Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:00

Təhsil Nazirliyinin əməkdaşı niyə saxlanıb?


Arxiv şəkil
Arxiv şəkil

Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi iyunun 6-da Təhsil Nazirliyinin əməkdaşı Orxan Kərimovu saxlayıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov əməliyyatın detalları, daha kimlərin saxlanması barədə məlumat vermir, deyir bu barədə açıqlama sonrakı günlərdə olacaq.


BİR ALİ MƏKTƏBDƏN DİGƏRİNƏ KÖÇÜRMƏ SƏNƏDLƏRİ

Təhsil Nazirliyindən isə bildirilir ki, baş verənlər nazirliyin öz təşəbbüsündən irəli gəlir. Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə deyir ki, söhbət tələbələrin bir ali məktəbdən digərinə köçürülməsi ilə bağlı sənədlərdən gedir. Nazirliyin digər əməkdaşlarının da bu işdə əlinin olub-olmamasına gəlincə, nazirlik rəsmisi deyir ki, bunu istintaq müəyyənləşdirəcək, amma hələ ki qurumun bir əməkdaşı saxlanıb.

Təhsil Nazirliyinin binası
«ONUN ELƏ BİR SƏLAHİYYƏTİ YOXDUR»

«Açığı deyim, mənim heç ağlım kəsmir ki, Orxan Kərimov elə bir şey etsin. Məncə, heç mümkün də deyil, onun elə bir səlahiyyəti də yoxdur. Bu, çox ciddi məsələdir, dəqiq faktlara əsaslanmaq lazımdır» - bunu isə Orxan Kərimovun qardaşı Paşa Kərimov deyir. O, deyir ki, hələ nə qardaşı ilə görüşə bilib, nə də məsələ ilə bağlı təfərrüatlı bilgi əldə edib. Amma qardaşının hansısa dövlət sənədlərini saxtalaşdıra bilməsinə inanmır, deyir hətta istəsəydi belə buna səlahiyyəti çatmazdı.

TƏHSİL SİSTEMİNDƏ İSLAHATLAR

Təhsil nazirliyinin sabiq əməkdaşı, təhsil eksperti Talıb Şərifov deyir ki, söhbət hər hansı bir sənədin saxtalaşdırılmasından gedirsə, bu cür işlərin başında Orxan Kərimov kimi ikinci, üçüncü dərəcəli adamlar dayanmır:

«İslahat proqramında nəzərdə tutulan işlərin əksi görülür. Bu gün birinci növbədə təhsilin məzmunu, kadr siyasətidir. Nazirlikdə elə bir kadr görmürəm ki, təhsilin məzmununu düzəldə bilsin».

Etibar Əliyev
10 MİNLƏRLƏ İNSAN İXTİSASINI DƏYİŞİB

XXI Əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyevə görə isə, nazirlik sadəcə təhsil sahəsində korrupsiya ilə mübarizə apardığını göstərməyə çalışır:

«Son vaxtlar QHT və müstəqil ekspertlər çıxış etdilər ki, təhsil sahəsində korrupsiya ilə heç bir mübarizə aparılmır. Ola bilər ki, buna görə orada kimsə həbs olunmalı idi, kimsə çıxarılmalı idi və bu kombinasiya belə bir insanın üzərində quruldu.

Orxan Kərimovun nazirlikdə tutduğu vəzifə 4-cü dərəcəlidir, o heç vaxt sənədin birinci nüsxəsinə qol çəkmir. Bütün köçürmələr nazirin imzası ilə baş verir. Misir Mərdanov təhsil naziri təyin ediləndən bu yana 10 minlərlə adam ixtisasını dəyişib, ali məktəblərə köçürülüb. Bu isə neçə yüz milyon vəsait edir».

Təhsil nazirliyinin sözçüsü Bayram Hüseynzadə isə deyilənlərlə razılaşmır, istintaq başa çatmamış nazirliyi bu işlə bağlı nədəsə ittiham etməyi haqsız sayır.
XS
SM
MD
LG