Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:05

Təranə Vahidqızı "Müharibə, nənəm və itən vaxt" (Seçmə hekayələrdən)


Təranə Vahidqızı
Təranə Vahidqızı
-

Bu hekayə son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Münsiflər hər dəfə tanınan yazıçılar və tənqidçilər arasından seçiləcək və ilin sonunda adları açıqlanacaq.


Təranə Vahidqızı


MÜHARİBƏ, NƏNƏM VƏ İTƏN VAXT


Yaddaşımı qurdaladım, nənəm boğçası çıxdı. Boğçadan rəngi qaçmış, dörd qatlanmış bir kağız tapdım. Kağızda kiril əlifbası ilə alt-alta bu sözlər yazılmışdı:

...Qarabağın ölüm tarixləri çoxdur...

...Qarabağ bir ovuc torpaq da deyil...

...Qarabağ Vətəndir, dağı-daşı, kolu-kosu, odu-ocağı, eli-obası, pisi-yaxşısı ilə ...

Şuşa-Laçın əldən gedəndə baharın oğlan çağıydı. Bu vaxtlar Qarabağda qan qaynayır. Amma Xocalı qanımızı elə qaraltmışdı ki, o bahar qan qaynamadı.

Boğçadan nənəmin günəşə oxşar gülümsər çöhrəsi boylandı. Deyəsən, darıxmışdı, fürsət tapan kimi sağlığında olduğu kimi, “cincili balam”- deyib kefimi açdı.

Yalan olmasın, üstündən bir ömür keçsə də, hələ də cincilim sözünün mənasını bilmirəm. Bildiyim odur ki, ota, ya da çiçəyə oxşayan bu söz dünyanın ən yaxşı sözdür.
Nənəmlə hal-əhval tutandan sonra boğçanın qırağında oturdum. İndi sizi də bir xatirəyə qonaq edib nənəmin hekayətini danışacağam.

Nənəm dünyanı görə-görə xeyli kələf sarımışdı. Üç qardaşı İkinci Dünya müharibəsinə gedib geri qayıtmamışdı. Nənəmin sirli bir sandığı vardı. İllər boyu açılmazdı. Açanda qiyamət qopardı. Qardaşlarının şəkillərinə baxanda nənəmin ürəyi gedərdi. Odur ki, sandığı açıb nənəmin ürəyini qanatmağa heç kimin ürəyi gəlməzdi. Nənəm yana-yana “Hitlerin ağzında it yatsın, üç qardaşımı uddu” – deyib gorbagordan qisasını belə çıxardı.
Nənəm qocalsa da, əldən düşməmişdi. Evini-eşiyini ha özündən deyən qız-gəlindən səliqə-sahmanlı saxlayırdı. Ona görə də nənəmgilin evi muzeyə oxşayırdı. Kimsə cürət edib nənəmin nizamını poza bilməzdi. Amma ermənilər nənəmin nizamını pozdular...

...Axşamçağı qaçaqaç düşdü. Nənəm özünü itirmişdi. Başıalovlu qapını açıb içəri keçdi. Mən də kölgə kimi nənəmi izlədim. Nənəm babamın divardan asılmış şəklinin qarşısında dayanıb dodağının altında nə isə mızıldandı. Bilmirəm dua edirdi, yoxsa babamla halallaşırdı, Allah bilir, bəlkə babamdan, həmişəki kimi, “a kişi, gedim-getməyim?”-deyə, icazə istəyirdi.

Bu yerdə mütləq deməliyəm ki, babam Böyük Vətən müharibəsindən orden-medalla yox, bir ətək qəlpə ilə qayıtmışdı. Ömrünün sonunacan müharibənin yaraları ondan əl çəkmədi, qəlpələr babamın axırına çıxdı. Şəkildə də narahat görünürdü. Nənəm hələ də babamın şəkli qarşısında nə isə deyirdi. Amma sözünü sonacan deyə bilmədi, mərmi haradasa lap yaxında partlayıb nənəmin “söhbətini” yarımçıq qoydu.

Aləm yenə qarışdı. Nənəm həyətə qaçdı. Kənd çalxalanırdı... Elə bil adam ölmüşdü. Yox, bu dəfə adam ölməmişdi, bu dəfə kənd ölmüşdü, yerdən götürəni yox idi. Şər qarışdıqca insanların xofundan, təlaşından itlər səs-səsə verib uzun-uzadı ulaşırdı...
Evdən çıxanda nənəm hıqqına-hıqqına çörək təknəsini gətirib düz qapının ağzına qoydu. Dedi ki, heç kim bu çörəyi tapdayıb keçməz. Bu sözləri nənəm dedi. O nənəm ki, 1918-ci ildə ermənilərin bizə tutduğu divanı, qan gölməçəsini, diri-diri yandırılan insanların cəsədini gözləri ilə görmüşdü. Amma bu dar macalda - erməni toplarının mərmiləri altda nənəm yaddaşını itirmişdi. Həm də nənəmə elə gəlirdi ki, Leninin qurduğu oraq-çəkicli şura hökuməti erməniləri adam eləyib, sadəlövh nənəm... Qapı örtüldü. Təknə qapının o üzündə qaldı. Nənəm şəməngül gözləri ilə üzümə baxıb qorxacaq səslə dedi:

- Nənə qurban, bu gün-sabah qayıdacağıq.

Ümidsiz-ümidsiz nənəmin sözünü təsdiqlədim.

Nənəm heç vaxt kəndlərindən kənara çıxmamışdı. Düzdü, babam sağ olanda ona qoşulub pay-piyada qonşu kəndlərin xeyrinə-şərinə gedərdi, amma uzağa getməzdi. Nənəm maşına düşürdü. İndi əlacını Allah kəsmişdi. Kəndin ortasında "kurzavoy" maşının arxa qapısını açıb maşının üstünə köhnə bir kilim salmışdılar. Əvvəlcə qoca-qarıları tələsik maşına yığdılar. Nənəm maşına qalxanda qocalar səs-səsə verib ağı dedilər, qımıldanıb ona da yer elədilər. Nənəm təlaşlı gözləri ilə ətrafa baxırdı. Bilmirəm maşının dərdi onu götürmüşdü, yoxsa qoyub gəldiyi ev-eşiyinin...

Kənd maşına “köçüb” qurtarandan sonra hay-haray kəsildi. Qənimət kişinin kal səsi eşidildi:

- Ədil kişi getmir!

Hamı bir anda diksindi. İki-üç nəfər Ədilgilə tərəf qaçdı. Bir azdan qaçdıqları kimi də geri qaçdılar. Bircə kəlmə dedilər: “Ədil kişi gəlmədi”. Başını itirmiş şaşqın adamlar ermənilərin atdığı alazanın işığında Ədil kişini yaddaşlarından itirdilər.

Kənd işıqlandı. Əslində bu qıpqırmızı mərmi qaranlığı yarıb düz kəndin ürəyinə sancıldı. Maşının yerindən tərpənməyi ilə adamların eyni vaxtda səs-səsə verməyi bir oldu.
Kənd sonuncu dəfə xorla oxudu...

Maşın kənddən qaçdıqca maşındakıların ürəyi kəndə tərəf qaçırdı. Get-gedə nənəmin vəziyyəti pisləşirdi. Sən demə, nənəmdən də pis gündə olanlar varmış. Maşın sıldırımlı döngədə nəfəsini sıxıb dönəndə Nənəş arvad dəli kimi havalandı. Oğlunu inişil ermənilər dağda öldürmüşdülər. Yazıq arvad qəfildən balasını qoyub getdiyini anlayıb hamının gözü qarşısında dəli oldu. Maşın vahimədən diksindi. Amma dayana bilmədi, döngəni dönüb dayandı. Hər yan zülmətə bürünmüşdü. Nənəş arvad qışqırırdı, saçını yolurdu, ağzına gələni danışırdı. Alazanlar, toplar, avtomatlar şaqqaşakla atırdı.
Maşındakılar gah kəndi ağlayırdılar, gah Ədili, gah da Nənəşi...

Tərs kimi yağış da başlamışdı. Qaranlıqda nənəm canlı meyitə oxşayırdı. Ürəyi bulanırdı, başı bulanırdı, dünya bulanırdı...

Yağış kimi həzin-həzin ağı deyən arvadlara qoşula bilmədiyindən ürəyi hökm edirdi yerindən çıxsın. Bir ara hörüyümü dartışdırıb qulağıma pıçıldadı:

- Nənə qurban, hələ çox var?

Guya harada olduğumuzu bilirdim.

- Az qalmışıq – dedim.

Nənəm dediyimə inandı. Bircə onu bilirdim ki, arana tərəf gedirik. Get-gedə dağdan enirik, gedə-gedə yazıqlaşırıq, gedə-gedə zülmət qaranlığın içində itirik.

Nənəş arvadın əl-qolunu dəsmalla bağlamışdılar. Özünü maşından atacağından qorxurdular. İndi də hamı dərdini unudub onu ağlayırdı. Birdən Nənəş arvad çırpındı, səsini başına atdı:

- Ay camaat Ədilin səsini eşidirsiz?!

Hamı nəfəsini içinə çəkdi.

Elə bil uzaqdan, çox uzaqdan Ədil kişinin səsi gəlirdi:

- Ə, hara gedirsiz, ay evi yıxılmışlar, ölüm ölümdü qağa, ə vallah nahaq gedirsiz!!!
Maşın qaranlıqda yolunu, biz hamımız vətənimizi itirdik...

Nənəm o köçdən sonra çox yaşamadı. Dərdini götürüb heç kimlə halallaşmadan çıxıb getdi. İllər keçdikcə hər gün köç bir az da seyrəkləşir. “Çaşqın köç” tablosu isə ürəyimin divarından elə asılıb ki, axşam-səhər yolum köçün içindən, köç içimdən keçir.

Yaddaşımı qurdaladım. Nənəm boğçası çıxdı. Bu boğçanın içindən çıxan bir xatirə idi. Görün yaddaşımda Qarabağla bağlı nə qədər xatirələr, qatı açılmamış dərdlər, ürəyimin qanı ilə çəkilmiş tablolar var.

Yaxşı ki, yaddaşımız hələ üstümüzdədir...
XS
SM
MD
LG