Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:34

Qismət - Orhan Pamuk haqda yazır


QİSMƏT
QİSMƏT

...Pamukdan yazdığımı biləndə ağız büzən, göz süzdürən, türkçülüyü, millətçiliyi tutan “növbətçi vətənpərlərin” əksəriyyəti, demək olar ki, bir-birinə bənzər cümlələr...

“Oxu zalı”nda başladığımız “Ən məşhur postmodernistlər” rubrikasında QİSMƏTin Nobel mükafatlı türk yazarı Orxan Pamuk haqda yazısı


Qismət

ORXAN PAMUK: İSTANBUL HÜZNÜ

Proloq.

Orxan Pamuk Nobel mükafatı alandan sonra, türk mətbuatında onun barəsində saysız-hesabsız tənqidi yazılar yazıldı.

Ortaya müxtəlif iddialar atıldı və bunlardan ən əsası o idi ki, Pamuk Nobeli Türkiyə haqqındakı tənqidi düşüncələrinə görə alıb.

Daha doğrusu almayıb, mükafatı ona “veriblər”. Pamuk Nobel almamışdan təxminən bir il əvvəl, 19 dekabr 2005-ci ildə “Hürriyət” qəzetində çap olunan Erol Manisalının “Pamuk Nobeli qarantilədi” yazısı, Pamuk ödülü alandan sonra xeyli populyarlaşdı.

Bunun ardınca dövlət televiziyası TRT-də Banu Avarın məşhur “Sərhədlər arasında” verilişinin növbəti bölümü Pamukun Nobel almasına və İsveç barədə tənqidlərə həsr olundu. Ölkə prezidenti Əhməd Necdət Sezərin də mətbuatda yazıçını təbrik etməməsi xeyli müzakirə edildi.

Orxan Pamuk həftəlik İsveçrə dərgisi “Das Magazin”ə verdiyi müsahibədə “Bu torpaqlarda 30 min kürd və bir milyon erməni öldürüldü.Məndən başqa heç kim bu barədə danışmağa cəsarət etmir.”- deyəndən sonra, Türk Cəza Qanununun 301-ci maddəsinə əsasən “Türklüyə həqarət” adıyla ona cinayət işi açıldı.

16 dekabr 2005-ci ildə ilk məhkəmə toplantısı olmalı idi, lakin Ədalət Bakanlığından bəklənən bəyənat gəlmədiyi üçün iş 7 fevral 2006-cı il tarixinə qədər təxirə düşdü. İşin ertələnməsinə Avropa Birliyindən də etirazlar gəldi. Həmin gün məhkəmə binasının önündə Pamuka və xarici nümayəndələrə ünvanlanmış piketlər, aksiyalar keçirildi.

Bu aksiyalar türk və dünya mətbuatında geniş işıqlandırıldı.

2005-ci il dekabrın 1-də “Beynəlxalq amnistiya” Hüquq Müdafiəçiləri təşkilatı türk cinayət məcəlləsinin 301-ci maddəsini dəyişdirməyi (bu maddə Türkiyəni təhqir edənlərə üç ilə qədər həbs cəzası nəzərdə tutur) və Pamukla yanaşı bu maddə ilə ittiham olunan daha 6 nəfəri azad etməyi tələb etdi.

Dekabrın 13-də isə səkkiz nəfər ədəbiyyat giqantı – Joze Saramaqo, Qabriel Qarsiya Markes, Günter Qrass, Umberto Eko, Karlos Fuentes, Xuan Qoytisolo, Con Apdayk və Mario Varqas Lyosa Pamuku dəstəkləyən bəyanatla çıxış etdilər.

Pamukla bağlı digər bəyanatlar da oldu. Məsələn, Avropa Birliyi Türkiyə Yığması Parlament başqanı Joost Lagendijk bəyanatında “Hökümət parlamentə dəyişiklik qanunu gətirə bilər.

Ediləcək şey budur. Bu, Türkiyənin imicinə çox böyük zərər vurdu. Avropada çox mənfi bir imic formalaşa bilər. Məşhur bir yazıçı haqqında cinayət işi açılırsa, məhkəmə binasının önündə milliyyətçilər onu döymək üçün hücum edirsə, demək ciddi problemlər var “ - dedi.

Bunun ardınca Avropa Birliyi Türkiyə raportçusu Camiel Eurlings “Hökümət verdiyi reforma sözünə sadiq qalmalı və bu işi bağlamalıdır” bəyanatını yaydı.

Türkiyə ilə Avropa Birliyi arasında ciddi problem yaradan Orxan Pamuk işi 2006-cı il yanvar ayının 22-də bağlandı.

Hər dəfə kiminlə Pamuk barəsində danışıramsa, əksərən söhbət mütləq bu siyasi qalmaqalların üstünə gəlir və adətən hamı birmənalı şəkildə onun yazdıqlarına “məşhur” müsahibəsinin pəncərəsindən baxır.

Ən insaflı oxucular isə uzağı belə deyir : “Böyük yazıçıdı, amma...” Mən bu “amma”nın yanına mətnlərinə gözümü yumub dünya ədəbiyyatında çox adamın adını yaza bilərəm. Lakin həmin adamlar çoxdan dünyasını dəyişiblər və bizim indi onlarla söhbətimiz yalnız mətnləri vasitəsilə alınır.

Sizi bilmirəm, mənim üçün bu ünsiyyət növü həmişə daha doğma olub. Renuarın dediyi kimi : “Yazmaq danışmağın ən yaxşı növüdür. Danışırsan sözünü kəsmirlər”.

Orxan Pamuk
Orxan Pamuk
Pamukdan yazdığımı biləndə ağız büzən, göz süzdürən, türkçülüyü, millətçiliyi tutan “növbətçi vətənpərlərin” əksəriyyəti, demək olar ki, bir-birinə bənzər cümlələr qurmağa başladılar:

“O vətən xaini, ermənipərəst satqın nə vaxtdan yazıçı olub, romançı olub ? Kimdir Orxan Pamuk? Nədən yazır axı? “

Necə deyərlər, rəsmi hissəyə keçmədən əvvəl, bu kinayəli sualı eşitməkdən yorulan bəndənizin damla-damla içində yığılan, böyüyən və nəhayət gün işığına çıxmaq üçün can atan bir cavabı var.

Orxan Pamuk “İstanbul” kitabında yazdığı kimi qar yağan kimi adamsızlaşan küçələri, axşamlar küçə fənərlərinin işığı altında əlində torba evə dönən ataları, soyuq dükanlarda titrəyə-titrəyə müştəri gözləyən qoca kitabsatanları, iqtisadi böhrandan sonra müştərilərin azalmasından şikayətlənən bərbərləri, maşın yolunda futbol oynayan uşaqları, boğazdakı vapurları, ağzına qədər işsiz-gücsüz adamlarla dolu çayxanaları, cənginə keçirməyə sərxoş turist gəzən səbrli pəzəvəngləri, axşamları evə gecikən ərlərini gözləyəndə tez-tez pərdələri aralayıb pəncərədən çölə baxan qadınları, cami önlərində risalə, təsbeh, dini ətirlər satan təkkəli ixtiyarları, axşamları boşalan bazar meydanını, böyük, möhtəşəm bir şəhəri – İstanbulu və onun hüznünü yazan türk romançısıdır.

O, türk dilini dünyanın ən böyük ədəbiyyat kürsüsünə çıxaran adamdır.
İndi isə sizdən xahiş edirəm bu yazının proloqundan çölə çıxın, çünki mənə mane olursunuz.

Avtobioqrafiya.

Orxan Pamuk 7 iyun 1952-ci ildə, İstanbulda, Nişantaşında doğulub. Birinci sinifə “İşıq litseyi”ndə başlayan Orxan, sonra “Memar Kamal” orta məktəbində təhsilini davam etdirib.

Sonradan bir məktəb də dəyişən Pamuk, orta təhsilini “Şişli Tərəqqi” məktəbində yekunlaşdırıb.

1970-ci ilində isə o, Robert kollecindən məzun olur. Böyüdüyü yer olan Nişantaşıyla və o illərlə bağlı təəssüratlarını Pamuk müsahibələrinin birində belə deyir : “Yaşadığımız evin küçəyə baxan pəncərəsindən avtomobil keçəndə “Aa avtomobil keçdi” deyərdik. Türkiyə üçün ilk sayılacaq şeyləri görmək imkanı olan bir yer idi.

Məsələn, ilk dəfə toster cihazını orda görmüşdüm. Camaatlar vardı, camaat həyatının yaşandığı bir yer idi.

Məktəblərdə dərslər bitəndə, küçələr şagird axınının içində itərdi. Azlıqların, özəlliklə ermənilərin və yəhudilərin çox yaşadığı bir yer idi. Sinfimizin üçdə biri azlıqlardan ibarət idi. Erməni, Rum, Yəhudi. Bunlar mənə adi gəlirdi. Elə bilirdim ki, bütün Türkiyə belədir.”

Gələcəyin nobelçisi kolleci bitirən kimi universitetə daxil olur. Atası və əmisi kimi İstanbul Texniki Universitetinin Memarlıq fakultəsinə qəbul olunur (İstanbulda olmasa da, Dostoyevski də Memarlıq fakultəsində oxumuşdu). Üçüncü kursdan memarlıq fakultəsini yarımçıq qoyur və 22 yaşında romançı olmaq qərarına gəlir. Mühəndisliyi atandan sonra təhsilini İstanbul Universitetinin jurnalistika fakultəsində davam etdirir. 1977-ci ildə universiteti bitirir, 80-ci ildə isə 12 sentyabr (12 eylül) sonrası çıxan qısa dönəm əsgərlik qərarından yararlanıb 4 ay əsgərlik çəkir. 1982-ci ildə 30 yaşı olanda, həm ilk romanını nəşr etdirir, həm də Aylin Türegünlə evlənir. 1991-ci ildə qızı Röya dünyaya gəlir.
Pamuklar əsil-nəcabətli, aristokrat nəsil olublar. Müsahibələrinin birində o, şəcərələri barəsində belə deyib : “Əcdadlarım nə vaxtsa Qafqazdan Türkiyəyə qaçmışdılar, orada, Anadoluda “Pamuk” ( pambıq) ləqəbi almışdılar. Sifətləri yerlilərin üzünə nisbətən daha ağ olduğuna görə onları belə adlandırıblar, pambıq lif-sənayesinə aidiyyətləri olmayıb. Dəmir yolu sahəsində işləyiblər. Babam otuzuncu illərdə dəmir yolu sahəsində əməlli-başlı varlanmışdı. O zamanlar Türkiyədə bu işə yenicə başlamışdılar. Şişirtmirəm, o çox varlı idi, amma tez öldü, övladlarına isə yeyə-yeyə bitirə bilmədikləri bir miras
buraxıb getdi. Bizdə indi də bir ailə zarafatı var : Babanın pulları hara getdi? “
Orhan Pamukun atası Gündüz Pamuk Türkiyə özəl sektorunda tanınan biznesmenlərdən, Amerikanın İBM şirkətinin Türkiyədəki ilk filial müdirlərindən olub. Gündüz Pamuk 1959-64-cü illər arasında İBM firmasının məhsullarını bütün dövlət idarələrinə və hərbçilərə satan adam idi. 1964-cü ildən sonra o, Ayqaz genəl müdiri, Koç Holdingdə Plan qrupu başqanı, Arçelikdə şöbə müdiri və iki ildə PETKİM-də rəhbər vəzifədə çalışmışdır. Gündüz Pamukun İsmət Paşayla da dostluq münasibətləri olub.
Orxan Pamukun anası Şəkürə Basman da aristokratlar nəslindəndi. Ana tərəfdən ulu babası 1700-cü illərdə Girit valisi olmuş İbrahim Paşadır. İbrahim Paşanın çoxlu nəvələri olub və bu xəttlə Pamukun olduqca maraqlı qohumları var. Məsələn, “Hürriyət” qəzetinin məşhur yazarı Doğan Hızlan, ”İş bankası” genəl müdiri Fərid Basmacı Orxan Pamukla uzaqdan da olsa qohumdurlar.

Orxan Pamukun əski həyat yoldaşı Aylin Türegün də aristokratlardandı. Aylin xanımın ana tərəfi Belorusiyadan köçmüş və Osmanlıda dövlət qulluğuna girmiş zadəganlar olublar. Atası isə Osmanlı Ədliyyə Naziri Kazım bəyin oğludur.

Demək olar ki, yazdığı bütün kitabları mükafat alan Orxan Pamuk 2006-ci ildə ədəbiyyat dünyasının baş mükafatı olan Nobel mükafatını aldı. Pamuk bu mükafatı alan ilk türk yazıçısı oldu. 2006-cı ilin oktyabr ayının 12-də, saat 14:00-da İsveç Kral Akademiyası Pamukun Nobelə layiq görüldüyü rəsmən bu cür açıqladı : “Ədəbiyyat üzrə Nobel mükafatı şəhərin melanxolik ruhunu axtararkən, mədəniyyətlərin bir-biriylə toqquşmasını və çulğalaşmasını ifadə etmək üçün yeni simvollar tapdığına görə Orxan Pamuka verilmişdir” . Həmin gün Fransa Milli Məclisinin qondarma “erməni soyqırımı” haqqında qanun layihəsini qəbul etdiyi gün idi və Pamuk nobel xəbərinin ardından ilk mətbuat açıqlamasında belə dedi: “ Bu mükafatı öz uğurum kimi deyil, təmsilçisi olduğum türk mədəniyyətinə və ədəbiyyatına verilmiş qiymət kimi dəyərləndirəm. ”Bu açıqlamada o, Fransa Parlamentinin aşağı palatasının qərarını da şiddətlə qınadı. Orhan Pamuk dekabrın 7-də İsveç Kral Akademiyasında “Atamın çamadanı” adlı Nobeli nitqini türk dilində oxudu və bu dili bilməyən bütün tamaşaçılar əllərindəki tərcümə mətnindən onun çıxışını dinlədilər. Bu çıxışı dünyanın bir çox televiziya kanalları canlı yayımlandı. Dinləyənləri duyğulandıran Nobel nitqini Pamuk “Atamın bu gün aramızda olmasını çox istərdim” sözləri ilə bitirdi. Pamuk 10 dekabrda, Stokholm Konsert salonunda, İsveç Kralı XVI. Karl Gustavdan Nobel ödülünü rəsmən aldı.

Cövdət bəy və oğulları.

Nişantaşında yaşayan bir ailədən danışan bu romanda hadisələr 1905-ci ildə, Əbdülhəmidin son günlərində başlayıb, 1970-ci illərə qədər davam edir. Roman əsərin baş qəhrəmanı Cövdət bəyin və onun ailəsinin üç nəsil boyunca davam edən, enişli-yoxuşlu hekayəsindən ibarətdir. Roman XIX əsrin klassik roman üslubunda yazılıb və “nəsil romanı”, “ailə romanı”, “ailə saqası” deyilən növə aiddir.

Bu romanı Orxan Pamuk 22 yaşında yazmağa başlayıb və 1978-ci ildə, 26 yaşında bitirib. Romanı yazdığı illəri özü belə xatırlayır : “Anamla bir evdə qalırdım. Səkkiz il ikimiz bir yerdə yaşadıq. Yazıçı olmağa qərar verdiyim üçün əndişələnirdi. Mən yazmağa başlayanda gecə yarısı qapımı açıb : “Yazırsan? Barı o qədər çox siqaret çəkmə” – deyərdi. Bu “barı” sözünü mən “Onsuz da lazımsız bir işnən məşğulsan, heç olmasa səhhətinə ziyan eləmə” mənasında başa düşürdüm. “

Roman 1979-cu ildə “Milliyət yayınları Roman ödülü”nə layiq görüldü. Amma romanı çap etdirmək üçün Pamuk hələ üç il gözləməli olacaqdı. Pamuk o üç ili “öfkəli illər” adlandırır. Bu üç ildə o, həyat yoldaşı ilə birgə bəlkə bir nəşr edən tapılar deyə sənət dərgilərinə “Mükafat almış roman var, satılıqdır” elanı verməyi də düşünübmüş.
Pamukun romanı yazdığı illərdə türk ədəbiyyatında roman janrı “kənd realizmi”nin təsiri altındaydı. O illərdə yazarlar daha çox kənd həyatından bəhs edən, bəzisi uğurlu, lakin əksəriyyəti səthi müşahidələrlə dolu romanlar yazırdılar. Bu romanların oxucusu geniş xalq kütlələri idi və bu oxucu kütləsinin romanda modern strukturu, texnikanı mənimsəməsi, qavraması çətin idi. Bunun səbəbi romanda dominant oxucunun yerinə
Gənc Orxan Pamuk
Gənc Orxan Pamuk
ictimai məsələləri, vətəndaş-dövlət münasibətlərini aydınlaşdıran, müşahidə edən, qərarlar verən bir yazıçı-müəllim tipiydi. Ölkənin içində olduğu iqtisadi vəziyyətin pis olması, xalqın dövlətlə əlaqələrinin qatı bir bürokratik dalana dirənməsi, kənd romanını və romanın qida mənbələrini gündəmdə saxlayırdı.

1960-ci illərin sonunda yazmağa başladığı “Aylak adam” ( Avara adam) romanı ilə anglosakson ədəbiyyatın əsas struktural özəlliklərini əsərinə ustalıqla tətbiq etmiş Yusif Atılqan oxucular tərəfindən mənimsənməmiş, o da ikinci romanını yazmaq üçün uzun müddət gözləməli olmuşdu. Başqa bir misal çəkək. 1970-ci illərin əvvəlində yazmağa başlayan Oğuz Atay ilk romanı “Tutunamayanlar” ilə qərb romanının bütün modern texnikasından (daxili monoloqlardan, dram formalarından, şüur axınından, şeirdən və s) bu romanda istifadə etmişdir. Nəticə yenə də eyni cür olmuşdu, Oğuz Atay da çoxluğun içində tək qalmışdı.

Bu barədə Yıldız Ecevit “Orxan Pamuku oxumaq” kitabında yazır : “Belə bir mühitdə, “bilgiləndirməyə” və “ istiqamətləndirməyə” alışmış oxucunun, yeni forma xüsusiyyətlərinə və ədəbiyyat cəhdlərinə təpki göstərməsi təbiidir. Türk roman oxucusu da, əksər tənqidçilər də, bu cür romanlar qarşısında, yönləndirilməyin əksikliyini çəkməkdə, özəlliklə də “ ictimai” mesaj tapmadıqları mətnləri ənənəvi “əxlaqçı” yanaşmayla ədəbiyyatdan kənar saymaqdadırlar. Türk ədəbi tənqidində bir çox yerdə “realist” sözü bir dəyər kateqoriyası kimi qəbul edilmiş, bir “tərif” özəlliyində olmuş, ənənəvi-realist yoldan sapan mətnlərsə “romantik” sözü ilə damğalanmış, dəyərsiz sayılmışdır. “

1989-cu ildə verdiyi müsahibələrdən birində isə Orxan Pamuk “Cövdət bəy və oğulları” romanının yazıldığı dönəmlə bağlı görüşlərini belə ifadə edib : “ Mən “Cövdət bəy və oğulları”nı 1974-dən bəri yazırdım. O vaxtlar Türk ədəbiyyatında hakim olan roman tərzi, hakim olan roman ideologiyası kənd romanı idi. Belə bir əhvalat danışım. “Cövdət bəyi” yazdığım illərdə, ədəbiyyatla o qədər də əlaqəsi olmayan biri nəfər mənə “Sən roman yazırsan, kəndi bilirsən ki? “ demişdi. Onun düşüncəsinə görə roman kənddən olmalıydı. Mən yazmağa başlayanda bu hakim düşüncənin ağırlığı altında yazırdım.”
Orxan Pamuk romançı olmağa 22 yaşında qərar verib. Həyatının bu vacib seçim məqamında qısa müddət şairliklə-romançılıq arasında tərəddüd edib və romanı seçib. Ailəsindən gələn iqtisadi rahatlıq, ona çox az yazıçıya qismət olan bir mühit imkanı verib və o maddi qayğıları düşünmədən illər boyu romanları üçün lazım olacaq detalları toplayıb, oxuyub, araşdırıb və yazıb. İyirmi yaşında bu romanı yazmağa başlayanda o, əsərini bir il içində bitirib, tez də çap etdirməyi düşünürmüş. Amma romanın yazılması uzun çəkir. Səkkiz ildən sonra roman çap olunanda, bütün bu illər ərzində romanı yazarkən yazıçı kimi vacib iki keyfiyyəti qazandığını deyir Pamuk : ifrat optimizm və pessimizmin düşməni səbr.

1980-ci illərdə Türk romançılığında dəyişimin də başladığı zamanlardı. Yusuf Atılqan, Bilge Karasu, Oğuz Atay, Sevim Burak kimi yazarların “Bütün əsərləri” nəşr edilməyə başlanmış, yeni romançılar da maraqlı əsərlər çap etdirməyə başlamışdılar. “Cövdət bəy və oğulları” çap olunandan sonra “ avtobioqrafik” xüsusiyyətləri qiymətləndirilir. Orxan Pamuk ədəbi metodların, yanaşmaların fərqində olduğu üçün bu “avtobioqrafik” sözünə roman anlayışı çərçivəsində qarşı çıxır:

“ Avtobioqrafik sözündən nə anlaşılır, dəqiq bilmirəm. Əgər yazıçının yazdığını müəyyən mənada həm də “yaşamış” olduğuna işarə edilirsə, əcəba bunun ölçüsü nə qədərdir ? Bu sözün ümumi olaraq işarə etdiyi mənaya görə “Qaranlıq və işıq “ (“Cövdət bəy və oğulları” romanının ilk adıdır ) avtobioqrafik deyil. Amma mənə elə gəlir ki, romanda təsvir edilən tipləri – bəlkə də insanları demək daha doğrudur – mənim yazdığım yaxınlıqdan çox az adam yaza bilər. (...) Amma bir roman mənim başa düşdüyüm mənada həm avtobioqrafik ola bilər, həm də subyektiv olmaya bilər. Məncə mənim romanım da belədir. Bəzi romançılar oxucuda yaratmaq istədikləri təsiri, romanın forması ilə yox, yazdıqlarını “yaşamış” olduğuna hamını inandıraraq nail olmaz istəyirlər. Amma artıq yaxşı romançılar, romanlarını başqa heç bir şeylə kompensasiya edilməyəcək bir bilgiylə yazmalı olduqlarını bilirlər. “

Əsasən XIX əsrin romançılarından – Tolstoy, Stendal və təbii ki, Dostoyevskidən təsirlərlə yazılmış “Cövdət bəy və oğulları”nda, həm də məşhur alman yazıçısı, Nobel mükafatı laureatı Tomas Mannın “Buddenbruklar ailəsi” romanının təsiri hiss olunur. Roman “Milliyət Yayınları Roman mükafatı”nı “Qaranlıq və işıq” adıyla almışdır. Stendalın dünyaca məşhur “Qırmızı və qara” romanının adını xatırladan romana ( həm də özündə ondan izlər daşıyan) görə Pamuk mükafatı tək almayıb. Həmin il onun mükafatına Mehmet Eroğlu da öz romanıyla şərik olub. Mükafat alandan sonra 3 il çap etdirə bilmədiyi romanını Pamuk 1982-ci ildə axır ki, nəşr etdirir və roman bir ildən sonra “Orxan Kamal roman ödülü”nə layiq görülür.

Bir az da romanın özü barədə.

Orxan Pamuk “Cövdət bəyi” yazarkən XX əsrin əvvəlləri ilə bağlı çoxlu oxuyub, araşdırıb. O illərdə dərc olunan köhnə qəzetlər, “Demiryol” dərgisinin nömrələri, əski fotolar, kitablar və s. Bu mənbələr onun üçün dekorasiyanı yaratmaqdan daha çox, o illərin havasıyla nəfəs almağa çalışmaq çabasıydı.

Bu romanı Pamukun özü də, tənqidçilər də “ailə romanı” (almanca Bildungsroman) növünə aid edirlər. Romanın bir neçə özəlliyinə görə bu növə aid etmək olar. Böyük bir ailə, bu ailəni birləşdirən böyük bir ev, ailəyə xas törənlər, rituallar, xüsusi günlər, ailə fərdləri arasında spesifik sözlər və hərəkətlər və s.

Bütün bunların başqa önəmli olan, yazıçının romanında işlədiyi ailənin bir neçə nəsil boyunca davam edən ruhunu tuta bilməsidir.

Romanda ən geniş yeri sözün bütün mənalarında EV anlayışı tutur. Əsərin birinci hissəsində Cövdət bəyi evliliyə hazırlaşır və köməkçisi Zeliha xanımla birgə Vəfadakı “dörd otaqlı kiçik taxta bir evdə” yaşayır. Quracağı böyük ailənin rahata yaşaması üçün “Evlənəndə yaşamaq üçün Nişantaşı ya da Şişlidə böyük bir ev” almaq qərarına gəlir. Romanın birinci hissəsinin 9-cu bölümündə ( “Nişantaşında Kagir bir ev” ) həmin evin artıq alındığını görürük. Pamukun 1970-lərə qədər yazdığı Cövdət bəyin nəsli bu evdə böyüyür, evlənir, uşaq sahibi olur və ölür.

Bundan başqa romanda “Ailə romanı”nın önəmli atributlarından biri olan ƏŞYALARA da xüsusi önəm verilib. Pamuk ən xırda ev əşyası vasitəsilə ilə zamanın keçməsini,
Orxan Pamuk məhkəmə iclasından çıxır. 16 dekabr 2005, İstanbul
Orxan Pamuk məhkəmə iclasından çıxır. 16 dekabr 2005, İstanbul
dəyişməni, deqradasiyanı göstərir. Cövdət bəyin həyat yoldaşı Nigan xanım evliliklərinin 30-cu ildönümündə belə düşünür : “Sanki hər şeyin istifadə olunmasını, süfrələrin ləkələnib cırılmasını, çəngəl-bıçağın itməsini görmək istəyirəm. “

Böyük ailədə Cövdət bəy üçün və həyat yoldaşı Nigan xanım üçün dəyər kəsb edən bu əşyalar sonrakılar üçün mənasını itirir. Bu mənəvi aşınma ikinci nəsildə Cövdət bəyin qızı Ayşədə ( o öz pianosuna, divanlara, kreslolara, qab-qacağa ilk etinasız yanaşan adamdı ), üçüncü nəsildə isə Əhməd də baş verir. Əhməd artıq XX əsrin 70-ci illərinin adamıdı və ailəyə, onun tarixinə özgələşmə, maddiyatçılıq onda daha qabarıq görünür. Əhməd üçün köhnə əşyaların ancaq maddi tərəfi olar bilər : “ Bəli, əşyalar ! – deyə düşündü. Otağın içindəki əşyalara baxdı. Hər yer əşya ilə doluydu. Köhnə evin yerinə yeni bina evi tikilən il Nigan xanımın öz əşyalarını öz mərtəbəsinə daşımasını ailədə hələ də danışırdılar. Divarlarda təsbehlər, bəzi balaca suvenirlər və Cövdət bəyin rəsmləri asılıydı. Sədəf dəstlər, stullar, divanlar, kreslolalar,masalar arasında gəzmək üçün insana çox az yer vardı. Heç istifadə edilməyən piano üstünə suvernirlər filan qoyulan masa yerinə işlənirdi. Üstündə Nigan xanımın qiymətli qab-qacağı, çini güldanları,çay fincanları, boşqablar vardı. Nigan xanım qırılar deyə bunlara kiminsə toxunmasına icazə vermirdi. Özü də aylardır onlara toxunub tozlarını alacaq vəziyyətdə deyildi deyə, onların üstünü barmaq qalınlıqda toz basmışdı. Əhməd birdən: “ Bunlar nə qədərə gedər ?” – deyə düşündü və üşəndi. “Bunlardan bir-ikisini əkişdirsəm Həsəngil altı ay jurnal çıxardar ! “

Romanda müxətlif törənlər – qurban bayramı, sünnət, ad günləri - nəsil və ailə həyatında önəmli olan məclislər də detallarla təsvir edilib. Pamuk Cövdət bəyin ailəsinin tarixini yaza-yaza həm də modernləşməyə, sənayeləşməyə başlayan Türkiyənin tarixi yazır. Təkcə bir fakt demək olar ki, Cövdət bəy bizim həyət evi dediyimiz geniş evdə yaşayır, onun övladları isə ölümündən sonra analarını razı salıb həmin evi sökür və yerinə bina evi tikirlər. Bu klassisizmdən modernizmə, xanədanlıqdan cumhuriyyətə, şərq düşüncəsindən qərb düşüncəsinə, həyət evindən bina evinə, üfüqidən şaquliyə olan bu keçidlər həm də Türkiyənin keçməkdə olduğu yolu göstərir.

Romanda klassik romanlara xas olan, xüsusən XIX əsr realist romanlarında sevilən məktubdan,gündəlikdən də istifadə edilib. Rəfiqin dilindən yazılan bu məktublar və gündəliklər onun baxış bucağından, birinci şəxsin dilindən hadisələrə yön verir, onlar barədə müəllifin izahedici mövqeyini ortaya qoyur.

Roman bütövlükdə 3 böyük bölümdən ibarətdir. Birinci böyük bölüm “İlksöz” adlanır və 12 hissəyə ayrılıb. Romanın birinci hissəsi Cövdət bəyin səhər yuxudan oyanması ilə başlayır və bir hadisə zənciri üzrə davam edir. Birinci bölüm bütünlüklə Cövdət bəyə həsr olunub. Onun evlənməsi, ev alması, işində böyüməsi, qardaşının ölümü, bütün irili-xırdalı hadisələrin mərkəzi nöqtəsi burda Cövdət bəydi.

İkinci bölüm “İkinci bölüm” adlanır və hər biri qısa başlıqları olan 62 hissədən ibarətdir. İkinci bölümdə xəttlər genişlənir, məkanda böyüyür. Cövdət bəy bu ikinci bölümün içində 1937-ci ilin qurban bayramında dünyasını dəyişir. İkinci bölüm Rəfiq ilə Pərixanın yeni doğulmuş qızları Mələklə birgə Cihangirdəki yeni bir binaya köçmələri ilə bitir.
Romanın sonuncu bölümü “Sonsöz” adlanır və 16 hissədən ibarətdir. Bu son bölüm 1970-ci ilin Türkiyəsini təsvir edir və məlum olur ki, ilk bölümdə olduğu kimi (1905-ci il Əbdülhəmidə bomba atılıb) bu son bölümdə də ölkədə siyasi vəziyyət gərgindi.Bu bölüm demək olar ki, bütünlüklə Əhmədə həsr edilib və nəslin deqradasiyası burada özünü tam büruzə verir.

Pamuk sonrakı romanlarında personajların adlar sistemi ilə bağlı dəqiq, düşünülmüş, konseptual yanaşmanın izlərini ilk romanında görmək olar. Cövdət bəyin biznesə başladığı illərdə İstanbulda işbazlar daha çox qeyri-müslimlər idi və burada Cövdət bəy özünü tək hiss edir. Tutalım, onlardan birinin adı Əskinasidir. Əskinasi adıyla Pamuk həm formalaşmaqda olan biznes münasibətlərinə, həm köhnəliyə, həm də adı çəkilən adamın maddi durumuna işarə edir. Yaxud Cövdət bəy qardaşı Nüsrət öz oğluna Ziya adını verib. Cövdət bəydən fərqli olaraq, təhsili olan, bir müddət Fransada yaşamış Nüsrət qardaşının tam əksidir. O oğluna Ziya adı verməklə onun oxumuş, savadlı, ziyalı, işıqlı bir qərb aydını kimi böyüməsini arzu edir. Nüsrət qərbyönümlü bir aydındır. Pamuk Cövdət bəyin qardaşı Nüsrəti sanki o dövrün formalaşmaqda olan ziyalılarının simvolu kimi ümumiləşdirir və o zamankı mövcud durumda ona yaşama haqqı vermir. Nüsrət vərəmdən ölür. Nüsrəti vərəmdən öldürməklə ziyalının vəziyyətinə, onun düşüncələrinin toplum tərəfindən necə qarşılanmasına dolayı işarə edir. Konservativ toplumlarda mütərəqqi ideyalar şəbəkələşə bilməyəndə, Nüsrət kimi fərd şəklində, tək qalanda, o məhvə məhkumdur. Cəmiyyət üçün onlar vərəmli xəstələrdir.

Əslində, Cövdət bəylə-Nüsrətin, bu iki qardaş arasındakı toqquşmanın mahiyyətində elə Türkiyənin modernləşməsi problemi durur. Cövdət bəy üçün qardaşı məsuliyyətdən qaçan, dikbaşın biridir. Nüsrət isə qardaşı Cövdətin məşğul olduğu işə istehzayla yanaşır və onu puldan başqa bir şey düşünməyən biri kimi görür. Qardaşlar arasındakı bu fərqlilik həm belə bir ziddiyətli sualı ortaya çıxarır : Qərbin industrial bir toplum olduğunu çox yaxşı bilən sərmayə sahibləri necə olur ki, Türkiyədə modernizmi təmsil edənləri “ mənfəətpərəst” sayırlar? Həm də necə olur ki, qərbdə sahibkarlar modern ictimai düşüncənin vacib fiqurlarından olsalar da, Türkiyədəki ictimai dartışmalardan uzaqda dururlar?

(Ardı olacaq)
XS
SM
MD
LG