Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:00

«Azadlıq», «İstefa» və dəmir barmaqlıqlar (VİDEO)


Daha 4 fəal gənc məhkəmə qarşısında
Gözlə

No media source currently available

0:00 0:01:45 0:00
Direct-ə keçid

İyulun 28-də Nəsimi rayon Məhkəməsində 2 apreldə iştirak edən daha bir qrup aksiyaçının işi başlandı.

YENƏ QAPI ARXASINDA

İyulun 28-də Nəsimi rayon Məhkəməsinin həyətində qələbəlik idi. 100-dən artıq adam 2 aprel aksiyası ilə bağlı barələrində cinayət işi açılmış Ülvi Quliyev, Əhəd Məmmədli, Elnur Məcidli və Rüfət Hacıbəylinin məhkəməsini izləmək üçün bura toplaşmışdı. Ancaq saat 11-də onların yalnız bir qismi məhkəmə binasına daxil ola bildi. Səbəb gətirildi ki, məhkəmə salonunda yer yoxdur. Adamların çoxu məhkəmə qapısı arxasında qaldı.

Dustaqlar məhkəmə salonuna gətirilərkən salonda oturanlar tərəfindən alqışlandılar.

Hazırlıq iclası məhkəmənin birinci mərtəbəsindəki darısqal salonlardan birində keçirilirdi. Elə hakim Şahin Abdullayev məhkəmə salonuna daxil olanda da vəkillərin ilk etirazı bununla bağlı oldu. Əhəd Məmmədlinin vəkili Yalçın İmanov:

- Hörmətli hakim. Prosesi izləmək üçün küçədə çoxlu adam qalıb. Bu binada yuxarı mərtəbədə daha geniş məhkəmə salonu var. Xahiş edirik ki, proses həmin salonda keçirilsin və heç kəs qapı arxasında qalmasın.

Prosesə sədrlik edən hakim deyilənə reaksiya vermədi. O, məhkəmə heyətini elan etdi. Sonra 2 aprel aksiyaçıları özləri ilə bağlı anket məlumatlarını söylədilər. Əhəd Məmmədli istisna olmaqla, digər məhbuslar dövlət tərəfindən onlara ayrılmış vəkillərdən imtina etdilər. Əhəd Məmmədlinin hüquqlarını məhkəmədə dövlət hesabına ayrılmış vəkildən başqa, həm də özünün müqavilə bağladığı vəkil Yalçın İmanov müdafiə edir.

PROKURORA ETİRAZ

Vəkillər hakimə orderlərini təqdim etdilər. Rüfət Hacıbəylinin vəkili Elçin Namazovun yalnız vəkillik vəsiqəsi təqdim etməsinə hakim razı olmadı. Dedi ki, mütləq order təqdim olunmalıdır. Bundan sonra vəkil orderini hakimə təqdim etdi. Hakim bildirdi ki, bu işdə dövlət ittihamını Bakı şəhər prokurorluğunun ittiham şöbəsinin prokuroru Aydın Əliyev müdafiə edəcək. Rüfət Hacıbəylinin vəkili Elçin Namazov tələb etdi ki, prokuror bu işə çıxması ilə bağlı sənəd təqdim etsin.

Hakim:

- Onun vəsiqəsi var.

Elçin Namazov:

- Hörmətli hakim, bayaq mən vəsiqə təqdim edəndə qəbul etmədiniz, dediniz ki, mütləq order olmalıdır. Ancaq prokuror işə yalnız vəsiqəylə çıxır. Sizsə buna etiraz etmirsiniz. Qoy prokuror bu işə çıxmasıyla bağlı sənəd təqdim etsin.

Vəkil Osman Kazımov:

2 Aprel aksiyasından görüntü

- Hörmətli hakim. Mən indi başa düşdüm ki, vəkil həmkarım nəyə görə əvvəlcə order yox, vəsiqə təqdim etdi sizə. Hesab edirəm ki, vəkil həmkarım tələbində tam haqlıdır. Əgər prokuror məhkəmə işinə çıxırsa, onun bu işə çıxmasını təsdiqləyən sənədi olmalıdır. Necə ki, bizdən sənəd tələb olunur.

Hakim:

- Onun bu işə çıxmasına Bakı şəhər prokurorluğunun ittiham şöbəsinin rəisinin icazəsi var.

Elçin Namazov:

- Hörmətli hakim. Bu iş üzrə istintaqı Bakı şəhər prokurorluğu aparıb. Biz hesab edirik ki, Bakı şəhər prokurorluğu istintaqı qərəzli aparıb, Aydın Əliyev də həmin prokurorluğun işçisidir. Onun dövlət ittihamçısı kimi bu işə çıxmasına etiraz edirəm.

Etirazı digər vəkillər də dəstəklədilər. Hakim qərar çıxarmaq üçün müşavirəyə getdi.

KONVOYLARDAN SİPƏR

Məhkəmə salonunda diqqəti çəkən məqam dustaqlara nəzarət edən konvoyların dəmir barmaqlıqlar qarşısında sipər çəkmələri idi. Bu isə zalda oturanlara dustaqları görməyə imkan vermirdi. Konvoyların bu hərəkəti iclas başlanandan məhkəmə salonunda əyləşənlərin narazılığına səbəb olmuşdu. Hakim müşavirəyə gedən kimi bu narazılıq salondakılarla konvoylar arasında mübahisəyə çevrildi. Mübahisə onunla nəticələndi ki, konvoylar dustaqların qollarını arxalarında qandallayaraq məhkəmə zalından çıxartdılar.

Hakim müşavirədən qayıdaraq prokurora etiraz vəsatətinin təmin olunmadığını elan etdi. Elnur Məcidlinin vəkili konvoyların hərəkətindən hakimə şikayətləndi. Hakim bildirdi ki, tədbir görüləcək. Ancaq eyni zamanda məhkəmə salonunda əyləşənlərə də qaydalara riayət etmələrini tapşırdı.

Vəkillər dustaqların dəmir barmaqlıqlar arasından çıxarılaraq onların yanında oturdulmalarını tələb etdilər.

Hakim:

- Konvoyların sayı azdır, məhkəmə salonu darısqaldır, ona görə də bu vəsatət təmin olunmur.

«İŞDƏ SÜBUT YOXDUR»

Vəkil Elçin Namazovun növbəti vəsatəti Rüfət Hacıbəyli barəsindəki cinayət işinə xitam verilməsinə dair oldu. Vəsatətini belə əsaslandırdı ki, Rüfət Hacıbəylinin polis maşınına təpik vurması sübuta yetirilməyib.

Rüfət Hacıbəyli də vəsatəti müdafiə etdi:

- “Lider”in, “ANS”-in, İctimai Televiziyanın çəkilişlərinə əsaslanırlar. Həmin kadrlarda biz küçə ilə gedirik, “Azadlıq”, “İstefa” qışqırırıq, bununla da kadrlar kəsilir. Müstəntiqsə deyir ki, kadrlar kəsiləndən o tərəfə polis maşınına təpik vurmusan. Nə olsun ki, kadra düşməyib? Mən başa düşə bilmirəm, nə oldu, elə bütün kanallar eyni məqamadək çəkiblər məni? Bizi müstəqil təşkilatların, məsələn, RATİ-nin də kamerası çəkirdi. Görəydilər ki, biz şüar səsləndirə-səsləndirə həmin küçəni dönüb keçmişik. Nəyə görə yalnız telekanalların çəkdiklərindən istifadə edirlər?

Rüfət Hacıbəyli 2 aprel aksiyası zamanı Süleyman Rəhimov küçəsi ilə Mərdanov Qardaşları küçəsinin kəsişməsində post-patrul avtomobilinə zərbə vurmaqda ittiham olunur. Zərərçəkmiş isə həmin maşının sürücüsü İsrail Əliyevdir.

“ŞÜARA GÖRƏ HƏBS”

Vəkil Yalçın İmanov dedi ki, müdafiə etdiyi Əhəd Məmmədli aksiyada iştirak etdiyinə, “Azadlıq”, “İstefa” şüarları qışqırdığına görə həbs olunub. Onun həbsi siyasi fəaliyyətinin qarşısı almaq məqsədi güdür:

- Buna görə də Əhəd Məmmədliyə saxta ittihamlar verilib. Onun həbsi siyasi sifarişdir.

Digər vəkillər də hüquqlarını müdafiə etdikləri şəxslərlə bağlı cinayət işinə xitam verilməsini tələb etdilər.

Prokuror hakimdən vəsatətin təmin olunmamasını xahiş etdi:

- Təqsirləndirilən şəxsləri 3 ilədək cəza gözləyir. Əgər onları böyük ictimai təhlükəli olmayan hərəkətlərə görə 2 ilədək həbs gözləsəydi, həbs qətimkan tədbirinin dəyişdirilməsi mümkün idi.

Vəkil Yalçın İmanov:

2 Aprel aksiyası

- 3 ilədək həbs gözləyir, o demək deyil ki, onlara 3 il cəza veriləcək. Onlara 3 ay da cəza verilə bilər. Bu adamlar isə artıq 4 aydır həbsdədilər.

Hakim dedi ki, vəsatətlərə yekun qərar qəbul olunarkən münasibət bildirəcək. Bu, vəkillərin etirazına səbəb oldu.

HAKİMƏ ETİRAZ

Vəkil Elçin Namazov:

- Hörmətli hakim, bu vəsatətə indi münasibət bildirməlisiniz. Çünki bizim növbəti vəsatətlərimiz sizin bu vəsatətə münasibətinizdən asılıdır. Bu nədir, nə vəsatət veririk, təmin etmirsiniz, burdan artıq görünür ki, siz qərəzlisiniz və sonda nə qərar çıxaracağınıza da şübhə qalmır. Ona görə də mən sizə etiraz edirəm.

Vəkil Osman Kazımov:

- Hörmətli hakim. Bu adamlar siyasi əqidələrinə görə həbsdədilər, xahiş edirik bu adamlara qarşı bir qədər hövsələli olun. Mən də vəkil həmkarımın vəsatətini dəstəkləyirəm.

Digər vəkillər Xalid Bağırovla Yalçın İmanov da hakimə etiraz vəsatətini dəstəklədilər.

Hakim bu vəsatətlə bağlı qərarı 1 saatlıq nahar fasiləsindən sonra elan etdi. Vəsatət təmin olunmadı. Bundan sonra vəkillər növbəti vəsatətlərini verdilər. Onlar bildirdilər ki, aksiyada iştirak etmiş bu gənclər həbsə atılmaqla əslində onların konstitusion hüquqları pozulub. Bəzi vəkillər hakimdən aksiyaya icazə verməyən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun, aksiyanın dağıdılmasına başçılıq etmiş daxili işlər naziri Ramil Usubovun, Bakı şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun və aksiyanın dağıdılmasında iştirak etmiş polislərin müəyyən edilərək məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilməsini xahiş etdilər. Onlar Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsinin də məhkəmədə dindirilməsini tələb etdilər.

Hazırlıq iclası iyulun 29-da vəsatətlərin müzakirəsi ilə davam edəcək.

Ülvi Quliyev, Əhəd Məmmədli, Elnur Məcidli və Rüfət Hacıbəyli 2 aprel aksiyaçılarıdır. Onlar ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurlar.

Bu işdə zərərçəkmişlər isə bir neçə polis əməkdaşı və avtonəqliyyat şirkətləridir. İttihama görə, gənclər polis əməkdaşlarına xəsarət yetiriblər, avtobuslarınsa şüşəsini sındırıblar.
XS
SM
MD
LG