Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:48

«Qış parkı» ətrafında yeni söküntü başlayıb


Bakıda söküntü, 25 sentyabr 2012
Bakıda söküntü, 25 sentyabr 2012
-
«Qış parkı»nın ətrafındakı evlərin kütləvi söküntüsünə başlanıb. Söküntü həmin layihəyə aid olmayan Dilarə Əliyeva və Mirzağa Əliyev küçələrində bir neçə gündür ki, başlayıb. Sakinlərin dediyinə görə, evlər alqı-satqı aparılmadan, xəbərdarlıq olunmadan, sahibləri evdə olmadığı vaxt sökülür.

Dilarə Əliyeva 141 ünvanda artıq bir neçə ev sökülüb, bəzilərinin sökülməsinə isə hazırlıq getməkdədir. Sakinlərin dediyinə görə, söküntüyə hazırlıq qazın, suyun və elektrik enerjisinin kəsilməsi ilə başlayır. Gülnarə Səlimovanın evi artıq həmin siyahıdadır:

«Biz nə edək, kimə müraciət edək? Mən 50 ilə yaxındır burda yaşayıram, bura gəlin gəlmişəm. Qaz yoxdur, işıq yoxdur. Su trubalarını qırıblar, hər yeri su basıb. Blokadaya alırlar ki, yaşlı qadındır, bu yolla evindən çıxıb getsin».

SAKİNLƏRİN MƏLUMATSIZLIĞI

Söküntü işlərinin kimin apardığını sakinlərin heç biri dəqiq bilmir. Onların dediyinə görə, ilk günlər işin hansısa özəl şirkət tərəfindən aparıldığı bildirilib. Amma adamların həmin şirkət nümayəndəsi ilə görüşü baş tutmayıb.

Ancaq biz söküntü aparılan 3-mərtəbəli yaşayış evinin üstünə çıxıb söküntünün miqyasını öyrənmək istəyəndə, evləri sökən daha bir qrup fəhlə ilə rastlaşdıq. Onlar bütün işlərin Bakı şəhər İcra Hakimiyyətinin himayəsi altında aparıldığını bildirdilər.

– Sizə kim rəhbərlik edir?

- Bizə rəhbərlik edən Hacıbala müəllimdir (Bakı şəhər İcra Hakimiyyəti başçısını nəzərdə tutur - M.Ç).

- Bəs deyirlər hansısa özəl şirkət görür bu işləri?

- Yox, nə özəl şirkət...

ƏVVƏL ÖZƏL ŞİRKƏT, SONRA....

Sakinlərdən onu da öyrəndik ki, bir neçə dəfə onları ərazidəki ev alqı-satqısı ofisinə yığaraq hər kvadrat metrə görə 1500 manat pul ödəniləcəyini deyiblər. Danışıqlarda ev alqı-satqısı ofisinin sahibi İntiqam Həsənov və Bakı şəhər İcra Hakimiyyəti katibliyinin rəisi Zülfəli İsmayılov iştirak edib. Danışıqlardan bir neçə gün sonra isə heç bir ödəniş olmadan evlərin sökülməsinə başlanılıb.

Sakinlərə öncə ərazini bir şirkətin aldığı bildirilsə də, sonradan həmin şirkətin bu işdən imtina etdiyi bəlli olub. Hər halda, ev alqı-satqısı ofisinin rəhbəri İntiqam Həsənov sakinlərə belə dedi.

ZÜLFƏLİ İSMAYILOV: EVLƏRİ SÖKƏN BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİDİR...
Zülfəli İsmayılov
Zülfəli İsmayılov

Bir qədər sonra isə hadisə yerinə «Qış parkı» ərazisindəki evlərin sökülməsinə rəhbərlik edən Bakı şəhər İcra Hakimiyyəti katibliyinin rəhbəri Zülfəli İsmayılov gəldi.

O, AzadlıqRadiosuna müsahibəsində bildirdi ki, bütün işləri Bakı şəhər İcra Hakimiyyəti aparır. Sərəncam verilib və qiymətləndirmə aparılıb:

- Hər kvadrat metrə 1500 manat verilir. Səməd Vurğun küçəsindən, Heydər Əliyev Sarayının arxasından başlayıb Yasamal rayonu ərazisində beşmərtəbəli binanın yanına qədər hər yer sökülməlidir. Bu binalar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sökülür və söküntüyə də rəhbərliyi mən edirəm.

«NARAHATLIĞA ƏSAS YOXDUR, TƏHLÜKƏSİZLİK QAYDALARI GÖZLƏNİLİR»

- Zülfəli müəllim, bir həyətdə həm ailələr yaşayır, həm də ev sökülür. Birinci mərtəbənin qapı pəncərələri sökülüb, ikinci mərtəbədə yaşayış var.

- Narahatlığa əsas yoxdur, təhlükəsizlik qaydaları gözlənilir ki, hər hansı hadisə baş verməsin.

- Adamları tam köçürüb söküntüyə başlamaq olmazmı? Adamlar burda yaşaya-yaşaya birdən nə isə bir hadisə oldu, buna kim cavab verəcək?

«Axı niyə dövlət məmurunun «bespredeli» ilə üzləşməliyik?»
«Axı niyə dövlət məmurunun «bespredeli» ilə üzləşməliyik?»
- Heç bir şey də olan deyil. Adamlarla danışıqlar aparılır.

- Zülfəli müəllim söküntü barədə qərar varmı?

- Var, sabah gəlin Bakı şəhər İcra Hakimiyyətinə sizə göstərim.

«BİR-İKİ ETİRAZLA SÖKÜNTÜ PLANI DAYANMAYACAQ»

Zülfəli İsmayılov bir-iki etiraz edənə görə söküntü planının dayanmayacağını deyir. O, ərazinin abadlıq işləri adı altında söküldüyünü bildirir. Abadlıq işlərinə nələrin daxil olacağından isə icra hakimiyyətinin rəsmisi xəbərsizdir.

İkinci mərtəbəsi sökülən binanın sakini Tərlan Abdullayev isə deyir ki, onların narazılığı söküntü və qiymətin azlığı ilə yox, işin yaşayış ola-ola aparılması ilə bağlıdır:

«Biz öz dövlətimizə güvənirik. Axı niyə dövlət məmurunun «bespredeli» ilə üzləşməliyik? Biz sivil dövlətdə yaşayırıq. Qanuni yolla necə sökürsən sök, mən nə pul barəsində etiraz edirəm, nə də başqa bir məsələ. Deyirəm ki, mən yaşaya-yaşaya bunu mənim başıma necə uçura bilərsən? Bir daş düşdü bir uşağın başına, mən kimə şikayət edəcəm?».

Fuad Ağayev
Fuad Ağayev
Günün sonunda sakinlər AzadlıqRadiosuna zəng edib bildirdilər ki, fəhlələr söküntü işlərini daha da sürətləndiriblər. Bu isə onların narazılığına səbəb olub. Proses ancaq adamların hüquq-mühafizə orqanlarına çoxsaylı müraciətlərindən sonra dayandırılıb.

«BU MİSLİ GÖRÜNMƏMİŞ ÖZBAŞINALIQDIR»

Vəkil Fuad Ağayev şəxsi mülkiyyətə qarşı atılan bu addımları ciddi qanun pozuntusu hesab edir. Onun fikrincə, indiyə qədər aparılan söküntü işlərinə hüquq-mühafizə orqanlarının heç bir reaksiya verməməsi bu işlərin davamlı xarakter almasına səbəb olub:

«Faktiki olaraq hüquq-mühafizə orqanlarının bu işlərə göz yumması yerli icra hakimiyyətlərinə rəvac verir. Bu, misli görünməmiş özbaşınalıqdır. Yəni, bizim tanıdığımız heç bir ölkədə belə özbaşınalıq baş vermir».

Fuad Ağayev «Qış parkı» ərazisində sökülən evlərlə bağlı onlarla şikayətin artıq Avropa Məhkəməsinə göndərildiyini deyir.
XS
SM
MD
LG