Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:17

Hüquq müdafiəçisi: «Məni hakimiyyət tutdurub»


Vidadi İsgəndərli
Vidadi İsgəndərli

“Saxta seçki keçirilməsini sübut etdiyimə görə həbsdəyəm”

İyulun 21-də Göyçay rayon Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Vidadi İsgəndərlinin işi üzrə məhkəməsi davam edib.

Məhkəmə iclası başlamamışdan Vidadi İsgəndərli zaldakılara üzünü tutdu:
- Məni Azərbaycanın siyasi hakimiyyəti tutdurub. Prosesin gedişində həbsinmdən sonra kimlərin üstümə hansı xahişlərlə göndərildiyini açıqlayacağam.

Məni Azərbaycanda saxta seçki keçirilməsini sübut etməyimə görə həbs ediblər. Bununla da saxta seçki keçirilməsini sübut etmiş olublar. Mən İlham Əliyevə müraciət edib seçki saxtakarlıqları barədə məlumat vermişəm. İstəyim budur ki, bütün ölkə vətəndaşları kimi əziz göyçaylılar da normal yaşasınlar.

Məni İctimai Palatadakı çıxışlarıma görə həbs ediblər. Demişəm ki, korrupsiya ilə mübarizəni Saakaşvili kimi apararlar. Bunu mənə açıq-aşkar deyiblər.

“Kəmsavad adamam, buraxın gedim”

Sonra o, işdə adı hallanan zərərçəkmişlərin hamısının prosesdə iştiraklarının təmin olunmasını tələb edib. Hakim bununla bağlı tərəflərin fikrini soruşub.

Zərərçəkən Ramiz Əsədov:

- Mən kəmsavad adamam, nə deyim. Burada nə baş verdiklərini də anlamıram.
Digər zərərçəkmişlər Araz Ələkbərov və Səfa Azadov, o cümlədən, dövlət ittihamçısı Nəriman Ələkbərov vəsatətin təmin olunmamasını istəyib.

V.İsgəndərli:

- Dövlətimizin qoşulduğu Avropa Konvensiyasının 6-cı maddəsinin tələbinə görə həmin şəxslərin hər biri burada olmalıdırlar.

Hakim artıq bu vəsatətlə bağlı qərar verdiyini deyib. Qərarsa belədir ki, məhkəmənin gedişatında zərərçəkmişlərin iştirakı məhkəmə tərəfindən təmin olunacaq.

V.İsgəndərlinin vəkili Xalid Bağırov:

- Zərərçəkən Araz Ələkbərovun Vidadi İsgəndərlinin döyməsi nəticəsində xəsarət alması barədə işdə tibb ekspertinin rəyi var. Qanuna görə hər bir şəxs yaşadığı ərazi üzrə və ya onunla bağlı hər hansı bir hadisənin baş verdiyi ərazi üzrə ekspertizaya müracət etməlidir.

Araz Ələkbərov Göyçay rayon sakinidir və baş verməsi iddia edilən hadisə də Göyçayda baş verdiyi deyilir. Bu halda Araz Ələkbərovun Göyçay rayon Məhkəmə Tibb Ekspertizasına deyil, Ağdaşın ekspertinə müraciət etməsi qanunsuzdur. Buna görə də həmin ekspert rəyi işdən xaric edilməlidir.

“Dəliyəm, vallah başım işləmir”

Ancaq dövlət ittihamçısı və zərərçəkmişlər vəsatətin təmin olunmamasını istədilər. Hakim zərərçəkmiş Ramiz Əsədova vəsatətin nədən ibarət olduğunu başa salmağa çalışsa da zərərçəkmiş yalnız bunu dedi:

- Vallah doxtur mənə bu “benzopar” dərmandan gündə yarım həb atmağı tapşırıb. Mən dünənki prosesdən sonra bundan 7-sini atmışam. Dəliyəm, vallah başım işləmir.

V.İsgəndərli:

- Bu adam xəstədir. Özü deyir. Digəridə xəstədir. Onlar özlərinə xəsarət yetirsələr və ya başlarına bir iş gəlsə bunun məsuliyyəti Zakir Qaralovun və siz məhkəmənin olacaq.

-Hakim vəsatəti təmin etmədi.

Sonra Vidadi İsgəndərli ittihama münasibətini bildirdi:

- Zakir Qaralovun barəmdə qaldırdığı cinayət işindəki maddələrin ittiham aktında göstərilənlərlə əlaqəsi yoxdur. Oxuyun və izah edin.

Hakim:

-İttiham aktında yazılanlar prosesin gedişində araşdırılacaq və qiymət veriləcək.

Hakim elan etdi ki, psixiatr Səməd Səmədov da prosesə mütəxəssis kimi çağırılıb.

“Evdə ərizə də yazıb qoymuşam ki, məni bu günə salanlar...”

Zərəçəkən Ramiz Əsədov:
- Mən xəstəyəm. Xahiş edirəm, Allah da görür ki, məni bu işə salıblar.

Hakim:
- Seçki günü nə görmüsüz onu deyin.

Zərərçəkən:
- Mən bu kişini görməmişəm. Orda nə olub bilmirəm.

Prokuror:
-Seçki harada keçirilirdi?

Zərərçəkən:
- Məktəbdə.

Prokuror:
- Orda nə olmuşdu?

Zərərçəkən:
- Bilmədim, dedilər nəsə olub. Mən də evə qayıtdım.

Prokuror:
- Səs verməyə gedirdiz?

Zərərçəkən:
- Nə bilim, 6-7 ay keçib.

Prokuror:
- İbtidai istintaqda ifadə verəndə də belə demisiz?

Zərərçəkən:
- Müstəntiqə də belə dedim. Bəlkə nəsə əlavə edib, nə deyim?

Vəkil:
- Vidadi İsgəndərlini orada gördüz?

Zərərçəkən:
- Allaha and olsun ki, görməmişəm. Evdə ərizə də yazıb qoymuşam ki, mənə bir şey olsa, məni bu günə salanlar....

Vəkil:
- Vidadi İsgəndərli sizə hədə-qorxu gəlib?

Zərərçəkən:
- Yox, vallah olmayıb belə şey.

Vəkil:
- Siz Vidadi İsgəndərlini tanıyırsız.

Zərərçəkən:
- Dedim ki, görməmişəm də bu adamı.

“Sevinməyin, bütün bunların xeyri yoxdur”

Vidadi İsgəndərli:
- İşin içindəki ifadənizdə yazırsınız ki, ifadəni oxumusuz və imzalamısız. Düzdür?

Zərərçəkən:
- Yox, mən yazmamışam, ifadəni də oxumamışam.

V.İsgəndərli:
- Siz seçki nədir bilirsiz?

Zərərçəkən:
- Mən ora getdim, uşaq-muşaq dedi ki, səs verirlər. Xahiş edirəm mənə icazə verin gedim oturum.

Vidadi İsgəndərlinin vəkilinə təşəkkür etməsinə dövlət ittihamçısı belə dedi:

- Sevinməyin, bütün bunların xeyri yoxdur.

Həkim-psixiatr Səməd Səmədovsa vəkilin suallarına cavab olaraq bildirdi ki, zərərçəkənlərdən biri Araz Ələkbərov psixopatiyanın ağır formasından əziyyət çəkir. Ona görə də onun yanında ağır xəstəliyi barədə sorğu-sual olunması yolverilməzdir. Psixiatr bunun onun xəstəliyinin ağırlaşmasına gətirib çıxaracağını bildirdi.

Hakim zərərçəkənin zaldan çıxarılmasına qərar verdi. Psixiatr suallara cavab olaraq bildirdi ki, Araz Ələkbərovun insanların kütləvi olduğu yerlərdə, seçki komissiyasının fəaliyyətində iştirakı yolverilməzdir. Belə hallarda Araz Ələkbərov dekompensasiya vəziyyətinə düşə bilər:

- Seçki günü Araz Ələkbərovun Vidadi İsgəndərova qarşı göstərdiyi reaksiya normal adama xas olmayan, bu tip xəstələrə xas reaksiyadır.

Psixiatr-mütəxəssislə sual-cavabdan sonra hakim məhkəmə iclasının iyulun 22-də davam edəcəyini bildirdi.

Vidadi İsgəndərli ötən il noyabrın 7-də Milli Məclisə keçirilən seçki zamanı 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Rəsmi ittihama görə o, seçki günü müxtəlif məntəqəlrədə səsvermənin gedişinə səsvermənin gedişinə maneçilik törədib.

Vidadi İsgəndərli bu il aprelin 17-də İctimai Palatanın mitinqi zamanı saxlanıb. O, vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma və seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə maddələri ilə təqsirləndirilir.

Bu ittihamlarla o, bir neçə il müddətinə azadlıqdan məhrum oluna bilər.
XS
SM
MD
LG