Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:43

«Avropa Parlamentinin qətnaməsi qeyri-ciddi və iftira xarakter daşıyır»


Fuad Ələsgərov
Fuad Ələsgərov
«Avropa Parlamenti mayın 24-də Azərbaycanla bağlı qəbul etdiyi qətnamə qeyri-ciddi və iftira xarakteri daşıyır. Bu sənəddə əks olunan məsələlərin tam əksəriyyəti təhrif olunub». APA-nın məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov bildirib.

Onun sözlərinə görə, qətnamənin çıxarılma vaxtı da sənədin müəyyən sifariş xarakterli olduğunu deməyə əsas verir: «Avropa KİV-lərində gedən intensiv anti-azərbaycan kampaniyası, «Human Rights Watch», «Amnesty International» təşkilatlarının, qonşularımızın davranışı, Azərbaycandakı radikal müxalifət və bəzi QHT-lərin bu istiqamətdə sinxron fəaliyyəti bunu bir daha təsdiqləyir. Elə həmin qətnamədə «Azərbaycan hüquq müdafiəçilərinin «Eurovision» mahnı müsabiqəsi ərəfəsində 10 aylıq kampaniya başlaması»na edilən istinad da bunu təsdiqləyir».

«AVROPA PARLAMENTİ SƏHV MÖVQEDƏDİR»

F. Ələsgərovun sözlərinə görə, təxminən 30 dəqiqə davam edən dinləmələr nəticəsində tələm-tələsik şəkildə qəbul edilmiş qətnamədə çoxsaylı yanlış, yoxlanmamış müddəalar qeyd olunub: «Hesab edirəm ki, Avropa Parlamenti səhv mövqedədir. Faktiki olaraq Avropanın cənub sərhədində yerləşən Azərbaycan Avropa üçün alternativ enerji mənbəyi olmaqla Avropanın iqtisadi müstəqilliyi və təhlükəsizliyinin mühüm komponentlərindən biri kimi çıxış edir. Eyni zamanda Azərbaycan Avropaya inteqrasiya yolunu tutmuş və hər zaman öz öhdəliklərinə sadiq qalan bir ölkədir. Belə bir ölkəyə dar siyasi maraqlardan çıxış edərək qərəzli münasibətin göstərilməsi ən azı təəssüf hissi doğurur. Məsələn, Avropa Xalq Partiyasının Almaniyadan olan üzvü Bernd Posseltin mövqeyi Almaniya KİV-lərinin tutduğu mövqedən heç də fərqlənmir. Azərbaycana münasibəti, Azərbaycan barədə təfəkkürü uşaqlıqdan ailəvi erməni dostlarının, erməni ətrafının təsiri altında formalaşan «Amnesty International»ın Cənubi Qafqaz və Orta Asiya üzrə nümayəndəsi John Dalhuiseinn də fikirləri həddindən artıq subyektiv xarakter daşıyır».

MÜXALİFƏTİN ETİRAZ AKSİYALARI HAQDA

İctimai Palatanın aksiyası
İctimai Palatanın aksiyası
PA rəsmisi bildirib ki, qətnamədə 15 may mitinqinin polis tərəfindən dağıdıldığı göstərilib və dinc etiraz aksiyalarının keçirilməsinə çağırılıb: «Bu müddəa reallığı əks etdirmir. Birincisi, qətnamədə qeyd olunduğu kimi mayın 15-də heç bir nümayiş keçirilməyib. Mayın 14-də cəmi 20-30 nəfərin iştirakı ilə piket keçirilib. Qeyd etmək istərdim ki, həmin toplantılar razılaşdırılmayıb. «İctimai Palata» deyilən qurumda təmsil olunan radikal müxalifət Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təklif olunan yerlərdən imtina edib. Halbuki, bundan əvvəl radikal müxalifətin nümayəndələri bir neçə razılaşdırılmış mitinq keçiriblər. Lakin həmin mitinqlərin xaricdə lazımi rezonans doğurmadığını görərək, «Eurovision» mahnı müsabiqəsi ərəfəsində ölkəmizə gəlmiş jurnalistlərin diqqətini cəlb etmək məqsədilə razılaşdırılmamış piket taktikasına keçiblər. Bununla ermənipərəst qüvvələrin anti-azərbaycan kampaniyasına qoşulublar».

BEYNƏLXALQ MİQYASLI TƏDBİRLƏR ZAMANI PİKETLƏR QADAĞAN OLUNUR

Fuad Ələsgərov bildirib ki, istənilən beynəlxalq miqyaslı tədbir keçirən ölkədə təhlükəsizlik məsələləri baxımından belə tədbirlər ərəfəsində və gedişində mitinq və piketlərin keçirilməsi bir çox hallarda müvəqqəti məhdudlaşdırılır və hətta qadağan olunur: «NATO-nun son Çikaqo sammitində də antiqlobalistlərin toplantıları güc tətbiq edilməklə dağıdılıb, mitinq iştirakçılarına çoxsaylı xəsarətlər yetirilib, 60 nəfər isə saxlanılıb. Azərbaycanda da mahnı müsabiqəsi gedişində müvafiq təhlükəsizlik tədbirləri görülür. Əvvəlki müsahibələrimdə də qeyd etdiyim kimi, belə bir məqamda, razılaşdırılmamış piketlərin keçirilməsi artıq gərginlik yaradır. Güc tətbiqi məsələsinə gəldikdə isə, polis sadəcə ictimai qaydanın təmini üzrə öz vəzifələrini yerinə yetirib. Piket iştirakçılarına qarşı heç bir zorakı hərəkətə yol verilməmiş, piket iştirakçılarından heç biri həbs olunmayıb, hətta bəzi şəxslərin polisi təhqir etməsi müqabilində onlar həmin şəxslərlə çox təmkinli davranıblar».

«XƏDİCƏ İSMAYILOVANIN İŞİ İLƏ BAĞLI İSTİNTAQ HƏLƏ BAŞA ÇATMAYIB»

PA rəsmisi bildirib ki, «AzadlıqRadiosunun Bakı Bürosunun müxbiri Xədicə İsmaylovanın şantaj edilməsi ilə bağlı qətnamədə irəli sürülən müddəa heç bir hüquqi əsası olmayan uydurma mülahizələrə əsaslanır: «Özünə hörmət edən belə mötəbər beynəlxalq qurum ən azı hüquqi baxımdan əsaslandırılmış mövqedən çıxış etməlidir. Xədicə İsmayılovanın işi ilə bağlı istintaq hələ başa çatmayıb. Belə halda hər hansı sübuta əsaslanmayan uydurma ittihamların irəli sürülməsi qərəzli mövqedən başqa bir şey deyil».

Christoph Strasser
Christoph Strasser
Fuad Ələsgərov qətnamədə Christoph Strässerə öz mandatını həyata keçirmək məqsədilə Azərbaycana səfər etməsi üçün vizanın verilməsinə edilən çağırışa da münasibət bildirib: «Halbuki, Azərbaycan tərəfi hələ mart ayının sonunda «siyasi məhbus» anlayışının müəyyən edilməsi üçün meyarların müzakirə edilməsi məqsədilə məruzəçini onun mandatı çərçivəsində Azərbaycana səfər dəvət edib. Lakin o, səfərdən imtina edərək, öz mandatına laqeyd münasibət göstərib. Mayın 21-də isə AŞPA-nın Hüquqi məsələlər və İnsan hüquqları Komitəsi məruzəçinin hazırlamalı olduğu hesabatın iki hissəyə bölünməsi barədə qərar qəbul edib. Birinci hissə məhz bütün Avropa ölkələrinə tətbiq edilə biləcək universal meyarların müəyyən edilməsi ilə bağlı olacaq və yalnız bu meyarlar müəyyən edildikdən sonra hesabatın konkret ölkələrə həsr olunacaq ikinci hissəsi hazırlanacaq. Görünür ki, Avropa Parlamentinin bu məsələlərdən, o cümlədən AŞPA komitəsinin cəmi 3 gün əvvəl qəbul edilmiş qərarından xəbəri yoxdur. Halbuki, hər iki struktur Strasburqda qonşu binalarda yerləşir».

QƏTNAMƏDƏ SƏSLƏNƏN ABSTRAKT ÇAĞIRIŞ

PA rəsmisi bildirib ki, qətnamənin daha bir bəndində Avropa Məhkəməsinin bütün qərarlarının Azərbaycan hökuməti tərəfindən icra edilməsinə çağırış səslənib: «Belə abstrakt çağırışı istisnasız olaraq Avropa Şurasının üzvü olan bütün ölkələrə etmək olar. Azərbaycan ona münasibətdə qəbul edilmiş qərarların icrası ilə bağlı bütün zəruri tədbirlər görür. Əslində Avropanın bir çox ölkəsində icrası tamamlanmamış qərarlarının sayı Azərbaycanla müqayisədə dəfələrlə çoxdur. Orada jurnalistlərin siyasi ittihamlarla tutulduğu yazılır. Qətnamədə bir tərəfdən radikal islam təşkilatlarının səsləndirdiyi təhdidlər ittiham edilir, digər tərəfdən isə, həmin təhdidlərin yayımlanması ilə məşğul olan 2 nəfərin azad edilməsi tələb olunur. Bu müddəalar tamamilə bir-birinə ziddir və absurddur».

Bu qətnamənin Avropa Parlamenti ilə münasibətlərə necə təsir edəcəyinə gəldikdə Fuad Ələsgərov qeyd edib ki, Avropa onsuz da iqtisadi böhran içində çabalayır, hətta parçalanmaq təhlükəsi ilə üz-üzədir: «Belə bir məqamda emosiya və paxıllıq hissləri əsasında çıxarılan bu cür qərar ağılsız qərardır. Bu cür qərarlar Avropa İttifaqının Yaxın qonşuluq və Şərq Tərəfdaşlığı siyasətinin böhranına gətirib çıxara bilər. Hətta bu qurumla əməkdaşlığın məqsədəmüvafiqliyi məsələsini gündəmə gətirə, Assosiativ üzvlük məsələsi barədə qərarın qəbuluna təsir göstərə bilər».

PA rəsmisi hesab edir ki, qətnamənin lehinə səs verənlər strateji düşüncə tərzinə malik deyillər: «Bu, Avropa parlamentinin də nüfuzuna da təsir edəcək. Demokratiya dəyərlərinin «qoruyucusu» olmalı olan Avropa parlamenti qurum kimi özünün nüfuzunu düşünməli, mövzu üzrə yalnız hökumətə qarşı aqressiv münasibəti ilə seçilən, şəxsi maddi maraqlarından çıxış edən bəzi kvazi hüquq müdafiəçilərinin Azərbaycan əleyhinə səsləndirdiyi fikirlərə və qeyri-obyektiv hesabatlara deyil, obyektiv mənbələrə əsaslanan araşdırma aparılmalı və ən əsası sifarişli və ya hansısa maraqlar naminə həqiqəti təhrif etməməlidir. Bildirmək istərdim ki, heç bir şəxs, heç bir beynəlxalq təşkilat Azərbaycan Respublikası Prezidentinin xalqın naminə apardığı siyasətinə təsir göstərə bilməz».
XS
SM
MD
LG