Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:11

Azərbaycanda narkomanların sayı nə qədərdir?


«Tələbələr narkotik istifadəçilərinin 30-35 faizini təşkil edir. Azyaşlılar və qadınlar arasında da narkotik istifadəçiləri artır»
«Tələbələr narkotik istifadəçilərinin 30-35 faizini təşkil edir. Azyaşlılar və qadınlar arasında da narkotik istifadəçiləri artır»
Azərbaycan Əfqanıstan və Orta Asiyadan Qərbi Avropaya narkotik tranziti marşrutu üzərində yerləşir. ABŞ Dövlət Departamentinin narkotiklərin yayılmasına qarşı mübarizəylə bağlı illik hesabatında deyilir ki, 2007-2008-ci illərdə Azərbaycanda narkotik istifadəçilərinin sayında və narkotikanın becərilməsində artım olub. Azərbaycanın İranla 611 km-lik sərhədinin olması İranın narkotik alverçilərinin Azərbaycan ərazisindən istifadə etməsinə şərait yaradır.

Azərbaycanda geniş yayılmış narkotiklərə heroin, həşiş, ekstazi və kokain daxildir. Rəsmi statistika narkomanların sayının 21 min olduğunu desə də, qeyri rəsmi məlumatlara görə, onların sayı 200 mindən çoxdur. Tələbələr narkotik istifadəçilərinin 30-35 faizini təşkil edir. Son vaxtlar azyaşlılar və qadınlar arasında da narkotik istifadəçiləri artır.

Azərbaycan Avropa Komissiyasının Cənubi Qafqaz üzrə antinarkotik proqramına daxil olub. Hüquq-mühafizə orqanları bu proqram çərçivəsində mübarizəni Avropa standartlarına uyğunlaşdırmağa çalışırlar. Ötən ilin 10 ayı ərzində Azərbaycan hüquq-mühafizə orqanları ton yarımdan çox heroin ələ keçirib. Bunun böyük bir hissəsi İranla sərhəddə tutulub. Sənəddə deyilir ki, Azərbaycan hökuməti narkotiklərin qanunsuz istehsalını və yayılmasını dəstəkləmir. Narkotik tranzitinin istiqaməti isə belədir - Orta Asiyadan keçməklə Xəzər dənizinin üstündə və ya İrandan quru yolla. Başqa bir marşrutsa İrandan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsini birləşdirir.

Təhlükəsizlik Araşdırmalar Birliyinin rəhbəri İlham İsmayıl deyir ki, narkotiklərlə bağlı cinayətlərin və istifadəçilərin sayının artması ölkədəki korrupsiyayla bağlıdır:

«Narkotikadan daha çox yoxsul ölkələrdə istifadə olunur. İşsizlik olan yerdə adətən gənclik buna çox meyllənir. Faktiki bizim ölkədə də buna şərait var. Narkotiklərin ölkəyə gətirilməsi və tranzit kimi istifadə olunması isə daha çox rüşvətlə mümkündür. Ölkədə elə məmurlar, səlahiyyətli şəxslər var ki, onlar toxunulmazdırlar, bu işlə məşğul ola bilirlər, ən əsası isə rüşvət yoluyla bunu ölkəyə daxil edə bilirlər.
Narkotik tranzitinin istiqaməti isə belədir - Orta Asiyadan keçməklə Xəzər dənizinin üstündə və ya İrandan quru yolla. Başqa bir marşrutsa İrandan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsini birləşdirir
MTN ayda 1-2 dəfə sərhəd bölgəsində neçə kiloqramsa narkotik alverçilərini yaxalamasıyla bağlı məlumatlar yayırlar, ancaq MTN-nin gözündən yayına bilən məsələlər də var. Bunun da səbəbi böyük pullardır».

Avropa İttifaqı və BMT-nin Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının rəhbəri Məzahir Əfəndiyev isə deyir ki, son vaxtlar hüquq-mühafizə orqanlarının bu sahəyə nəzarəti güclənib. Ancaq:

«Əgər 2007-ci ildə Azərbaycanda 1 tondan artıq narkotik dövriyyədən çıxarılıbsa, 2008-ci ildə bu 2 tondan artıq olub. Bu da hüquq-mühafizə orqanlarının sayıqlığının nəticəsində olub. Digər tərəfdən isə narkotiklər bazara çıxarılırsa, bu tələbatın çoxalmasından da xəbər verir. Bu məqamda departamentin hesabatını qəbul etmək olar. O ki qaldı narkotik istifadəçilərinin sayının artımına, bu da təəssüf ki, müşahidə olunur. Bu hökuməti də narahat edir, əlavə tədbirlər həyata keçirməyə çalışır. İllik hesabatların ən böyük xeyri də odur ki, prioritet istiqamətləri müəyyən etməyə kömək edir».

Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxov isə bildirdi ki, hesabatla bağlı onlarda hələ məlumat yoxdur. «Biz bunu araşdırıb fikir bildirəcəyik».

Ötən il Azərbaycanda narkotiklərlə bağlı 2500-dən artıq cinayət hadisəsi qeydə alınıb. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Dövlət Komissiyasının məlumatına görə, bu cinayətlərin 900-dən artığı narkotik vasitələrin satışı, 1400-dən artığı saxlanması, 90-dan artığı isə becərilməsiylə bağlı olub. Müsadirə olunan narkotik vasitələr arasında marixuana, həşiş, tiryək, geroin üstünlük təşkil edir.

Həmin hesabatın ikinci hissəsində isə çirkli pulların yuyulmasından bəh edir. Çirkli pulların transferiylə bağlı bölmədə deyilir ki, ölkədə geniş yayılmış korrupsiya var, mütəşəkkil cinayətkar qruplar fəaliyyət göstərir, baxmayaraq ki, hakimiyyətdə belə qruplaşmalar və onların fəaliyyəti haqqında kifayət qədər anlayış yoxdur. Azərbaycan hakimiyyəti hesab edir ki, çirkli pulların yuyulması və terrorçuların maliyyələşdirilməsi əhəmiyyətli ölçülərdə bank sektoru vasitəsiylə həyata keçirilir.

Bildirilir ki, çirkli pulların yuyulmasına qarşı mübarizəylə bağlı qanunvericilik zəifdir. Hazırlanmış qanun layihəsi isə beynəlxalq standartlara cavab vermir. Bu günə qədər çirkli pulların yuyulmasına qarşı cinayət məsuliyyətini tələb edən heç bir qanun yoxdur. Ancaq fiziki şəxslər çirkli pulların transferinə görə məsuliyyətə cəlb oluna bilər. Buna görə də terrorçuları maliyyələşdirən, çirkli pulların yuyulmasını həyata keçirən hüquqi şəxslər məsuliyyətdən kənarda qalır. Bankların fəaliyyətini nizamlayan qanunlardakı boşluqlar da çirkli pulların yuyulması, terrorçuların maliyyələşdirilməsi baxımından əlverişli şərait yaradır.

Azərbaycan hökuməti terrorçuluğun maliyyələşdirilməsini cinayət kimi tanıyır, ancaq bu çox dar çərçivəni əhatə edir.

Azərbaycan hökuməti hüquq-mühafizə orqanlarını çirkli pulların yuyulmasına, terrorçulara və onları maliyyələşdirənlərə qarşı mübarizə aparmaq üçün tədbirləri gücləndirməli, terrorçulara məxsus olduğuna dair şübhələr olan bank hesablarını bağlamalı, qanunverici baza yaradılmalıdır.
XS
SM
MD
LG