Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 03:56

M.F Axundov haqqında filmi nə vaxt görə biləcəyik?


Mirzə Fətəli Axundov
Mirzə Fətəli Axundov
Bakıda yağış yağır, Şəkidə gün çıxıb!

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına Şəkidə Mirzə Fətəli Axundov haqqında film çəkən rejissor Ramiz Həsənoğlu söylədi. Ramiz bəy xoş havadan başqa daha nədən danışdı? Onunla atüstü müsahibə ilə tanış olun.

--Ramiz bəy, xoş gördük! «Sübhün səfiri» filminin çəkilişləri necə gedir?

--Yaxşıdır. Deyirlər Bakıda yağış yağır. Amma Şəkidə gün çıxıb. Odur ki, işlərimiz yaxşı gedir. Göz dəyməsin! Azərbaycanda 9 iqlim qurşağı var. Bu mənada bəxtimiz gətirib.

ŞƏKİ TİFLİSİN «ŞEYTANBAZARI»NA BƏNZƏYİR

--Bakıda çəkilişlər bitdi?

--Yox. Hələ bitməyib. Çəkilişlərin böyük bir qismi Şəkidə planlaşdırılır. Burada biz Mirzə Fətəlinin həyatının Şəki dövrünü deyil, Tiflis dövrünü də çəkməyi planlaşdırırıq. Çünki Şəkinin küçələri, ab-havası Tiflisin «Şeytanbazarı»na çox uyğundur. Odur ki, qərar verdik ki, çəkilişləri davam etdirək.

--Belə çıxır, Tiflisə getməyə gərək qalmayacaq?

--Yox, nə danışırsınız…Tiflisə gedəcəyik. Tiflisdə gerçəkləşdiriləcək bəlli planlar var. Onu orada çəkməliyik. Tiflisin fonu, girəcəyi-filan… Hətta kiçik epizodları Tiflis küçələrində çəkmək fikrindəyik. Amma böyük ölçülü planları Şəkidə çəkəcəyik.

«BRÜSSELDƏN MƏKTUBLAR» FİLMDƏ DƏ OLACAQ

--Bəs Bakıda hansı hissələr çəkildi, hansılar qaldı?

--Bakıda Mirzə Fətəlinin evinin içində baş verənlər çəkildi—pavilyonda. Bilirsiniz ki, Mirzə Fətəlinin oğlu Rəşid Brüsseldə oxuyub və atasıyla məktublaşıb. Brüssel həyatını Bakıda planlaşdırmışıq.

--Ramiz bəy, lütfən, AzadlıqRadiosunu dinləyənlərə və saytımızın oxucularına yaradıcı qrup barədə bir az bilgi verin …

--Məmnuniyyətlə. Ssenari müəllifi Anardır. Quruluşçu operator Kənan Məmmədovdur—Azərbaycanın çox tanınmış operatorudur. Quruluşçu rəssam Rafiz İsmayılovdur. O da tanımış rəssamdır. Hər ikisi Azərbaycan kinosuna 40 ildən çox əmək verən insandır. Bəstəkarı Cavanşir Quliyevdir. Biz Cavanşirlə 10-dan artıq layihə üzərində birgə çalışmışıq. Filmdə çəkiləcək aktyorlardan söhbət gedəcəksə…

YETKİN MİRZƏ FƏTƏLİNİ… RASİM BALAYEV OYNAYACAQ

--Əlbəttə, gedəcək! Mənim növbəti sualım elə bu olacaqdı…(Gülüşmə) Mirzə Fətəli obrazını kimin canlandırması hamı üçün maraqlı olsun gərək.

--Mirzə Fətəlinin həyatını ssenaridə bir neçə mərhələdə əhatə edirik. Ona görə bu obrazı üç aktyor canlandıracaq. Balaca Fətəli—8-10 yaşlı, gənc Fətəli—16-20 yaşlı və yetkin Fətəli—50 ilə 66 yaş arası. Rasim Balayevin canlandırdığı yetkinlik dövrünə ssenaridə daha çox yer ayrılıb. Mirzə Fətəlinin həyat yoldaşı Tubu xanımı Məlahət Abbasova oynayır. Bilirsiniz ki, o, Türkiyədə fəaliyyət göstərir, amma bizim filmdə də çəkiləcək. Qızı Nisə xanımı gənc aktrisa Günəş canlandıracaq. Filmdə Azərbaycanın tanınmış aktyorları çəkilir. Abbasqulu Ağa Bakıxanovu Fəxrəddin Manafov oynayır, Mirzə Şəfi Vazehi Ayşad Məmmədov. Axund Hacı Ələskər rolunda Bəxtiyar Xanızadə çəkilir. Həsən bəy Zərdabini Məmməd Səfa canlandırır... Anar ssenarini elə qurub ki, Mirzə Fətəlinin bədii yaradıcılığı sanki şəxsi həyatı ilə bir-birinə hörülüb.

OYAN, FƏTƏLİ, ANAN GEDİR!

--Ramiz bəy, bir sirri bizə açarsınızmı? Filmdə Fətəlinin Xamnə dövrü əks olunubmu? Yəni tarixdəki kimi, bacısının onu yuxudan oyadıb «anan gedir, Fətəli, oyan, bir də onu görməyə bilərsən»—dediyi o tarixi an varmı ssenaridə?

--Sevda xanım, onlar hamısı filmdə əksini tapıb! Hətta o epizodu çəkmişik. Cənubi Azərbaycandakı Xamnə kəndini biz Bakının Qala kəndiylə əvəzlədik. Rəssam və operatorumuz o yeri seçdilər. Çox uyğundur—dedilər. Yaxşı da alındı. Yəni Bakıda müəyyən hissələr çəkdik. İndi burada havadan ehtiyatlanırıq ki, birdən korlanar. Üzü qışa gedir. Havalar qarlı-yağışlı ola bilər. Amma şükür, havalar hələ ki, imkan verir natura hissələrini çəkməyə. Bir-iki həftə də belə davam etsə, işlərimizi bitirəcəyik. İnşallah, Yeni il ərəfəsində də İstanbulda çəkilişlərimiz olacaq.

--Bəli, bəli. Axı, Mirzə Fətəli əlifbanın dəyişdirilməsiylə bağlı İstanbula səfər edib vaxtilə…

--Elədir. Rəfa məclisində oranın bilim adamlarıyla görüşüb və nəticədə cəhdi uğursuz alınıb—bütün bunlar da ssenaridə əksini tapıb.

--Və nəhayət, Ramiz bəy, filmi nə vaxt görə biləcəyik?

-- Filmin çəkilişləri fevralda bitməlidir. Gələn il Mirzə Fətəli Axundovun da 200 illik yubileyidir. Allah bizə yar olsa, o böyük yubileyə filmi bitirmək istəyirik. Payız aylarında—yubiley günlərində filmin göstərilməsi planlaşdırılır.

--Ramiz bəy, təşəkkür edirəm müsahibə üçün. Sizə xoş hava arzulayıram. Ümid edirəm ki, filmin çəkilişləri bitəndən sonra AzadlıqRadiosuna qonaq gələcəksiniz.

--Böyük məmnuniyyətlə!
XS
SM
MD
LG