Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:37

AYB Azərbaycandan nələri tələb etsin


Avropa Yayım Birliyi
Avropa Yayım Birliyi
Avropa Yayım Birliyi (AYB) Azərbaycan qarşısında tələblər qoymalıdır. Bunu Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi (JMK) və bir neçə media və insan haqları qrupu deyir. Həmin qruplar mayın 2-də AYB-nin Azərbaycanda media azadlığına dair təşkil etdiyi seminarda iştirakdan sonra təşkilatçı quruma məktub göndəriblər.

QAÇIRILAN FÜRSƏT

Həmin seminar AYB-in Cenevrədəki qərargahında Beynəlxalq Mətbuat Azadlığı Günü ərəfəsində keçirilib. Bu ay həm də Bakıda «Eurovision» Mahnı Müsabiqəsi keçiriləcək.
JMK və məktubu imzalamış digər qruplar tədbirdə iştirakdan məmnun olduqlarını bildirsələr də, tədbiri tənqid edirlər. Onların fikrincə, tədbirdə «Eurovision» ərəfəsində mətbuat azadlığı pozuntularını düzəltmək üçün Azərbaycan hökuməti üzərinə aydın və real öhdəliklər qoyulmayıb.

ƏLİ HƏSƏNOVUN MEYDAN OXUMASI

«Biz seminarda Azərbaycan hökumətinin təmsilçisi, Prezident İlham Əliyevin müşaviri Əli Həsənovun meydan oxuyan münasibətindən narahat olduq. Bu münasibət onun tənqidçilərlə konstruktiv dialoqa hazır olmasına dair bəyanatını heçə endirir. Biz həmçinin AYB-in Azərbaycan hakimiyyətini mətbuat azadlığı, insan haqları və söz azadlığına görə açıq tənqid etməməsindən narahatıq. Belə bir təəssürat yaranır ki, hökumətin repressiv siyasətinə inadla göz yumulur».

Qurumların AYB-ə mayın 7-də göndərdiyi məktubda deyilir ki, həmin tədbirdə Azərbaycanın 14 nümayəndəsindən 10-u hökuməti təmsil edib, yaxud da onu dəstəkləyib. Beləliklə də tədbirdə Azərbaycanın təmsilçiliyi daha çox hakimiyyətin xeyrinə olub.

ƏSAS TƏLƏBLƏR

«Eurovision» AYB və beynəlxalq qurumlara imkan yaradır ki, Azərbaycan hakimiyyətindən mətbuat azadlığı sahəsində konkret nəticələr tələb etsin. Həmin tələblərə bunlar daxil olmalıdır:

– Azərbaycanda işinə görə həbs olunmuş altı jurnalist daxil olmaqla siyasi məhbuslar buraxılsın
– Diffamasiya təcili dekriminallaşdırılsın
– Tənqidi səslərin susdurulması üçün siyasi təqiblərə son qoyulsun
– Jurnalistlərə hücumlar hərtəfərli, müstəqil, səmərəli və şəffaf araşdırılsın
– Azərbaycan yayımçısı AYB-in fəal üzvlük şərtlərinə cavab vermək üçün, xüsusilə də «çeşidli və balanslı» proqramlaşdırma sahəsində islah olunsun.

MƏKTUBU İMZALAYANLAR

Məktubu Amnesty İnternational-ın Avropa və orta Asiya Proqramının direktoru John Dalhuisen, Europe and Central Asia Programme Director, ARTICLE 19-un İcraçı Direktoru Agnès Callamard, JMK-nin Avropa və Orta Asiya proqramının koordinatoru Nina Ognianova, Human Rights House Fondunun icraçı direktoru Maria Dahle, Human Rights Watch-un Avropa və Orta Asiya bölümünün direktoru Hugh Williamson, RATİ-nin sədri Emin Hüseynov, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı, Sing for Democracy kampaniyasının koordinatoru Rəsul Cəfərov, South East Europe media təşkilatının baş katibi Oliver Vujovic imzalayıblar.
XS
SM
MD
LG