Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:12

İran sərhədində bayram təlaşı [VİDEO]


İrana getmək istəyənlər çoxaldı, bu mənzərə yarandı
Gözlə

No media source currently available

0:00 0:02:05 0:00
Direct-ə keçid

İrana getmək istəyənlər çoxaldı, bu mənzərə yarandı

Astara gömrüyü önündə yüzlərlə adam toplaşıb. Burada ağız deyəni qulaq eşitmir. İrana getmək istəyən bu qələbəlik arasında qadınlar çoxluq təşkil edir. Azyaşlı gənclər də var. Bəzi əldən-ayaqdan düşmüş yaşlı adamlar da gözə dəyir. Adətən İrana gedənlər arasında Azərbaycanın müxtəlif bölgələrindən gələnlərə də təsadüf edilirdi. Onlar əsasən İrana müalicəyə gedən insanlardır. Bu dəfə adamlar arasında belələrinə rast gəlmədik. İrana getmək istəyənlər əsasən astaralılardır. Onlar deyir ki, İrana bayram bazarlığına gedirlər. Bayram süfrəsinə qoyulacaq nə varsa, yerli bazarda bir neçə dəfə bahadır.

ÇÖRƏYİ İRANDAN ÇIXANLAR...

Adının çəkilməsini istəməyən bir astaralının dediyinə görə, bayram ərəfəsində yerli bazarda qiymətlər qalxır. İranda isə sabit qalır. Onun deməsinə görə, orda qiyməti sabit saxlamaqdan ötrü dövlətin satış mərkəzləri fəaliyyət göstərir. Digər tərəfdən, Azərbaycan manatına nisbətən İran realı düşüb. İrana getmək istəyən yerli sakinlər ordan müxtəlif istehlak malları gətirib burda yuxarı qiymətə satırlar. İrandan ziyad balığı da gətirən var. Çevik tərpənənlər gündə 20 manatdan 50 manatadək pul qazanırlar. Çoxları üçün bu, qazanc mənbəyi hesab olunur. İndi bayram nemətlərinə ehtiyac artıb. Buna görə də İrana gedənlərin sayı çoxalıb.

​İran gömrüyündə son bir gündə azərbaycanlılara qarşı münasibət dəyişib. Əvvəlki kimi azərbaycanlıları incitmirlər. Çoxları bunu Naxçıvanda Türkiyə, İran, Azərbaycanın xarici işlər nazirlərinin görüşü ilə izah edir.

Astara gömrüyü önündə yüzlərlə adam toplaşıb
Astara gömrüyü önündə yüzlərlə adam toplaşıb
Keçid məntəqəsinin önündə 100-ə yaxın mağaza var. Həmin mağazaların sahibləri İrandan gətirilən ərzaq mallarını yerli sakinlərindən alırlar. Uşaq yeməyindən tutmuş saqqıza kimi mağazalarda var. Bir mağaza sahibin dediyinə görə, buraya Azərbaycanın hər yerindən gəlirlər. Mağaza bir gündə dolur və boşalır. Satılan malların heç birinin sənədi yoxdur. Mallar İrandan gətirilərkən yoxlanmır.

Gömrüyün həyətinə keçmək üçün qapılardan biri açılır. İrana gedənlər hərəkətə gəlirlər. Qadınlarla kişilər biri birinə qarışırlar. Adamların bağırtıları ətrafa yayılır. Burada olan polislər adamları intizama dəvət etsələr də, onlara heç kim əhəmiyyət vermir. Polis deyir ki, gündə İrana 1000 nəfərdən çox yerli sakin keçir.

«ÖZLƏRİ BU VƏZİYYƏTİ YARADIRLAR»

Astara rayon sakini İbrahim Cəfərov deyir ki, elə hər gün belədir:

«Həmişə belədir. Bu gün yaxşıdır. Əsas məsələ odur ki, qabaqda bir neçə barmaqlıqlar var. Özləri bu vəziyyəti yaradırlar. Həmən adamlar ki, var, onlardır. İranın gömrüyündə 4 nəfər işçi var. Hamını yola verir».

İbrahim Cəfərov üzünü ətrafdakı adamlara tutaraq dərdlərini danışmağı məsləhət görür:

«Nə üçün danışmırsınız? Vəzifəniz var, əlinizdən alacaqlar».

«Bu qədər insanın İrana getməsinə səbəb nədir» sualına o, özü belə cavab verir:

İrana gedənlər arasında qadınlar çoxdur
İrana gedənlər arasında qadınlar çoxdur
«İŞ YOX, GÜC YOX, NƏ ELƏSİNLƏR?»

«Çörək dalınca. Nəyə görə gedirlər ki? İş yox, güc yox, nə eləsinlər?».

Polis qayda yaratmaq istəsə də, buna nail ola bilmir. Dəmir barmaqlı qapını bağlamaq məcburiyyətində qalırlar. Bir neçə gənc dama dırmaşır. Lakin hasarın o tayında onları hədələyib geri qaytarırlar.

«İRANDAN NARKOTİK GƏTİRƏNLƏR DƏ VAR»

Adının çəkilməsini istəməyən bir Astara ziyalısı deyir ki, İrana gedənlər arasında qadınların çox olması onu təəccübləndirmir. Onun deməsinə görə, onların içində iqtisadi vəziyyəti ağır olanlarla yanaşı, İranda bədənlərini satanlar, ordan narkotik gətirənlər də var. O, deyir ki, gömrükdə qadınları ciddi yoxlamırlar. Bu baxımdan da onların bəziləri daxili orqanlarda narkotik gətirirlər.

İş adamı Hacı Fayıq Cəfərov deyir ki, sərhəddə bilərəkdən gərgin vəziyyət yaradırlar. Onun fikrincə, Azərbaycan gömrüyü adamları bilərəkdən gecikdirir:

«Burdakı olan biabırçılıq dünyanın heç yerində yoxdur. Hazırda sərhəddə elə şərait yaradırlar ki, insanlığa yaraşmayan hərəkətlərə yol verilir. İnsan haqlarının pozulmasına qədər nə desən var. Ora nə üçün gedirlər? Xəzərin yanında yaşayan əhali balığa möhtacdır. Balığın bir ədədi 30-40 manatdır, İranda 1 kilosu 5 manatdır».

İRANDA ZİYAD BALIĞI 6-7 DƏFƏ UCUZDUR...

Vidadi Mirzəyev
Vidadi Mirzəyev
El adətinə görə bayram süfrəsinə ziyad balığı qoyulmalıdır. İş adamı deyir ki, Xəzər dənizini oliqarxlar ələ keçirdiblər. Yerli balıqçılar dənizə girə bilmirlər. Yerli bazarlarda ziyad balığının 1 kiloqramı 30-35 manata qalxıb. Buna görə də yerli sakinlər ziyad balığını İrandan gətirirlər.

İqtisadçı Vidadi Mirzəyev də İrana gedənlərin sayının artmasını rayonlarda ziyad balığının və bayram nemətlərinin bahalaşmasında görür:

«Orda 20-30 manata bütün bazarlığı eləmək olar, bayram süfrəsini bəzəmək olar».

Astara rayon İcra Hakimiyyətinin birinci müavini Məzahim Hüseynov isə deyir ki, bir gündə bir adam 5-6 dəfə İrana gedib-gəlir. Buna görə də Astara keçid məntəqəsində növbə yaranır.

İran ötən il fevralın 1-dən Azərbaycanla vizanı birtərəfli qaydada ləğv edib. Vizanın ləğvindən sonra İrana gedənlərin sayı çoxalıb. Bayram vaxtları isə İrana gedənlərin sayı daha da artır. İran vətəndaşları da Azərbaycan tərəfinə tək viza ilə keçmirlər. Sərhədyanı ərazilərdə yaşayanlar sadələşdirilmiş qaydada Azərbaycana keçə bilirlər.
XS
SM
MD
LG