Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:10

Əsgərə son iynəni vuran həkimin dedikləri (VİDEO)


Həlak olan əsgərin valideynləri danışdı...
Gözlə

No media source currently available

0:00 0:04:24 0:00
Direct-ə keçid

Eldarı boya-başa çatdırmış Xuraman Qəribova və digər ailə üzvləri deyirlər ki, onun ölümü gözləri qarşısında baş versə də, onlar üçün hələ də müəmmalıdır.

Ölümü ilə bağlı xəbərlər iki gündür mətbuatdan düşməyən əsgər Eldar Novruzovun ailəsində ağlaşmadır. 19 yaşlı əsgərə qoyulmuş son diaqnoz çürümə ilə müşahidə olunan xəstəlik - veqener qranulematoz olub. 3 ay ərzində yerli hərbi xəstəxanalarda onun dərdinə əlac tapılmadığından valideynlərinin təkidi ilə Müdafiə Nazirliyi xəstə əsgəri Türkiyənin Gülhanə hərbi xəstəxanasına göndərmək barədə qərar qəbul edib. Ancaq valideynlərin dediyinə görə, artıq gec olub. Xəstənin təyyarəyə mindirilməsinə dəqiqələr qalmış vəziyyəti ağırlaşıb və o, keçinib.

10 MİN MANATLIQ KOMPENSASİYA?

Eldarı boya-başa çatdırmış Xuraman Qəribova və digər ailə üzvləri deyirlər ki, onun ölümü gözləri qarşısında baş versə də, onlar üçün hələ də müəmmalıdır. Xuraman Qəribovanın sözlərinə görə, Eldarı müşayiət edən hərbi həkim xəstəyə iynə vurandan bir neçə dəqiqə sonra Eldar keçinib:

“Nə iynə idisə çıxartdı, yalandan təzyiqini də ölçdü, o iynə vurulmaqla da, uşaq öldü”.

Mərhum əsgərin atası Qədir Novruzov isə deyir ki, oğlu xəstəliyə tutulandan sonra Mərkəzi Hərbi Hospitaldan əvvəlcə ona təklif ediblər ki, əsgəri ordudan tərxis etsinlər, 10 min manat kompensasiya ödəsinlər və ata öz övladını özü müalicə etdirsin. Ancaq o, razılaşmayıb. Atanın sözlərinə görə, Mərkəzi Hərbi Hospitalda həkimlər xəstə əsgərin həyatına biganə yanaşdıqlarından, o, türkiyəli həkim Burhan Dadaşa müraciət edib.

“HƏR GÜN UŞAĞI MƏRKƏZİ KLİNİKAYA APARIRDIM”

Burhan Dadaş Mərkəzi Klinik Xəstəxanada xəstəni əməliyyat edib. Ata deyir ki, hər gün oğlunu hospitaldan çıxararaq mülki xəstəxanaya aparmalı olub. Bütün xərclərini də özü çəkib.

Qədir Novruzov:

“Hər gün uşağı ordan Mərkəzi Klinikaya aparıb burnunu təmizlədirdim. Axırıncı dəfə aparanda hərbi hospitala zəng vurub dedim ki, mən daha uşağı ora qaytarmayacağam. Prokurorluğa gedib şikayət ərizəsi verəcəyəm. Uşağı aparıb prezident aparatına təhvil verəcəyəm. Dedilər qaytar, biz onu Türkiyəyə yollayacağıq”.

Atanın sözlərinə görə, hospital rəhbərliyi vəziyyəti günbəgün ağırlaşan əsgərin ailəsini aldadırmış ki, onu Türkiyənin Gülhanə hospitalına yollayacaq: “Hər gün gedirdim hospitala, aşağıdan zəng edirdilər hospitalın rəisi Qurbanova, deyirdi özüm məşğul olacam. Həkimlər deyirdilər biz kimik, bizdən böyüklər var, şikayətedəcəyimi deyəndə də cavab verirdilər ki, heç kimdən qorxmuruq”.

AKSİYADAN SONRA GÜLHANƏ XƏBƏRİ

Ata deyir ki, aldandıqlarını başa düşəndən sonra aksiya keçirmək qərarına gəliblər. Bundan sonra onlara bildirilib ki, Eldar Novruzov Türkiyəyə göndərilir.

Mərhum əsgərin ailə üzvləri onun öldürüldüyünü iddia edirlər. Deyirlər ki, təyyarənin uçmasına bir qədər qalmış həkimlər xərək-arabaya uzadılmış Eldara iynə vurublar, bundan sonra Eldarın vəziyyəti ağırlaşıb və o, keçinib. Məqsəd də bu olub ki, xəstə əsgəri Gülhanəyə aparacaqları ilə bağlı ailəni aldatmalarının üstünü ört-basdır etsinlər.

Mərkəzi Klinik Hospitalın rəisi Asif Qurbanov isə deyir ki, əsgər Eldar Novruzov iyunun 29-dan hospitalda sol tərəfində xroniki harmoritin kəskinləşməsi diaqnozu ilə müalicəyə başlayıb. Bundan əvvəl isə əsgəri əlahiddə tibb taborlarında və Gəncə hospitalında müalicə ediblər. Bir müddət müalicə alandan sonra o, 15 günlük məzuniyyətə buraxılıb. Avqustun 3-də müalicə həkimi Vasif Adıgözəlova təkrar müraciət edib və bundan iki gün sonra yenidən hərbi hospitala qəbul edilib.

ƏSGƏRİN YAŞAMASINA 10 FAİZ ÜMİD OLUB?

Hospital rəisinin sözlərinə görə, vizual baxışda xəstədə çürümə əlamətləri görünməsə də, ortaya çıxan şübhələrə görə türkiyəli həkimin iştirakı ilə xəstənin təkrar müayinəsi aparılıb və çürümə ilə müşahidə olunan xəstəlik - veqener qranulematoz xəstəliyi aşkarlanıb.

Asif Qurbanov deyir ki, əsgərin yaşayacağına 10 faiz ümid yeri qalsa da, onlar bunu valideynlərə deyə bilməyiblər:

“Müdafiə Nazirliyinin idarə rəisi general-mayor Ramiz Nəcəfov Türkiyənin Azərbaycandakı hərbi attaşesinə zəng elədi, razılıq aldıq və göndərdik”.

Müdafiə Nazirliyinin baş klinik hospitalının şöbə rəisi, polkovnik leytenant Fuad Zeynalov xəstəliyin xüsusatlarından danışır:

ŞİŞ XƏSTƏLİYİNDƏN DƏ DƏHŞƏTLİ...

“Bu xəstəlik şiş xəstəliyindən də dəhşətli bir şeydir. Bütün orqanları zədələyir. Baş vermə səbəbləri çoxdur, infeksiya, qidadan, dərmanlardan və sair səbəblərdən baş verə bilər. Konkret Novruzovda qaymorit olub”.

Mütəxəssisin fikrincə, əsgərdə xəstəliyin dərinləşməsi də qaymoritdən qaynaqlanıb.

Müdafiə Nazirliyinin Hərbi Tibbi İdarəsinin rəisi Məcid Məsimov isə atanın öz oğlunun müalicəsinin xərclərini özü çəkdiyini deməsi ilə razılaşmır:

“Tam məsuliyyətlə deyirəm hansı formada olursa-olsun, qiymətindən asılı olmayaraq orduda dərman qıtlığı yoxdur, əgər rəhbərlik bilsə ki valideyn özü dərman alıb, o zaman tədbir görüləcək. Siz konkret faktı deyin, sonra həmin həkimin gününə baxın”.

İdarə rəisi deyib ki, Gülhanəyə müalicəyə xəstə göndərmək asan iş deyil. Bunun uzun-uzadı prosedur qaydaları var. Bu prosedur aylarla, bəzən ildən artıq da çəkir. Ancaq Eldar Novruzovun Gülhanəyə göndərilməsi məsələsi 5 günün içərisində həllini tapıb. İdarə rəisi deyir ki, indiyə kimi Azərbaycan ordusunun tarixində Türkiyə tərəfindən razılıq alınmadan Gülhanəyə göndəriləcək ilk əsgər olacaqdı.

ƏSGƏRƏ SON İYNƏNİ VURAN HƏKİM NƏ DEYİR?

Silahlı Qüvvələr Mərkəzi Hərbi Klinik Tibb Hospitalının həkimi, tibb xidməti polkovnik-leytenant Elxan Muradovun deməsinə görə, əsgərə sonuncu iynəni o vurub:

“Hava limanına çatanda təzyiqi düşdü, tənəffüs pozuldu, əsgər Eldar Novruzov uzanmışdı. Mən müşahidə etdim ki, əsgərdə pozulma oldu, tənəffüs pozuldu, bunun bu formada Gülhanəyə aparılmasının mümkün olmadığını fikirləşidm və geri qaytarmaq istədik. Amma valideynləri tərəfindən təzyiqlər oldu”.

“Ehtiyatda və İstefada Olan Zabitlər” İctimai Birliyinin sədri Yaşar Cəfərli deyir ki, bu ilin əvvəlindən Azərbaycan Ordusunun 73 əsgəri dünyasını dəyişib. Onlardan 10-12 faizi xidmətini yerinə yetirərkən həlak olub. 88 faizi isə müxtəlif səbəblərdən ölüb.
XS
SM
MD
LG