Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:04

İranda 300 adam həbs olunub (VİDEO)


Təhlükəsizlik qüvvələri nümayişçiləri mühasirəyə alır, Tehran, 27 dekabr 2009
Təhlükəsizlik qüvvələri nümayişçiləri mühasirəyə alır, Tehran, 27 dekabr 2009
İranın təhlükəsizlik qüvvələri son iki gündə Tehranda və başqa şəhərlərdə etiraz aksiyaları keçirmiş müxalifət fəallarının həbsini davam etdirir.

İran polisi səhər saatlarında 300-ə qədər etirazçının həbs olunduğunu bildirib.

İslahatçıların «Parlemannews» saytı yazır ki, tanınmış islahatçılardan azı yeddisi həbs olunub. Onların arasında iyun seçkilərində prezidentliyə namizəd olmuş Mirhüseyn Musəvinin yaxın yardımçılarından üç nəfər də var.



Saxlananlardan ikisi keçmiş prezident Məhəmməd Xatəmi Fondunun qurucuları, biri isə «İran Azadlıq Hərəkatı»nın baş katibi İbrahim Yəzdidir. İnsan haqları fəalı Emad Bağı da həbs olunanlar arasındadır.

Dekabrın 27-də Aşura mərasimləri üçün küçələrə axışan müxalifət fəalları İranın paytaxtında hökumət əleyhinə şüarlar səsləndiriblər:
«Xameneyiyə ölüm! Xameneyiyə ölüm!

Bu şüarlara təhlükəsizlik qüvvələri güllə, gözyaşardıcı qaz və dəyənəklərlə cavab verib.

Polis adamları öldürmədiyini desə də, İranın dövlət televiziyası toqquşmalarda səkkiz adamın öldürüldüyünü bildirib. Amma polis israrla yalnız göyə atəş açdığını deyir.



Bu hadisələr iyunun 12-də keçirilmiş mübahisəli prezident seçkisindən sonra ən çox insan tələfatı olan aksiyadır. Qətlə yetirilənlər arasında prezidentliyə namizəd olmuş müxalifət lideri Mirhüseyn Musəvinin 35 yaşlı bacısı oğlu Əli də var.

Onun qardaşı «Parlemannews» saytına bildirib ki, Əlinin hospitalda saxlanan cəsədini harasa aparıblar. Onlar hələlik mərhumu tapıb dəfn edə bilmirlər.

İyunda keçirilmiş prezident seçkisinin nəticələrinin saxtalaşdırıldığını deyən müxalifətin etiraz aksiyaları zorakılıqla dağıdılıb. Bundan sonra müxalifət ölkə üçün əlamətdar günlərdə və dini bayramlarda küçələrə çıxıb öz şüarlarını səsləndirir. Sonuncu aksiyalar da şiə müsəlmanları üçün müqəddəs olan Aşura günlərində keçirilib.



Ötən həftəsonu Tehranda baş verən qanlı toqquşmalarla əlaqədar Qərb ölkələrindən Tehranın ünvanına tənqidlər yenilənib.

Almaniyanın kansleri Angela Merkel deyib ki, mitinqçilərin qətlə yetirilməsi yolverilməz hərəkətdir. ABŞ, İtaliya, Fransa və Böyük Britaniya da bu hadisəyə görə Tehranı qınayıblar.
XS
SM
MD
LG