Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:23

«Medvedev zəifdir, Putin isə eşitmək istəmir»


Rusiyanın siyasətini müəyyənləşdirənlərə yaxın olan bir şəxs Rusiyadakı nümayişlərə prezident Medvedevin, baş nazir Putinin münasibəti haqda deyib :

“Onlar başa düşmürlər. Biri zəifdir, o biri qulaq asmaq istəmir. Adamlar isə çalışırlar ki, vəziyyətin ciddi olduğunu başa salsınlar”.

Putin niyə eşitmək istəmir?

Opponentləri deyirlər ki, Putinin yaxın ətrafı keçmiş KQB zabitlərindən, biznesmenlərdən və Kreml rəsmilərindən ibarət xırda bir qrupdur.
Onlar adamlardan uzaq düşüblər.




Sərt nəzarətli siyasi sistem yaratmaqda Putinə böyük kömək göstərmiş, prezident aparatı rəhbərinin müavini Surkov nümayişləri belə qiymətləndirir ki,

“bəzi düşmənlər Rusiyada adamları inqilaba təhrik etmək istəyirlər”.

"BANDAR LOG"

Putin nümayişçiləri xaricdən maliyyələşən meymunlara bənzədib. O bu zaman “bandar log” ifadəsini işlədib, bu isə Rudyard Kiplingin Mauqlidən bəhs edən “Cəngəllik kitabı”nda çığır-bağır salan meymunlara verilən addır.

Rusiyanın bölünmüş müxalifətinin Kremllə danışıqlardan imtina edən ən tanınmış liderlərindən olan 35 yaşlı bloqqer Aleksey Navalnıy Putinin dediklərinə dekabrın 24-dəki mitinqdə belə cavab verib :
“bütün bandar loglara salam. Sizə bandar log dedilər, lakin siz yenə nümayişə gəldiniz. Bəs bizə bandar log deyən kişi hanı?”.

Navalnıy xəbərdarlıq edib ki, “etiraz nümayişində kifayət qədər adam var ki, Kremli zor gücünə tutsun”, ancaq o dərhal əlavə edir ki, “belə plan yoxdur”.


Bloqqer Alexei Navalny
Bloqqer Alexei Navalny

İNQİLAB OLA BİLƏRMİ?


Nümayişdən sonra Reuterslə danışan Navalnıy deyib: “Əgər hakimiyyət xalqla cığallıq etməkdə davam etsə, əgər bu iki fırıldaqçı xalqdan oğurladıqları hakimiyyəti zorla zəbt etməkdə davam etsə, xalq qalxıb bu hakimiyyəti geri alacaq, çünki bu, xalqın hüququdur”.

Reuters Navalnıy-dan birbaşa soruşub ki, o inqilab planlaşdırırmı?
Navalnıy belə cavab verib: “ “Bu, inqilab deyil. İnqilabı, hakimiyyətin qanunsuz yolla zəbtini, Putinlə Medvedev tətbiq ediblər. Bu, hakimiyyətin qanuni yolla xalqa qaytarılmasıdır”.

Reuters eyni sualı bu yaxınlarda Medvedevin işdən çıxartdığı maliyyə naziri Kudrinə də verib.

Müxalifət nümayişinə qatılan və tribundan çıxış edən Kudrin deyib ki, “ bu gün inliab olmadan da parlamentə ədalətli seçkilərə və təmsilçiliyə keçid mümkündür”.

Ancaq Putinin məsləhət verənləri başqa adamlardır.
FSB-nin rəisi Patruşev bu ay deyib ki, Rusiya internetə “rasional tənzimləmə” tətbiq etməlidir.

Reuters hesab edir ki, hakimiyyətin nümayişçiləri eşitməməsi, anlamaq istəməməsi Rusiyada uzun müddətli sabitliyə pis təsir göstərəcək.

Müxalifət haqda isə Reuters yazır ki, Navalnıy-nın bloqlarını minlərlə adam oxuyur, ancaq o, müxalifətin yalnız bir qanadının lideridir.
“Saxarov prospektindəki mitinqdə onlarla lider çıxış etdi, bu da müxalifətin nə qədər bölünmüş olduğunu göstərir.”

"RUSİYADA VƏZİYYƏT BİR GÜNƏ DƏYİŞƏ BİLƏR"

“Foreign Policy” məcmuəsi yazır ki, Rusiyanı başa düşməyə ən yaxşı bələdçi George Kennandır (1904-2005).
Amerikanın tanınmış diplomatı, tarixçisi Kennan Rusiyanın, SSRİ-nin Amerika diplomatları tərəfindən ciddi araşdırılmasının əsasını qoyan şəxsdir.

Kennan təxminən 80 il əvvəl yazırdı: “Rusiya dünyada mənəvi cəhətdən ən möhkəm ölkədən bir günün içində mənəviyyatı ən dağılmış ölkəyə çevrilə bilər”.

Foreign Policy yazır ki, Kennana inansaq, Rusiyada vəziyyət bir günün içində dəyişə bilər.

Rusiyada xalqın və Kremlin gücü haqda da Kennanın öz fikirləri var.

Kennan yazırdı ki, Kremlin gücü səbirli olmağında və gözləməyi bacarmağındadır.
Rusiya xalqının gücü isə daha səbirli olmağında və daha çox gözləməyi bacarmağındadır.

NÜMAYİŞƏ GƏLƏNLƏRİN SAYI

Moskvada dekabrın 24-dəki nümayişə nə qədər adam gəlmişdi?

Təşkilatçılar 120 min deyir, polis 30 min.
Müxalifətin “Novaya Qazeta”sı yazır ki, onun müxbirləri təxmini sayıblar, 102 min nümayişçi olub.
Dövlətin olan RİA Novosti yazır ki, onun hesablamalrına görə, nümayişə 56 min adam çıxmışdı.
XS
SM
MD
LG