Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:21

Avropa və İslam arasında çarpışan Türkiyə


Türkiyənin yerinin Avropada olduğunu Obamanın Avropalılara xatırlatması çox sevindiricidir
Türkiyənin yerinin Avropada olduğunu Obamanın Avropalılara xatırlatması çox sevindiricidir
ABŞ prezidenti Barak Obamanın Türkiyəyə səfərinin ABŞ mətbuatında müzakirəsi davam edir. Aprelin 7-də «Nyu-York Taymz» qəzeti Türkiyənin «Sabah» qəzetinin keçmiş Ankara bürosu rəhbəri, türk jurnalisti Əsli Aydıntasbasın maraqlı bir məqaləsini dərc edib.

Məqalədə müəllifi yazır ki, illər boyu Amerika mövzusunda yazan bir türk jurnalisti kimi daim soydaşlarının bir sualına cavab verməli olub: «Vaşinqton Türkiyəni mötədil İslam respublikası hesab edirmi?»

Müəllif qeyd edir ki, Amerikada bu qiymətləndirmə kompliment kimi səslənə bilər, amma Türkiyədə bu ifadə az qala təhqirdir. «Mötədil İslam» formulu bir termin kimi siyasi aləmdə ilk dəfə 2004-cü ildə ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauel tərəfindən işlədilib. İndinin özündə də Türkiyədə inanırlar ki, Vaşinqton üçün Türkiyənin dini kimliyi onun dünyəvi demokratikliyindən daha artıq önəm daşıyır. Müəllif yazır ki, Türkiyədə inanırlar ki, Vaşinqton Türkiyənin Avropa demokratiyasına qovuşmağındansa onun müsəlman dünyasında Amerikanın konservativ müttəfiqinə çevrilməyinə daha çox üstünlük verərdi.
Türkiyənin uzun müddətdir ki, davam edən kimlik böhranında insanlar hər şeyi ağ-qara görməyə öyrəşiblər. Sən ya dünyəvisən, ya da dinçi, ya kürdsən, ya da türk, ya avropalısan, ya da yaxın şərqli


«Axı kim Belçikanı, yaxud Britaniyanı mötədil xristian ölkəsi kimi təsvir edir?» deyə Türkiyədə insanlar sual edirlər. Müəllif yazır ki, din və dövlət arasındakı mübahisələrin ən gərgin mövzu olduğu bir ölkədə dünyəvilik tərəfdarları «mötədil İslam» məsələsini bitkin bir nəzəriyyəyə çeviriblər.

Dünyəvilik tərəfdarları iddia edir ki, Vaşinqton, ya da ən azı Buş administrasiyası İslam meylli AKP iqtidarını müdafiə etdi ki, sonuncusu müsəlman dünyası üçün bir modelə çevrilsin. Müəllif onu da qeyd edir ki, İslam radikalları da öz növbəsində «mötədil İslam» anlayışına nifrət edirlər, çünki onlara görə bu, İslamın su ilə qarışdırılmış variantıdır.

Lakin «mötədil İslam» haqqında yuxarıda qeyd olunan nəzəriyyənin tərəfdarları səhv fikirləşmiş olsalar belə, doğrusu budur ki, 2003-cü ildə Rəcəb Tayib Ərdoğan Türkiyənin baş naziri olandan bəri Vaşinqton Türkiyədəki vəziyyəti təqribən belə görür: AKP-nin rəhbərliyi altında ölkənin dini inanclı əksəriyyəti kiçik dünyəvi elita və hərbçilərlə mübarizə aparır. Bu mübarizədə Amerikalılar Türkiyənin elektoral çoxluğuna «stavka» etsələr də, onlar bu ölkə əhalisinin digər kəsimləri ilə əlaqələri itirmiş oldular.

Müəllif qeyd edir ki, həm Barak Obama, həm də Hillari Klinton Türkiyəyə hazırlıqlı gəlmişdilər və onların heç biri «mötədil İslam» kəlməsini işlətmədi. Əksinə, Barak Obama Türkiyənin Avropa Birliyi üzvlüyündən danışarkən qeyd etdi ki, AB Türkiyənin üzvlüyü ilə birliyə «etnik, ənənəvi və dini rəngarənglik» gətirmiş olar.

Əsli Aydıntasbas məmnunluqla qeyd edir ki, Barak Obama Türkiyəyə səfəri zamanı cəmiyyətin bütün kəsimlərinə müsbət mesajlar göndərərək həm hökumət rəhbərliyi, həm dünyəvi, həm millətçi, həm də kürd partiyalarının rəhbərliyi ilə görüşlər keçirmiş oldu. Atatürk mavzoleyində isə «Türkiyənin müasir və çiçəklənən demokratiya olması istiqamətində Atatürkün fikirlərinə daim dəstəkçi olacağı» vədini qonaq kitabçasına qeyd etdi.

Müəllif yazır ki, Türkiyənin uzun müddətdir ki, davam edən kimlik böhranında insanlar hər şeyi ağ-qara görməyə öyrəşiblər. Sən ya dünyəvisən, ya da dinçi, ya kürdsən, ya da türk, ya avropalısan, ya da yaxın şərqli.

Müəllif Obamanın Türkiyə üçün çətin qəbul olunan mövzulara, məsələn 1915-ci ildə ermənilərin kütləvi şəkildə öldürülməsi məsələsinə də toxunduğunu qeyd edir. Yaxud digər belə bir misal Obamanın Türkiyədəki demokratik islahatları dərinləşdirmək çağırışıdır.

Müəllif yazır ki, 2007-ci ildən bəri Ərdoğan hökuməti artan şəkildə avtoritarizmə meyl edərək onu tənqid edənləri susdurub, jurnalistləri məhkəməyə verib, vaxtilə onu müdafiə etmiş liberalları özündən kənarlaşdırıb və son seçkilərin nəticələri də Ərdoğanın bu hərəkətlərinə Türkiyə elektoratının təpkisini nümayiş etdirdi. İki il əvvəl seçicilərin 47 %-nin dəstəyini qazanan AKP-nin dəstəyi 39 %-ə endi və hazırda Türkiyə coğrafi baxımdan da bölünmüş bir elektoratla üzləşib. Liberal sahilboyu ərazilər, mühafizəkar ölkəççi bölgələri, millətçi mərkəzi bölgələr və kürd millətçiliyinin üstünlük təşkil etdiyi cənub şərq. AKP Türkiyədəki rəngarəngliyi qəbul etdiyi dərəcədə adı çəkilən bölgələrdə inkişaf edəcək və qəbul etmədiyi dərəcədə həmin ərazilərdə kiçiləcək.

Yekunda müəllif qeyd edir ki, Türkiyənin yerinin Avropada olduğunu Obamanın Avropalılara xatırlatması çox sevindiricidir. «Amma ümid edək ki, o türklərə də xatırladacaq ki, ora qəbul olunmaq üçün daha çox tolerantlığa və islahatlara ehtiyac var». «Lakin hələ ki, hər şey bizim öz üstümüzdədir – bizim demokratiyamız Avropa və İslam arasında çarpışır».
XS
SM
MD
LG