Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:03

NARINGÜL "Çətir" (Seçmə hekayələrdən)


Azerbaijan -- Azeri poet Naringul, undated
Azerbaijan -- Azeri poet Naringul, undated
-

Bu hekayə son iki ayda "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Bütün əsərlər imzası göstərilmədən Münsifə göndərilb. Münsiflər hər dəfə tanınan yazıçılar və tənqidçilər arasından seçiləcək və ilin sonunda adları açıqlanacaq.


Narıngül


ÇƏTİR


Hansısa bir kitabın saralmış vərəqlərindən oxumuşdum bunu: “Hər bir qadının başı üzərində bir çətirə ehiyacı var”.

Deyim ki, ömrümdə bundan primitiv, bundan bəsit bir ifadəyə rast gəlməmişdim.

Aramızda olan münasibətlərin gərginləşdiyi bir vaxtda, onunla nə edəcəyimi uzun müddət düşünməli, götür-qoy etməli və vaxtımın əksər hissəsini ona həsr etməli olduğum bir zaman kəsiyində, bu ifadə hardansa birdən-birə beynimdə canlandı.

Bir-birimizə olan marağın azalması, yollarımızın ayrılmasına işarədir. Səmada qara buludlar dolaşır, ətrafda xoşagəlməyən atmosfer mövcuddur.

Biz uzaqlaşdıqca, aramızda olan isti ünsiyyət məsafəsi sürətlə qısalır. Əlbəttə, istəsəm, bu məsafəni uzada da bilərəm. Ancaq yorulmuşam, daha istəmirəm.

O, həyatdan nə istədiyini bilən adamdır. Praqmatikdir. Universitetin ən dəbdə olan fakultələrindən birində təhsil alıb. Özünü sevir və sevdirməyi xoşlayır.

Adamlardan fərqli görünməyə meyllidir. İlk tanış olduğumuz günlərdə də, elə indi də o, məndən xeyli kənarda dayanıb. Mən onun həyatında olan qadınların neçəncisi də ola bilərəm.

Bu mənim üçün sirr deyil. Aramızdakı münasibətlər bir qədər soyuyandan və mənə olan güvənci xeyli artandan sonra, o, tanış olduğu qızlardan bir qədər öyünərək, nümayişkarcasına söz açardı.

Və mənim bu qadınlar haqqında həmişə qəribə yanaşma tərzim olub. Heç vaxt ciddiyə almamışam onları. Mənə elə gəlib mən tamamilə başqayam, onlarsa başqa.

Bu gün - onunla tanışlığımın üçüncü ilində, qərara alıram ki, onu birdəfəlik həyatımdan uzaqlaşdırım və daha ürəyimin istəyini dolayı yolla təmin etməyim.

Bütün hiyləgərliklərə, tərsinə gedişlərə, taktikalara son qoyaraq düzünə mübarizə aparmaq istəyirəm.

Səhər evdən tamamilə qərarsız halda, istiqamətini bilməyən külək şəklində çıxıram.

Qeyri-ixtiyari küçənin başındakı dayanacağa yaxınlaşıram. Hərəkətimin qeyri-stabil olmasına baxmayaraq, beynimin axşamkı, bəlkə də neçə gün əvvəlki intensivləşmiş axtarış və mübarizə cəhdləri öz qüvvəsindədir. Mübarizə hədəfim birbaşa odur. Heç nə dəyişməyib. Onunla birdəfəlik qurtarmalıyam. Bu, mənim son qərarımdır.

Birdən bacara bilməsəm?! Ürəyimdən ağrı qarışıq tanış bir qorxu keçir. Hər şey mümkündür. Özümü sakitləşdirməyə çalışıram.

Dayanacaqda hər səhər eyni adamları görməyə alışmışam. Həmişəki kimi bu gün də intuitiv şəkildə hiss edirəm ki, məni izləyən var. Bu, hər səhər gördüyüm, hənirini uzaqdan hiss etdiyim qarabəniz, ucaboy oğlandır. Son vaxtlar eyni vaxtda, eyni dayanacaqda məni gözləyir, yola düşənə kimi məni kənardan müşayiət edir. Yaxınlaşıb bir söz demir.

O, yenə də baxışlarını bir qədər çəkingən və tərəddüdlü halda o tərəf-bu tərəfə yayındırır. Şübhəsiz ki, özümü görməməzliyə vururam və onun bu çaşqınlığına ürəyimdə bir qədər gülürəm. Belə oğlanlardan heç vaxt xoşum gəlməyib. Baxışlarımız toqquşur, deyəsən, üzümdəki gülüşü hiss edir, diksinən kimi olur. Gözlənilmədən yaxınlaşır və məni tanıdığını deyir. Təəccüblə üzünə baxıram. Rəfiqəmin nişanlısı ilə dost imiş.

– Rəfiqən sənin haqqında o qədər danışıb ki, elə bil, səni çoxdan tanıyıram. Bir-iki dəfə səni onlarla bir məclisdə gördüm, sonra görünmədin...

Məişət məsələlərinin həllində çox çevik olan rəfiqəmin bir zamanlar mənə ünvanladığı və havadan asılı qalmış: “Yaxşı bir oğlan var, nişanlımın dostudur, çox ağıllı, mədəni oğlandır. Tanış olsanız, əla olar, istəsən ərə gedə bilərsən, onsuz da, o da ailə qurmaq isətəyir” təklifini xatırladım. Ötəri oğlanı süzdüm.

– Mən o rəfiqəmdən ayrılmışam, daha onunla heç bir əlaqə saxlamıram.

Üzü işıqlanır:

– Mən də onları görmürəm.

Üzünə baxıram. Bir-birimizi sözsüz anlayırıq.

Sonra özü haqqında danışır. Hiss olunur ki, sadə və dürüst adamdır. Qaraşın oğlanla danışdıqca bir yığın kompleksimi də atıram üzərimdən, rahatlanıram.

İnstitutun qarşısında sağollaşıb ayrılıram. Binanın qapısındakı gözətçi məntəqəsini keçənə kimi məni müşayiət edən baxışları özümlə aparıram. Onu da hiss edirəm ki, bu gün heç də mənimçün asan keçməyəcək.

Yenə də onu düşünürəm. İstək və təəssüf qarışıq burulğan dalğa-dalğa ürəyimdən keçir.
Mənə elə gəlir bütün həyatımı uduzuram. Lənət şeytana. Bəlkə, bu gün qəti şəkildə, geri çəkilim? Geri çəkilən kimi əl çəkməyəcək, başlayacaq yalvarmağa, dil tökməyə.
Yarıaçıq qapının qarşısında dayanıram. Üz-gözündən Türkiyə türklərinə məxsus məğrurluq, inam və qətiyyət yağan türk dili müəllimi inadla zamanlar arasındakı qrammatik fərqi aydınlaşdırmağa cəhd edir. Içəri daxil olub salamlaşıram. Başı ilə salamımı alır. Müəllim cərgələrin arasından keçərək mənə yaxınlaşır, qəhvəyi rəngli, mənalı gözlərini üzümə zilləyir. Geniş zaman haqqında bilgi istəyir. Qaraşın sifətində həmişəki kimi şən, mülayim təbəssüm qərar tutub. Eyni qaydada, təbəssümlə, asta səslə mızıldanıram:

– Dəqiq izah edə bilmərəm. Amma mən özüm geniş zamandayam.

Gülümsəyib başını bulayır. Məni başa düşür.

Gözlərimi stolun üzərindəki əl telefonumun ismarıc yerinə zilləyirəm. Ona ismarıc yazmışam. Bəzi şeyləri başa salaraq bildirmişəm ki, hər şeyin sonu var. Bu da bizim münasibətlərin sonudur. İsmarıcları sayıram, həm də yazdığım ismarıca cavab gözləyirəm. Cavab qısa gəlir:

– İşdəyəm. Yəni ki, çox yaza bilmirəm.

Yenə də hər şeyi mənim istəyimin əksinə etməyi planlaşdırıb. Ürəyimdə qeyzlənirəm, dilxor halda gileylənirəm. ”Aman allah, mən niyə bu qədər şanssızam, bu qədər olmaz axı”. Heç kim eşitmir.

Auiditoriyaya nəzər salıram. Məndən irəlidəki sırada əyləşmiş çox gənc olan oğlan və qız öz aləmindədir. Yüngülvari sevişməyə məqam tapmış oğlan hərdən qanrılıb mənə baxır. Yəqin ki, aramızda olan yaş fərqi ona bir qədər narahatlıq gətirir və sonda mənə əhəmiyyət verməməyi qərara alır.

Əslən iranlı olan tələbə, adəti üzrə dərsə gecikib. Şən və gümrah səslə hamıyla salamlaşır, müəllimdən gecikməyinə görə üzr istəyib, mənim yanımda əyləşir. Müəllim üzünü yazı lövhəsinə çevirən kimi, macal tapıb hamıyla hal-əhval tutur. Əyilib qulağıma pıçıldayır:

– Bu günlərdə İrana gedəcəyəm, sizin ikinizə də Təbrizdən örpək gətirəcəyəm, – qrupda yeganə yaşıdım olan və dərslərdə nadir hallarda görünən rəfiqəm ilə məni nəzərdə tutur, - ancaq örtsəniz çox gözəl olardı.

Yalandan gülümsünürəm. O, danışmağa həvəsim olmadığını hiss edib, diqqətini yazı lövhəsinə yönəldir.

Telefonuma qısa ismarıc gəlir:

– Yaz. Mən yaza bilmirəm.

Dünən iki saata yaxın telefonla danışmışdı. Qısqanclıqdandı. Özüm bilə-bilə oynayırdım onunla. Qəsdən qısqandırmışdım, intiqam alırdım. Dünən xoşbəxt idim. Bu gün birdən-birə sönmüşəm. Mənə elə gəlir yenə də uduzuram. Lənət şeytana. Bu necə geri çəkilməkdir? Planlı şəkildə geri çəkilmək mənim öz-özümə, ürəyimə saxtakarlığımdır. Yox, bu dəfə həqiqətən geri çəkilmək istəyirəm. Yorulmuşam. Cəhənnəm olsun hər şey.

Telefonuma ismarıc gəlir: “İmkan tapsam, məktəbin qarşısına gələcəyəm”. Dirçəlirəm. Hərəkətsiz qalmaq, ölmək kimi bir şeydir. Qərara alıram ki, cavab yazmayım. Lazım deyil gəlməyi!

Telefonuma dayanmadan zəng gəlir. Telefonu açmıram.

Felin şəkilçilərini lövhəyə yazan müəllimim tabaşiri təkrar-təkrar tıqqıldadır. Bilirəm ki, bu tıqqıltı mənə aiddir. Özümü o yerə qoymuram. Telefonun səsini alıram.
Gözümü yazı lövhəsinə zilləyirəm. Qrupun ən dilli-dilavər, ”vurub-yıxan” oğlanı müəllimdən çölə çıxmaq üçün beş dəqiqəlik icazə istəyir. Müəllim başı ilə ona razılıq işarəsi verənə qədər sinfin ortasına çatır və mənim yanımdan keçərkən ləngiyir, mənalı şəkildə üzümə baxaraq, göz vurur. Dünən dəhlizdə uzun-uzadı telefonla danışdığımı görüb, ona işarə edir. Yəni ki, işində ol!

Müəllim dərsi ona dönə-dönə izah etdirən və inadla türk dilini öyrənməyə çalışan rus millətindən olan tələbə qızdan aralanaraq mənə yaxınlaşır:

– İndi hansı zamandasan?

Səsimin ahənginə bir qədər gümrahlıq qatıram:

– Keçmiş...

Gülümsünərək üzümə baxır.

Telefonuma gələn növbəti zəngdə dözəmmirəm, ürəyim yumşalır. Müəllimin gözündən yayınıb dəhlizə çıxıram. Telefonu niyə geç açdığımı soruşur. “Nə olub axı telefona cavab vermirsən, bayaqdan nigaran qalmışam”. Demək nigarandır, maraqlanır mənimlə. Ancaq özümü ələ alıram: “Hər şey bitib, qurtarıb hər şey”.

Telefondan təkid dolu səsini dinləyirəm: “Dərsdən çıxanda gözlə, gəlib aparacağam”.

Heç nə söyləmədən telefonu qapadıram.

Zəng çalınır. Müəllimlə Türkiyə türkcəsiylə xudahafizləşirəm. O da öz növbəsində cavab verir:

– Yağmur yağacak.

Küçəyə çıxıram. Yağış dənələyir və bir azdan bərkiyərək, sökülməsi nəzərdə tutulmuş əyri, yapalaq damların qırmızı örtüyünü inadla döyəcləyir. Görəsən, yağış üçün zaman anlayışı varmı? Yoxsa, yağışın da mənim kimi heç bir anlama gəlməyən, heç nəyə dəxli olmayan öz zamanı var.

Yağış getdikcə şiddətlənir. Başlarına çətir tutmuş müəllim və tələbələr qaçaraq addımlarla bir-bir məktəbi tərk edirlər. Onun verdiyi vəddən xeyli ötsə də, hələ görünmür.

Sona qədər gözləməyi qərara alıram. Bu sondur. Küçədən hamı çəkilib. Kimsəsiz küçə ilə o tərəf-bu tərəfə gəzişirəm. Qapının ağzındakı kiçik otağında əyləşib, qarşısındakı çayın zəif seyrək buxarı arasından yağışı seyr edən qoca gözətçi, mənə baxaraq, narahatlıqla başını bulayır. Bir qədər sonra məni məzəmmət edir:

– Gəl heç olmasa içəridə gözlə, xəstələnəcəksən.

– Heç nə olmaz.

Gülümsünürəm.

– Barı çətir götürəydin. Qoca inadkarlığından əı çəkmir. Titrək səslə dillənirəm:

– Çətiri heç xoşlamıram.

– İstədin, istəmədin dəxli yoxdur. Qadının həmişə çətirə ehtiyacı olur.

Qəribə qocadır. Heç yerə tələsmir. Zamanı əridib oturub. Dediyi sözündə israrlıdır. Qoca öz-özünə dodaqaltı deyinir və nəhayət ki, məndən əl çəkir.

Təpədən dırnağadək islanmışam. Qəzəbdən və inaddan daha çox özümdən mazoxistcəsinə intiqam almağa çalışıram. Düşünürəm ki, nə qədər çox əzab çəksəm, onu o qədər tez unuda bilərəm. Hiss edirəm ki, dişim-dişimə dəyir, titrəyirəm. Yəqin ki, belə yağışdan sonra xəstələnəcəyəm.

Birdən başımın üstündə günəş doğur. Hər tərəf qupqurudur, yağış kəsilıb. Başımı qaldırıb göyə baxıram. Üzərimdə göy qurşağını andıran, rəngləri bir birinə qarışmış yarımşəffaf örtüyün çətir olduğunu indi dərk edirəm. Çətir səhər dayanacaqda rastlaşdığım, çəkingən oğlanın əlindədir. Üzümə baxaraq gülümsünür, çətiri mənə uzadır.

– Götür, tamam islanmısan.

Bir söz demədən çətiri götürürəm. Yanaşı addımlayırıq. Mənə elə gəlir ki, sərhədsiz, formasız geniş bir zamana doğru irəliləyirik. Geniş zamanın içində butün zamanların əlaməti var. Özümə, zamana və həyata inamım birdən-birə artır.

Gözətçi damarları çıxmış əlindəki üstü güllü çaydanı yerə qoyub pəncərədən boylanır. Əlimdə tutduğum çətirə və mənimlə yanaşı, yağışın altında addımlayan oğlana baxaraq məmnunluqla gülümsünür. Təbəssümündə inam və insanı rahatlaşdıran bir hüzr var.
Qocanın üzündəki təbəssümün bütövlüyünə dünyada hər şeydən çox inanıram.

Doğrudan da, hər bir qadının başının üstündə bir çətirə ehtiyacı var. Siz də buna inanın!
Bunu mən deyirəm sizə. Yağışın altında kifayət qədər islanmış, soyuq və ehtiraslı damlalara kifayət qədər bələd olan birisi söyləyir sizə...
XS
SM
MD
LG