Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:28

Koroğlu ilxıçı oğlu yox, əsilzadə imiş!


Səfa Qarayev və Hikmət Quliyev
Səfa Qarayev və Hikmət Quliyev
AMEA-nın Folklor İnstitutu yeni layihənin icrasına başlayıb. İrandan toplanmış və keçmiş Sovetlər Birliyində nəşr olunmuş, həmçinin İranda işıq üzü görmüş və ya toplansa da bəlli səbəblərdən çap oluna bilməmiş folklor nümunələrini əhatə edəcək bu layihənin ilk kitabı – «Koroğlu» dastanı artıq hazırdır. Kitabı çapa hazırlayan və önsözün müəllifi Əli Şamildir. «Əli Kamali arxivindəki variantlar» adı ilə çap olunan bu dastan barədə daha geniş bilgi almaq üçün AMEA-nın Folklor İnstitutuna üz tutduq. İnstitutun mifologiya şöbəsinin əməkdaşları Hikmət Quliyev və Səfa Qarayev bu işdə yardımçımız oldu.

- Xoş gördük sizi! «Koroğlu»nun Əli Kamali variantı çıxdı. Bu dastanın çap tarixinə bir nəzər sala bilərikmi?


Səfa Qarayev: - «Koroğlu» dastanı türk xalqlarının ortaq abidəsidir. Türklərin dünyaca məşhur «Dədə Qorqud» dastanı da vardır. O da ortaq abidə sayılır. Lakin türklərdə sonra ayrı-ayrı dastanlar da meydana gəldi, məsələn, «Manas», «Alpamış» və s. Bunlar hər bir xalqın öz ruhunu əks etdirirdi. Bir də, «Koroğlu» dastanı var ki, bu da türk xalqlarının mübarizlik meyllərini özündə birləşdirirdi. Şübhəsiz, elə dastanlar da olub ki, xalqın repertuarında qalmayıb. Ancaq «Koroğlu» indi də yaşayır. Məhz bu baxımdan dastanın öyrənilməsi, onun variantlarının toplanıb nəşr olunması bütövlükdə türk xalqlarının yaşamı, onların mübarizə meyllərini öyrənmək baxımından qiymətlidir. Bu dastan Azərbaycan xalqı içində o qədər geniş yayılmışdı ki, bir variantla tamamlana bilməzdi. 1926-cı ildə Vəli Xuluflu bunu toplayıb çap etdirmişdi. Sonra folklorşünaslıqda daha geniş yayılmış Məmmədhüseyn Təhmasib variantı da ortaya qoyuldu. Daha sonrakı dövrlərdə Azad Nəbiyev variantı çıxdı. Müstəqillik dövründə müxtəlif arxivlərdə saxlanan variantlar, məsələn, «Koroğlu»nun Paris, Tiflis nüsxələri işıq üzü gördü.

«KOROĞLU» SOVET DÖVRÜNDƏ AŞINMAYA UĞRAYIBMIŞ!

- Gələk əlimizdə tutduğumuz bu varianta. Niyə Əli Kamali variantı deyirlər? Kimdir Əli Kamali?

Səfa Qarayev: - «Koroğlu»nun Əli Kamali variantının çapını Sovet dövründə aşınmalara məruz qalmış abidələrin yenidən işlənilməsi və işıq üzü görməsi barədə prezident sərəncamı şərtləndirdi. Folklor İnstitutunda bu qərara gəlindi ki, «Koroğlu» dastanı Sovet dövründə özünün estetik dəyərlər çərçivəsindən çıxıb. Daha çox Sovet dövlətinin ideoloji, sinfi mübarizəsinə sığışdırılıb. Ancaq dastanda daha böyük mübarizələrdən, qəhrəmanlıqlardan söhbət gedir. Ona görə də, o dövrlərdə müəyyən aşınmalara uğramış mətnləri təzədən çap etmək üçün bir layihənin icrasına başlandı. İlk kitab da «Koroğlu» oldu.

TEHRANLI ƏLİ BƏY TOPLADI, BAKILI ƏLİ BƏY ÇAP ETDİRDİ!

Hikmət Quliyev: «Koroğlu»nun bu variantı - Əli Kamali variantı adlanır. Səbəbi də odur ki, bu variant Əli Əkbər oğlu Kamali tərəfindən toplanılıb. Yəni onun arxivindəki əlyazmalar əsasında hazırlanıb. Əli Kamali 1944-cü ildə İranın Ərat vilayətinin Bənd-Əmir kəndində doğulub. İxtisasca vəkil olub. Tehran Universitetində hüquq təhsili alıb. Gənc yaşlarından yaşadığı ərazilərdə yayılmış bayatılar, dastanlar diqqətini çəkib. Şair təbli adam olub. «Nafilə» imzası ilə şeirlər yazıb. İran inqilabından sonra çıxan «Varlıq» dərgisinin ətrafında toplaşan ziyalılar arasında Əli Kamali də olub. Əli Kamali ilk dəfə XVIII əsrdə Savə bölgəsində yaşamış Tilimxan adlı xalq şairinin şeirlərini toplayır. Sonra yaşadığı ərazidə, türklərin - Şahsevənlərin, Əfşarların məskunlaşdığı bölgədə «Koroğlu»nun aşıqlar tərəfindən söylənən çoxlu variantlarının olduğunun fərqinə varır. Həm özü bu işə girişir, həm də tələbələrindən xahiş edir ki, bunları toplasınlar. O 1996-cı ildə ürək xəstəliyindən vəfat edib və topladıqlarının çapını görə bilməyib. Kitabı Azərbaycanda çapa hazırlayan və önsözün müəllifi institutumuzun əməkdaşı Əli Şamildir. Əli müəllim 1991-ci ildə Əli Kamali ilə görüşüb. Bu variantda Əli Kamalinin topladıqları, başqa şəxslərə toplatdırdığı və əlyazma şəklində əlində olan variantlar çap olunub.

Səfa Qarayev: Bu kitabın ortaya çıxmasında 3 şəxsin əməyini qiymətləndiririk. Birincisi, Əli Kamalidir. Çap olunub-olunmayacağını dəqiq bilmədən, folklorçu olmadan o bu işi görüb. İkincisi, Əli Şamildir ki, başqasının arxivi ilə işləmək müşkülünü həll edib. Üçüncüsü, dastanın nəşrində institutun direktoru Hüseyn İsmayılovun əməyini vurğulamaq lazımdır.

BU VARİANT «DƏDƏ QORQUD»A DAHA YAXINDIR!

- Əli Kamali variantının özəlliyi nədir? Bizim eşitdiyimiz, oxuduğumuz «Koroğlu» dastanından nə fərqi var?

Səfa Qarayev: - Bu variantda «Koroğlu» dastanının ənənədən gələn qolları da əlavə olunub, əlavələr də. Məsələn, bildiyimiz Təhmasib variantı həddən artıq işlənilib və roman şəklinə salınıb. Amma Əli Kamali variantı tam təbiidir. Dastanın ideya və məzmununa heç bir xələl gəlməyib. Bəzi mübahisəli məqamlara işıq salır. Bu variant dastanın poetikasını öyrənməyə daha çox imkan verir. Bu variantda dastanın boyları «Dədə Qorqud» boylarına daha çox uyğun gəlir. Məsələn: «Bu Koroğlunun Çənlibelə gəlməgidir və Ərəb Reyhanı görməgidir», «Bu Koroğlunun dəgirmanda Qıratı Həmzəyə verməgi və onu geri almağıdır», «Bu Koroğlunun Nigar səfəriydi ki, getdi Nigarı gətirdi» və s.

KOROĞLU ƏSİLZADƏ İMİŞ!

Hikmət Quliyev: - Qolun bu cür adlandırılması ənənəsi dastanımızın əvvəlki variantlarında yoxdur. Bu onu göstərir ki, dastan repertuarda yaşamaqla bərabər, həm də bir ənənənin davamıdır. Bizim variantlarda Koroğlunun ilxıçı olduğu göstərilir, bu variantda əsilzadə olduğu. Əksər dastanlarımızda qəhrəmanın kasıb sinifdən çıxması yer almır. Görün dastanda Koroğlu qarının dili ilə necə tanıdılır:

Yedigün boynuna almaz,
Heç kim belə qılıq çalmaz,
Əmisi Şabandan qalmaz
Bir utanmaz vardır üzü.

Zörə deyər baxsın sözə,
Əcəb qonaq oldu bizə.
Dədəsi Miləxor Mirzə
Qırat üstə çıxdı gözü...

- Bütün bunlardan sonra demək olarmı ki, can Koroğlu, yazıq Koroğlu səni bizə necə fərqli tanıdıbmışlar!

Səfa Qarayev: - Onsuz da, tüfəngin çıxmasına görə özü-özünə bu sözləri deyir. Elə həmin andan da bu söz ona yapışır. Koroğlu həmin andan qəhrəmanlığını yerə qoyur... Bu psixoloji bir məsələdir.

KOROĞLU SİNİFİ MÜBARİZƏNİN TƏRƏFARI OLMAYIB!

Hikmət Quliyev: - Zarafat bir yana, «Koroğlu» dastanı fərqli bir tale yaşayıb. Dastan, adətən, bir aşığın söylədiyinin əsasında yazılır ki, ordakı ruh yaşasın. Amma hamımızın oxuduğu Təhmasib variantı müxtəlif aşıqlardan toplanmış və dili üzərində işlənmiş şəkildədir. Dediyimiz o sinfi mübarizə də, orada qabarıq verilib. Əslində isə, «Koroğlu» dastanında Koroğlu heç vaxt sinfi mübarizənin tərəfdarı olmayıb. Qaldı Əli Kamali variantının söyləndiyi ellərə, orada dastan gecələri, dastan ənənəsi davam etməkdədir. Hazırda aşıqlar bu dastanları söyləyirlər. Folklor materialında şifahi nitq tam şəkildə əks olunmalıdır. Onun üzərində işləyiriksə, ədəbi dilə uyğunlaşdırırıqsa, ora müəyyən ideyalar qatırıqsa, o artıq folklorluqdan çıxır...
XS
SM
MD
LG