Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:48

Isa Hüseynov. CƏHƏNNƏM (2)


Əvvəli

Furak qətiyyətlə:

- Xeyr! - dedi. - Din dəyişmir! Əslinə - SafAğ Elminə qayıtmır!

Furak:

- Səbəbini gedib İrəmdə öyrənəcəksən, - dedi.

Bünyad bəy ayaq saxladı:

- Yenə çərənləyirsən, Qumral! Yəni mən doğrudan planetə uçmalıyam?!

Furak ciddi:

- Bu yasın səbəbini öyrənmək üçün bircə yol var, Bəyim. Elm və eşq yolu. Elm və Eşq yolu isə Simurğ quşunun caynağındadı, - dedi.

Bünyad bəy lap təntiyib başını buladı.

- Sən məni öldürəcəksən, ay səbr, dözüm mücəssəməsi! Mən it oğlu min doqquz yüz altıncı ildə Peterburqdan Bakıya gəldiyim gündən razvedçikəm, məndə bu qədər səbr, dözüm yoxdu! Nə möcüzəymişsən!.. Bayaq işıq gəmisi idi, hətta Adı da vardı! İndi Simurğ oldu! Niyə?! Hara aparırsan məni? Təyyarəyə?! Simurğun caynağına?! Kimdi "caynaqlı Simurğ?! Buş?! Putin?! Mən ki, tabeyəm sənə. De qurtar görüm kimdi təzə sahibin?!

Furak dayandı. Və birdən:

- Mən razvedçik deyiləm, Bəy! - dedi.

- Nə?! - Bynyad bəy hətta titrədi.

Furak isə, eyni ciddiyyətlə:

- Bayaq dedim bir alim zənən dərs deyəcək. Yenə deyirəm, mən özüməm alim zənən. Diqqətlə dinlə bu zənəni: "Rus"un, derjavanın Kremli siyasi blokadadı. Corc Buş (İkinci) kimi nəhəng prezident, gizlin EvƏrEy Putinlə birləşiblər, boğurlar, bəy. Əmma özün hələ də podpolni Sovetə, "Rus"a qulluq eləyirsən!

Bünyad bəy, xeyli düşüncəli:

- Bütün dünya Kremli Derjava mərkəzi kimi tanıyır - dedi. - Qorbaçov, Vatikanın himayəsində, gizlin hakimiyyətdədir. Belə olmasaydı, Putin onun başını çoxdan yeyərdi. Kremlin EvƏrEy ocağı olduğunu, bütün planetdə EvƏrEy Ödərlərini, ƏrÜz OdƏrlərini, AğÜz, ÜzAğ, YanÜz\Ağlarını, yəni bütün "Türk" - "Tərik" dünyasını birləşdirmək əzmində olduğunu başqa yerdə dilinə gətirsən, səni o dəqiqə aradan götürərlər, ay bədbəxt zənən... Bildim, sən Buşunkusan! "İran", "Azərbaycan", "Ərəb" OdƏrlərini birləşdirmək, bütün planeti vahid dövlətdə birləşdirmək və bunu maksimum gizli saxlamaq dilindən çıxsa, səni səlamət qoyarlarmı?!

Furak:

- Sənə dedim alimdi bu zənən, razvedçik deyil, - dedi. - Simurğ quşu isə əfsanə deyil, həqiqətdi. Öz gözünlə görəcəksən indi.

Bünyad bəy diksindi.

- İndi?!

- Bəli! .. İndi!.. Bir sualıma cavab ver, Bəyim. İsfəhanda cəmaatın əhvalını gördün. İnandınmı ki, Nizaminin təsvir etdiyi şəhərlə indiki İranın fərqi yoxdu?

Bünyad bəy səsini qaldırdı:

- Simurğ quşundan danışırdın. Siyasətə keçdin. İndi - "İran!" Niyə belə şaltay-baltay vurursan?!

Furak təmkinli idi.

- Sualıma cavab ver!

Bünyad bəy lap qışqırdı:

- Bəli! Bəli! O "İran"la bugünkü "İran"ın fərqi yalnız zahiri fərqdi! Külli aləmə məlumdu ki, din boğur cəmaatı! Nə demək istəyirsən?!

Furak heyrətli anlaşmazlıqla, birdən gülüb:

- Əmma səni gəncləşdirirdim, - dedi. - lap açığı, sərvətin dindəndi. İrəmdə, cənnətdə sübut olunacaq bu dediyim.

- Nə?! Yenə Cənnət deyirsən?! Bu nə cəfəngiyyatdı?!

Furak qışqırtıya, qəzəbə qəti əhəmiyyət vermirdi.

- Eşq yolu bu Furak adlı alim kimi, arvadın Sərvinaz kimi üca zənənləri öldürüb aparır cənnətə. Sən kimi müdrik insanları isə çox vaxt elə diri-diri aparırlar Cənnətə. Tamam dəyişdirirlər orda insanı. Sonra qaytarıb qoyurlar Yerə. Bu dediklərim həm doğrudu, həm də yalan. Bir şey anladınmı, bəy? Çətin... Sən səbrli ol. Axırda hər şey aydınlaşacaq, Bəy!

Bünyad bəy titrəyirdi:

- Sən məni cana doydurdun, ay zənən! Arvadım Sərvinaz yazığın, bədbəxtin biri idi. Mən kimi əclafın da xətrinə dəymirdi. O, deyək ki, doğrudan da cənnətlikdi. Bəs mən kimi qan içində üzən casusu, sən kimi üzü üzlər görmüşü niyə aparırlar oraya?! Düzünü de görüm nə məna var bu "cənnət" söhbətinin altında?! "Amerikaya gedirik?!".

Əlimdən xəta çıxar!.. Açıq danış!

Furak hədəyə etinasız, "hm" elədi.

- Mən tamamilə açıq-aydın, kələksiz - filansız deyirəm. Yerdə əfsanə sayılan cənnətdə beynini dəyişdirəcəklər, alim olacaqsan, Bəyim. Qayıdıb başına gələnləri danışacaqsan. Daha doğrusu, başqaları danışdıracaqlar, kitab şəklində çap eləyib yayacaqlar ki, tək sənin bu istəkli "fars"ların yox, bütün bəşəriyyət oxusun, görsün alim-kamil insan olmaq, bəd ehtiras xəstəliklərindən can qurtarıb rahat yaşamaq üçün neyləmək lazımdır?..

EyƏrdə - "Yer"də insan həqiqi sevincdən məhrumdur, Bəy. Mənasız əyləncələrlə, iyrənc seksual oyunlarla başını qarışdırır. "Frəng" - EvƏrÜn kimi qədim, mənən varlı ölkə nə hala düşüb indi, bilmirsənmi? Qrek - Latınlar Avropaya doluşandan sonra pozğun ordu əxlaqı yayıblar EvƏrBağa - "Avropa"ya. Bir ölkədə ki, kişi kişi ilə evlənir, qadın qadınla evlənir, murdar seksə qapılıb, dunya, Kainat haqqında təsəvvürü tamam itiriblər, daha nə qalır orda, Bəy?! Gedək indi, min səbətə, Simurğ quşunun pəncəsində uç cənnətə, alim ol, saflaş, qayıt kamil insanın təbiətini anlat o mənasızlarına, yasa batsınlar.

Bünfad bəy yenə təntimişdi.

- Lap çaşdırdın sən məni, ay AğÜz qızı! Nə möcuzəymişsən sən!

Furak dedi:

- Bu möcuzəli AğÜz qızının əsil möcüzələrini cənnətdə görəcəksən, bəy. Buşun "Cənnət Amerika"sında yox, sözün əsil mənasında cənnətdə!

Bünyad bəy ufuldandı:

- Lap taqətdən saldın məni.

Furak dedi:

- Göyün əmri belədi... Yer adamı deyiləm mən, Bəy. Başqa planetdənəm. Qumralın sifətinə düşmüşəm. Çalış dərk edə bunu!

Simurğ quşu, əlbəttə, əfsanədi. "ƏsEvOd-SimƏrAğ", "GurOd", "GurOd SimƏrAğ" və sairə adlarda işıq gəmilərindən biri gözləyir bizi.

Şüurunu alacaqlar indi. Çox asan işdi bu şüuru almaq, şüuru qaytarmaq. Qorxma, Bəy.

Qocanın əhvali dəyişdi. Başı gicəlləndi. Ürəyi sıxıldı.

- Tilsimə bax! - deyib huşunu itirdi. Əmma bu, anlaşılmaz şüursuzluq idi, çünki döşəli qaldığı, heç nə görmədiyi, heç nə hiss etmədiyi halda, Furakın səsini lap aydın eşidirdi: - Yerdə "Ay" dediyimiz Ağ planetindəki "Ay dənizi" planetin dörddə biri həcmindədi, Bəy, dəniz deyil, ordan Ayın içərisinə Günəş işığı düşür. Biz "Yer" - EyƏr planetinin eşiyində yaşayırıq, çünki Yerin daxili bütün Qalaktikamız üçün lazım olan elementlərlə doludu. Yerin daxili bütövdü. "Ay"ın - Ağın Üz qabığı var, daxilində isə yaşayış üçün nə lazımsa, hər şey var. Ağ sakinlərinin safAğ havası, safAğ gölləri, çayları, bulaqları var. Günəş Şimaldan doğur, Cənubda batır. Simal və Cənub qütblərində dağ silsilələri, qar, buz sahələri var. Bunlar ilk məlumatdı sən üçün, Bəy. İndi sənə elə gəlir ki, Ağ planeti elə cənnət deyilən yerdi. Əmma unutma ki, "cənn" və "cəhənn" ərəbin ən təhrif sözlərindəndi. Hələlik bu qədər, bəy. Dərsin davamı məkana çatandan sonra deyiləcək.



2. YenƏ fantastikasız fantastika



Huşsuzduqda nə qədər qaldığını bilmədi. Tamamilə ağrısız, acısız, əvvəlkindən dəfələrlə gümrah bədənlə dikəlib gözlərini açanda ətrafında şeh parıltısı gördü.

Geniş çəmənlikdə idi. Heyrətli dərəcədə enliyarpaq pöhrəliklər, tünd mavi, dayaz sular işıldaşırdı.

Bünyad bəy göz işlədikcə uzanan, sonu üfüqə qovuşan bu çəmənlikdə könül ovlayan qeyri-adi təravət duysa da, tənhalıqdan vahimələnib, ağır-ağır, ehtiyatla ayağa qalxdı və dərhal da çöküb, otların arasında gizlənməli oldu: Pöhrəliyin arxasından. axar su vadisindən bir dəstə ağ geyimli gözəl çıxmışdı. Hamısının və hər birinin sehrli, cazibəli gözəlliyi lap ilk baxışdanca insanı sarsıdan gözəl quzlar!

Bünyad bəy qara çadra səltənətində yaslı şəhəri xatırladı və dərhal başını silkələyib, bədbəxt "Fars"larını unutmağa çalışıb, gözəllərə baxdı.

Azad, sərbəst qızlar onun lap böyründən keçib, yüz addımlıqda, otları sığallı, yastı təpə belində süfrə saldılar. Rəng-bərəng mütəkkə, döşəkcə, büllur qablar, kuzələr düzdülər. Qızlardan ikisi Bünyad bəyin Qarayazı meşəsində, Niyazi sovxozunda, Muğanlı kəndində gördüyü iri çanaxlı sazlara oxşayan sazları köynəkdən çıxarıb, bir azacıq dirinq-dirinq kökləyib, sonra biri-birinə baxıb, eyni anda eyni zərblə təzənələri simlərə vurub çalmağa başladılar. Qalanları içki kuzələrinin dövrələrinə gilas, gilənar, gavalı, alça düzdülər.

Bəy otluqda sinəsi üstə uzanıb tamaşa edirdi. O iki qabaq-qarşı çalan qızlardan o yanda elə bil səmada dayanmış üçüncü bir əli sazlı adam göründü. Yerdə Qarayazı meşəsinin ətəyində və ağ daş hasarları ağarışan Muğanlı kəndində Orduqozdu ləqəbi ilə uzun-uzun illər ərzində cəmaatın gülüş hədəfi olandan sonra çoxdan ölüb getmiş idbar karlik çoban, bir əlində çaxır şüşəsi, o biri əlində şirmayılı saz, - Bunu çalan gəlsin. Bunu çalanı istəyirəm, - deyə-deyə qışqırırdı. Həmin kənddə - Muğanlıda hörmətli bir kişi sayılan Ağ Məmmə adı ilə tanınan "şairfason" zərif, ağsifət bir ziyalı gəlib sazı Orduqozdudan aldı:

- Gicliyin tutmasın yenə: - Əvvəl qoy o hurilərə qulaq asaq, sonra çalarıq - dedi. Sonra hər ikisi hava - üfüq təsiri bağışlayan hündürlükdən - mavi təpə belindən aşağı enib yox oldu.

Bünyad bəy əvvəlki təpəyə, qızlara, süfrəyə baxdı.

Süfrənin başında, təpənin hündür yerində öz zərifliyi ilə qızların hamısından seçilən bir gözəl mütəkkənin üstündə oturmuşdu.

Bəy, günəş, şeh parıltısından qamaşan gözlərini silib bir də baxanda zərif gözəli Qumrala oxşadıb ayağa qalxdı, əmma yenə yerə çökməli oldu. Çünki zərif gözəldən qəribə, heyrətli sözlər eşitdi:

- Şəhvət nəzəri duyuram üzümdə, ay qızlar. Yandırır! Yerdən kimi isə gətiriblər yenə. Axtarın!

Qızlar çəmənə səpələndilər.

Bünyad bəy donub qaldı. Sonra, başının üstünü kəsdirmiş balacaboy alagöz bir gözəlin diqqətli baxışı altında tir-tir əsdi.

- Sərvi?!

Alagöz gülümsündü.

- Mənəm, cənab Bünyad bəy... Yenə görüşəsi olduq.

Bəy min doqquz yüz qırx səkkizinci ildə Göyçə mahalının Ağlar kəndində tanış olub, o vaxt o ərazidən - "Ermənistan"dan köçürülən əhali arasından seçib, sonralar Muğannaların Türmən yatağında "verbovat" elədiyi bu alagöz gözələ-istəkli agentinə və sonrakı arvadına - Sərvinaza bir xeyli tamaşa edəndən sonra, titrəyə - titrəyə əlini uzadıb Sərvinazın alnına dağılmış təravətli saçlarına toxundu.

- Bu niyə ağarmayıb?! Biz ayrılanda sənin əlli üç yaşın vardı!.. O əlli üç bu iki min üçüncü il, necə eləyir? Yüz! Yüz yaşın olmalıdı sənin!

Sərvinatızn boyunun balacalığı onu on beş yaşlı qızcığaza bənzədirdi. Məlahətlə gülüb:

- Sənin isə yüz on üç yaşın olmalıdı indi, - dedi - Bə sən nə əcəb belə gümrahsan, Bəy. İrəmə təzə gəlmisən, əmma elə indidən ağ saçların qaralır, Bünyad.

Bünyad bəyin canından vic-vicə keçdi.

- Nə İrəm? Bura İrəmdi?!

Sərvinaz lap sakitcə:

- Bəli, Bünyad, bura "İrəm"di ÖdƏrcə Ərimdi, Adı "Ay" deyil.

Bünyad bəy özündə deyildi:

- Başqa planet?!

Sərvinazın zənəxdanları çökəldi.

- Bıy! Hələ təzə başa düşürsən?!

- Mən necə gəldim, bura?!

Sərvinaz dedi:

- Gəmidə gətirblər səni, Bünyad. Qorxma. Yaddaşını verərlər indi. Yerdən çox adamları gətirirlər bizim planetə. Dərs keçirlər. Sonra aparıb qoyurlar Yerə, öz evindən kənara. Gedək, qızlar səni gözləyirlər. Yerdə "Huri" deyirlər bizə. Əslində "huri" deyilik. EyƏrik. Yəni Uca İşıq - öz planetimizin adını daşıyırıq: EyƏr! Sən təzəsən, dilin tutmaz, elə Sərvi de.. Yerdə mənnən bədrəftar idin. Göycə, Dərə Ələyəz, Vedi cəmaatının taleyini sənə tapşırmışdılar. Sağa-sola dağıdırdın milləti - Muğana, Sibirə, Qazaxıstana!.. Kinli deyilik biz, Bünyad. Ağ planeti SafAğ İnsan yetirir burda, qorxma, heç bir pisliyimiz dəymiyəcək. Əksinə...

Gedək!

Qızlar süfrənin ətrafında boy-boya verib, iri-iri yam-yaşıl gözlərini geniş açıb, tamaşa edirdilər.

Təkcə zil qara gözlü zərif gözəl mütəkkənin üstündə əvvəlki kimi rahatca oturub müəmmalı gülürdü.

- Gəl, gəl, Yer oğlu. Nəzərin üzümü yandırdı. Gəl görək özün necə yandırıcaqsan bizi?.. Elə baxma. Qumral deyiləm. İnanmırsan?! Yer dilində Türknazdı mənim adım. Nizaminin "Həft-peykər" dastanının qəhrəmanı Türknaz!..

Bünyad bəy tutuldu.

- Yenə oyun açma başıma, Allaha and verirəm! Özün gətirmədinmi məni bura?! Doğrudanmı Aydı-Ağdı bura?! Allatmamısan ki?! Amerika - zad deyil?!

Qızlar qəh-qəhə çəkdilər.

Türknaz isə ciddi idi:

- Sənə mən hələ Yerdə demişəm ki, biz hər cür sifətə düşə bilərik. Sözümə inan, Bəy! Yoxsa ilana dönüb dolanaram boğazına, boğaram!.. Əmma qorxma, ziyankarlıq yaddı bizə. Gəl. Əziz qonağımız ol. Könlündən keçirsə, "hökmdar" ol. Könüldən keçənə yasaq yoxdu İrəmdə - Ağda!

Bünyad bəy tövşüyürdü:

- Amerikadı bura, ya yox!

Bu dəfə Türknaz özü də qımışdı.

- Amerika nədi, a kişi!.. İnan, verbovka-zad olmayacaq. Yerdə dedim axı sənə, dərs alacaqsan, Saflaşacaqsan. Belə lazımdı! "Allah" dediyin ƏlAğ EySarımızın buyruğu belədi!

Bünyad bəy çəmənə, üfüqlərə boylandı.

- Belə çıxır ki, deyilənlər doğrudu?!

- Deyilənlər, yəni nə, Bəy?

Bynyad bəyin gözləri ətrafda idi.

- Axirət varmiş!

Qızlar yenə qəh-qəhə çəkdilər.

Bünyad bəy nisbətən toxtadı.

- Belə çıxır ki, məni doğrudan cənnətə gətiriblər?!

Türknaz:

- Xeyir, Bəy, - dedi. Cəhənnəmdi bura. Həm "Cənn", həm "Cəhənn".

Bünyad bəy:

- Yenə dolaşdım, - dedi. - Nizaminin qəhrəmanı niyə cəhənnəmdə olsun?!

- Sənin bu pak Sərvin niyə cəhənnəmdə olmalıdı. İndicə dedim axı, "İrəm" - Ərim - "Ay" - Ağdı. Eyni zamanda cəhənnəmdi. Bir şey başa düşdün?

Bəy əlini cibinə atdı. Yoğun, yarısı yanmış siqarı, "zajiqalka"sı cibində idi. Tez çıxarıb tüstülətdi.

- Siz mənnən belə danışmayın. Mən konkret söhbət adamıyam! İş adamıyam! Buyurun, neyləməliyəm?!

Türknaz ağır - ağır:

- İşin dərsdi! Dərs! - dedi. - Dinlə: İrəm cənnət deyil, bəy, Siz Aran deyənlər, "İrəm" deyirsiniz Ərimə. Ərim - dedim - işığım deməkdi, Bəy. İşığım Ağdır, "Ay" deyil. Bura, türk dilində desək, Ay planetidi. Daha doğrusu, Ay planetinin içərisidi. Yerdə əbləh-əbləh alimlərinizin "lunnoye more" dedikləri yerin şimalından günəş doğur, cənubda batır, demişəm, təkrar eləyirəm, Yerin səthi çaylar, dağlar, düzlər necədisə, bura - Ağın içi də eləcədi, Bəy. Bax gör necə saf diyardı bu Ağ.

Biz özümüz də tər-təmiz, SafAğ insanlarıq, bəy.

Bünyad bəy hiss edirdi ki, deyəsən təslim olur.

- Ay yox, Ağ. Bunu bildim. SafAğ insanlar, bunu çoxdan bilirəm. Bəs bu tərtəmiz insanların bu tərtəmiz, Ağ planetinə niyə cəhənnəm deyirsiniz?

Türknaz eynilə Yerdəki Qumral kimi, sakit təmkinli səslə:

- Bu Türknaz Bəhram Gura dərs deyib min beş yüz səksən il bundan əvvəl. Saflaşdırıb, ucaldıb o "Bəhram" - BağƏrimi! Həqiqi eşq verib o sərvət düşgününə! Sənə də eşq verəcəm. Gəl əyləş yanımda, hökmdarım.

Bünyad bəy sübhə ilə:

- Mənə eşq dərsi vəd edənim Qumralım idi. "Bəhramı yadda saxla" deyən Yerdə, sən burda. Bircə bunu başa sal görüm, niyə sən də onun sözünü deyirsən? Niyə sən də o sifətdəsən axı?! Səsin də eynilə o səsdi axı? Əmma... Türknaz?!

Türknaz:

- Qumral deyildi o, sənə eşq dərsi vəd edən. Furakı tanıyırıq biz, - dedi. - Yeri və yerdəkiləri biz ovçumuzun içi kimi görürük, hökmdarım. Səni hökmdarlığa qəbul eləyirəmsə, Sar deməliyəm sənə, yəni sar - əhatə elə hər şeyi öz hakimiyyətinlə. Əmma Sar olmaq üçün Od Sarı - həqiqət Sarı olmalısan, yəni ən qədim Elmimizə vaqif olmalısan. "Fars" təbiri ilə "hökmdar" deyirəm mən sənə, yəni qəliz danışıb əziyyətə salmaq istəmirəm. Gəl! Yuxarıya buyur, hökmdar! Vaxtilə OdSara "KeSar" deyərdilər Yerdə, Qresiyada, daha belə olmayacaq.

Ay qızlar, çəkin onu bura!

Sərvinaz biləyindən tutub aparıb Bəyi Türknazın yanında oturtdu.

Türknaz dedi:

- Ye, iç. Heç nəyə təəccüblənmə. Heç nəyə! Hurilərimlə birlikdə mən özüm də qulluğundayam. İç, əmma çalış sərxoş olma. Qovarıq ha! Heç nəyin həddini bilməyən İran əhli kimi gedib yasa batarsan!

Bünyad bəy acından ölürdü. Susuzluqdan yanırdı. Büllur qaba kuzədən qəribə, qatı, qırmızı çaxır töküb başına çəkdi. Gavalıdan birini iki bölüb, iki uduma ötürdü, üstündən siqarını tüstülətdi.

Türknaz dedi:

- Mən yenə "hökmdarım" deyirəm, sən heç diqqət yetirmirsən sözümə. Soruşmursan: "Niyə axı hökmdar?" Əvvəlcə bunu izah eləyim sənə. Burada - Ağda insan insanın həm hökmdarıdı, həm də nökəridi, Bəy. Yerdə isə, Yer təbirilə desək, insan eqoistdi. Sənin çox sevdiyin Rusların çox vaxt "bud moyey" deyirlər. "Ya tvoya sluqa" deyirlər də, ona görə belə deyirlər ki, "sluqa"nın istədiyini versinlər.

Bünyad bəy dedi:

- O Qumral mənə o qədər söz deyib ki, lap özümü itirmişəm. Burda da sən...

Türknaz dedi:

- Qumral deyil onun adı, Bakirədi, Bəy. Bakirə də deyil. Furakdı. Furak da deyil, əsl adı EvƏrEy Ağdı.

Bünyad bəy dedi:

Mən bilirəm SafAğ Elmini.

Türknaz razılıqla:

- Bilirsən, - dedi. - Əmma o şərti bilikdi. Sən hələ etnik fərdsən. Hər şeyi guya mənsub olduğun etnosa və şəxsən öz eqoistik istəyinə tabe edirsən. Odur ki, SafAğ Elmi haqqında sənin biliyin, əlbəttə, yarımçıqdı. Əgər dərsimizi mənimsəsən, qəlbən inanacaqsan ki, nəinki ayrılıq yoxdu. "İns"(an) - ÜnƏs - Yaradan Ünəs vahid kökdəndi, tezliklə belə olmalıdı o müharibələr xarabası Yerdə. Burda isə hamı, hamı OdƏrdi, yəni Həqiqət İşığı. Oddan - həqiqətdən kənarda Ər-İşıq yoxdu, Bəy. Varsa, nisbidi, orda insan özü də nisbi insandı, Şüuru, təfəkkürü, cismi, hissiyyatı - hər şeyi nisbidi. Yəni kamil deyil, itirib kamilliyini, heyvanabənzərdi.

Bünyad bəy Türknaza bir də diqqətlə baxıb, əlindəki gavalını süfrəyə çırpdı.

- Əclaf qızı ədlaf! Nə vaxt qurtaracaq sənin bu oyunun?! Orda iqamətgahda "Qumral", "Furak", burda Türknaz. Nə demək istəyirsən?! Hara gətirmisən məni?!

Türknaz həlimcə:

- Aya gətirmişik, - dedi - hirslənmə, Bəy. Sənə dedim "İrəm" - Ərim - işığımdı. "Ay" - Ağdı, SafAğdı, tər-təmizdi. Əmma cəhənnəmdi. Yerdə indi iki min üçüncü ildi. Otuz yeddini çıx, eləyir altmış üç, üstə gəl əlli. Necə eləyir? Yüz on üç. İndi tap burda o yüz on üç yaşlı Klaranı, yəni Yerdəki əlli yaşlı Klaranı!

Bünyad bəy qızlara baxar-baxmaz, hər budunda azı üç pud ət, hər döşündə azı beş kilo ət olan dəhşətli kök, əmma eyni zamanda heyrətli təravətli, yaşılgöz, ağ buxaq Klarasını dərhal tanıdı. Və qəribə, gözlənilməz səmimiyyətlə:

- Odu, - dedi.

- Bah! Bah! Lap candan olmusan ki, Klara! Salam! Zdravstvuy, doroqaya! - dedi.

Qızlar qəh-qəhə çəkdilər.

Türknaz əlini bəyin əlinin üstünə qoyub:

- - Şəhvətlənmə! - dedi. - Bayaq təpədə gördüyün yazıq kişi Yerdə sənə kitab oxutdurub. Elm verib. Nə deyib? Xatırladıram. Yerdə subasqını törəyib tamam vəhşiləşən vaxtlarında insanın ən başlıca məşğuliyyəti sərvət olub, bəy. "Seks" deyirsiniz. İyrənc sözdü. Türkcədən azmış iyrənc söz! Gecə - - gündüz seksə bağlanan insanın bədənində bütün hüceyrələr ölür, bəy! Xüsusən beyin! Yalnız yemək və yalnız və yalnız seks tələb edir, yəni nə olur: Yəni Ün Əs ölür, "ins" qalır, daha doğrusu, təfəkkür ölür, Nitsşenin dediyi fizioloji fərd qalır, Bəy! Bir vaxt gəlir, fərddə hətta instinkt də kütləşir. Kalaşnikov avtomatını dirəyirsən sinəsinə, deyirsən vururam. Tamam laqeydcə deyir "vur". Niyə? Çünki o fərd daha ölümü də hiss eləmir. Eyni zamanda, özü öldürəndə öz qatilliyini də hiss eləmir. Həyatın sonu? Bəli! Yerdə bax indi belə bir vəziyyət yaranmaqdadı, bəy. Yeganə ümid dərsədi! Maarifədi! Vay o gündən ki, insana belə halda deyirlər: "Daşa döndü"! “Dədə Qorqud”un axırında hamı daşa döndüyü kimi.

İndi, necə deyərlər, əlif - beyini eşidirsən. Bu vaxtlarda mənim üzümdə kamil cizgilər əmələ gəlir. Çünki Üz - məna deməkdi. Dilim nə danışırsa, üzüm də o mənanı ifadə eləyir. Mən "Furak" - EvƏrAğ kimi danışdım, indi bax gör EvƏrAğa oxşardımı bu Türknaz?

Dinimizdə axmaq bir hədis var. İbrahim peyğəmbərə deyirlər: “Oğlun İsmayılı Allaha qurban kəs, "sədaqətini göstər". İbrahim oğlunu yıxır üzü qibləyə, bıçağını çıxarır. Bu vaxt göydən səs gəlir. “Ey İbrahim! Daş içində qurd saxlamağı bacaran rəbbin məgər görmürmü sənin sədaqətini?! Yəni OdƏs itib, "daş" deyilir, GurOd itib, "qurd" deyilir. Əmma ƏLAğımız sən təki daş insanın bətnində də elə bir hüceyrə saxlayır, o tək hüceyrədə GurOd qaldığını görür və bütün ömrünü qatilliklə keçirmiş beynəlxalq miqyaslı kəşfiyyatçı Bünyad bəyə dərs deməyi də lazım bilir.

Nə dedim indi mən sənə, hökmdarım?

Dedim "Hökmdar"ım Sar ola bilər, bu şərtlə ki, OdSarı dərk etsin.

Dedim beynindən ayaqlarına qədər şəhvətdən ibarət insan isə Klaranı Mircəfər Bağırovun "postel"inə göndərir ki, Bağırov KQB-nin sədri təyin eləsin onu - Bünyad yoldaşı - Bünyad bəyi. ÜnƏsliyini qoruyan Klara razı olmayanda dəy altında Klaranı boğur, meyidi döşəmənin altında dəfn eləyir!

İndi bir də de ona: "Canalan olmusan!" deyə bilməzsən daha. Çünki ƏlAğımız sənin o "daş" canında cüzi ÖdƏs görüb, sənin rəhbərlərinə təlqin eləyib ki, səni bu qədər insaniləşdirməyə göndərsinlər. İndi o saf, o günahsız Klarada necə günahkarlıq hissi oyandı. İndi Klaraya günahkar kimi baxırsan, Bəy!.. Budur bax, belə adi-adi şeylərdən ibarətdi bizim dərsimiz... Fikrə getmisən! Düzünü de, nə düşünürsən?

Bünyad bəy bir az şərab içib:

- Düzü, deyəsən inandım ki, doğrudan da cəhənnəmdəyəm - dedi. - Siz deyəsən mənə elə belə cəhənnəm əzabı verəcəksiniz.

Klara, gözlənilməz heyranlıqla:

- Afərin, qatil bəyim! Az-çox ağlın qalıbmış! - dedi, - Dünyaya göz açıb az-çox şüurlu həyata qədəm qoyduğun gündən etibarən insanın başına nə oyunlar gətirmisənsə, hamısını bircə-bircə, özü də dönə-dönə xatırladacaqlar, əyani göstərəcəklər, gündə min dəfə ölüb, min dəfə diriləcəksən. Budur, bax, cəhənnəm! Odda-həqiqətdə yana-yana həqiqəti dərk etmək! Və... dərk etsən, cənnətə getmək! Haradı, nə olan şeydi o cənnət, onu da yəqin ki, deyərik sənə.

Bünyad bəy içirdi.

- Bura bax ey! Hər şey düzmüş ki! Mən sənə "sevirəm" dedim, allada bilmədim, budur Odda - həqiqətdə yanmaq. Bəs "qır qazanı" nədi?!

Qızlar gülüşdülər.

- O sizin din xadimlərinizin müdrikliyidi.

- "Qıl körpü" necə, var?!

Dedilər:

- Qıl nədi, a Bəy! Onu bilmək üçün də dərs keçməlisən. "Qıl" da təhrif sözdü axı!

Bünyad bəy duruxub, bir az da içib, mızıldandı:

- Ay... hm, Aya bax ey!.. Biz də deyirik, yarım ay çıxır, yarım ay batır! Niyə? Nədi bu?

Türknaz qımışırdı:

- Ay Bəy, dedik axı, planetin adı Ağdı. Yerdə təhrif eləyiblər planetin adını, Yarım ay Ağ olur ki, Yerdə ÜnƏslər o işığa baxa-baxa Bağları xatırlasınlar, yarım ay isə görünmür ki, ÜnƏslər Bağlardan ayrılığın zülmətliyi barədə fikirləşsinlər.

Bünyad bəy dodaqlarını büzdü:

- Çatmır bu mənə.

Türknaz ciddiləşdi.

- Yenə əlif-bey deyək buna! Otuz yeddinci ildə Bakıda öz əlinlə öldürdüyün, öz əlinlə dəfn etdiyin Klaranı bu Ay planetində sağ-salamat görürsən, əmma yenə dərk eləmirsən ki, Ağla Ayın fərqi nədi? "Axirət" desəm, başa düşərsən?

Nə deməkdi "Axirət?" Mənası nədi bu sözün? Bilirsən, de, Bəy: belə lazımdır.

Bünyad bəy dedi:

- "Axirət" ərəb sözüdü. Türkcə "axır" sözündən azıb.

Türknaz dedi:

"Axirət" - yəni insanların axırları?

Bünyad bəy dedi:

- Elə çıxır.

Türknaz dedi:

- "Axirət"in axırındakı cəm şəkilçisini atsaq, "Axır". Bu "Axır"ın əsli ÖdƏrcəsi AğƏrdi. AğƏr-SafAĞ işıq deməkdi. Bunu Yerdə min dəfə deyib sənə Ağ Məmmənin yanında o gördüyün kişi, əmma yenə unudursan ki, Ağdan gedib sənə dərs deyib. Bilirsənmi niyə?.. Qurtum-qurtum şərab içib qızlara baxdıqca xəstə hüceyrələrin sənə gizlin sözlər deyir, a Bəy. Təkrar elə görüm "Ay" adlandırırlan planetin adı niyə Ağdı?

- Demək, Ərəbin "Axirət" dediyi, Türkün "O dünya" dediyi buradı?!

Türknaz qaşlarını çatdı:

- Fəhmsiz "ins", "Dünya" deyilən OdÜnEydi. "Ey" - uca mənasındadı. Od - Kainatın enerjisidi, həqiqət mənasındadı. Ün də ki, bilirsən, səsdi. OdÜnEy - Uca Ün həqiqətidi.

Böyükdü OdÜnEy, Kainatdı. Nə qədər eşitmisən bunu?!

"Kain" OdÜn sözündən azıb. "At"ını atsan, əvəzində Ey əlavə etsən, OdÜnEy olur.."Axır" - AğƏr bu Ağ "planetindən ibarət deyil, Bəy. Yerdə indi mövcud olan gizlin SafAğ insanlardan başqa, sən kimi təhrif insanların hamısının axırı bu "Axırət"də olmur, çox az faizi Kainata, yəni bütün AğƏr planetlərinə uça bilir.

Bünyad bəy bir ara yenə fikrə getdi.

- Demək, öldürüb gətiriblər məni bura?!

Türknaz bir qədər səbrsiz:

- Siz "ins"lərə dərs deyənlərin səbrləri gərək bu OdÜnEyin özü boyda olsun! A kişi! Sənə necə yüz dəfə şərh olunub ki, öləndə insanın beynindən işıq çıxır. Yerdə "ruh" deyirlər o işığa. Əsli OdƏrcəsi ƏrAğdı. Yəni Saf Ağ İşıq. O "Ruh"- ƏrAğ sürətlə uçub bu "Axır"a - AğƏrə çatana qədər daxilinə elementlər dolur. "Element" də təhrif sözdü, Bəy. Əsli, OdƏrcəsi ƏlMənOddu. Əlimin enerjisi deməkdi. Ana bətnində uşaq doqquz aya əmələ gəlir. "Ruh"un - ƏrAğın daxilində isə insan lap qısa müddətə yaranıb həmən insana çevrilir. Daha doğrusu, həmən insanın xəstə, şəhvətli, idraksız, qatil bədəni əvəzində SafAğ İnsan bədəni əmələ gəlir. Yerdəki bədbəxtlərimizə ha deyirik "Ruh" dediyiniz yoxdu. Axirətdə sizdən ancaq saflığı ilə fərqlənən insanlar var, heç cür dərk edə bilmirlər. Sən hazırlıqlı adamsan, bəy. Dərk etməlisən ki, tək-tək gətirilib aparılanlardan başqa, bu Ağ planetindəkilərdən hamısı ölüb gələnlərdi.

Mərhum arvadın Sərvinaza bax! Niyə baxammırsan?! Mənəm, mən!

Bünyad bəy sıxıldı:

- Yox, baxammıram!

Türknaz sərtləşdi.

- Niyə, Bəy? Sevimli arvadıyın yanında oynaş eləmək istədiyin Klaradan xəcalətləndin?!

Bünyad bəy pərtləşdi:

- Klara! Sərvi! Türknaz... Kimsiniz?! Mən zülm eləmişəm o gözəl, zərif məxluqa! Sərviyə! Daha baxammaram üzünə.

Türknaz qızlarla baxışdı.

- Deyəsən az-çox ÜnƏs olur. Bir sualıma da cavab ver, Bəy. Sahibimiz səndən "Svyaznoy" istəyəndə niyə məhz məni seçdin? Açığını de, belə lazımdı. Qumral, deyiləm. Diqqətlə bax, Türknazam mən. Soruşuram mən. Soruşuram, niyə məhz məni "svyaznoy" seçdin? Açıq de!

Bünyad bəy:

- Açığı budur ki, Qarayazıya, o sovxoza göndərilən qızların arasında tək səni tutdu gözüm. İstədim tez-tez görüşək.

Türknaz eyni şərtliklə:

- Lap açıq de, Bəyim! Açıq! - dedi.

Bünyad bəy dedi:

- Lap açığı, Sərviyə oxşayırsan sən! Sərvini də boğmuşdum, bilirsən. Elə bil kim isə mənə daimi deyirdi, bunu da arvad elə, soyu bundan, soyu bundan, nəticədə bunu da elə o cür boğ rədd elə başından!..

Türknaz Bəyin gözlərinə baxdı:

- Xəstəlikdi bu, ya yox?!

Bəy, hirslə:

- Bilmirəm nədi bu, - dedi. - "Svyaznoy"ları çox saxlamaq olmaz! İşlədib, sonra öldürəsən gərək!

Türknaz dedi:

- İndi bir diqqətlə yenə mənə bax!

Bünyad bəy gözücü baxıb üzünü kənara tutdu.

- Hə! Baxdım! Nə olsun?!

Türknaz güldü:

- A kişi, Sərvinazam, mənəm axı! Bir bax: İşıq gəmisində Aydan Yerə gedirəm, Yerdən Aya gəlirəm. İşləyirəm. Dərs deyirəm yoldan azan bədbəxtlərimizə. Bax, bax! Gör heç fərqi varmı "Qumral" adlı "Furak"dan, Sərvinazdan?! Həmişə soruşmurdunmu "Sən niyə bu qədər oxşayırsan, mənim o bədbəxtimə? Budu bədbəxtin Ağ planetində SafAğ Elmi öyrənib, SafAğ İnsan olub, çalışır ki, sən bədbəxt də insan olasan! Üzümə bax, nacins!

Bünyad bəy bu dəfə lap pis üşürgələnib, hətta titrədi.

- Sərvi!.. Bəs bayaq gördüyüm Sərvi hanı?!

- Odur bax! Sənə baxıb gülür! Mən Qumralam!

- Nə?!.. Doğrudan?! Bu nədi belə?! Siz məni dəli elədiniz!

Qızlar şaqqıldaşdılar.

- Dəlinin nəyini dəli eləyək, ay dəli! Görürsənmi, Klara da dəyişdi. Sərvi oldu. Bax mənnən birgə yeddi huri dönüb Sərvi oldu! Gör necə həyat yoldaşını boğmusan öz əlinlə, ay bədbəxt!

Bünyad bəy tir-tir əsirdi:

- Bu nədi belə?! Sifətiniz, boy-buxununuz necə dəyişir?!

Mütəkkənin üstündəki Sərvinaz bəyə şərab süzdü.

- Hər şey aydın olacaq. Biləcəksən hər şeyi. İç!

Bünyad bəyin üzündə yalvarışlı ifadə dondu.

- Ay qız!.. Qurbanın olum, bircə bunu da başa sal.

Sərvi - Qumral gülə-gülə:

- Adam olursan! - dedi. - İşıq əlavə olunur üz - gözümüzə, bədənimizə. Başa düşdün?

- Yox!..

Sərvinaz bir qədər deyintili səslə:

- Fikirləş, gör Axirətdən Yerə gedənləri niyə tanıya bilmirlər o xarabada, - dedi. - Baxırıq, görürük cinayətkarsınız hamınız, qatil olmayanlar bətnlərin¬də daha pis qatildirlər! Bilirik ki, pislik elədiyiniz "ölülər"i - üzümüzü görsəniz, "Ruh"unuz - ƏrAğınız məhv olacaq qorxudan, məcbur oluruq sifətimizi dəyişdirək. Çətin deyil bu, SafAğ İşığa bürünüb hər cür sifətdə görünə bilirik. Niyə? Dedim də, sizin "Ruh"unuzu sarsıtmamaq, öldürməmək üçün. Görürsənmi necə müqəddəsik biz, ay murdar cinayətkar?!

Bəy yalvarmağa başladı:

- Öz sifətinizə düşün. Hərə öz sifətinə düşsün.

Qızlardan hansısa dedi:

- Bağımızın meyvəsindən şirinini ver bu bədbəxtə. Zəhərlisini bir yana qoy, zəhərsizindən ver. Yesin, içsin, dirilsin bu ölü!

- Çalın, oynayın, hurilər, əyləndirin bədbəxt hökmdarı!

Saz çalan hurilər iri çanaqlı sazları süfrəyə qoyub, bəm səsli Osmanlı sazlarını köynəkdən çıxarıb çalmağa başladılar. Qalan hurilər balaca-balaca, dövrələri zınqırovlu qavalları başlarının üzərində döyəcləyə-döyəcləyə oynamağa başladılar.

Bünyad bəyin gözü böyür tərəfdə - öz arvadında idi. Sərvinazın zərif dodaqları nar rəngində idi - od kimi gözlərində, yanaqlarında, buxağında işıq qaynayırdı.

Ərinə baxıb, birdən qumrovtək cingildədi:

- Ağın ab-havasındandı mənim gözəlliyim. İşığım sehrləyib səni, könlündən keçir ki, məni öpəsən. Niyə öpmürsən, hökmdarım? Diqqət yetir, Sar demirəm sənə. Sarlar Bağ rütbəsində olurlar. Sən "hökmdarım" anbaan hökmlü olursan.

Heyrətlənmə. Dedim ki, biz insanın beynini görürük, fikrini oxuyuruq.

İçmək istəyirsən. İç! Dirilirsən. İç!

Bünyad bəy büllur qabı doldurub bir də içdi.

Gavalı yeyib, bir də içdi.

Sərvinaz gülürdü.

- Könlündən keçir ki, kəmərimi açasan, - dedi. - Bu bir qədər çətin işdi, hökmdarım.

Gəl açıq danışaq. Sən bu hurilərin guya əri olmusan Yerdə. Əmma məhz hansının? Niyə qarışdırırsan?!

Bünyad bəy dumanlı gözlərini geniş açıb burda qızlara diqqət yetirdi və elə bil indicə gördü ki, qızların gözlərinin hamısı bir biri kimi idi: yaşıl, iri.

Sərvinaz danışırdı:

davamı
XS
SM
MD
LG