələn birisi rayonu satıb yeyir, bu azmış kimi milləti də söyür. Yaxşı ki, millətimizdə heç olmasa bu kimi harınlamış insanların söyüşlərinə, təhqirlərinə qarşı dözüm yoxdur. Mən öz millətimdən buna görə də razıyam”,- deyə M.Yaqub narazılığını ifadə edib.

Musa Yaqub İsmayıllının Buynuz kəndindəndir.

Qeyd edək ki, yanvarın 23-də İsmayıllıda keçirilmiş aksiya zamanı “Çıraq” oteli və bir neçə avtomobil yandırılıb. Etirazçı kütlə daha sonra icra başçısı Nizami Ələkbərova məxsus villanı yandırmaq istəyib. Aksiya zamanı bir neçə nəfər xəsarət alıb, polis tərəfindən saxlananlar var.
Musa Yaqub İsmayıllıda
Musa Yaqub İsmayıllıda
XS
SM
MD
LG