Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:11

Mirzə Fətəli Axundov «Sübhün səfiri»ndə


Mirzə Fətəli Axundov
Mirzə Fətəli Axundov
«Mirzə Fətəlinin iş otağı. Yazı masasının üstündə kitablar, əlyazmalar, qələm. Divardan asılan tar və rəsm əsərləri. Kamera dəhlizdən gələn səsə tərəf hərəkət etdikcə kadrda dəhlizə açılan mətbəx görünür». Təsəvvürünüzdə canlandırdığınız bu kadr «Sübhün səfiri» filminin ilk səhnəsidir.
«Azərbaycanfilm» kinostudiyasının soyuq pavilyonunda dekorasiya qurulub: ağzı üstə çevrilmiş qazanlar, yerə dağılmış taxtalar var. Yanı üstə yıxılmış şam yanır, yandıqca əriyir. Mirzə Fətəli Axundovun ömrü ilə bu yanıb özünü tükəndirən şam arasında əlaqə axtarıram... Zatən, bu film də onun barəsindədir. Bayaq da burda dərviş Məstəli şah Parisi partladırdı.
AXUNDOVUN SON GÜNLƏRİNDƏN UŞAQLIĞINA
Filmdə Mirzə Fətəli Axundovu Rasim Balayev, onun həyat yoldaşı Tubu xanımı Məlahət Abbasova oynayır. Filmin ssenarisi Anar, bəstəkarı Cavanşir Quliyevdir. Axundov haqqında ilk dəfə film «Səbuhi» sovet dövründə, ötən əsrin əvvəllərində çəkilib.
Filmin rejissoru Ramiz Həsənoğlu mənə bələdçilik edir. Deyir ki, hələ filmin 20-25 faizini ancaq çəkiblər, işin böyük hissəsi durur. Çəkilişlərin bir hissəsi Şəkidə aparılıb. Sonra havalar dəyişdiyindən qərara alıblar ki, Bakıda studiya çəkilişlərini etsinlər:
- Film Axundovun son günlərindən başlayır. Ta gedirik uşaqlığına...
Filmdə Axundovun əsərlərinə geniş yer verilir. İki seriyalı filmdə yaradıcı qrup mövzudan-mövzuya keçir, bir-birindən fərqli səhnələr yaradırlar. Bayaq Axundovun qəhrəmanları gəlmişdi onun filminə. Dərviş Məstəli şahı oynayan Loğman Kərimov cidd-cəhdlə Şəhrəbanunu- Dilarə Əliyevanı inandırmağa çalışır ki, o divlərin, əcinnələrin əlmuzdunu ona versin. Buna etiraz edəndə isə Şəhrəbanunun üstünə səsini qaldırır:
- Xub! Xub! Xub! Min-min tümənə dəyən şəhəri viran qoyursuz, yüz tümən deyirsiz çoxdur?
«PARİS DAĞILIR»
Rəssamlar otağı
Rəssamlar otağı
Bu səhnə çəkildi, rejissor məmnun görünür, Şəhrəbanuya-Dilarə Əliyevaya paltosunu geyinib kənarda gözləməyi tapşırır, sonra da növbəti səhnənin göstərişlərini verir: «İndi çəkirik, ya Zəleyxa-ya meleyxa... deyir şəhəri dağıdır... Amma şəhəri dağıtmırsan, bunu sonra çəkəcəyik».
Yaradıcı heyətdən kimsə səhnəyə əl gəzdirməyi məsləhət görür: «Bu qazanları burdan götürək, bir az yaxınlaşdıraq. Kömək edin, uşaqlar. O qazanı götürün ordan... bura gətirin». Qazanın üstünə yığılan taxtalar aşır, aləmi səs bürüyür. Kiminsə «Paris dağıldı» deməsi gülüş doğurur. Tüstü verirlər, hər şey inandırıcıdır. Dərviş Şəhrəbanunu, rejissor da tamaşaçısını inandırmağa çalışır ki, indi burda Paris dağılacaq:
- Ya səleyxa, ya məleyxa, qaldırın Parisi, vurun yerə! Necə ki, mən bu heykəlləri vurub dağıdacam!...
«ALDANMIŞ KƏVAKİBİ» ÇƏKMƏK CƏSARƏT İSTƏYİR
Aktyorlar məşq zamanı
Aktyorlar məşq zamanı
«Axundovun bu məşhur əsəri Azərbaycan tamaşaçına tanışdır, nə əcəb digər əsərlərindən istifadə eləmirsiz?», - Ramiz Həsənoğlundan soruşuram. Deyir ki, «Sübhün səfiri»ndə Mirzə Fətəlinin digər əsərlərindən də fraqmentlər veriblər. O indi bütün süjeti danışmaq istəmədiyini dedi, amma sözlərinə görə, Yusif Sərracı da görə biləcəyik bu filmdə. «Nədən elə «Aldanmış kəvakibi» çəkmədiz?» soruşuram. Ramiz Həsənoğlu deyir ki, buna cəsarət tapmır:
- Bunu çəkmək böyük cəsarət istəyir. Çox şey var o əsərdə. Amma böyük məmnuniyyətlə çəkərdim bu əsəri. Ramiz Rövşənlə danışmışıq bu barədə.
- Ramiz bəy, film Axundovun son günlərindən başlayır. Bəs onun ölüm səhnəsini, cənazəsinin bir neçə gün yerdə qalması faktını necə, filmdə verirsizmi?
- Buna toxunulub. Yəni, onun dəfn problemi olub. Bilinir ki, cənazə üç gün ortalıqda qalıb. Sonra tarixdən məlumdur ki, üç qəbiristanlıq arasında boş yerdə basdırılsın.
- Axundov öz dövründə fikirlərinə görə kütlə tərəfindən qəbul olunmayıb. Bu, filmdə qabarıq görünürmü?
- Görünür, Həsən bəy Zərdabi ilə görüşləri var, Mirzə Şəfi Vazehlə olan görüşləri. Bu görüşlər onun dünyagörüşünün formalaşmasında rol oynayıb.
İSTƏMƏZDİK FİLM AXUNDOVUN TALEYİNƏ BƏNZƏSİN
- Mirzə Şəfi ilə kiçik Axundovun dialoqu var, onun gələcəkdə ruhani təhsilini yarımçıq qoymasına səbəb olan dialoqu. Bu dialoq da varmı filmdə?
- Artıq çəkilib bu epizod.
- Bunu niyə soruşuram. Yazıçı Rafiq Tağı öldürülüb, onun da yazılarında dini faktorlar var.
- Allah rəhmət eləsin, çox üzüldüm eşidəndə. Görürsüzmü Axundov nə qədər aktualdı bu gün?
- Bu epizodu çəkəndə tərəddüdünüz olmadı ki?
- Heç bir tərəddüd olmadı. Ssenaridə vardı, mən də çəkdim. Biz bilirik nəyə gedirik və istəməzdik ki, film Axundovun taleyinə bənzəsin.
XS
SM
MD
LG