Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:32

Prezident 9 May münasibətilə keçirilən mərasimdə iştirak edib


Arxiv foto
Arxiv foto
Mayın 9-da Dağüstü parkda general-mayor Həzi Aslanovun abidəsinin təmir-bərpa işlərindən sonra açılışı keçirilib.

APA-nın məlumatına görə, açılış mərasimində prezident İlham Əliyev iştirak edib. Prezident 9 May – Qələbə Günü münasibətilə general-mayor Həzi Aslanovun abidəsini ziyarət edib, abidənin üzərinə gül dəstəsi qoyub.

Daha sonra Böyük Vətən müharibəsi veteranları ilə görüşən prezident İlham Əliyev onların problemləri ilə maraqlanıb. Mərasimdə hökumət üzvləri, parlament nümayəndələri də iştirak ediblər.

1945-ci il mayın 9-da faşizm üzərində əldə edilən qələbədən 67 il keçir. Sovet İttifaqının tərkibində Azərbaycan xalqı da İkinci Dünya Müharibəsində iştirak edib. Cəbhəyə gedən 600 mindən çox azərbaycanlıdan 300 mini geri qayıtmayıb, on minlərlə insan yaralanıb. 121 nəfər ən yüksək mükafata Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Azərbaycanlı əsgərlərdən təşkil olunmuş diviziyalar SSRİ-nin qərb cəbhəsinin son sərhəd nöqtəsində - Brest qalasında ilk döyüş əməliyyatlarında iştirak ediblər. Moskva ətrafındakı döyüşündən tutmuş Leninqrad, Kiyev, Stalininqrad, Ukrayna, Belarus, Baltikyanı respublikaları uğrunda döyüşlərin hamısına qatılıblar.

Qələbənin əldə olunmasında Bakı neftinin xüsusi payı olub. O dövrdə ölkədə istehsal edilən neftin 70-75%-i, benzinin 85-90%-i Bakının payına düşürdü. 1941-1945-ci illərdə Bakı ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin göndərmişdi. Uzun illər SSRİ neft və qaz sənayesinə başçılıq etmiş Nikolay Baybakov təsdiq edir ki, SSRİ-nin neft balansında Azərbaycanın iştirakı olmasaydı Sovetlər İttifaqının faşizm üzərində qələbəsi sual altında qala bilərdi. «9 may» Azərbaycanda da rəsmi bayram kimi qeyd olunur.
XS
SM
MD
LG