Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:03

«Zəhmət olmasa siçanın sağ düyməsinə bas və bayraqçaları götür...»


«Windows»un tərcüməsinə həsr olunmuş mətbuat konfransı, 7 aprel 2006
«Windows»un tərcüməsinə həsr olunmuş mətbuat konfransı, 7 aprel 2006

Mayın 21-də kompüter üçün «Windows» proqramının Azərbaycan dilindəki versiyasının hazır olması gözlənilir


Ola bilsin ki, Azərbaycanca «Windows»da belə mesajlar ekrana çıxsın: «Zəhmət olmasa siçanın sağ düyməsinə bas və bayraqçaları götür». «Siçan» deyiləndə «mouse» («mışka») nəzərdə tutulur, ingiliscədəki «click» - ruscadakı «najmite» sözü «basmaq»la əvəz edilib, «bayraqça» isə, ruscadakı «flajok»dur, azərbaycanlıların danışığında «siyahıda qoyulan quş», «ptiçka» sözünün tərcüməsidir. Eyni qaydayla davam etsək «siçanın sağ düyməsiylə pəncərə bucağındakı kiçiltmə» işarəsinə «basmaqla pəncərəni bağla» mesajı da deyilə bilər. Burda «pəncərə bucağı» dedikdə, pəncərənin sağ yuxarı küncü nəzərdə tutulur, «minimize» termini isə, «kiçiltmə» kimi deyil, «bağlama» kimi tərcümə olunub. İngiliscə «close», rusca «zakrıt» termini də «bağla» sözüylə əvəzlənib. Və ya daha bir misal, təsəvvür edin ki, kimsə deyir ki, «sənin məktubunu silmişəm, hardan tapım». Mən də deyirəm ki, gir «pozulmuşlar qovluğu»na, ya da «səbətə», tapdığın faylı quşla, yəni, işarələ və bərpa et. Artıq 3000 minə qədər belə termin və ya sözcük tərcümə olunub və «Microsoft» Korporosiyasının fikrincə, bu tərcümə - Azərbaycan dilindəki «Windows» proqramları kompüter texnologiyalarına olan həvəsi artıracaq.


İnformasiya texnologiyaları və terminlərin tərcüməsiylə məşğul olan ekspertlərin fikrincə, belə keyfiyyətsiz tərcümə nümunələri «Windows»un Azərbaycan versiyasında həddindən artıq çox olacaq. Səbəbi isə, tərcümə işinin inanılmaz dərəcədə az bir vaxtda və qeyri-peşəkarcasına görülməsidir. Bunu qeyri-hökumət təşkilatı olan Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirir. Amma narazılığını «Microsoft»a, hətta onun tərcümə işindəki tərəfdaşı «Azel» şirkətinə də yox, tərcümə layihəsinin moderatoruna yönəldir.


«Windows» proqramlarının Azərbaycan dilinə tərcüməsində isə son sözü deyəcək olan şəxs Prezident Aparatının İnformasiya Resursları və Texnologiyaları Şöbəsinin müdiri Elmir Vəlizadədir. Osman Gündüzün fikrincə, bu layihəyə rəhbərlik ya bilavasitə elektron texnologiyaları sahəsinə cavabdeh olan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə, ya da Azərbaycan dilinin özəlliklərini öyrənən Elmlər Akademiyasının Dilçilik İnstitutuna tapşırılmalıydı. Məlumat üçün deyək ki, aprelin 7-də Azərbaycan dilinə tərcümənin başlandığını elan edərkən «Microsoft»un Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Çaykovski bildirmişdi ki, layihəyə moderator kimi ona görə, Prezident Aparatının şöbə müdirini seçiblər ki, birincisi, cənab Vəlizadə artıq Azərbaycan dili üçün standart unikodların, şriftlərin hazırlanması və Azərbaycanla bağlı bir sıra parametrlərin «Windows» proqramına salınmasında onlarla əməkdaşlıq edib, ikincisi isə, bu sahənin bilicisidir və işi təşkil edə bilər. Üstəlik o da bildirilmişdi ki, Azərbaycan dövlətinini tərcümə işinə köməyi o olacaq ki, cənab Vəlizadə və onun cəlb edəcəyi şəxslər üçün «Microsoft» şirkəti pul ödəməyəcək.


Prezident Aparatının bu ayın əvvəlində təşkil etdiyi dəyirmi masaya qatılan və orda «Windows»un Azərbaycan dilinə tərcüməsində ekspert kimi iştirak etdiyini deyən Dilçilik İnstitutunun direktor müavini Məsud Mahmudov isə ilk əvvəl tərcümə üçün cəmi iki ay ayrılmasından şikayətləndi. O, «Windows»un tərcüməsindən də narazıdır. Onun sözlərinə görə, artıq rus və tük dilinə tərcümələrin təcrübəsi göstərir ki, hər şey doğma dildə olsun deyə, bütün sözləri və terminləri ucdantutma tərcümə etmək mənasızdır. Və heç bir millət özü kəşf etmədiyi və artıq adı olan bir şeyi yenidən adlandırmağa cəhd etmir.



«Microsoft» şirkətindən verilən açıqlamaya görə, aprelin əvvəlində başlanan «Windows»un tərcümə prosesi mayın axırında sona çatmalıdır. Hər kəs «Windows» sistemindəki sözlərin tərcüməsində iştirak edə və bundan ötrü members.microsoft.com internet ünvanındakı tərcümə prosesində öz variantlarını verə bilər. Keyfiyyətə gəlincə isə, «Microsoft» şirkətinin açıqlamalarına görə, narazılıqlar olarsa, bir müddət sonra bu məsələyə yenidən qayıtmaq mümkündür. Çünki «Windows» sisteminin lokallaşdırılması layihəsi, bu ilin sonunda bitməlidir.



XS
SM
MD
LG