Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:11

Atilla İskəndani "Penti mento" (Arazın o tayından hekayə)


-

...Sağ gözü pırtlayıb zığlı torpağın üstünə düşür... Beynindən əzinik bir parça yerə yapışır. Ac toyuq-xoruzlar cumur... Birinci dimdiyi ları xoruz vurur...


Arazın o tayından


Atilla İskəndanı


PENTI MENTO

Azərbaycan ədəbiyatının öncülü, döktür Rıza Bərahəniyə ithaf


Şənbə:

Təbriz bələdiyyə binasının zəngi səslənincə atamla Laşayı açıq söyüşlərlə bir-birini söyürlər.

«Bağşumal»ın covhərli yeli söyüşləri sığallayaraq hər kəsin qulağına çatdırır.

İkisinin də müridləri ayaqlarını bərkidərək qarşı-qarşıya, tərpənmədən durublar. Açılan ağızlar. Yumulan ağızlar. Dəbəşən əllər. Dodaqların arasından qopub torpaq üzrə oturan kəlmələr. Bir neçəsi boş-boşuna onları söyərək üst-başlarına, əla pozlarına gülürlər. Bir qadın Mamet meyxanasının güvənli şüşələri arxasından səndəl ağacından olan yelpiklə milçəkləri qovur.

Dodaqlar, çənələr, ənglər çoxalsın deyə bir azca dözmək gərək. Bir şey başımda sınaraq eşiyə tökülüb sonra uçmalıdır. Bu söyüşlərin birinə bir sap bağlayıb binanın üstünə uçurtmağım gəlir; sonra nə qədər yüksəldiyini seyr etmək. Bəlkə onların biri yüz il öncə Əlişah ərkinin** üstündən tullanılan bir fahişənin əksi oldu.

Dayım, atamın ən kiçikyaşlı mürididir. Gözlərini qapadaraq bir bucağa sığınıb. Kimsə onun üçün qayğılı deyil. Gahdan gözün açdıqda, önündə bir qanlı üz, ya da köpüklü ağız görür.

Dayı: «cımcılaq suyam» - dedi.

Ana isə: «bir neçə gündür yoxsan?» - deyə sordu.

Dayı: «yaxşı deyildim» - dedi.

Ana: «yalan söyləməyi bacarmısan!».

Dayı: «cəhənnəmə getmişdim».

Ana: «barı yağmurluğunu** çıxar, soyuq dəyər».

Şənbə:

Dayı arıq bir adamdır. Gülməz. Sankı yaşlandıqca daha çox depresiyona qapanır. Səssizdi. Bəlkə danışmayan birisi, özəl bir təcrübəyə malikdir. Hara gedibsən dayı?

___________

*1316-1324-cü miladi illər arası Təbrizdə bina olunmuş məşhur bir məçidir .( indi o binadan çox qismi aradan gedib)
**Yağmurdan qoruyan paltu



Zənnimcə anam o yarı açıq ağzından harada olduğunu biləcəkdir. Anam, başında dəhşətli bir qaraltının ağırlıq etdiyini yaxşı bilir. Pəncərə önündə uzanır, yağışın damcı-damcı əlinin üstünə oturduğunu duyursan. Öskürək. Öskürək. Çiyinlərin titrəyir. Yağış pəncərənin mavı çərçivəsinə çırpır. Anamın bir neçə naxışına tay. Ana bilir. Ana, tablularında duran qaşı kaman qadın deyil. Ananın ənnabı dodaqlarında hayat var. Ana danışır. Ana, sukutun qorxunc olduğunu yaxşı bilir. Ancaq mən bunları necə açıqlaya bilirəm?

Bazar günü:

bu incə və təkrarlanan vəziyyətləri açıqlamaq üçün abrımı girov quymalıyam. Sankı qaranlıqda anı bir hərəkətin parıltısını axtarasan! Atamdan yazmaq istəyirəm. Ancaq o, tanış olmayan bir qəribədir mənimçün. Qoruqçunun hörüklənmiş məftillər arxasından duyulan ayaq səsindən daha qəribə.

Səhərədək beləcə addımlayır. Laşayı deyir: əgər bu kişi gəlib bizə sandıq tulası olmasaydı, bir belə eşqirməzdim. Ata qısa bir ah çəkərək dırnağıyla dişlərinin taqqa-tuq səsini kəsir. Laşayı: mən acam – deyir. Ata isə: cirəmiz qurtarıb – deyə cavab verir. Laşayı deyir: sən bu qara çörəklərə cirə deyirsən? Ata: rus qızları elə bu «çerni xelep»lə bucur kökdürlər. Qızlar həftədə bir dönə bunların Sibirdəki sürgünlüklərinə gələrək siqaretlə klyotek satırlar. Bəlkə ata və Laşayi bırazcıq mırtlaşmaq üçün bir-biryilə uğraşırlar.

Qoruqçu yavaşca qapıya doğru bir neçə kiçik addım atır.

Bazar günü:

Botinkalar döşəmənin basqısını hiss edirlər. Uşaqlar solmuş gözlər, arıq üzlərlə dar küçələrdən boylanırlar. Qurumuş ağızlarını açaraq bağırırlar: «ruslar uzaqlardan yetişir». Damların üstə gicəlmiş yuxulu başlar asta-asta rus tanklarının səsini duyurlar. Əsgərlər paltarlarının tozuyla gəlir. İtlər qulaqlarını şüşləyib. Sankı Təbrizin göyündən bir neçə dəmir quş aslayıblar.

Atayla Laşayı rus əsgərlərinin akardeon səsi və torpaqla qazneft qoxusuna dalıblar. Əsgərlərin biri tank üstündə oturub tutumlu səslə: «cümleyə noç... Cümleyə noç...» - Deyə oxuyur. Camaatın üzündə qorxuyla şaşqınlığı rahatca görmək olar. Rus başçısı əllərini göydə sallayaraq həvəslə danışır.

Dayıya: titrəyirsən? - Deyə sordum.
Ana dedi: yəqin soyuqlayib.
Dayı isə: yox, yaxşıyam – dedi.
Dedim: qəbri üstə getmişdizmi?
Dayı dedi: kimin qəbri üstə?
Dedim: Laşayının.
Dayı isə: yox – dedi.
Ana: yalan deyirsən.
Dayı: bunu danışmasaq daha yaxşı olar.

Bazar ertəsi:

zənnimcə, dayının əhvalsızlığı mənim israrım üzündəndir. Ancaq mənim rəvayətim, sözlə kabusun aldadıcı fasiləsində yaranır. Saçların islaqlığı, siqaretini dərindən çəkmək, ananın saçlarının isti feri, atanın başı üstəki günəş, siberiyanın buzları, atama atəş açmanın fərmanı, ananın tabluları, hamısı sözlərin kabusudur. Bu arxasında oturduğum masa belə, bu qəhvənin içində fırlanan qaşıq belə. Ana deyir: - necədi? Dayı isə: nəmənə? - Deyir. Ana deyir: - qəhvə. Dayı: əladır – deyir.

Bu şaşqın sözlərlə dirəşməliyəm. Batmış səsləri beynimdən silməliyəm. Ananın çılpaq qolundan, atanın isə baxışlarından yazmaq istəyirəm. Ata gilasını başına çəkir. Ana: necədir? - Deyə sorduğunda, ata: əladır – deyir. Əlini ananın uzünə çəkir. Laşayı siqaretini dişlərinin arasında sıxır. Ana masa üstündəki qəzetləri toplayır. Bir an yetər ki, ata yaxınlaşıb anamla yavaşca pıçıldaşmağa başlasın. Laşayının anaya acıqlı baxışından, gicgahına qan qaçmağı, dodaqlarının titrəməsi və solmuş rəngini yaza bilərəm. Mamıtın səsi eşikdən duyulanadək, daha heç bir şey yoxdur. üzlərini şüşəyə doğru çevirirlər. Ana: nə xəbərdir? - deyə sorur. Yox, atayla Laşayı eşiyə çıxmaq istəmirlər. Mamıt bir neçə əldə istehsal olunmuş şərabı başına çəkmiş. Onun çolaq ayağının səsini yazmalıyam. Bu gün tac qoyma günüdür. Bütün daşmağazaları bəzəyiblər. Meyxanadan başqa hər yer bağlıdır. Mamıt öz başına bir qablama, oğlunun başına isə kiçik bir kasa qoyub bağırır: «ay camaat! Bu gün mənim tac quyma günümdur. Bu da mənim şazdam. Bir azdan mələkə də gələcəkdir». Millət çəpik çalır. Mamıt əlvan qoyuqları patladır. Laşayı deyir: bu gədə əlahəzrəti bizdən daha yaxşı lağa qoyur. Ana isə deyir: durun gedək. Bır azdan acanlar Mamıtı sürüyə-sürüyə aparacaqlar.

Atam üçün Mamıt meyxanası, ananın baldırlarının gözəlliyi çuxalan yer deməkdir. Ananın çiyinlərinin forması, səndəldə oturmaq tərzi, arxasından gələn xuş qoxu. Bunları yazmalıyam. Meyxana, hizb əfsərlərinin güvənli evinin dibində dinc bir yerdir. Atayla ana elə orada tanış olublar. Ancaq ananı ataya tanışdıran Laşayı olmuşdur. Laşayı deyir: - onlar göyçək insanların biridirlər. Ana deyir: - çox sağ olun Laşayı bəy. Laşayı yenə deyir: - Mən xanıma deyirəm ki, öz baxtlarının qədrini bilsinlər. Bunların kiçik əlindən tapança züyrüşər. Ancaq əvəzində rəsmləri möcüzə edir.

Dedim: haçan quyladılar?
Ana dedi: qəzetlər nədən bir şey yazmadı?
Dayı dedi: kimsə xatırlamırdı. İllər öncə öldüyünü düşünürdük.
Ana dedi: hayıf oldu.
Dayı dedi: sarsaqlayırsan.
Dedim: elə bil hədindən artıq məşrub içməkdən ölüb.
Ana dedi: sən bir şey deyibsən?
Dayı dedi: mən bir söz danışmadım.
Dedim: sız dediz vodkaçı birisiydi.
Ana dedi: yalan deyib.
Dayı dedi: inanmazdım bu köpəkoğlu bir belə ağzı yirtiq ola.
Dedim: kəmlütfülük elirsiz, dayı.
Dayı dedi: bəs niyə özün bir söz demirsən?
Ana dedi: nə deyim. Söz az gətirəndə mən yadıza düşürəm?
Dayı dedi: hər nə olsa sənin də deməyə bir sözün var.
Ana dedi: nə təhər öldü?
Dayı dedi: pis vəziyyətdə. Deyirlər beyni dağılmışdı.
Ana dedi: ax!
Dedim: haçan quyladılar?
Dayı dedi: bir həftə öncə.
Ana dedi: nədən soruşursan?

Çərşənbə axşamı:

boş yerə sormamışam, ana. Gözlərinizin parıldamasını yazmaq istəyirəm. Otağımın duvarları üstə düşmüş tutqun kölgələri deyil. Danışmaq istəyirəm. Ana deyir: gördüyün hər şeyi yazmamalısan. Ancaq ana bilmir ki, bir hikayə tələsik ağ kağız üstə köçdüyündə, birinci dərəcədə yazıçının toxunulmamış məsumiyətidir aradan gedən. Sankı yazıçı öz həyatına boylanır.

Çərşənbə axşamı:

nəhayət səlaləmin dağınıq xatirələrinə boylanmağın zamanı çatıbdır. Gərək hiyləgərcəsinə dayıyla ananın sözləri ara yerbəyer olam. Miyovultusu evin böyük həyətindən içəriyə gələn pişik kimi. Dayının fikri dalğındır. Ana tez-tez kirpik çalır. Otağıma gedib ölülərimin ruhundan izn almalıyam. Beləliklə ən azı Laşayının qoruqçudan güclü sillələnərək udqunduğu qorxudan yazaram.

Gözləri qaranlığa alışdığında, sement qoxulu yorğanların altından soyuq üzlərini sərt ösgürəklə birlikdə çıxarırlar. Dovarın o tayındakı putun səslərindən əmin olmaq istəyirlər. Soyuq, yanmış üzlərində iz buraxıb. Yarımçılıq vodka qutusu ciblərində qalıbdır. Təbrizdən gətirdikləri İşno və Kərgan siqaretlərindən bir şey qalmayıb. Çarasızlıqdan tutunu qəzetə bukurdulər.

Ata yorğanı yaralarına çəkir. Laşayı gəyirir. Ata gülərək: - səfehləmə, Rəhim - deyir. Laşayı üçün ən yaxşı mahnadır bu. yorğanın altından ataya sərt bir təpik vurulur. Zənnimcə, Laşayının daha çox Rəhim adından nifrəti var. Ata bilir ki, məşrutədən indeyə qədər Laşayının kəndində kimsəni Rəhim deyə adlandırmayıblar. Təbriz mühasirəyə alındığı zaman, Rəhim xan Çələbiyanlının tüfəngçiləri istibdadçılara qol-qanad olub bütün Laşayı kəndinin qadınlarının namusuna tuxunublar.

Dedim: nədən bir belə Laşayıdən zəhləz gedir?
Dayı dedi: kimsəyə zəng açmalıyam.
Ana dedi: telefon yataq otağındadır.

Çərşənbə:

dayı! Bu gün qaçırmağa işlətdiyin hiylələr çox yorucudur. Yalandan birisinə zəng açmağın əkilmək üçündür; yaxşı bilirəm. Sən danışmaqda qalıbsan və qəfildən minlərcə söz beynində buğulur. Dayı! Uşaqlığımda cavabsız suallar qarşısında mənə: cırtdan! – dediyini xatırlayırsanmı? Doğum günümdə belə bir cırtdan gəlinciyi almışdın. Şortunu aşağı çəkdikdə işəyərdi. Sənə heç zaman demədim, gəlincik bir neçə gün sonra öyrətmənin ayaqları altda əzildiyində, qəhərləndim, ama ağlamadım. Öyrətmən daha hirslənib: sən də atanın bir tayısan – dedi.

Ancaq atam böyük cırtdan idi. Sürgündə şortunu çıxarıb İstalinin bürünc heykəlinə işəmişdi. Zənnimcə, kimsə onu şeytanlamışdı; bir neçə gün sonra güllələndi. Bilmirəm, hankı məzarlığın adsız torpağı atanın gövdəsini bağrına basıb.

Çərşənbə:

şıdırğı yağış yağır. Bəlkə dayı hüzünlü üzünü Laşayının qəbrinə götürür. Bir neçə sıra oyanlıq Quran oxucusu başqa ölüləri əldən buraxmasın deyə ləhcəli səslə yeni bir məzarın üstə «cuma» surəsini ara bir oxuyur. Dayı: cəhənəm ol, çıx get – deyə bağırır. Quran oxucusu dəvam edir. Dayı üstünə yügürüb peysərindən möhkəm vurur. oxucu əllərini göyə doğru qaldırıb filanının ehtiramına cəhənəm oduna tapşırır dayını. Yağış yağaraq dayının üzündəki göz yaşları itir.

Ana dedi: zəng açmadın?
Dayı dedi: telefon hardadır?
Ana: tablonun altında.
Dayı: bu tablo sənə çox bənzəyir.
Ana: Batrisənin portretidir. Mudiliyanının işi.
Dayı dedi: o dəli rəssam?
Dedim: bu portret bütün eşqlə incəlikdir.
Ana dedi: daim kefli olardı.

Çərşənbə:

anam daim kefli deyil. Konyakın şüşəsi boşaldığı günlər, atanı yenicə asmışdılar. Ata öldüyü zaman, ana qaranlıqda oturub, dayı isə hirsli ağlamaqlarından qorxmuşdu.

Cümə axşamı:

ananın sərgisinin adı məndən idi. «Pənti mento». Əskimiş rənglər illər sonra durulanırlar. Belə vəziyyətdə bir sıra şəkillərin vasitəsilə rəssamın əski cızıqları üzə çıxır. Örnək üçün bir ağacın gövdəsində bir kişi, ya da dağınıq bir üz görə bilirik. Belə vəziyyətə «pənti mento» - peşman rəssam deyərlər.

Bu anlaşılmaz və dumanlı üzlər, ananın tablolarında asta-asta canlanır. Şişik üzlərlə birlikdə, cibdəki əllər, paltuda qınına girən başlar. Hərdən dumanın altından bir üz görünür, qapalı gözlərlə özünə qıvrılan bir arvad. Mən hər zaman umudsuzluqla bu üzləri izləmişəm. Hankısı Laşayıya, yoxsa atama oxşayır deyə şaşıb qalmışam.
Ana dedi: onu bir daha görməyi çox istərdim.
Dayı dedi: bəsdir, qurtar.

Ana dedi: ama o zamanlar Laşayı sənin arxanda idi.

Dayı dedi: özündən çıxırdı.

Ana dedi: gecələr timi evdə, Fıransa tütününün ətri hər yeri doldururdu.

Dayı dedi: hər zaman boş fikirlərini beynimizə soxmağa girov axtarardı. Bizim yanımızda inqilabı pozlar verərdi Ancaq yalqızlığında neçə illik ləşlər kimi düşüb qalardı.

Cümə axşamı:

ama ləş ki inildəməz. Ata edam dirəyinə sağdış kimi durduğunda, duvarın o tayından bir səs gəlir. Bəlkə Laşayıdır.

Siberinin 40 dərəcə soyuğunda, Amerika Alaskasının 60 kilometirliyində, atayla Laşayı yeni bir ada layıq görünüblər. «Çorni job» - qara göt. Qıtlıq qaragün sürgünləri bir-birinin əleyhinə qudurdub. Ruslar ukraynlara «xaxol» deyirlər. Xaxollar isə ruslara «kastap» - keçisaqqal deyirlər. İstalin əmperyalısmın casusları bir-birini cırmaqlayır deyə çox sevinir.

Dedim: bəs bu neçə ildə hardaydı?

Dayı dedi: o son gecə, gördüm onu. Mənlə Laşayı yalqız idik. Bir an ağlamaq səsini eşitdim. Yanına getdim. Odun subanın yanında büzülüb oturmuşdu. İnildəyirdi.

Cümə axşamı:

bəlkə dayını görməyə başını qaldırır. Çiyinləri titrəyir. Dodaqaltı bir şeylər pıçıldayır. Əlini alovun içinə aparır. Yarıyanıq bir tikə götürür. Piponu alışdırır. Dayı üçün qururlu bir xəlvətdir. Bir an dayı üzünün kölgə dolu zulağından qorxur. Ayi kimidir. Dodaqlarının kuncu atır. Dayı qayıtmaq istəyir. Əlini basır dayının çiyninə. Otur. Oturduğunda Laşayının ətrafları başlayır. On dörd yaşında olan dayı illərcə onu incidəcək sözlər eşidir. Laşayı qaranlıqda ağlayır. Dayı böyük adamlar kimi onunla Laşayının yanına gedir...

Cümə axşamı:

ana hələ də Laşayının şəklini albumda saxlayır. Dayı gizlicə mənə göstərir. Köhnə şəkil iki yerə bölünüb. Yaxşı baxdığında Laşayının başının çatdağını görərsən. Sovetlər dağıldıqdan sonra, Laşayı duğma kəndinə qayıtmışdı. Əgər qar ya da yağış yağmasaydı, hər günə tay bəlkə xanabağın önündə büzüşəcəydi. Satlarca orda oturub başmağını bir şeyə vururmuş. Yellə gələn daş, ya bir parça ağac. Nədən?

Beləliklə, mənim kağazlarımda bir olay olmalıdır. Dayının yaddaşı mənim təxəyyülümlə qarışmalıdır. Çətinliklə Laşayını mətnin parçalarından çıxarıb dibimdə oturduram. Səndəlin üstə oturur. Piponu alışdıraraq yenidən Fıransa tutununun ətri bütün otağı duldurur. Qara paltosunun qıraqlarını yiğir. Tüpürcəyini udqunur. Xirtləyi dəbəşir. Piponu dərindən çəkir. Sankı dərdlərini azaltmaq istəyir. Deyir: biz hamımız məhv olmuşuq; bu bir gerçəkdir.

Dayı astaca otağıma gəlir. oxuma ışığının cansız işığında, onun qaşqabaqlı üzü ilə kəlmələrin quru səsləri bir-birinə qarışır. Dayının gövdəsi Laşayi kəlməsini itirir. İkisi də bir səndəldə əyləşiblər. Birisi pipo çəkir, birisi siqaret. Tələsik küllərini masanın üstünə tökdüklərini yazmalıyam. Dayı dodaqaltı bir şeylər pıçıldayır. Qulağımı şüşləyirəm; astaca deyir: Laşayı sənin atanı şeytanlamışdı.

Bir an Laşayının gözlərinin parıldamasını yazıram. Dəvam etməyə gücüm yox daha. Sankı beynimdə atayla Laşayının səsi rus əsgərlərinin ayaq səsləri arasında itir.

Ana dedi: nə cür oldu bu iş?
Dayı dedi: Traktor əzdi onu.

Cümə:

zənnimcə dayı yalan deyir. Bəzən bir traktor bütün möhtəşəmliyi ilə yollanar. Kötüyü arxa tirlərindən götürsən, traktor yola düşər. Bir az iti enişlikdir. Kötük yerə yapışıbdır. Ancaq traktor yollanmalıdır. inadkardır; orda qalmaz. Laşayının hayatı traktorun altındakı kötüyə bağlıdır. Traktor xərabdır. Kimsə bir şey bilməz. Çayın səsi gəlir. Çürümüş ot-ələfin qoxusu hər yeri bürüyübdür. Bağın o tayından bir neçə nəfərin ayaq səsi gəlir. Dayı qorxur. Traktor dəbəşir. Toyuq-xoruzun səsi gəlir. Traktor Laşayıya yaxınlaşır. Laşayı qaçmalıdır. Ancaq cansız bir heykəl kimi donubdur. Laşayı qaçmalıdır. Traktor çatıb. Dəmir görmüsünüz? Ağır zərbələr endirir... Endırdı. İndisə Laşayı göyə uçur. Sağ gözü pırtlayıb zığlı torpağın üstünə düşür. Cümcümə çatlayır. Beynindən əzinik bir parça yerə yapışır. Ac toyuq-xoruzlar cumur. Laşayının beyin tikələri. Birinci dimdiyi ları xoruz vurur. Ları xoruzun uzun qıçları var. Daha tez çatar. Beyinə çatdıqlarında dimdikləyirlər. Traktor çaya düşür. Su batır. Su qalxır. İndisə traktor çayın dərin sularında azaddır. Bəlkə insanlar eşitsinlər. Dayı: kimsə orda yoxuydu – deyir. Bəlkə birisi onun yanına gedir. Çığırır. Hamı tələsik gəlir. Yazıq olduq. Kəndlilər toyuq-xoruzlara fikirləşirlər. Onları böyük bir torbaya basırlar. Sonra bir-bir bulaq başında başlarını üzürlər. insanın əti həramdır. Laşayının beyni həramdır. Qadınlar çığırırlar. Birisi başına döyür. Birisi isə: indi necə aparaq onu – deyir. Birisi deyir qoyun torbaya. Hər yeri qana bələyirlər. Toyuq-xoruzları da orda quylayırlar.

Cümə:

Təbriz bələdiyyə binasının zəngi yeddi dönə çalınca «bağşumal»ın quru yeli qarışıq söyüşlərin saplarını düyünləyər. Yalnız bir neçə yuxulu qarqanın səsini yazıram. oxuma ışığını söndürürəm. Ana otağıma gəlir. Səndəldə oturub qıçlarını qucaqlayır. Kibriti alışdırıram. Qaranlıq dağılır. Mənlə dayı bir siqaret alışdırırıq. Tüstünü həlqə-həlqə ağzımızdan çıxarırıq. Uzun fasilədən sonra, kimin qaranlıqda ağladığını heç birimiz bilmirik.
XS
SM
MD
LG