Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:03

Avropa Birliyi Minsk qrupunda?


Avropa Birliyinin bayrağı
Avropa Birliyinin bayrağı
Minsk qrupunun həmsədri Fransa Brüsselin mandatıyla Avropa Birliyinin (AB) təmsilçisinə çevrilə bilər. Bu, nəzəri baxımdan o deməkdir ki, Avropa Birliyi Minsk qrupunda oyunçulardan birinə çevrilir. Yanvarın 27-də Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsində xüsusi dinləmələrdə birliyin donmuş münaqişələrdə roluna dair strategiya layihəsi qəbul olunub. Layihədə deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Avropa Birliyinin daha böyük rol oynamaq imkanı var və bunu həyata keçirə bilər. Bunu Minsk qrupunda Fransa həmsədrliyinə Avropa Birliyinin mandatını verməklə reallaşdırmaq olar.

FRANSA MİNSK QRUPUNDAN GEDİR?

Bu, o demək deyil ki, Avropa Birliyi Minsk qrupunda Fransanı əvəzləyəcək, sadəcə danışıqlar prosesinə daha çox təsiri ola bilər. Bu strategiya hələlik layihə formasındadır, parlamentdə müzakirəyə çıxarılıb səsə qoyulmalıdır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyir ki, Avropa Birliyi daim Minsk qrupu çərçivəsində prosesi dəstəklədiyini bildirib, münaqişənin həllində Minsk qrupunun xüsusi rolunu qeyd edib. Avropa Birliyi heç vaxt bildirməyib ki, özü birbaşa bu prosesə müdaxilə etmək fikrindədir. Sonuncu layihə barədə isə nazirlik rəsmisi xüsusi şərh vermədi.

ƏRAZİ BÜTÖVLÜYÜ OLMADAN HƏLL?

Beynəlxalq hüquq üzrə ekspert Erkin Qədirli isə deyir ki, AB-nin Cənubi Qafqaz münaqişələrinin həllində rolunu fəallaşdırmaq barədə bir neçə dəfə dolayı fikirlər səslənib. Elə AB-nin yeni strategiyasının niyyəti budur ki, Fransa həmsədr kimi qalsın, ancaq AB-nin xüsusi təmsilçisi kimi. Yəni Fransa bu qrupda mövqeyini bildirəndə AB ilə məsləhətləşməlidir:

«Burada Cənubi Qafqaz dövlətlərinin suverenliyinə və ərazi bütövlüyünə şərt qoşmağın yolverilməzliyi qeyd olunur».

CƏNUBİ QAFQAZDA VAHİD SİYASƏT

Erkin Qədirli
Erkin Qədirli deyir ki, Fransa əvvəllər AB-nin oxşar niyyətini rədd edib. Ancaq bu, Lissabon müqaviləsindən əvvəl olub. Lissabon müqaviləsindən sonra, AB ümumi xarici siyasət ortaya qoymalıdır. Buna görə də Fransa AB-nin ümumi xarici siyasətini nəzərə almalıdır.

AB Cənubi Qafqaz üzrə ümumi siyasət yürüdəcək, Azərbaycan, Ermənistan, Gürcüstan bu mənada çox xırda dövlətlərdir. Məqsədlərdən biri enerji təhlükəsizliyi və Cənubi Qafqazın bir dəhliz kimi burda önəmlidir. Münaqişələrin həllinə nə dərəcədə bir yeni format verə biləcək, söhbət bundan gedir.

CİDDİ NİYYƏT


Erkin Qədirli: «Amma hələ ki, AB-nin Cənubi Qafqazda münaqişələrin həllinə ciddi bir təkan verəcəyini söyləməyə elə bir ciddi əsas görmürəm. Amma hər şey tez dəyişə də bilər. Türkiyə-Ermənistan münasibətləri hara qədər gedəcək? Bu strategiyada o da deyilir ki, AB Türkiyə-Ermənistan protokollarında yazılmayan şərtlərin önə çəkilməsini dəstəkləməsə də (burda Dağlıq Qarabağa işarə olunur), bu protokollara təcrid olunmuş halda da baxmaq düzgün deyil. Bu ümumi sözlərin içində Dağlıq Qarabağ münaqişəsinin həlli niyyəti yatır. Və ümumiyyətlə bu strategiya çox ciddi niyyətdən xəbər verir».
XS
SM
MD
LG