Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:39

«Evimizi başımıza uçurdurlar»


Ərazidə Bakı Şəhər İcra Hakimiyyəti Qış Parkı salır
Ərazidə Bakı Şəhər İcra Hakimiyyəti Qış Parkı salır
«Üç-dörd gündür buldozerlərlə, ekskavatorlarla evlərimizə hücuma keçiblər. Sarayın arxasından «Beşmərtəbə» tərəfə qədər bütün evlər sökürlər. Bizim yaşamaq, mənzil hüququmuzu pozurlar. Gəlmişik soruşaq görək bu nə məsələdir. Deyirlər ki, hara şikayət edirsiz edin. İndi biz də prezidentə şikayət etməyə gəlmişik...»

Prezidentə şikayətə etməyə gələn Eldar Qasımov da, qonşuları da hər səhəri evlərinin söküləcəyi qorxusuyla açırlar. Bakının mərkəzində, Heydər Əliyev adına Sarayın arxasında yaşayan bir qrup sakin Prezident Administrasiyasına şikayət etməyə gəlmişdilər. Sözügedən ərazidə Bakı Şəhər İcra Hakimiyyəti Qış Parkı salır. Həmin ərazidə yaşayan əhalinin bir hissəsi köçürülüb. Köçürülməkdə olan digər sakinlər isə onlara mənzillərinin hər kvadratmetrinə görə təklif olunan 1500 dollarla razılaşmırlar.

Dərdini prezidentə çatdırmaq istəyən sakinlərdən biri Minaxanım Baxşızadə deyir ki, ona təklif olunan pulla ev ala bilməz, ona görə də köçmək istəmir:

«ŞƏHƏRİN MƏRKƏZİNDƏN YENİ GÜNƏŞLİYƏ NİYƏ KÖÇMƏLİYİK?»

«İki otağım var, iki ailə yaşayırıq. Cəmi 35 kvadratmetr sahəmiz var. Bizə 1500 dollar təklif edirlər. Bu qiymətə başqa yerdə necə ev ala bilərəm? Bizdən əvvəl köçən adamlara 3500 dollarda vermişdilər.
Bakı Şəhər İcra Hakimiyyəti
Şəhərin mərkəzindən Yeni Günəşliyə niyə köçməliyik?».

Bakı Şəhər İcra Hakimiyyətinin əməkdaşı Zülfəli İsmayılov isə deyir ki, hər kvadratmetrə üçün alternativ variant kimi əhaliyə yaxın ərazilərdə evlər təklif olunur, ancaq onlar razılaşmır:

ONLARA ALTERNATİV EVLƏR TƏKLİF OLUNUR

«1500 dollardan başqa həmin ailələrə alternativ variant kimi ətraf ərazilərdə mənzillər təklif olunub, ancaq getmirlər. Bu adamlar Şəmsi Bədəlbəyl, Füzuli və başqa küçələrdə yaşayırlar. Həmin küçələrin alternativi kimi onlar Vidadi, Mirzəağa Əliyev küçələrində evlər təklif olunur. Ancaq istəmirlər. Onda biz nə etməliyik?».

Sakinlər isə deyirlər ki, təklif olunan mənzillər təmirsiz və şəraitsizdir. Ona görə də onlar bazar qiymətinə uyğun vəsait ayrılmasını tələb edirlər.

Prezident Administrasiyasının qəbul otağında da qəbul şöbəsinin əməkdaşı ilə sakinlərin mübahisəsi evlərindən çıxarılmaları, onlara təklif olunan pulların azlığı ilə bağlı idi.

Hüquqşünaslar isə deyirlər ki, son 5 ildə Azərbaycanda mülki hüquqların pozulması kütləvi hal alıb ki, bunların da çoxu mənzil hüquqlarıyla bağlıdır. Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev:

MÜLKİYYƏT HÜQUQUNA QANUNSUZ MÜDAXİLƏLƏR KÜTLƏVİ HAL ALIB

«Bu gün mülkiyyət, əmlak hüquqlarına qanunsuz müdaxilələr kütləvi hal alıb. Bir məmur göstəriş verə bilər ki, hansısa dəmir yolundakı binalar sökülsün, ya da şəhərin mərkəzində kimsə nəsə tikmək istəyir. İcra hakimiyyəti sərəncam verir. Orada olan binalar, evlər sökülür. Baxmayaraq ki, insanların əlində qeydiyyat şəhadətnamələri var».

Prezident Administrasiyasından çıxan sakinlərə deyiblər ki, onların problemləriylə maraqlanacaqlar.
XS
SM
MD
LG