Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:39

Naxçıvan avtomobillərini İrana buraxmırlar


Foto: Arxiv
Foto: Arxiv
May ayının 21-dən Naxçıvanın Culfa gömrüyündən İrana keçmək istəyən minik avtomobillərinə qadağa qoyulduğu bildirilir.

Bu barədə AzadlıqRadiosuna naxçıvanlı sürücülər məlumat verib. Sürücülərin bildirməsinə görə, qadağanı İran tərəfi tətbiq edib. İran tərəfindən onlara bildiriblər ki, qadağa ən azı iyun ayının 5-dək davam edəcək.

Üstəlik, məlumatlara görə, İran ərazisindən keçməklə Naxçıvandan Bakıya getmək istəyən yük avtomobillərin sürücülərindən isə avtomobilləri dəyərində girov qoymaları tələb edilir.

Sürücü Əhməd Quliyev deyir ki, öz yük maşını ilə mal gətirmək üçün Bakıya getmək istəsə də, İran tərəfinin tətbiq etdiyi məhdudiyyətə görə 2 gündür Culfa gömrüyündə gözləyir:

«İran tərəfi deyir ki, maşının qiyməti 20 min dollardır. Həmin məbləği girov kimi Culfada bizə ödəməlisən. Guya Biləsuvardan Azərbaycan ərazisinə keçəndə, həmin pulu bizə qaytaracaqlar. Birincisi, bizim o qədər pulumuz yoxdur, ikincisi də həmin məbləği onlara vermək riskdir. Bir də baxarsan, qaytarmadılar. Onlara etibar var? Qoy görək başımıza nə gəlir. Azərbaycanla İranın arası dəyəndə, həmişə belə olur».

Məsələni dəqiqləşdirmək üçün Naxçıvan Sərhəd Qoşunları ilə əlaqə saxladıq. Oradan adinin çəkilməsini istəməyən bir zabit dedi ki, qadağanı həqiqətən İran tərəfindən tətbiq ediblər. Ancaq o, bu qadağanın nə vaxta aradan qaldırılacağını bilmədiyini söylədi.

Bu məsələyə İran tərəfinin mövqeyi isə bəlli deyil. Günün sonu olduğundan məsələyə İranın Bakıdakı səfirliyinin münasibətini öyrənmək mümkün olmadı.
XS
SM
MD
LG