Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:10

E.Məmmədov indi ölkədə sistem dəyişikliyinin zamanı olduğunu deyir


Etibar Məmmədov
Etibar Məmmədov

Həmsöhbətimiz 20 il Azərbaycanın dövlət müstəqilliyini bərpa olunması prosesinin fəal iştirtakçılarından olmuş Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovdur.

- Etibar bəy, Azərbaycan yenidən 20 ildir ki, müstəqildir, 20 ildən sonra müstəqillik barədə hansı fikirdəsiniz?

- Müstəqillik böyük bir nemətdir ki, biz onu bir millət, xalq olaraq əldə etmişik. Ancaq millətin qarşısında duran hədəflər, necə deyərlər hər dəfə dəyişir, daha da yüksəlir.

Əgər birinci mərhələ müstəqillik idisə, müstəqilliyin ardınca xalqın daha yaxşı yaşaması, daha sərbəst, daha güvənli olması üçün ölkədə sistemin dəyişməsinə ehtiyac var. Yəni biz müstəqilliyi Rusiya imperiyasından, Sovet rejimindən əldə etmişik və dəyişikliklər növbəti mərhələnin işidir.

- Bəzən insanlar sovet dövrü ilə bağlı nostalji hisslər dilə gətirirlər. Deyirlər o dövrdə qanunlara daha yaxşı əməl olunurdu, təhsil daha mükəmməl idi, şikayətlərə daha tez reaksiya verilirdi və s. Buna necə baxırsız?

Nə 1918-ci il, nə də 1991-ci il əldə olunan müstəqilliyi heç kimin adına çıxmaq olmaz.

- Mənim fikirlərimdən inciməsinlər, nostalji hisslər o insanlarda olur ki, onlar asıllıqda yaşamağa öyrənirlər, sərbəstliyə alışa bilmirlər. Daim bir ağa axtarırlar ki, onların yerinə olan vəzifələri həll eləsin. Sovet rejiminin, sovet sisteminin də əsas xüsusiyyəti o idi ki, xalqa deyirdi siz heç bir şey fikirləşməyin, əvəzinizə hər şeyi fikirləşirik və hər şeyi də həll edəcəyik.

Çox insanlar ona öyrəşiblər və gözləyirlər ki, onların üzərinə düşən vəzifələri kimsə yerinə yetirəcək.

- Etibar bəy, insanlar müstəqilliyi həm də rifahın yaxşılığı ilə ölçürlər. Hesab edirlər ki, müstəqil olmuşuqsa daha yaxşı yaşamalıyıq. Bu baxımdan müstəqil ölkənin vətəndaşları özlərini nə qədər müstəqil hesab edirlər?

- Mən belə hesab edirəm ki, müstəqilliyin yaxşı yaşayıb, yaşamamağa heç bir aidiyyatı yoxdur. İnsanlar daha yaxşı yaşamaq, daha çox maaş almaq istəyirlərsə onu yaxşı yaşamaq şəraitini yaratmağa borclu olan hökumətdən tələb etməlidirlər.

Birinci mərhələ müstəqillik idisə, onun ardınca xalqın daha yaxşı yaşaması, sərbəst, güvənli olması üçün ölkədə sistemin dəyişməsinə ehtiyac var.


Oturub gözləsələr ki, kimsə onların maaşını artıracaq, çox böyük səhv edirlər. Heç kəs özbaşına maaş artırmır. Tarix göstərir ki, ancaq tələblər irəli sürüləndən sonra hakimiyyət həmin tələbləri yerinə yetirməklə məşğul olur. Tələblər olmadan heç bir hakimiyyət tələbləri yerinə yetirmir.

- Etibar bəy, müstəqilliyin memarı deyə müxtəlif adamların adı çəkilir...

- Böyük səhvdir ki, insanlar həmişə memar axtarırlar. Zəif adamlar axtarır ki, kimsə bizim dövlətin yaradıcısıdır, bu nə bilim müstəqilliyin memarıdır. Müstəqilliyin memarı bir adam, iki adam ola bilməz bu, bütün xalqdır.

Nə 1918-ci il, nə də 1991-ci il əldə olunan müstəqilliyi heç kimin adına çıxmaq olmaz.

- Müstəqillik aktına imza atanlardan biri, İbrahim İbrahimli AzadlıqRadiosuna müsahibəsində deyib ki, indi hakimiyyətdə olanlar vaxtilə müstəqilliyə qarşı çıxıblar. Ona görə də müstəqillik uğrunda mübarizə aparan insanlara qarşı qısqanclıq var və indi Azərbaycan tarixinin saxtalaşdırılması prosesi gedir. Siz bu barədə nə düşünürsüz?

- Tarix boyu belə olub, hakimiyyət, qələm kimin əlində olubsa o tarixi həmişə öz xeyrinə saxtalaşdırmağa çalışıb. Və bu baxımdan bu gün doğurdan da o qısqanclıq var. Vaxti ilə imperiyaya xidmət edənlər, müstəqilliyin əldə olunmasına mane olmağa çalışanlar indi Azərbaycanın müstəqilliyindən daha çox faydalanırlar, nəinki, o müstəqilliyi əldə edən, onun zəhmətini çəkənlər.

Ona görə də o, qısqanclıq var və tarixi də dəyişmək, yaddaşlardan silmək istəyirlər. Mənim fikirimcə, bu böyük ədalətsizlikdir.
XS
SM
MD
LG