Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:43

İsa Hüseynov. CƏHƏNNƏM (3)


Əvvəli

- Bax, bax, ey insanlıqdan məhrum hökmdarım. Altıncı ildə, Bakının Duma binasında əziz aktyor dostun Rahibin sevgilisi Klaranı verbovat eləmisən ki, Zeynalabdin Tağıyevi, Doktor Nərimanı zəhərləsin. İyirminci ildə Serqo Orconikidze On birinci ordu ilə Bakıya gedəndə hamısı bizim Türklərdən ibarət olan o "Dikaya diviziya”da Nərimanovun katibəsi Fatmanı görüb, istəmisən verbovat eləyəsən. Əsgərlər başa düşüblər iş nə yerdədi, döyüblər səni. Sonra Serqo Orconikidze bronepoyezdə keçirdib səni, ordakı Sestralarla tanış eləyib. Orda, bronepoyezdə bir yevreyka verbovat eləmisən ki, Lenini zəhərləsin. Həmid Sultanovu, Baba Əliyevi zəhərləsin. Sonralar Səməd Vurğuna, Mehdi Hüseynə, sonradan Adıpünhan Muğannaya qədər Türklərimizi zəhərləmək üçün verbovat elədiyin qızlara bax! Görürsənmi? İşıq arxasında idilər, görmürdün sən onları. İndi bax, hamısı burdadı. Bax, görürsənmi?

Qorxma! Qatil deyilik biz. Dərs verənik, ey qatil!

İnsan nə arzulasa, hamısına əməl olunur burda. Bircə şərtlə: birisinin arzusu başqasının arzusuna zidd olmasın.

Sən arzulayırsan ki, mənim kəmərimi açasan. Mən isə arzulayıram ki, əvvəlcə mənim bütün hurilərimin kəmərini açasan. Axırda, əgər könlündə istək qalsa, onda Sərvinazıyın kəmərini də açarsan. Danışdıq?

Bünyad bəy qəh-qəhə çəkib, çaxırı başına çəkdi.

Sərvinaz bu gözəl sifətli kişinin gülüşündəki körpə uşaq bəsitliyinə heyrət etdi.

- Niyə güldün a kişi?!

Bünyad bəy lap uğundu.

- Əşi, necə gülməyim?! Klaranı çıxsaq, səni - kəbinli arvadımı da çıxsaq, yeddi nədir, deyəsən axı, on beşə qədər qeyri - qanunu arvadım yığılıb başıma! Əla şərab! Əla meyvə! "Arzulayıram ki, əvvəlcə mənim bütün hurilərimin kəmərini açasan. Axırda, əgər könlündə istək qalsa, onda Sərvinazıyın kəmərini də açarsan!! Əgər doğrudan da cəhənnəmdisə bu Ay, necə cəhənnəmdi?!

Sərvinaz bu gözəl sifətli uşağa indi təəccüblə baxırdı.

- Guman eləyirsən ki, keyfə baxacaqsan? Ay yazıq, bədbəxt insan! Biz axı uzun-uzun illər bundan əvvəl gözəl qızları necə heyvancasına zorladığını göstərəcəyik sənə! Özü də aramsız şəkildə! Gör nə hala düşəcəksən?.. !Qıl" sözü Türklə Orekin söz qarışığındandı. "Qıl" - "ki Əl"dən azıb, "ki Əl" Od Əldən azıb, Od Əl, bilirsən, həqiqət Əlidi. "Qıl" körpüdən yox, Həqiqət Əli EySaramızın dilinin mənasından - həqiqət körpüsündən keçə bilməyəksən!.. Bu qədər qızın kəmərini kim aça bilər, ay acgöz canavar?!

Bünyad bəy duruxdu.

- Bir şey soruşardım, əmma utanıram.

Düzənliyi şaqraq gülüş götürdü:

- Bunda utanan üz də varmış ki!.. Bilirik nə soruşmaq istəyirsən. Soruş, ay utancaq canavar. Açıq de! Lap açıq!

- Açığı... - Bəyin üzü, qızaran üzlərdən olmasa da, bir az qızarantəhər oldu. - Hamınıznan dalbadal yatmasam olmaz?

Qızlar yenidən şaqqıldaşdılar.

- Fu! Ətin tökülsün! Heyvan lap özünü itirdi ki!

Sərvinaz əlini yuxarı qaldırdı.

- Mən sənə dedim Yerdə elədiyin qələti burda təkrar eləməlisən. Zor işlətməlisən.

Bəy Klaraya baxıb, istər-istəməz qızların gülüşünə qoşuldu.

-Zora qalsa, təkcə o maxina əldən salar məni, sizə gücüm qalmaz. Əmma, razıyam, başlayaq, görək nə çıxır.

Sərvinaz əlini ərinin ağzına basdı:

- Belə suni hırıldamaq günahdır, hökmdar. Yerdəki məclislərinizdə hamınız suni gülə-gülə ürəkdən gülməyi yadırğamısınız. Odur ki, ziyafətdən çıxıb tək qalanda qəm dəryasına batırsınız. Ağda suni gülmə! Danışdıq?

İndi hurilərimin arzularını bilək.

Sərvinaz üzünü qızlardan birisinə tutub soruşdu:

- Arzun nədi, Alla?

Alla dedi:

- Kəmərim mənim alınmaz qalamdı. Arzum budu ki, Sərvinaz öz əlləri ilə hökmdarımızın gözlərini tutsun, biz hamımız hökmdarımızı öpək. Hökmdar nə vaxt mənim öpüşümü başqa hurilərin örüşlərindən seçsə, o vaxt qalamı fəth etsin.

Hurilər yerbəyerdən qışqırışdılar:

- Razıyıq! Razıyıq!

Sərvinazın gözlərində qəribə-qəzəbli gığılcımlar qaynadı:

- Ürəyindəndirmi belə bir oyun, hökmdar?! Kor kişi bu qədər zənənin öpüşünü öpüşdən seçməli, Allanı və ya bir başqasını öpüşündən tanımalıdı! Bacararsan?

Agentlərinin bu mühiti və bu rəftar Bünyad bəy üçün nə qədər yeni idisə, bir o qədər də əyləncəli idi. Çaxır da öz işini görüb, əyləncə həvəsini artırmışdı.

Sərvinaz sualın cavabını gözləmədən, ərinin gözlərini tutdu.

- Təbillər çalınsın! Döyüşə başlansın!

Bünyad bəy diksindi.

- Döyüş?! Nə döyüş?! Oyun demirdin?!

Sərvinaz qəhqəhə çəkdi:

- A kişi! Bu qədər qələni fəth etməlisən sən! Döyüş deyil, bəs nədi?

Hurilər kənarlarındakı xırdaca qumrovları işıldaşan xırdaca qavalları başları üzərində döyəcləyib əsil təbil gurultusu qopardılar. Sağdan birinci nuri Alla qırmızı, yumşaq, yüngül ayaqqabılarının burnunda, yüngülcə yeriyib Bəyi öpdü və bir göz qırpımında atılıb, əvəlki yerində dayandı.

Sərvinaz əllərini ərinin gözlərindən çəkdi.

- Bax tap hökmdar. Kim öpdü?

Bünyad bəy hələ hurinin öpüşündən əvəl Sərvinazın əllərinin təmasından alışmışdı. İndi gözlərini açanda da ilk növbədə arvadının nar rəngli dodaqlarına baxdı.

- Sən özün öpdün, ay qədrini bilmədiyim, zarafatlarını, gülüşlərini boğduğum Sərvinazım!

Hurilər yenə çəməni başlarına götürdülər.

- Bu nə yaltaqlandı sənə, Sərvi! Bəlkə ümidlidi ki, sənin qələni həmləsiz fəth edəcək?

Sərvinazın gözlərində həmin qəribə-qəribə qığılcımlar qaynayırdı.

- Uduzmusan, hökmdar!

Ən istəkli agentin Alla öpdü Səni. Demək, Allanın qələsini almağa ixtiyarın yoxdu! Bu belə: Valya öpsə, onun öpüşünü Allanın öpüşündən seçə bilməyəksən!

Təəssüflənmə, hökmdar. İyirminci ildə bronepoyezddə bu Valyanı necə verbovat elədiyini yada sal, danış.

Bünyad bəy oyunun bu gözəl dadlı başlanğıcında bronepoyezd sözündən şübhələnib ayılan kimi oldu.

Sərvinaz dedi:

- İstəmirsən, lazım deyil, Alla özü daşışar.

Bünyad bəy yenə diksindi, rəngi dəyişdi.

- Yox, yox! Danışmasın!

Sərvinaz çox sərt idi.

- Niyə, cənab Bəy?!

Bünyad bəy canının istiləndiyini, tərlədiyini hiss edə-edə:

- Gözəl oyun oynayırdınız... Təzə dirilmişdim - dedi, - Niyə öldürürsən məni, Sərvi, Bronopoyezddəki əhvalatı danışsa, sənin gözündən düşərəm axı!

Sərvinaz səsini qaldırdı:

- A kişi, demədimmi biz insanın beynini görürük, fikrini oxuyuruq! Lap ayaq açdığın, dil açdığın gündən həyatda gördüyün, eşitdiyin nə varsa, hamısı yazılıb beyninə. Sənin özünün yada sala bilmədiyin şeyləri də oxuyuruq beyniyin o bir cüt sağ, sol kürəçiklərindən.

Bünyad bəy çaşqınlaşdı.

- Onda daha niyə danışdırmaq istəyirsən Allanı?! Hamınızın oxuduğunuz, bildiyiniz əhvalatı dilə gətirməyin mənası nədi?!

Sərvinaz dedi:

- Əməlini Allanın dilindən eşitməlisən! Odda yanmalısan, Bəy!

- Odda?! Lap çaşdım! Həqiqi odda?!

A kişi! Dedim axı, Kainatda yeganə cəhənnəm var, o da bu Ağ planetinin içərisidi. Bu gözəl təbiətli aləmdə Od - həqiqətdi, OdÜn - həqiqət səsidi, alov kimi yandırır, Bəy.

Bünyad bəyi tər basmışdı.

- Evim yıxıldı!

Sərvinaz dedi:

- Əksinə, bəy! OdÜn - həqiqət səsi cəhənnəmdə cənnət yaradır. Qəbahətini eşitdikcə, öz hərəkətlərini qarşındaca əyani gördükcə, yavaş-yavaş yüngüllük hiss edəcəksən. Nədən olur o yüngüllük? Sadəcə, qatı qanın yuyulur, canında qan dövriyyəsi normallaşır, hüceyrələri sağlamlaşdırır. Danış, Alla!

Bünyad bəy bir xeyli susub, doğrudan da əyani görmək əzabını hiss etmiş kimi, əllərini yuxarı qaldırdı.

- İlahi, özün kömək ol mənə! Cənnətdi, cəhənnəmdi, nə möcüzədi bu?!

Sərvinaz dedi:

Biləcəksən, Bəy. Səbrlə, dəyanətlə dinlə OdÜnü - həqiqət səsini! Biz Odda yana-yana gözəlləşmişik burda. Sən də yanmalısan, Bəy!

Yalnız Klaradan seçilən Allanın gözləri par-par yanırdı.

- Çalın, ey hurilər - EyƏrlər - uca işıqlar! - dedi: - Yerdə - EyƏrdə - uca işıqda bizim işığımızı söndürən bu cəllad Qarayazı meşəsində o gözəl Niyazi sovxozunda, Niyazi kişinin həyətindəki palıd ağacının altında Aşıq Kamandarın "bayatı" - Bağ Oduna qaranlıqdan qulaq asır, qaranlıqda ağlaya-ağlaya gedir zverləri - qunduz itlərlə qucaqlaşmağa! Zənəndən isinməyən xəstə bədbəxti qancıqları səngidir. BağOd çalın, qunduz qancıqlarını göstərin görək göz yaşı qalıbmı heç! Tfu sənə, Bəy!

Saz çalan hurilər Osmanlı sazlarını süfrəyə qoyub, OdEvƏr sazlarını götürdülər. Türkün sümüklərini üybəüy oynadan gurultulu, bəm simlər əvəzində incədən incə, zərifdən zərif ağ simlərin türkü titrədən cingiltiləri Türk içində böyümüş Fars beynini lap ilk cingiltilərdən titrətdi.

- Sənə qurban olum, Alla, danışma!

Alla üzünü kənara tutdu.

- Mən danışdım qurtardım, qancıqla Allanın fərqini bilməyən bədbəxt xəstə!

- Nə?! - Bünyad bəy gözlərini silib dikəldi. - Mən... gizlənməkdən ötrü, Muğannaları izləyə - izləyə, it yemləyən fəhlə olmuşam orda. Bu əzab bəs deyilmi, üstəlik sən belə...

Alla Bəyin sözünü kəsdi:

- Hurilərin bu çaldıqları havanın adı nədi?

Bünyad bəy dinləyib dedi:

- BağOd!

Alla dedi:

- Səni ağladan nə oldu indi? Bunu da qanmırsan? Mənim kədərim ağlatdı səni, ya yox?

Bünyad bəy başını sinəsinə əydi.

- Hə...

Alla da ağlayırdı.

- Bu qəm içində o bronepoyezdin kupesindəki kimi zorlaya bilməzsən məni, ay cəllad! Gəl! Gəl! Aç kəmərimi!

Sərvinaz Bəyə baxdı:

- Alla heç olmasa qismən saflaşdırdımı səni, murdar "hökmdar"! Allanın əsil adı "Alla" deyil burda, Əldi. Çaldırdığı hava "Bayat" - BağOd bir az ürək verdi sənə.

Qalx! Gedirik!

- Hara?!

Sərvinaz dedi:

- Yerə!

Bünyad bəy duruxdu.

- Sən də gedirsən?!

Sərvinaz kinayə ilə:

- Əlbəttə! Bünyad bəy Qumralsız keçinə bilərmi Yerdə?! Bəlkə qunduzlarınçün darıxmısan?

Bünyad bəy köksünü ötürdü:

- Yenə Qumral olacaqsan?!

Sərvinaz güldü:

- A kişi! Qumralı istəmirsən?!

Bünyad bəy hıqqıldayırdı.

- Lap çaşdım!.. Sənin öz yazıq, bədbəxt Sərvim olduğunu bilə-bilə "Sahib"in o xaraba İranında "Bakirə" adı ilə qoyub gedəcəm?!

Sərvi dedi:

- Mazandaran İran deyil, bəy, Azərbaycanındı.

- Nə? Yəni Heydər qaytardı Azərbaycanı?! Nə vaxt oldu bu?! Paho! Biz Şimali Azərbaycanı da İrana qatmağa çalışırdıq axı! Tərsinə oldu?! Necə oldu, bütövləşdi Azərbaycan?!

Sərvinaz izah etdi ki:

- Sərhəd dəyişməyib, Mazandaran da, bütün qalan vilayətlər də hələ Farsın əlindədi. Əmma biz hurilər hər şeyi öz adı ilə deyirik, bəy. Ərdəbil, Zəncan, Qəzvin, Təbriz, hamısı elə köhnə Azərbaycandı - Bağdaydı bizim nəzərimizdə. Sənin yaddaşın zversovxozda qancığın quyruğunun altındadı!.. Sən yenə o iqamətgahda qalacaqsan?

Bəyin səsi boğuq çıxdı:

- Tehranın bir-birindən zorakı cəllad siyasilərinin pastellərinə verəcəm səni?! Mən zorakı, cəllad, namussuz köpək oğlu necə götürüm belə namusu?!

Hurilər şaqqıldaşdılar

- Bıy! Namusu varmış!

Alla dedi:

- Şimalımızı da İrana vermək yolunda hər cəfaya dözən Bünyad bəy, arvadını İmam övladlarının pastellərinə vermək cəfasına da dözər.

Bir az sükut oldu.

Bünyad bəy:

- Yox! Yox! - dedi.

Klara kuzədən çaxır töküb yırğalana-yırğalana yeriyib, büllur qabı qoşa əlində bəyin dodaqlarına yaxınlaşdırdı.

- İç, Bəy!

Bünyad bəy qabı alıb syfrəyə çırpdı.

- Zəhər verirsiniz!

Sərvinaz dedi:

- Bağımızın1 meyvəsindən ye, Bəy.

Bünyad bəy birdən bağırmağa başlamışdı.

Sərvinaz bir az ara verib, astadan:

- Allanın öpüşü zəhərli deyildi, - dedi. - Təbillər çalınsın, döyüş davam edir!

Yavaş-yavaş vaxtı çatır, bilməlisən ki, bütün bu öpüş-filan söhbətləri sənin bətnində ən bəd xəstəliyin səbəbini aşkara çıxarmaqdan ötrüdü, Bəy, - dedi. - Əmma biz heç bir işi birbaşa görmürük... O qunduzları Qarayazıya kim gətirdi? Sovxozu kim yaratdı? Ruslar! Düzdü. Sən sevinirdin o vaxt ki, qunduzların dərilərindən xəlvəti satıb qızıl yığacaqsan, məni al-yaşıla bürüyəcəksən. Əmma sonra al-yaşıl ipəyi qunduz qancığa bürüyüb yorğanın altına salırdın. İndi səni ilahi zənənlər qucaqlayacaqlar, a bəxtəvər!

Hurilər qavalları başlarının üzərində döyəclədilər. Bu dəfə Klara öpüb geri atıldı.

Sərvinaz əllərini ərinin gözlərindən çəkdi.

- Kim öpdü, hökmdar?

Bəy bu dəfə heç kəsə baxmadı.

- Bilmirəm! Bəsdi!

Sərvinaz sakitcə:

- Klara öpdü. - dedi. - Əziz aktyor dostun Rahibin sevgilisi Klaranın öpüşü şirindi?! OdÜnüm yandırırmı, Bəy?! İrəli bax! Klaranı necə öldürdüyünü görürmü kor gözlərin?!

Bünyad bəy mızıldanıb:

- Qurtar bu oyunu! Qurtar! Qurtar! - dedi.

Sərvinaz eyni sakitliklə başını buladı:

- Mümkün deyil, Bəy. Cəhənnəmdə hər günahın min, milyon dəfə fəzada təkrar olunacaq ki, bətnin saflaşsın.

Bəy qışqırdı:

- Niyə?! Niyə?!

Sərvinaz dedi:

- Cünki sən hələ təzə-təzə yanırsan, Bəy. İnandınmı ki, bura cəhənnəmdi? İnandın?

Bünyad bəy qışqırtısını zorla boğdu.

- Yox!

Sərvinaz güldü:

- Kəmər yaddan çıxdı. Bu qədər əzab çəkdin. Yenə deyirsən cəhənnəm deyil?

Bünyad bəy dedi:

- Bəs sən niyə burdasan! Günahsız Sərvi cəhənnəmdə ola bilməz! Başa sal məni görüm bu nə oyundu, nə pəstahadı belə?

Sərvinaz birdən qəmlənmişdi:

- Sərvi bədbəxtin də cəhənnəmdədi, ay bədbəxt Bünyad!

Bünyad bəy dikəlib ona baxdı.

- Ola bilməz!

Sərvinazın gözləri dolmuşdu.

- Mən bədbəxt illər uzunu sən cəlladın yastığına baş qoymuşam. O qancıqları bürüdüyün ipəyin arasına bürünmüşəm. Günah deyil bu? On qız doğmuşam sənin it qanından, qohumlarıma paylamışam, demişəm mən belə iş sahibiyəm, uşaqlarıma sahib olun. İndidən bilirəm sağ qoymuyacaq o məni. Könülsüz kəbindən böyük günah olarmı, Bünyad?! Yerdə hər gecə sən məni zorlamısan, mən də özümü zorlamışam.

Bünyad bəy başını endirib süstləşdi.

Alla dedi:

- İndi bildinmi niyə cəhənnəmdəyəm mən?!

Bünyad bəy ağır-ağır dikəlib, bir-birindən qəmli iri-iri yaşıl gözlərə baxdı. Gözlərin hamısından yaş süzülürdü.

Alla:

- Mənim bu bir-birindən gözəl bacılarım "Sahib"in gizli iqamətgahında onca il zorlayıblar özlərini - dedi. - Bundan böyük günah olarmı, Bünyad?!

Bünyad bəyin gözləri qızların üzlərində gəzirdi:

- Bəs Klara niyə burdadı?!

Klara gözünün yaşını silmədən:

- Mənim günahım dünya boydadı, Bəy, - dedi. - Dünya boyda!

Bünyad bəy inanmaq istəmədi.

- Ola bilməz! Sənin həyatında, işində - əməlində zərrə qədər də ləkə yoxdu! Bütün Azərbaycanda, bəlkə də bütün Yerdə sən yeganə aktrisasan ki, ləkəsizsən.

Klaranın ağır gözləri qalxıb endi.

- Dedim günahım dünya boydadı. O qədər böyükdü ki, danışmaqla qurtaran deyil.

Bünyad bəy soruşmaya bilmədi:

- Nədi axı?!

Klara inamla:

- Sən cəlladın sirlərini heç kəsə açmamışam. Bu bir, - dedi. - Altıncı ildən otuz yeddinci ilə qədər vicdanımın səsini boğaraq qatilliyini xəbər verməmişəm. Bu iki. Bundan böyük günah olarmı, Bünyad?!

Bünyad bəy xeyli susub sonra soruşdu:

- Belə çıxır ki, mən doğrudan cəhənnəmdəyəm?!

Sərvainaz səsiscə şirin-şirin gülürdü.

- Qayıtmaq istəyirsən? Qunduzları istəyirsən?

Bünyad bəy dərhal:

- Saflaşmağım mümkün deyil, Sərvinaz! - dedi.

- Sən ki, Bağların qüdrətinə bələdsən!

Bünyad bəyin üz-gözü əyildi:

- Əlimdə imkan olsaydı, mən sizin o EySarınızın özünü də öldürərdim, qardaşı EvƏrimi də öldürərdim, Bağ Atasını da, BağBağÜn, EyOdƏr babalarını da! Bu dərəcədə kin hara, SafAğlıq hara, Sərvi?!

- Səmimi danışırsan, Bəy. Bunun özü saflığa yaxınlaşmaq deməkdi. Burdan nəticə çıxart ki, biz səni bir az da səmimiləşdirib, könlündə insana istək işartısı yaradırıq.

Bünyad bəy yorğun-yorğun siqar sümürdü:

- İnsana istək... O insana ki, insan qanı içə-içə yaşayır?!.. Sən elə bilirsən mən heç fikirləşməmişəm bu barədə?!.. EySar Ün eşidən, Ün yayan Bağdı, o heç, qardaşları da belədilər. Yəni fakt budu ki, yaradıcı Bağ, xaliq Bağ deyil. Bəs bağ Ata?! Bəs BağBağÜn?! Bəs EyOdƏr özü?! Məni elə yarada bilməzdilərmi ki, qan yoluna düşməyəydim?! Bəşəriyyəti elə yarada bilməzdilərmi ki, ümumiyyətlə, ölüm-dirim olmayaydı?!

Sərvi dedi:

- Bax, belə düşünmək qabiliyyəti özü də saflaşmaq yoludu, Bəy. Peter¬burqda ruhani məktəbini qırtarıb Bakı Dumasına göndəriləndə sənin beynin daş, qaya kimi bir şey imiş, şpionluq dərsindən savayı bir kəlmə də girmirdi beyninə. Rahib də o məktəbi qurtarmışdı. Əmma o başqa yol seçdi - sənət yolunu və o yolda da öldü. Sən bu yaşa çatdın, indi tərəddüdlü danışırsan... Bu yeni psixoloji vəziyyətdi və bu vəziyyət burdakı bir-iki saatın bəhrəsidi. Qanırsan, ya yox?!

Bünyad bəy çox düşünmədən:

- Dəhşətli işgəncə verirsiniz, elə belə olacaq! - dedi.

Sərvinazın üzündən gülüş silinmişdi.

- Mən sənə dedim: "Bağımın meyvələrinin zəhərlisi də var". Mənim Bağım EySardı, Bəy. EySarımın ən zəhərli meyvəsi İblisdi. İblisi gör, gedək.

Bünyad bəyin rəngi dəyişdi:

- İblis də var burda?!

Sərvinaz açıq, hiyləli gülüşlə:

- İblissiz cəhənnəm olar, Bünyad?! - dedi.

Şüfrənin ayağında, hurilərin arasında başdan - ayağa qırmızı geyimli, gözlərinin hərəsi bir qırmızı alma boyda, cüt buynuzlu, quyruqlu bir məxluq peyda oldu.

Bünyad bəy dik atıldı və üzü üstə göşənib özündən getdi.



3. YenƏ fantastikasız fantastika



Gözlərini açanda özünü Qarayazı meşəsində, Zversovxozla Muğanlı kəndinin arasındakı yol ayrıcında gördü.

Dikəlib o yan, bu yana, sonra göyə baxdı.

Buludsuz, açıq mavi göyün dərinliyində işıq gəmisinin dairəvi işığı parlayıb yoxa çıxdı.

Bəy hiss edirdi ki, Qarayazının göylərində görünüb yoxa çıxan o gəmi ilə əlaqədar, nə isə qeyri-adi bir hadisə baş verib. Əmma nə hadisə yadında idi, nə də hadisədə iştirak edən adamlar. Beyni keçə kimi, hissiyyatı küt idi. Yadındakı ancaq bu idi ki, Zversovxozun köhnə ərzaq yeşikləri ilə dolu səmtindəki gizlin iqamətgahından axşam çıxmışdı.

Prezident Heydərin hakimiyyətə gəldiyini biləndən sonra, Suduşən qəsəbəsi adlanan yerdən çoxsaylı ailəsinin komandası altındakı silahlı dəstəsini Moskvaya qaçırıb evindəki "narkotika" kisələrini Jiqulisinə doldurub, həyatının qalanını çapqınçılığa həsr etmək istəyən polkovnik Rəhim Qudalı - "Xəlvət Rəhim" burada - yol ayrıcında olmalı idi. Bünyad bəydən azı on-on beş yaş kiçik olduğuna baxmayaraq, Bəy ona qəribə, istehzalı "Qocaman” və “Qoca" kliçkası və "narkotika kisələrinin əvəzində bir dəstə (saymadan) dollar verib, "kisələri də "özün satarsan" - deyib, bununla "Qocanı guya həmişəlik əsir eləmişdi. Və həmkarının sədaqətinə əmin olduğuna görə "Qoca”nın alüminum kisəsnin içində "Mərkəz"dən göndərilmiş dollarları çıxarıb, öz köynəyinin astarındakı selofan torbalara doldurmalı idi.

Əlini sinəsinin sağ-soluna basdı. Selofanları dolu idi. Nə vaxt görmüşdü bu işi?! Bu yol ayrıcına necə gəlmişdi?! İzə düşən, müdaxilə edən vardısa, bəs pul niyə üstündə idi?! Bəs Qoca niyə yoxa çıxmışdı?! Axşam görüşüb pulun yerini dəyişəndən sonra haraya isə getməli deyildilərmi?!

Bəy qorxuya düşüb yenə o yan-bu yana baxdı və bu dəfə "Qoca"nı böyryndə oturan görüb, heyrətdən bilmədi nə desin.

“Qoca” qaş-qabaqlı, açıq narazı soruşdu ki:

- Hara aparmışdılar səni?

Bünyad bəy, səmimi etirafla:

- Bilmirəm, - dedi.

“Qoca” yenə soruşdu ki:

- Dəli necə düşüb sənin izinə?

Bünyad bəy diksinən təhər olub:

- "Dəli" çoxdu burda, hansıdı izimə düşən?

“Qoca”, çox pərt:

- Lap pisi - dedi, - Səməd! Bir dəfə Muğannalardan "Ağ Məmmə" dediklərini gördüm yanlarında. Bir dəfə də Adı Pünhan Muğanna dediklərini gördüm. Möhkəm içmişdilər, keyfləri ala buludda, valay vururdular. Bir də, vaxtıynan bir məzəli gədə vardı Muğanlıda - Orduqozdu Musa deyirdilər, sənin sərvinə vurulmuşdu. O idi Adı Pünhanın yanında, meşədə gəzə-gəzə gah çaxır şüşəsi verirdi o yazana, gah da kabab, yuxa, soğan - zad, içirdilər, oxuyurdular: "Dad ey, Dad ey, Dad aldı məni, Almadı qohum-qardaş, yad aldı məni". Sənin arvadınıydı bir də orda. Sərvi varıydı ha, indi də lap eləcə - cavanca, yalvarırdı Adı Pünhana ki, qurbanın olum, ay Pünhanım, bir də oxu onu. Adı Pünhan da hey elə çalırdı sazını, oxuyurdu: "Dad ey !.." Sonra Muğanlıdan Ağ Məmmə deyilən gəldi ora. Bu il ölmüşdü o. Lap məəttəl qaldım ki, bu niyə diridi?! Yadında olar, onun arvadı Baharı da sən zəhərləmişdin. Lap üşütmə aldı canımı ki, birdən o Bahar da burda olar. Dəli olmuşdum ey, a kişi!..

Bünyad bəy qovşurulurdu:

- Dayan bir görüm, a kişi! İndi yadıma gəlir, Sərvini mən də görmüşəm. Əmma burda yox... Belə çıxır ki, o gorbagör Dəlilərin hamısı diridi, gəlib-gediblər?!

Qoca dedi:

- Elə çıxır də!

Bünyad bəyin canına qor doldu.

Qocanın əli yoldan o yanı göstərdi.

- Odu bax oturublar o "Çinar" dedikləri gölün dalında, ağac altında. Ocaq tüstülətdilər. Çaxır - yeşiknən! Əyləşiblər üz-üzə: "Muğannaların sağlığına!". "Xəlvətlik"dən, "Qoca"lıqdan çıxdım, açıq-açığına oturdum rulun dalında, sürdüm birbaş Əmirlilərin dəfn olunduqları yerə. Qazdım. Qəbrdə - skelet!..

Bünyad bəy "Qumral"ı - "Türknaz"ı - Sərvini xatırladı.

- Dayan, Qoca... Əllinci illərdə, o vaxtki raykom katibi Sultan Əmirlinin başına nə oyunlar açırdıq, əmma o heç söyüb-eləmirdi də bizi, elə hey OdƏrlikdən, əbədi birlikdən danışardı!.. Gör necə heyvan olmuşuq, qanmamışıq! Əmma elə yaxşı ki, qanmamışıq... - Selofanlara toxundu, elə bil xəyaldan ayrıldı.

- Pulu sən qoymusan bura, ya mən özüm?!

Qoca təəccübləndi.

- Əlbəttə özün!

Bünyad bəy yola baxdı.

- Harda? Burda?

Qoca:

- Necə harda?! Əlbəttə burda. Qəbiristandan qayıtdım, maşını qoydum bu yana, Muğanlı səmtindəki o qalın qaramıxlığa, gəldim gördüm düp - düz uznıbsan bu toz-torpağın içində. Dedim, yəqin simülyantlıq eləyirsən, "Dəli"ləri izləyəsən. Sonra gördüm yox, başıyın ortası qozdanıb, vurublar səni. Başa düşdüm ki, qurtarıb daha bizimki. Sonra gördüm yox, pul selofanlardadı. İncimə, bəy, boynuma alıram hər şeyi. İkimiz də yüzü çoxdan aşmışıq. Güllələməzlər bizi. Qocalığımızı nəzərə alarlar. Acmazlar, bilirsən türmələrdə adamım çoxdu mənim. Bir-iki ay yatarıq. Qızıla basaram, çıxarıq.

Qalx, Bəy. Qalx gedək özümüz təslim olaq.

Bünyad bəy taqətsizlikdən üzülə-üzülə dikəlib, əlini gözünün üstünə qaldırıb gölün o tayına, çınarın altına baxdı.

- Deyirsən Sərvi də gəlib?

- Hə.

- Hanı bəs? Gözümə dəymir. Qayıdıb nədi?

Bünyad bəy azacıq düşünb, birdən etirafa ehtiyac duydy.

- Bilirsənmi, Qoca, axı məni aparmışdılar! Sərvi özü aparmışdı!

Qocanın gözləri böyüdü.

- Nəə?!

- Hə!

- Bə niyə Sərvisiz gəldin?!

Çinar tərəfdən gözlənilməz səs gəldi:

- O qatilə arvad olarmı daha Sərvinaz, ey qatil?!

Qoca dizləri üstə qalxıb, gölün o tayına baxdı.

Cavab gəldi ki:

- Sən heyvan oğlu heyvan, Muğannaların Türmən düzündən qoç almağa gedəndə "Orduqozdu Musa" deyərdin mənə. Uşaqlara Abbası1 paylayardın ki, gedin onun ordunun qozuna çırtma vurun, qaçın. Mən bədbəxt karlık ağlayardım. Sən mənim ağlamağıma gülərdin!.. Öl indi! Nə ordumun qozu var, nə də belimin fırı!.. Sərvi mənim arvadım olacaq, Bünyad bəy! Bildin?! Sevmişik bir-birimizi!

Bünyad bəy astadan inildədi:

- Bah - Bah. Bah!.. Dünyanın işinə bax!

Orduqozlu danışırdı:

- Kainatda sevgi Yerdəki təki deyil, ay it! Doğuluş Yerdədi ancaq, onçun gəlirik biz bura Sərviynən! Sevişməyə!.. Oğlumuz olacaq! Sən qanarsanmı övlad nə deməkdir, ay it?!

Bünyad bəy ayaq üstə idi.

Gölün o tayında Sərvini görmüşdü. Dümağ, dalğalı, uzun saçları qulaqlarının üstündən sallanıb çiyinlərində qıvrılmış Səməd Əmirlini tanıyanda Səməddən solda arxasını çinarın gövdəsinə söykəmiş Musaya diqqət yetirməyə ehtiyac qalmadı. Yol ayrıcı ilə çinarın arası azı yüz addım olsa da, Bəyin yəqin ki, təhlükə hissindən birdən-birə işıqlanan gözləri Səmədin gözlərinin bu tərəfə dikildiyini aydın gördü.

Qoca pıçıldayırdı:

- Tanıdın? Odu!.. Səməddi!

Bəy dillənmədi, aydın bilməsə də, indi hiss edirdi ki, dəhşətli dərəcədə təcrübəli çekist onun nəinki cinayətlərini, hətta bu an beynini də görürdü, qaçmaq, qurtarmaq mümkün deyildi.

Səməd nədənsə, şaqqıltı ilə gülüb, əlindəki şüşəni yuxarı qaldırdı.

- Bunu içirəm öz EvƏrEy OdƏrliyini qana-qana "yevrey"liyini gizlətməyə səy göstərən Bünyad bəylə "erməni"liyini məharətlə gizlədən "Yevrey" Xəlvətin sağlığına!

Gəlin! Qorxmayın, həbs olunmayacaqsınız. Mən axı Yer Adamı deyiləm daha, əla toğlu kababı yeyəcəksiniz, çaxır içəcəksiniz. Sonra da sözün əsil mənasında azad olacaqsınız! Gəlin! Heyif, daha "döyüş" olmuyacaq, qızlar öpmüyəcəklər siz kaftarları. O oyunun dərsini sonra qanacaqsınız. Hələlik gəlin yeyin- için!Yer adamı olmaması qocaları daha da ehtiyatlandırırdı. Əmma getməmək olmazdı.

Ora vaxtilə iydəlikləri, göyəmlikləri, yemşənlikləri, üzümlükləri ilə məşhur olan Qarayazı meşəsinin cəngəllikləri, sıx palıdları, qarağacları, qovaqlıqları məhv olandan sonra Çinar gölü lap kiçilib dayazlaşmışdı. Bu yol ayrıcından o taya - çinarın altına getmək üçün qərbə - Muğanlı kəndinə doğru iki yüz addım gedib, Babanıoğlu körpüsündən keçib sola burulmaq və yenə iki yüz addım getmək lazım idi. Xəlvət-zəhim həmişə ata-baba kəndi sayılan Qonaqlıdan buraya gələndə Babanıoğlu körpüsünün altından gur qıjıltı ilə axan QaraSuda axından titrəşən yamyaşıl acıtərə yığıb, həmin çinarın altına aparardı. Hələ o vaxtlardan - əllinci illərdən beli bir az donqarlanmağa başlamış uzun, arıq Bünyada adı ilə yox, "kliçka"sı ilə "Çax-çux Xalıq" deyərdi:

- “Ay "Çax-çux Xalıq" vəzəri əsl budu, bax. Qocalığın dərmanı budu. Hər dərdin dərmanı acı tərədi!” - deyərdi. Sonralar Azərbaycanda xalq cəbhşəsi - AXC adlanan, anlaşılmaz, zülmkar - qeyri xalq təşkilatın hakmiyyətdə olduğu doxsan - doxsan üçüncü illərdə birdən-birə "Bəy" çağırılan Bünyad bəyin nəinki cavanlaşdığını, hətta donqarının getdiyini görəndə isə: "Acıtərənin bu möcüsinin əvəzində burax məni, Bəy”, - deyərdi və cavabında "bir yekə paçka" dollar alardı. Bir az sonralar isə, gur axında titrəşən yamyaşıl, təzətər acıtərə yerinə, məhv olmuş meşəni basan duzlaqların zəhər duzundan qatılaşmış, əsil zəhər dadan, qaramtı acıtərə yığıb verərdi ki, cavanlaşdırdığı Bəyi qocaltsın, əl çəksin "Qoca"sının yaxasından. Sovet kəşfiyyatında birgə işlədikləri ilk illərdə - lap ilk gənclikdə xəlvət Rəhimi əməlli - başlı inandırmışdılar ki, Xalıq onun Təbrizdə Əmirlilərin evində nökər işləyə-işləyə Moskvaya "doneseniye"lər göndərən "Yağır" Məmmədəlinin oğludur. "Çax-çux Xalıq" birdən-birə Bünyad bəyə çevriləndə - AXC hakimiyyətinin başlanğıcında isə Azərbaycandakı "podpolniy KPSS fəallarından biri olan Xəlvət, "Qoca" kliçkası ilə, yeni "rukovoditel"in sərəncamına - Zversovxoza gedəndə məlum olmuşdu ki, yeni "rukovoditel" - Bünyad bəy "qardaşoğlu-zad deyil". Bədbəxt Qocanın xəbəri yoxdu ki, Bəy ömrünün yarıdan çoxunu Qarayazıda, Zversovxozda keçirmişdi. Niyazi sovxozu tərəfdə gur qalan meşənin gur Qarasuyundan yamyaşıl təzətər acıtərə dərib, səhər də, günorta da, axşam da çörəyini acıtərə ilə yeyirdi və "Əsil dərmanın acıtərə yox, o bitkinin yarpaqları arasında bitən başqa sarımtıl tellər kimi bitgi, "Qarayazı möcüzəsinin" möcüzəsi ilə yaşadıqca yaşayıb, hətta yüz yaşlı Qocadan çox-çox cavan görünürdü.

Babanıoğlu körpüsündən keçəndə Bünyad bəy, həmişə uşaq yerinə də bururduğu Qocaya gözlənilməz bir xidmət göstərdi: körpünün ortasındakı iki addım uzununda ucuq yerdən hoppanmaq lazım gələndə bom-boz, cırıq-sökük tuflilərini ayaqlarının burnu ilə o taya atıb suya düşdü.

- Min Qoca. Ömrün boyu sən mənə qulluq eləmisən, türmədə qızıl vədinə görə bir dəfə də mən sənə qulluq eləyim. Min keçirim!

Lap cavanlıqdan indiyə qədər bütün çətinliklərdən qızılla çıxan Xəlvət Rəhim-Qoca hardan biləydi ki, cır-cındır içində hökmdarlıq edən Bəyin bu adı, sadə hiyləsi altında ölüm təhlükəsi gizlənmişdi. Bünyad bəyin ağ tüklərlə örtülü çökək sinəsində tükün arasını qabartmış "US" - "Ultrasovremennıy" aparatda "Mərkəz"in cır səsi aramzız ötürdü: "Osvobodites ot Starika. Navseqda osvobodites ot Starika. On uje obuza tebe. Konçay!".

Xəlvət için-için gülə-gülə qıçını aşırıb Bəyini mindi:

- Qadan alım, ay Bəy! Bu nə xəcalətdi! Qadan alım! Bu nə xəcalətdi!

Bu, "Qoca" kliçkalı polkovnik Rəhim Qudalının son sözləri oldu, Bünyad bəy can köynəyinin qoltuğundan rezin ucunda sallanan naqanı çəkib, belindəki "Hər şeyi boynuna almağa" hazırlaşmış ağır ət torbasının dalına dalbadal atəş açdı və torbanı suya salıb körpünün altına basdı.

Çinarın altından Səmədin qəhqəhəsi eşidildi:

- A Bəy, o nə müxənnətlik idi elədin! Qarayazıya gələndə o ət torbası hər dəfə bir torba dolusu acıtərə aparardı kəndə, bir əmliyin kababını bir oturuma yeyərdi. Acıtərənin möcüzəsi ilə hələ yüz il də yaşaya bilərdi bundan sonra. Niyə gözündə qoydun kişinin arzusunu!

Yadındamı, səksən səkkizinci ilin dekabrında sən məni Bakıdan Qonaqlıya öldürtməyə çağıranda mənim əmioğlum Dəli Mədəd Qonaqlı ilə Qurbanlının arasında o torbanı necə döyəclədi çinarın gövdəsinə. O vaxtdan on dörd il keçib. Mənim dəli Mədədim on dörd il gözləyib, Musanı göndərib ki, bu gün, iki min üçüncü ilin əvvəlinə o torbanı bir dəfə də bu çinar gölünün çinarının gövdəsinə göyəcləyib qanına qəltan eləsin. Mədədin arzusunu da gözündə qoydun, ay müxənnət Bəy! OdAğÜzdə Bağlarımız dönə-dönə hədələdilər Mədədi ki, Xəlvətə cismi işgəncə versən, dəhşətli başağrısı çəkəcəksən.

Mədədin Ünü eşidildi: "Çoxdandı cəzalandırmırsınız məni, İmkan verin Musaya, cəzalandırsın”. İndi gələr Musa, səni çırpar bu çinara, necə olar, Bəy? Qorxdun?! Sənin axı qorxu hissin çoxdan kütləşmişdi, indi nəyə görə bərpa olundu? Çünki ayda-Ağda lap cuzi saflaşma keçirmişdin, bir az insanlaşmışdın, ay qoca canavar. Qorxma, Musa nə qədər dəhşətli sərt adam olsa da, keçmiş arvadın Sərvi kimi bizə də tapşırıq verilib ki, Yerin ən qaniçən, iyrənc dərəcədə murdar "İNS"i Bünyad bəyi saflaşdıraq. Basdır o ət torbasını, gəl, söhbətimiz çoxdur. Musa deyiləm mən, Mədəd də deyiləm, Ağ Məmməyəm, Ağ Məmmə! Bilirsən, təbiətən çox mülayim adamam mən. Şamaxıda əziz qohumlarımız Bəylərin kökünü kəsdin, gözümlə gördüm. Babam Omar kimi mən də Bağlarımızın ixtiyarına verdim səni. Bağların isə qanunu sənə məlumdu: "İNS"ə təsir etmək olar, "təzyiq olmaz". Gəl, gəl. Səmədin adını "Straşnıy çekist" qoysan da, o da Bağların hökmündən çıxmaz.

Əcəm dili ilə Muğanna deyirsən mənə. Bil və bələd ol bu "Muğannaya", "Əmirli" nəslinin taleyi ilə oynayan Bəy! Muğanna nəslinə mənsub Əmirlilər siz Fars, Ərəb "Yevrey"lərinin dili ilə "Muğanna" adlanırlar. Bunu bilirsən. Bəs Türk dilində necədi bizim nəslin adı? O torbanı basdır, gəl deyim. Mənim Muğanlıdakı qohumlarımdan biri bu çinar gölünü duruldub qızıl balıq saxlayacaq burda. Murdarlama suyumuzu. Basdır onu, sonra gəl araq vura-vura, kabab yeyə-yeyə, nəslimin başına açdığın bəlaları danış...

Bünyad bəy Qara Suyun axarının soyuğundan tir-tir əsə-əsə, meyidi çəkib körpünün altından çıxartdı. O mülayim Ağ Məmmənin "Bəs lapatkanı hardan alsın"? dediyini eşitdi.

davamı
XS
SM
MD
LG