Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:18

Şah İsmayıl: Azərbaycanı quran, yoxsa ona ən böyük zərbəni vuran? (Debat)


Şah İsmayıl: Azərbaycanı quran, yoxsa ona zərbə vuran? (Debat)
Gözlə

No media source currently available

0:00 0:57:25 0:00
Direct-ə keçid

Şah İsmayıl: Azərbaycanı quran, yoxsa ona zərbə vuran? (Debat)

Güntay Gəncalp:

- Azərbaycanla qızılbaşların əsla əlaqəsi yoxdur. Onlar Azərbaycanı işğal etdilər, soyqırım etdilər. Siz tarixi bilmirsiz. Şah İsmayıl anasını niyə öldürmüşdü? Tarixçilər yazır bunu.

Dilavər Əzimli:

- O anasını öldürməmişdi. Ögey anasını öldürmüşdü. Bu da başqa məsələdir, əziz dost...



“Pen klub”da Güntay Gəncalpın “Səfəvi kimliyinə fərqli baxış - Səfəvilər” kitabını ("Qanun") müzakirə etdik. Güntay Gəncalpın, tarixçi alim Dilavər Əzimli, araşdırmaçı Əkbər Nəcəf və jurnalist Fəxrəddin Hacıbəylinin iştirakı ilə. PROQRAMI DİNLƏ


“SƏFƏVİLƏR ADAMYEYƏN OLUB”

Şahnaz Bəylərqızı:

- Güntay Gəncalp bəzi nümunələr göstərməklə səfəvilərin “leşyeyən” olduğunu yazır. Bu məsələ də kitabı oxuyan bir çox insanlar arasında xoş qarşılanmadı. Hətta filosof Niyazi Mehdi cavab yazdı ki, Şah İsmayılı vəhşi kimi təqdim etməyin. Belə bir hal olubmu səfəvilər arasında?

Əkbər Nəcəf:

- Güntay bəy kitabında “çegən” deyən qrupdan bəhs edir. “Dexoda” lüğətindən istifadə edir və yazır ki, çegən çiy ət yeyən mənasındadır. Halbuki çegillər böyük bir tayfadır. Qaraxanlılar, Qəznəvilər dövlətinin qurulmasında iştirak ediblər. Bir tayfanın adını adamyeyənlər üzərinə qururlar. Belə olmaz! İkincisi, adam yemək bir çox xalqların mədəniyyətində, tarixində var. Biz “belə şey olmayıb” deyə bilmərik. Amma bu da var ki, müəllif adamyeyənlər məsələsində iki qaynaqdan istifadə edib.

Ş.B:

- Etibarlı qaynaqlardır?

Ə.N:

- Qaynaqların biri Osmanlıya aiddir. Şah İsmayılın döyüşdüyü Osmanlıya. Və əsasən Osmanlı ideologiyasına xidmət edir. Bitlisinin əsəridir. Digəri də naməlum müəllifin əsəridir, Kembric Universitetində bir nüsxəsi olduğu deyilir...

Dilavər Əzimli:

- Bizim tayfaya da rayonda adamyeyən deyirlər. Mən özüm Əfqanıstanda xidmət eləmişəm. İlan da yemişəm, tarakan da yemişəm. Bu, vəhşi diviziyadır da.

Fəxrəddin Hacıbəyli:

- İdeologiya gətirən, dini təriqətin başında duran adamın adamyeyən dəstə saxlaması, Şeybani Xanın kafa tasında şərab içməsi uyğunsuzdur. İslamda belə şey ola bilməzdi. Bizim Şah İsmayıla yanaşmamız, baxışımız, onun idol səviyyəsinə qaldırmamız hara, bu hara...

ŞAH İSMAYIL TÜRK DİLİNİ DÖVLƏT DİLİ ELAN ETMƏMİŞDİ?

Ş.B:

- Daha bir mübahisə mövzusu. Güntay Gəncalp yazır ki, Şah İsmayılın türk dilini dövlət dili elan etməsi sovet elminin uydurmasıdır. Ortada bununla bağlı sənəd yoxdur... Sizin cavabınızı eşidək.

D.Ə:

- Güntay bəy də bilər, Vilayəti deyir ki, Səfəvilər türk dilində yazıblar. Hətta avropalı tarixçilər yazırdılar ki, Şah Abbasın sarayında ancaq başı bədəninə ağırlıq edən farsca
Dilavər Əzimli
Dilavər Əzimli
danışa bilərdi. Şah Abbas öz müəllimini türkü təhqir etdiyinə görə öldürdü. Və ya yenə şahidlər yazırlar ki, Səfəvilərdə hərbi komanda türkcə verilirdi, dualar türkcə oxunurdu. Sultan Hüseynin məktubları türkcə olub. Xətai özü hansı dildə yazırdı?

Güntay Gəncalp:

- Azərbaycan sözünü tarixdən qaldırıb, onun yerinə İran sözünü gətirən Şah İsmayıl olub.

D.Ə:

- Yalan sözdür. Mənbə göstər. Şah İsmayıl dövründə İran sözü yoxdur, Qızılbaş dövləti var.

F.H:

- Şah İsmayılla bağlı vurğuladıqları əsas məsələ budur ki, Şah İsmayıl türk dilini dövlət dili elan etdi, dili dövlət səviyyəsinə qaldırdı. Mənim sualım belədir: əcəba, Şah İsmayılda belə türkçülük bilinci varıydısa, türk dilinə belə sayğı vardısa nədən 4 övladına qoyduğu addan biri türk adı deyildi?

Ə.N:

- Hansı hökmdarın adı türkcədir ki? Üstəlik insan müsəlman olduqdan sonra istənilən adı seçə bilər.

D.Ə:

- Osmanlıda da Osman, Süleyman, Səlim adları qoyulurdu.

Ə.N:

- Əmir Teymur övladlarına türk adı qoyurdu, ya səlcuqlar türk adları qoyurdular?

GÜNTAY GƏNCALP: “SƏFƏVİLƏR AZƏRBAYCANLILARI DİLİNDƏN VƏ KİMLİYİNDƏN UZAQLAŞDIRDI”

Ş.B:

- Güntay Gəncalp yazır ki, səfəvilik 2 əsas üzərində qurulub: irançılıq və şiəçilik. “Hər ikisi də fars kimliyinin təməllənməsinə xidmət edib”. Müəllif iddia edir ki, səfəvilər Azərbaycan türkünə təkcə şiəliyi gətirmədi, həm də onu dilindən və kimliyindən uzaqlaşdırdı.

G.G:

- “Səfəvilər” kitabını millətimizin düşdüyü duruma çarə axtarmaq üçün, oxuduqlarımı,
Əkbər Nəcəf (sağda)
Əkbər Nəcəf (sağda)
axtarışlarımı bir yerə toplayıb nəticə çıxarmaq üçün yazmışam. Nədən Azərbaycan türkünün, xüsusən də İranda 30 milyon türkün heç bir statusu yoxdur? Və bu 500 ildir belədir. Xüsusən də 1900-cü illərdən başlayaraq 1918-ci ildə Quzey Azərbaycanda milli dövləti quran aydınlarımızın da bu istiqamətdə fikirlərinə şahid oldum. Rəsulzadə, Sabir, Hüseyn Cavid, bütünüylə aydınlaşmanın təməlini qoyanlar Azərbaycan türkünün geri qalmasını səfəviliklə bağlayıblar. Ordubadinin yazdığı kimi bir kəndi erməni dəstəsi viran qoyur, özünü müdafiə etmək əvəzinə sağ qalanlar gedib Aşura günü başını yarır, saçın yolur, yas saxlayır. Mən də bu zərurətdən yazdım həmin kitabı.

“BİZ SƏFƏVİLƏRİ YENİDƏN ÖYRƏNMƏLİYİK”

Dilavər Əzimli:

- Sizin səfəvilər haqda baxışınız indiki İrana olan münasibət əsasında formalaşıb. Siz bu işlə professional şəkildə məşğul ola bilməzsiz. Ən azı ona görə ki, sizin əlinizdə lazımı mənbələr yoxdur. Sizin istinad etdiyiniz Rəsulzadə, Zərdabi və başqaları artıq köhnəlib. XIX əsrin sonlarında bu məsələ ideoloji xəttə xidmət edirdi, onlar da bunun təsiri altında o cür fikirlər söyləyirdilər. Siz kitabda İslam tarixini də düz verməmisiz. Əhməd Yaşar Ocaq deyirdi ki, biz səfəviləri yenidən öyrənməliyik. Siz Trimenqimi tanıyırsızmı? O yazırdı ki, orta əsrlərdə səfəvilərin yaratdığı Əli obrazı imam Əli deyil. Bu, göy tanrı inancından gələn bir surət idi. Və orta əsr qızılbaşlığı türk şaman sistemini əks etdirirdi... Güntay bəy, sən Şeyx Səfiyəddindən əvvəlki məktəbi araşdırmalıydın. Şeyx Səfiyyədindən Şah İsmayıla kimi 250 illik məsafə var. Siz indiki şiəliklə orta əsr şiəliyini ayırd edə bilmirsiz. Səfəvilər dövləti Azərbaycan dövlətçiliyinin şah nöqtəsidir.

“ŞAH İSMAYIL ANASINI NİYƏ ÖLDÜRTMÜŞDÜ?”

G.G:

- Dilavər bəy aşağılayıcı yanaşır. “Siz filan kitabı oxumusuzmu” filan. Fikirlərinizi söyləyin.

D.Ə:

Şahnaz Bəylərqızı
Şahnaz Bəylərqızı
- Siz publisistika yazmısız.

G.G:

- O səfəvilər dövləti hardan Azərbaycan dövləti oldu? Axı bu fikri niyə atmısız ortaya?

D.Ə:

- Şah İsmayıl özü deyir ki, dövləti Qızılbaş, paytaxti Təbriz.

G.G:

- Qızılbaşlığın Azərbaycanla nə əlaqəsi var? Qızılbaşlıq Anadolu məhsuludur. Azərbaycanla qızılbaşların əsla əlaqəsi yoxdur. Onlar Azərbaycanı işğal etdilər, soyqırım etdilər. Siz tarixi bilmirsiz. Şah İsmayıl anasını niyə öldürmüşdü? Tarixçilər yazır bunu.

D.Ə:

- O anasını öldürməmişdi. Ögey anasını öldürmüşdü. Bu da başqa məsələdir, əziz dost.

“RAFİQ TAĞINI ÖLDÜRƏN ELƏ ŞAH İSMAYILIN QOYDUĞU SİSTEMDİR”

G.G:

- Faciə budur ki, İran türkünün belini səfəvilər qırdı. Bu gün Azərbaycanda Rafiq Tağını öldürən də Şah İsmayılın qoyduğu sistemdir.

Əkbər Nəcəf:

- Mən demirəm ki, Güntay bəyin bütün iddiaları səhvdir. Amma kitabda tutarsızlıqlar da var. Güntay bəy haqlıdır ki, qızılbaşlıqda ciddi bir Anadolu kimliyi var. Amma Anadolu türkləri deyəndə bilinməlidir ki, o zaman indiki coğrafi anlayış yox idi, Anadolu Azərbaycan türklərindən hələ qopmamışdı. İkinci məsələ. İndi hamı deyir ki, Azərbaycan səfəvi dövləti, İran səfəvi dövləti. Şah Abbasa qədər olanları Azərbaycan səfəviləri hesab edirlər, ondan sonranı İran səfəviləri. Belə bir şey yoxdur. Səfəvi dövləti özünə dövləti-qızılbaş deyib. Bu, dövlətin rəsmi adıdır. Ağa Məhəmməd şah Qacar da öz dövlətini Qızılbaş dövləti adlandırıb... Güntay bəyin kitabında əsas xətt şüubiyyə məsələsidir. Və şüubiyyə məsələsini müəllif tamamilə fars, şiə kimliyinin üstünə qoyur. Biz orta əsrlərdəki proseslərə “fars millətidir, türk millətidir” deyə və ya hər hansı məzhəbi bir millətlə eyniləşdirə bilmərik. Lap tutaq ki, siz dediyiniz kimi şüubiyyə 500 il
mübarizə apardı və Şah İsmayıl zamanında fürsət tapıb farsçılıq ənənəsini, sifətini ortaya çıxardı. Bəs bu vaxta qədər niyə bunu etmədilər? Axı əllərində böyük imkanlar vardı. Büreyxilər dövləti vardı, Samanilər vardı. Bir də soruşmaq istəyirdim ki, kitabı tamamlayandan sonra oxudunuzmu?

“ŞÜUBİ MƏXFİ HƏRƏKATI FİRDOVSİYƏ “ŞAHNAMƏ”Nİ YAZDIRMIŞDI”

G.G:

- Təşəkkür edirəm Əkbər bəyə, mənim kitabımı oxuduğuna görə. Amma o kitabla bağlı fikirlərini yazanda bir az aşağılayıcı yöntəm qullanıb. Bəzi məqamlarda haqlıdır, özəlliklə imla səhvləriylə bağlı. Mən kitabı bitirəndən sonra bircə dəfə oxumuşam... Mən yazmamışam ki, şüubiyyə farsdır. Amma şüubiyyənin mərkəzində fars durur. Ərəblərin Orta Doğuda devirdiyi ən böyük dövlət – Sasanilər fars dövlətiydi.

D.Ə:

- Fars dövləti deyil.

G.G:

- Bəs bu farslar hardan gəldi? XI əsrdə göydən gəldi? Bunun da bir dövləti olub. İkincisi, Sayın Əkbər bəy, IX əsrdə şüubi məxfi hərəkatı Firdovsiyə “Şahnamə”ni yazdırmışdı. Deyirsiz ki, şüubiyyə 500 il mövcud ola bilməzdi, şüubiyyənin 700 ildən artıq gizli fəaliyyəti olub. Səlcuqlarla Qəznəviləri onlar durdurmuşlardı. Bir də fars dilində yazmaq başqa şeydir, şüubi inanc başqa şeydir. Mən kitabda da yazmışam ki, şüubiyyə imamların soyunu sasanilərə bağlayır. Və şüubiyyənin güclü qanadlarından biri ismailiyyə idi. İsmailiyyə hərəkatına mənsub olmaq üçün adamın damarlarında fars qanı axmalı idi. Və Şah İsmayıl da bu düşüncə mühitində yetişdi.

“HÖKMDAR SOYLARINI ARAŞDIRSAQ, BU İŞİN İÇİNDƏN ÇIXA BİLMƏRİK”

Ə.N:

- Əzizim Güntay bəy, biz əgər o dövrdə bütün hökmdar ailələrinin özlərini hansı soyun davamçısı saydığına, iddia etdiyinə baxsaq, bu işin içindən çıxa bilmərik. Məsələn, Şah İsmayılın ortadan qaldırdığı Şirvanşahlar da bir müddət Sasani soyundan olduqlarını
Güntay Gəncalp
Güntay Gəncalp
iddia ediblər. Sülalənin adını Kəsranilər qoyublar. Bunlar siyasi, hakimiyyət iddialarıyla bağlıydı. Biz bu günün siyasi, sosial baxışları ilə orta əsr baxışını eyniləşdirə bilmərik. Tarixi biz dövrümüzə daşıyırıq. Amma zəhmət çəkib nə baş verdiyini araşdırmırıq. Şüubiyyə qurucusu arasında yəhudi də vardı, xristian da vardı.

“İÇİNDƏ ÇABALADIĞIMIZ BİR ÇOX BƏLALARIN ALTINDA ŞAH İSMAYILIN İMZASI VAR”

Fəxrəddin Hacıbəyli:

- Məncə, içində çabaladığımız bir çox bəlalar var ki, onların altında məhz səfəvi imzası var, Şah İsmayıl imzası var. Məsələn, Azərbaycanın həm türk, həm islam dünyasında sahibsiz ada olmasının, özünə yer tapa bilməməsinin səbəbi məzhəb ayrılığıdı, məncə. Mən bir fakta toxunmaq istəyirəm, Şirvanda Şirvanşah Fərrux Yassarın qəbri aşkarlanıb. Dostlar da içra hakimiyyətinə müraciət ediblər ki, qəbr abadlaşdırılsın. Amma imtina olunub, səbəb kimi Fərrux Yassarın Şah İsmayıla qarşı olması göstərilib.

Ə.N:

- Səfəvilərlə Şirvanşahlar niyə düşməndirlər bilirsizmi?

F.H:

- Məzhəb ayrılığına görə.

Ə.N:

- Şirvanşahlar Şeyx Zahid Gilaninin müridlərini qətl etdilər. Bütün nifrət də ordan başladı. Bu hadisə Şah İsmayıl və Cüneyddən əvvəl idi. İkinci məsələ. Siz elə hesab edirsiz ki, o dövrdə Şirvanda ancaq sünni xalq vardı, başqa məzhəb də yox idi? Xeyr, elə deyil. Elədirsə, niyə hürufilər Şirvanda hərəkət etdilər? Hürufiliyin ki sünniliklə əlaqəsi yoxdur.

D.Ə:

- Fəxrəddin bəy, mən bu Şirvanşah, Şah İsmayıl söhbəti salanlara həmişə demişəm ki, onların ikisi də azərbaycanlıdır. Şah İsmayılın ən böyük arzusu Azərbaycan ərazilərini vahid dövlətdə birləşdirmək idi. İkincisi, Şirvanşah İbrahim də Təbrizi götürmək istədi, alınmadı. Mən yenə deyirəm ki, Şirvanşahlarla Qızılbaşlar arasında məzhəb söhbəti
Fəxrəddin Hacıbəyli
Fəxrəddin Hacıbəyli
ikinci dərəcəli söhbət idi. Əsas Azərbaycan dövləti yaratmaq idi.

F.H:

- O zaman azərbaycançılıq, Azərbaycan dövləti sözü yox idi.

D.Ə:

- Niyə yox idi? Şah İsmayılın sözü var: “Sizə Azərbaycan lazımdır, yoxsa Gülüstan qalası?” Ərəb tarixçiləri yazırlar ki, Xorasandan tutmuş Dərbəndə kimi, Anadoluya kimi Azərbaycan torpaqlarıdır. Niyə yoxdur, oxuyun da tarixi.

Ə.N:

- Hətta mixi yazılı əsərlərdə, 7-8-ci əsrdə Azərbaycan adı keçib. Amma burda bir şey var, coğrafiyanın adı üstündə millət inşa edə bilmərik...


BU, DEBATDAN SEÇMƏ FİKİRLƏRDİR. PROQRAMA TAM ŞƏKİLDƏ YUXARIDA BAX
XS
SM
MD
LG