Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:03

«Qorxuram ki, Camalı döyüb şikəst eləsinlər»


Camal Əli (Foto: Əhməd Muxtar)
Camal Əli (Foto: Əhməd Muxtar)
Gənclər mitinqində prezidentin ünvanına söyüş söyən və 10 sutka cəza alan, «Bulistan» qrupunun üzvü Camal Əlinin anası narahatdır. Oğlu ilə görüşə bilməyən ana - Gülşən Əliyeva AzadlıqRadiosuna danışıb.

- Bu gün Səbail Rayon Polis İdarəsinə Camala yemək, bir də dəyişək apardım. Dedilər ki, şalvarı-zadı cırılıb. Amma qapıdan məni buraxmadılar. Dedilər ki, narahat olmayın, gündə 3 dəfə yemək, çay verirlər, hətta əyin-baş da. «Yatmaq yerləri də yaxşıdır, çıxanda özü danışar sizə». Görüşə icazə vermədilər ki, rəis yoxdur. Sabah saat 10-11 üçün gəlin deyiblər, onda buraxmalıdırlar.

«BİR ANA KİMİ ONU QINAYIRAM Kİ, PİS İFADƏLƏR İŞLƏDİB»

- Hələ də Polis İdarəsindədir oğlunuz. Təcridxanaya aparılmamasının səbəbini soruşmadız?

- Sözün düzü, mən bu sualı onlara vermədim. Qapıda oturan nə biləcək? Elə dedi ki, bu məsələ bizim səlahiyyətimizdə deyil.

- Baş verənlərə münasibətiniz maraqlı olardı...

- Mən hesab edirəm ki, etirazı da etik normalar çərçivəsində etmək lazımdır. Mənim oğlumun səhvi onda olub ki, etik normalardan kənara çıxıb, söyüş işlədib. Heç bizim ailədə belə sözlər işlənmir. Bilmirəm, yəqin eyforiya vəziyyətində olub, özünü idarə edə bilməyib, mitinqdə, kütlə qarşısında kontrolu itirib. Mən belə başa düşürəm. Bir ana kimi onu qınayıram ki, nahaq pis ifadələr işlədib. Düzdür, deyirlər ki, məhkəmədə üzr istəyib. Nə qədər üzr istəsə də... Düz eləməyib. Mübarizəni aparmaq da olar, qarşı çıxmaq da olar, amma hər şey gərək mədəni səviyyədə olsun. Oğlumun səhvini ağzından çıxan sözdə görürəm.

«NATİQİN SAÇINDAN TUTUB SÜRÜYÜBLƏR, HUŞUNU İTİRİB»

- Səhhətinə, vəziyyətinə görə narahatsızmı?

- Hə, narahatam. Dedilər ki, onları döyüblər. Hətta döyülən vaxt Natiq huşunu itirib, belə deyirlər. Burnundan qan açılıb. Saçı uzun oğlandır, saçından tutub sürüyüblər onu. Hər halda döyüblər ki, təcili yardım çağırıblar. Səhhətinə görə çox narahatam, bircə döyüb şikəst eləməsinlər. Hər halda vurublar, dartışdırıblar ki, şalvar cırılıb. Duran yerdə şalvar cırılmaz ki...

VƏKİLDƏN ŞƏKİL İSTƏYİBLƏR

- Vəkil bu gün görüşə bilibmi? Vəziyyəti necədir?

- Vəkil dünən məhkəmədə görüşüb, deyir ki, üz-gözünün cızılmasını, bədənindəki xəsarətləri çəkib. Ondan şəkilləri istəsələr də verməyib.

SAXLANAN GƏNCLƏR HƏLƏ DƏ TƏCRİDXANAYA APARILMAYIBLAR

Gənclərin 17 mart mitinqi (təkrar 1-ci hissə)

GƏNCLƏRİN 17 MART MİTİNQİ
Martın 17-də gənclərin mitinqində saxlanan və bir neçə sutka həbs cəzası alan 3 nəfər hələ də təcridxanaya aparılmayıb. Onlar yenə də Səbail rayon Polis İdarəsində saxlanırlar. Gənclər yaxınları və vəkilləriylə də görüşə bilməyiblər. Bu haqda məlumatı onların yaxınlarından almışıq. Camal Əlinin anası Gülşən Əliyeva AzadlıqRadiosuna oğlunun səhhətinə və təcridxanaya aparılmamasınag görə narahat olduğunu deyib.

Gənclərin təcridxanaya aparılmamasının səbəbini öyrənmək üçün Polis İdarəsinə bir neçə dəfə zəng vursaq da, sualımıza cavab ala bilmədik. Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng vurduq. Bildirdilər ki, bu haqda yalnız həbs edilənlərin yaxınlarına açıqlama verilə bilər.

Hüquqşünas İntiqam Əliyev deyir ki, bəzən istirahət günlərində saxlananlar təcridxanaya aparılmır. Hüquqşünasa görə, sistemdəki bu qüsur həbs olunanların hüquqlarının pozulmasıdır. Çünki həmin şəxslər müdafiədən, hüquqlarının bərpa edilməsindən məhrum olunurlar.

17 mart mitinqində «Bulistan» qrupu mahnı ifa etdiyi zaman mübahisə yaranıb. Qrupun üzvlərindən birinin ifasında söyüş səslənib. Aksiya təşkilatçıları buna etiraz ediblər. İfaçı söyüşü prezidentə ünvanlayıb. Mübahisəyə polis və mülki geyimli şəxslər müdaxilə edib.

Səbail rayon Məhkəməsinin qərarı ilə Camal Əli 10, Natiq Kamilov 6, «NİDA» Vətəndaş Cəmiyyətinin üzvü, bloqqer Etibar Salmanlı isə 5 sutka həbs cəzası alıb.


XS
SM
MD
LG