Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:53

İctimai Palatanın 2 aprel mitinqi dəqiqəbədəqiqə...(VİDEO)


02 Aprel aksiyasınin ilkin görüntüləri
Gözlə

No media source currently available

0:00 0:03:23 0:00
Direct-ə keçid

Aprelin 2-də müxalifətin İctimai Palatası icazəsiz etiraz aksiyası keçirməyə cəhd etdi. Aksiyanı dağıdarkən polis gözyaşardıcı qazdan istifadə etdi

SƏBAİL RAYON POLİS İDARƏSİNƏ TƏCİLİ YARDIM MAŞINI GƏLİB

Ancaq nə həkimlər, nə də polis təcili yardımın gəlişi ilə bağlı izahat verməyib.

2 Aprel aksiyası zamanı tutulan müxalifətçilərin bir çoxu həmin idarədə saxlanır.

İCTİMAİ PALATA 2 APREL AKSİYASI İLƏ BAĞLI BƏYANAT YAYIB

Bəyanatda qeyd edilir ki, bu aksiya son illərin ən böyük aksiyasıdır.
İctimai Palatanın Koordinasiya Şurası hesab edir ki, aksiya baş tutub və öz məqsədinə nail olub:

«Aksiya dinc və sivil formada həyata keçirilib. Bir neçə obyektə naməlum şəxslər tərəfindən zərər vurulub. Bu, açıq-aşkar hakimiyyətin təxribatıdır».
İctimai Palata düşünür ki, hakimiyyət dinc aksiyaya qarşı kütləvi zorakılıq və qəddarlıq tətbiq edib:

«Aksiyaçılara qarşı gözyaşardıcı qazdan, elektroşok və dəyənəklərdən istifadə olunub. 200-dən artıq aksiya iştirakçısı saxlanılıb. Saxlanma yerlərində tutulanlara işgəncə verilib. Yalnız Səbail rayon Polis İdarəsində havasız və işıqsız kiçik bir kamerada 54 nəfər mitinq iştirakçısı saxlanılır».

İctimai Palatanın Koordinasiya Şurası bu qanunsuz hərəkətlərə etirazını bildirir və zorakılıq tətbiq edilməsinin təşkilatçı və icraçılarının cəzalandırılmasını tələb edir.

İctimai Palata bəyan edir ki, repressiya və zorakılığa baxmayaraq, 2 aprel mitinqinin qətnaməsində əks olunan tələblərin yerinə yetirilməsi məqsədilə kütləvi aksiyalar davam etdiriləcək.

DAXİLİ İŞLƏR NAZİRLİYİ AKSİYA İLƏ BAĞLI MƏLUMAT YAYIB


Məlumatda bildirilir ki, təxminən 350 nəfərədək aksiyaçı bir neçə qrupla müxtəlif istiqamətlərdən paytaxtın «Fəvvarələr» meydanına daxil olmağa cəhd göstərib.

«İctimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polis tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, radikal müxalifətin nümayəndələri bu tələbi yerinə yetirməyiblər... Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən aqressiv və qərəzli hərəkətlər nəticəsində fiziki və hüquqi şəxslərə, o cümlədən polisə məxsus 25-ə yaxın avtomobilə ziyan vurulub, 17 mağazanın, 1 bank müəssisəsinin şüşələri və 1 bankomat sındırılıb».

DİN bildirir ki, aksiya zamanı 13 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarəti yetirilib.

«Bu cinayətin təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla şübhəli şəxs qismində 5 nəfər saxlanılıb. Həmçinin, ictimai qaydanı pozan hərəkətlərə yol vermiş daha 70 nəfər barəsində polis və məhkəmələr tərəfindən inzibati tənbeh tədbirləri tətbiq edilib», - deyə DİN qeyd edir.

Fakt üzrə Bakı şəhər Prokurorluğu tərəfindən cinayət məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılıb. İstintaqın tam və hərtərəfli aparılması üçün prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Xatırladaq ki, hələ aksiya ərəfəsində AXCP mətbuat xidməti aksiya iştirakçılarına qarşı təxribat hazırlanması barədə bəyanat yaymışdı.

Bəyanatda deyilirdi ki, təxribatçı qruplar hakimiyyətin sifarişi ilə dükan və iaşə obyektlərinin
şüşələrini sındırıb, bunu müxalifətin üstünə yıxacaqlar.

SÜLHƏDDİN ƏKBƏR SAXLANIB

Müsavat Partiyasının keçmiş üzvü Sülhəddin Əkbər də aksiya zamanı saxlanıb.

Bu haqda AzadlıqRadiosuna onun qardaşı Səlahəddin Əkbər məlumat verib.

O deyir ki, Sülhəddin Əkbərlə əlaqə yarada bilmirlər, telefonu söndürülüb.

«Onu Mərkəzi Univermağın yaxınlığında saxlayıb Yasamal rayon Polis İdarəsinə aparıblar. Başqa heç nə bilmirik. Eşitdiyimizə görə, bir azdan məhkəməyə aparacaqlar».

Yasamal rayon Polis İdarəsindən bildirdilər ki, bu haqda yalnız DİN-in mətbuat xidmətindən məlumat ala bilərik.

Mətbuat xidmətinin şöbə rəisi Orxan Mənsurzadə də Sülhəddin Əkbərin həbsindən xəbərsiz olduğunu dedi.

61 NƏFƏR SƏBAİL RAYON POLİS İDARƏSİNDƏ SAXLANIR


Onlardan 54-ü kişi, 7-si qadındır.

Saxlananlar arasında analitik Zəfər Quliyev, jurnalist Şahvələd Çobanoğlu, AXCP sədrinin müavini Gözəl Bayramlı, AXCP Ali Məclisinin sədri Həsən Kərimov və başqaları var.

Bu barədə əraziyə toplaşan jurnalistlər məlumat verib.

SUMQAYITLI HÜQUQ MÜDAFİƏÇİLƏRİ BURAXILDI


Sumqayıtlı hüquq müdafiəçiləri Elçin MəmmədSeymur Şirinov azadlığa buraxılıb.

Bu haqda AzadlıqRadiosuna Elçin Məmməd özü məlumat verib.

Polis Elçin Məmmədlə Seymur Şirinova bir daha kütləvi aksiyaların təşkilində iştirak etməmək barədə xəbərdarlıq edib. Eyni zamanda, qeyri-müəyyən müddətə şəhərdən çıxmağı qadağan edib.

«Biz mitinq təşkilatçısı deyilik, sadəcə, hüquq müdafiəçisi kimi belə aksiyaların monitorinq aparırıq».

E. Məmmədlə S. Şirinov aprelin 2-də İctimai Palatanın aksiyasının monitorinqini aparmaq üçün Bakıya gələrkən saxlanmışdılar. Hüquq müdafiəçiləri ilə yanaşı, daha 16 nəfər də saxlanmışdı. Amma onlar az sonra buraxılmışdılar.

POLİS QAPINI SINDIRIB AXCP-ÇİLƏRİ APARIB?

İctimai Palatanın aksiyası başa çatandan az sonra AXCP Ali Məslisinin sədri Həsən Kərimov və Məclisin Rəyasət Heyətinin üzvü Rövşən Quliyevi Səbail rayon Polis İdarəsinə aparıblar.

AXCP-dən bildirirlər ki, polis onların olduğu mənzilin qapısını sındırıb, onları idarəyə zorla aparıb.

Həmin şəxslərin saxlanma səbəbi haqda Səbail rayon Polis İdarəsindən məlumat ala bilmədik.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mənsurzadə isə bu hadisədən xəbərsiz olduğunu deyir. Amma o inanmır ki, polis AXCP funksionerlərinin qapısını sındırıb. O. Mənsurzadə deyilənlərdə şişirtmə olduğunu düşünür.

SAXLANANLARIN SAYI


Müsavat Partiyası aksiya zamanı 41, AXCP 58 nəfərin saxlandığını deyir. Partiyalar siyahının dəqiqləşdirildiyini və sayın arta biləcəyini istisna etmirlər.

SUMQAYITDA SAXLANANLAR BURAXILIB, İKİ NƏFƏRDƏN BAŞQA


Müxalifətin aksiyasına gəlmək istəyərkən Sumqayıtda saxlananların hamısı buraxılsa da, iki nəfər hələ də Sumqayıt şəhər Baş Polis İdarəsindədir.

Onlar Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin prezidenti Elçin Məmməd və təşkilatın departament müdiri Seymur Şirinovdur.

E. Məmməd AzadlıqRadiosuna deyib ki, onlar saat 11-dən 14-dək 4-cü polis bölməsində saxlanıblar, saat 15-dən isə şəhər Baş Polis İdarəsindədirlər.

Onlara qarşı hələlik konkret ittiham irəli sürülməyib.

S. NOVRUZOV: «ONLARA NƏ GÜL VERƏSİYİK, NƏ DƏ BOYUNLARINA NARINCI ŞƏRF DOLAYASI»


YAP-çı deputatlar Mübariz Qurbanlı, Hadı Rəcəbli, Siyavuş Novruzov «Fəvvarələr meydanı»ndadırlar.

M. Qurbanlı AzadlıqRadiosuna 2 aprel aksiyasını belə dəyərləndirib:

«Bu, müxalifətin radikal qanadının növbəti iflasıdır. Müxalifət bilərəkdən kütləvi yerdə aksiya keçirir ki, ona kütləvilik görüntüsü versin. Amma bugünkü aksiya göstərdi ki, müxalifətin dayaqları yoxdur və o, iflasa uğrayıb».

Aksiya iştirakçılarının zorakılıqla dağıdılması haqdasa belə deyib:

«Heç kimə zor tətbiq edilməyib. Londonda aksiyaların necə dağıdılmasını görmüsüzmü?... Azərbaycan polisi aksiyanın qarşısını qanuni və humanist şəkildə alıb».

Siyavuş Novruzovsa əlavə edib: «Biz onlara nə gül verəsiyik, nə də boyunlarına narıncı şərf dolayası».

SAXLANAN AXCP-ÇİLƏRİN SAYI


AXCP-dən verilən məlumata əsasən, təkcə bu partiyadan 55 nəfər saxlanıb.


İLQAR MƏMMƏDOV DA SAXLANDI


«Respublikaçı Alternativ» Hərəkatının həmsədri İlqar Məmmədov müxalifətin aksiyasına münasibət bildirərkən saxlanıb.

Yaxınlıqda polis maşını olmadığı üçün onu taksiyə oturdub aparıblar.

ƏBÜLFƏZ QURBANLI DA SAXLANILDI


Şəhərin müxtəlif yerlərində «İstefa!» şüarları səsləndirən müxalifətçi gənclərdən bir neçəsini polis saxlayıb. Onların arasında AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı da var.

NƏSİMİ HEYKƏLİNİN YAXINLIĞINDA İKİ NƏFƏR TUTULUB

Onlar heç bir şüar səsləndirməyiblər.

Artıq bu ərazidə aksiyaçılar gözə dəymir. Daxili Qoşunların əməkdaşları isə bir yerə yığışmağa başlayıblar.

FUAD QƏHRƏMANLI SAXLANDI


AXCP sədrinin müavini Fuad Qəhrəmanlı saxlanıb. O, Gənc Tamaşaçılar Teatrının qarşısında mətbuat işçilərinə aksiyanın uğurlu keçdiyini və artıq başa çatdığını deyib. Bundan sonra polis onu aparıb.

AXCP Nərimanov rayon təşkilatının sədri də saxlanıb.

MÜXALİFƏT LİDERLƏRİ AKSİYANI BAŞ TUTMUŞ SAYIRLAR


Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP-nin sədri Əli Kərimli 2 Aprel aksiyasını baş tutmuş hesab edirlər. Hər iki müxalifət lideri aksiyaların davam edəcəyini bildirib.

İsa Qəmbər deyir ki, 2 aprel aksiyası ümumxalq aksiyasının sübutudur:

«Bugünkü aksiya proqnozlaşdırdığımız kimi, son illərin ən güclü etiraz aksiyası kimi baş tutdu. Aksiya bu dəqiqələrədək davam edib. Minlərlə insan aksiyada iştirak edib və bu dəqiqə böyüyə də bilər. Xüsusilə qeyd etmək lazımdır ki, şəhər sakinləri mitinq iştirakçılarını dəstəkləyirlər, bir çox hallarda onlara qoşulub, şüarlar səsləndirir, mitinq iştirakçılarının yürüşlərinə qoşulurlar. Bu da 2 Aprel aksiyasının sadəcə, müxalifətin aksiyası deyil, ümumxalq aksiyası olduğunun sübutudur».

Əli Kərimli də hesab edir ki, aksiya iştirakçıları öz məqsədlərinə çatıb:

«Son illərdə belə mütəşəkkil və hökuməti sarsıdan aksiya xatırlamıram. Hökumət çox ciddi profilaktik addımlar atmışdı. Demək olar ki, paytaxtda giriş-çıxış dayandırılmışdı. Çoxlu sayda müxalifətçilər hələ əyalətlərdən gəlməmiş həbs olunmuşdu. Partiya fəalları, elə bizim rəyasət heyətinin 3 üzvü mitinq başlamamışdan tutulmuşdu. Bu dəfə say yüzlərlə ölçülür. Çox böyük qəddarlıq nümayiş elədilər, qazdan, elektroşokdan, dəyənəklərdən istifadə etdilər, insanları kütləvi şəkildə döydülər. Buna baxmayaraq, insanlar öz etirazlarını ifadə edə bildilər».

MÜLKİGEYİMLİ JURNALİSTƏ BIÇAQ ÇƏKDİ


Jurnalistlə mülkigeyimli arasında mübahisə düşüb. Mülkigeyimli jurnalisti təhdid edib, hətta üstünə bıçaq da çəkib. Amma KİV-də çalışanların çoxluğunu görən həmin şəxs avtomobilə oturub aradan çıxıb.

AKSİYA İŞTİRAKÇILARINI POLİS MAŞINLARINA MİNDİRİB DÖYÜRLƏR


AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, metronun «28 may» stansiyası qarşısında aksiya iştirakçılarını polis maşınlarına mindirərək elə maşındaca döyürlər.

AXCP fəalının qolu sındırılıb

«Fəvvarələr meydanı» yaxınlığında AXCP sədrinin müavini Gözəl Bayramova, partiya fəalları Mübariz Kərimov, Şaiq Abdullayev, İlham Puşan, Ağaverdi Puşan, Şirəli Şirəliyev, Əlizadə Əhmədov, Təhməz Təhməzov, İnqilab Kərimov, İltifat Mehdiyev, Ramiz Kamal döyülərək avtobuslara mindiriliblər və naməlum istiqamətə aparılıblar.

Bu barədə AzadlıqRadiosuna «Azadlıq» qəzetinin direktoru Faiq Əmirli məlumat verib. O bildirib ki, AXCP fəalı Ramiz Kamalın qolunu sındırıblar.

GƏNCLƏRİN MÜXTƏLİF İSTİQAMƏTDƏ AKSİYALARI


«Nizami» kinoteatrının qarşısında etiraz aksiyası başlayıb. Aksiya iştirakçıları gənclərdir, sayları 100-dən çoxdur. Onlar «İstefa!» deyə-deyə «28 may» metrostansiyasına doğru gedirlər.

Nəsimi heykəlinin qarşısındakı aksiya dağılıb. Onlarla gənc «Diktaturaya yox!» şüarı ilə Heydər Əliyev sarayı istiqamətinə doğru gedir. Polis onların hərəkətinə gec reaksiya verdiyi üçün təqib edə bilməyib.

ŞÜŞƏ SINDIRANLARIN ŞƏKİLLƏRİ ÇƏKİLİB

Müsavat Göyçay rayon təşkilatının üzvü Samir Abbaslı deyib ki, Nəsimi heykəli yaxınlığında binaların şüşələrini sındıranların şəkillərini çəkiblər və bu şəkilləri internetdə yayacaqlar. O, bunu hökumətin təxribatı adlandırıb.

NƏSİMİ HEYKƏLİNİN QARŞISINDA AKSİYA BAŞLAYIB


İştirakçılar «İstefa!» deyə qışqırırlar. Onları xüsusi geyimli polislər dağıdırlar. Bu zaman iştirakçıları dəyənəklə döyür, təpikləyirlər. Jurnalistlərlə də kobud davranılır.

10-a qədər aksiyaçı saxlanıb. Saxlananlardan birinin adı Pərviz Səmədovdur.

MAĞAZALARIN ŞÜŞƏLƏRİ SINDIRILIB

Lev Tolstoy küçəsiylə Səməd Vurğun küçəsinin kəsişməsində «Bank Standard»ın və kompyuter mağazasının şüşələri sındırılıb. Şahidlər deyir ki, şüşəni sındıranlar daşları ciblərindən çıxarıb atıblar.

Müxbirimiz isə həmin ərazidə polisin əlində armatur olduğunu görüb. Polis bunun «müxalifətin işi» olduğunun deyib.

YÜRÜŞ EDƏN GƏNCLƏRİN BİR QİSMİ SAXLANIB


Ruhulla Axundov küçəsində 8 polis avtomobili yolu kəsib, həyətlərə doluşan gəncləri döyə-döyə maşınlara mindiriblər. Burda saxlananların sayı 9 nəfərdir.

Gənclər şəhərin müxtəlif istiqamətlərində aksiyanı davam etdirirlər. Onların arasında saxlanan olsa da, hələ ki dəqiq rəqəm deyilmir.

AZADLIQ PROSPEKTİNDƏ «AZADLIQ!» ŞÜARLARI


Yüzlərlə gənc Nizami küçəsindən Rəşid Behbudov adına Mahnı Teatrına kimi, daha sonra Heydər Əliyev heykəli olan bağa kimi yürüş edib.

İndi onlar Azadlıq prospekti ilə irəliləyir, «İstefa!», «Azadlıq!» qışqırırlar.

Polislər zirehli geyimdə olduğundan onları axıradək izləyə bilməyiblər.

Gənclər polisin canlı zəncirini yarıb ABŞ səfirliyi istiqamətində gedir.

Əməkdaşlarımız xəbər verirlər ki, bəzi sıravi vətəndaşlar da onlara qoşulub şüar səsləndirirlər. Bəzilərisə «İlham Əliyev getsə, onun yerinə gələn yaxşımı olacaq?» deyə sual edirlər.

TƏXRİBAT


Nəsimi heykəli yaxınlığındakı yeni tikilinin şüşələri sındırılıb.

Jurnalistlər onların bir neçəsini tanıyıb, onların bəzisinin mülkigeyimli polislər olduğunu deyiblər.

Polislər onları axıradək şüşəni sındırmağa qovmayıblar və KİV-ə bunun təxribat olduğunu deyiblər.

ARİF HACILI SAXLANILIB

Mərkəzi Univermaq istiqamətindən «Fəvvarələr meydanı»na daxil olmaq istəyən Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı, onun qardaşı Mustafa Hacıbəyli, Müsavat Partiyasının başqan müavini Tofiq Yaqublu və daha 15 nəfərə yaxın müsavatçı saxlanılıb.

Onları əliavtomatlı əsgərlər döyə-döyə avtobusa mindirərək naməlum istiqamətə aparıblar.

SAXLANANLARIN MOBİL TELEFONLARI ƏLLƏRİNDƏN ALINIR


«Fəvvarələr meydanı»na girənləri Daxili Qoşunların əməkdaşları döyərək, qollarını buraraq maşınlara oturdur. Onlardan bəzisinin sifəti qana bulaşıb.

POLİS AKSİYAÇILARI DƏYƏNƏKLƏ DÖYÜR


«Malakan» bağının yaxınlığında 50-dək «İstefa!» çığıran aksiyaçını polislər dəyənəklə döyüb avtobusa doldurublar.

Daha sonra qaz buraxıblar. Bir qədər sonra isə onları yenidən döyməyə başlayıblar.

Əməkdaşlarımız polislərin əlində travmatik tüfəng olduğunu deyirlər.

İctimai Palata üzvü Pənah Hüseyn saxlanıb.

Saxlananların sayı 50-dən yuxarıdır.

AKSİYA ARTIQ BAŞLAYIB


«Xaqani» Ticarət Mərkəzi tərəfdən aksiya iştirakçıları «İstefa!» deyərək «Fəvvarələr meydanı»na getməyə başlayıblar.

Polis jurnalistlərin hərəkətini məhdudlaşdırıb. Onların qarşısını canlı zəncirlə kəsib. Canlı zənciri keçən jurnalistlərə meydana qayıtmağa, həmçinin, jurnalistlərin çəkiliş aparmasına da imkan verilmir.

«Fəvvarələr meydanı»nda mülkigeyimli, üstündə vəsiqəsi olmayan 10-a yaxın adam çəkiliş aparır.

MÜBARİZ QURBANLI VƏ SİYAVUŞ NOVRUZOV

Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Mübariz Qurbanlı müxalifətin icazəsiz aksiyasına belə münasibət bildirib:

«Bura istirahət yeridir, mitinq yeri deyil».

Onun yanında olan deputat Siyavuş Novruzovsa AzadlıqRadiosuna açıqlama verməkdən imtina edib.

Mübariz Qurbanlısa deyib ki, onlar martın 12-də olduğu kimi, «Fəvvarələr meydanı»nda yeyib-içməyə gedirlər.

İctimai Palatanın (İP) bir neçə üzvü Nizami küçəsiylə irəliləyir. Onları hələ saxlayan olmayıb. İP Koordinasiya Şurasının üzvü Pənah Hüseyn AzadlıqRadiosuna deyib:

«Əcaib bir durumdur. Bu qədər polisin bura tökülməsinin məntiqini anlaya bilmirəm».

MÜLKİ GEYİMLİLƏR YOLU BAĞLADILAR


Nizami küçəsində 56 saylı binanın qarşısında mülkigeyimlilər əl-ələ verib yolu bağlayıblar. Onlar «Fəvvarələr meydanı»na gedənləri buraxmırlar. AzadlıqRadiosu onların kimliyi ilə maraqlansalar da, özlərini təqdim etməyiblər.

JURNALİSTLƏR MEYDANA BURAXILMIR

AzadlıqRadiosunun əməkdaşları deyirlər ki, jurnalistlərin hərəkəti məhdudlaşdırılıb. Özünü təqdim etməyən polis polkovnik-leytenantı jurnalistlərə qarşı təxribat gözləndiyini bildirib və onları qorumaq üçün 8 nəfər polis ayırıb.

Amma bir qədər sonra jurnalistlərin də «Fəvvarələr meydanı»na girişinə icazə verilməyib. Kordon quran mülkigeyimlilər buna imkan verməyiblər.

«TƏXRİBAT QRUPLARINA ŞÜŞƏ SINDIRMAQ TAPŞIRILIB»


Bu barədə AzadlıqRadiosuna AXCP sədri Əli Kərimlinin köməkçisi Faiq Əmirov məlumat verib. Onlara belə bir məlumat daxil olub ki, təxribatçı qruplar hakimiyyətin sifarişini yerinə yetirəcək. Məqsəd 2 Aprel aksiyasında mağaza və iaşə obyektlərinin şüşələrini sındırıb, bunu müxalifətin üstünə yıxmaqdır.

Mitinq Komitəsi aksiya iştirakçılarının heç bir təxribatçı davranışa yol verməyəcəklərini bildirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə AzadlıqRadiosuna bu iddiaları «absurd» adlandırıb:

«Şəhər icra hakimiyyəti tərəfindən razılaşdırılmamış mitinqə getmək və bilərəkdən polislə qarşıdurmaya getməyin özü də təxribatdır. Polis orqanları belə bir təxribata getməkdə heç vaxt maraqlı olmayıb. Çünki polisin vəzifəsi ictimai asayişi, sabitliyi nümunəvi qorumaqdır. Bunlar hamısı məlum qüvvələrin özlərini sığortalamaq üçün dövriyyəyə buraxdıqları təxribat xarakterli dezinformasiyadır».

O. Mansurzadə bir daha vurğulayıb ki, paytaxt meriyası ilə razılaşdırılmamış aksiya cəhdinin qarşısı qətiyyətlə alınacaq.

KXCP NEFTÇALA RAYON ŞÖBƏSİNİN FƏALLARI SAXLANIB

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Neftçala rayon şöbəsinin üzvləri Kərimov Rahət və Ali Məclis üzvü Müşviq Abdullayev «Fəvvarələr meydanı»na yaxınlaşarkən polislər tərəfindən saxlanılıb.

SUMQAYITDA DAHA 5 NƏFƏR SAXLANIB

Müsavat başqanının müavini G. Aslanlı bildirib ki, saxlananlar arasında KXCP-nin Sumqayıt şəhər təşkilatının sədri Şakir Məmmədov, partiya üzvləri və Müsavat Partiyasının Sumqayıt təşkilatının şura üzvü də var.

Onları Saray qəsəbəsində saxlayıblar.

KİTAB OXUDUĞU YERDƏ SAXLANILIB

«Fəvvarələr meydanı»nda artıq bir nəfər kitab oxuduğu yerdə saxlanıb. Əməkdaşlarımız onun adını öyrənə bilməyiblər. O, aksiya iştirakçısı olmadığını desə də, onu Post Patrul Xidmətinin maşınına oturdublar.

ƏLİ KƏRİMLİNİN EVİ QARŞISINDA AKSİYA OLUB


İctimai Palatanın icazəsiz aksiyası ərəfəsində AXCP sədri Əli Kərimlinin evi qarşısında növbəti dəfə aksiya keçirilib.

Partiyanın mətbuat xidmətindən AzadlıqRadiosuna bildiriblər ki, 50-60 nəfər hakimiyyətyönlü gənc Ə. Kərimlinin evinin qarşısında aksiya keçirib. Polis sonradan əraziyə gəlib və aksiya müdaxilə olmadan dağılıb.

Martın 31-də də əksəriyyəti gənclər olan 50-yə yaxın adam AXCP sədrinin evinin qarşısında aksiya keçirmişdi. Əllərində «Əli Kərimli + radikal islamçılar = xaos» və s. plakatlar tutan gənclər AXCP sədri əleyhinə şüarlar səsləndirmişdilər.

İNSANLARI «FƏVVARƏLƏR MEYDANI»NA BURAXMIRLAR


Bakının «Azadlıq» və «Fəvvarələr» meydanları ətrafında içərisi polislə dolu iri avtobuslar toplaşıb.

Müxbirimiz xəbər verir ki, Nizami küçəsi və «Fəvvarələr meydanı»nda mülki geyimlilər vətəndaşları az qala addım-addım izləyir, onlardan hara getdiklərini xəbər alırlar.

«Fəvvarələr meydanı»na aparan yollar da bağlanıb. Bu ərazidə işləyənlər də xeyli sorğu-sualdan sonra buraxılır. Polis bunu «ərazidə dövlət tədbiri» keçirilməsiylə izah edib.

«FƏVVARƏLƏR MEYDANI»NA GEDƏN YOL BAĞLANIB


AzadlıqRadiosunun müxbiri bildirir ki, səhər saatlarından şəhər mərkəzinə gedən yollar nəzarətə alınıb, bəzi küçələr isə tamamilə bağlanıb.

Tolstoy küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

NİYAZ NƏSİROV SAXLANIB


12 Mart aksiyasında 8 sutka həbs cəzası alan Müsavat Partiyasının üzvü Niyaz Nəsirov saxlanıb.

Bu barədə Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib.

N.Nəsirov səhər saatlarında Buzovna qəsəbəsindən Bakıya gələrkən polis bölməsinə aparılıb.

SUMQAYITDAN GƏLƏNLƏRİ SAXLAYIBLAR


18 nəfəri Sumqayıtdan Bakıya mitinqə aparan mikroavtobus Sumqayıtın çıxışında saxlanılaraq sərnişinlərlə birlikdə Sumqayıt şəhər Polis İdarəsinin 4-cü bölməsinə aparılıb.

Bu barədə AzadlıqRadiosuna Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi Birliyinin rəhbəri Elçin Məmməd məlumat verib.

O deyir ki, o da daxil olmaqla hazırda 18 nəfər polis bölməsində saxlanılır.

Sumqayıt şəhər Polis İdarəsinin 4-cü bölməsindən 18 nəfərin saxlanmasını təsdiqləsələr də, səbəbi açıqlamaqdan imtina ediblər.

POLİS CƏLİLABADDAN BAKIYA GƏLƏN MÜSAVATÇILARI SAXLAYIB


Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası Cəlilabad rayon təşkilatının sədri Hidayət İsmayılov məlumat verib:

«Təxminən 10-a qalmış Müsavat fəallarından 5-i Bakıya gələrkən Biləsuvar rayon ərazisində Cəlilabad polisi tərəfindən saxlanılıb. Onları geri - Cəlilabad rayon Polis İdarəsinə aparıblar. Onlar hazırda oradadırlar. Gözləyirlər ki, rəis onları qəbul edib, nəsə deyəcək».

Cəlilabad rayon Polis İdarəsindən isə AzadlıqRadiosuna müsavatçıların saxlanması barədə məlumatı təkzib etdilər.

MÜXALİFƏT AKSİYA KEÇİRMƏK İSTƏYİR

İctimai Palata aprelin 2-si «Fəvvarələr meydanı»nda etiraz aksiyası planlaşdırıb. Aksiya şəhər rəhbərliyi ilə razılaşdırılmayıb.

İctimai Palatanın Bakı şəhər İcra Hakimiyyətinə göndərdiyi müraciətdə aksiyanın «Nərimanov» kinoteatrının qarşısında keçirilməsi istənilsə də, buna icazə verilməyib. Şəhər rəhbərliyi aksiya təşkilatçılarına Səbail rayonundakı «20-ci sahə»də sürücülük məktəbinin həyətini təklif etmişdi

İctimai Palata isə şəhər rəhbərliyinin bu təklifini qəbul etməyib.

Daxili İşlər naziri Ramil Usubov və Bakı Baş Polis İdarəsinin rəhbərliyi bəyan edib ki, İctimai Palata «Fəvvarələr meydanı» nda razılaşdırılmamış aksiyaya cəhd etsə, bunun qarşısı qətiyyətlə alınacaq. Aksiyanın təşkilatçıları isə bunu konstitusion haqları hesab edir.

Martın 30-dan artıq Bakıda və müxtəlif əyalətlərdə 10-larla müxalifət fəalı saxlanıb, onlar haqqında inzibati həbs qərarları verilib.
XS
SM
MD
LG