Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:19

«Ağ ölüm»ün qara səhifələri…


Anaşadan, tiryəkdən əsasən sadə insanlar istifadə edirlər
Anaşadan, tiryəkdən əsasən sadə insanlar istifadə edirlər

ABŞ Dövlət Departamentinin hesabatında qeyd edilir ki, Azərbaycan narkotik vasitələrin ticarətində əsas tranzit ölkələrdən birinə çevrilib. Əslində, bunun belə olduğuna indi Azərbaycanda çoxları şübhə etmir. BMT-nin Cənubi Qafqazda Narkotiklərə Nazarət Proqramının Azərbaycan üzrə rəhbəri Məzahir Əfəndiyev deyir ki, hələ ötən əsrin 90-cı illərinə qədər narkotik vasitələrin daşınmasında əsasən Balkan marşrutundan istifadə edilirdi. Yəni narkotik vasitələr Əfqanıstandan İrana, İrandan Türkiyəyə, Türkiyədən Albaniyaya daşınır, oradan da bütün Avropaya ötürülürdü. Əfəndiyevin sözlərinə görə, indi həmin marşrut işlək deyil: «Marşrut belədir: Əfqanıstan-İran-Cənubi Qafqaz respublikaları-Avropa. Azərbaycanı burada konkretləşdirsək əsasən üç marşrutdan bəhs edə bilərik. Əfqanıstan-İran-Azərbaycan-Rusiya. Əfqanıstan-İran-Azərbaycan-Avropa. Əfqanıstan-Orta Asiya-Xəzər dənizi vasitəsilə Azərbaycan və Avropa…»


«Azərbaycana narkotik vasitələr əsasən İran sərhəddindən keçirilir»


Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini Şahin Mirzəyev də deyir ki, Azərbaycana narkotik vasitələr əsasən İran sərhəddindən keçirilir…


Mütəxəssislər hesab edirlər ki, narkotik vasitələrin daşınma və satışından əldə edilən pullar öz həcminə görə, yalnız silah alverindən geri qalır. Nə insan, nə də neft alverində narkotik vasitələrin daşınma və satışı qədər böyük pullar qazanmaq olur. Bu böyük pullara görə Azərbaycanda da minlərlə insan ailəsini, var-dövlətini və ən nəhayət, sağlamlığını itirir. Təkcə onu demək kifayətdir ki, narkomaniya indi bəşəriyyətin böyük bəlalarından sayılan QİÇS-i doğuran əsas səbəblərdən biri kimi göstərilir. Ancaq məsələ heç də xəstəlikdə yox, onu doğuran səbəblərdədir. Birbaşa səbəblərə keçməzdən əvvəl isə ölkədə narkomaniyanın vəziyyəti və onun doğurduğu fəsadlar haqqında təəssüratlarımızı zənginləşdirək. Əvvəlcə, Sumqayıt Narkoloji Dispanserində əzab və peşmançılıq girdabında çapalayan bir narkomanın səmimi etiraflarından başlayıram: «Mən götürüb bir qram yarım heroini birdən qoluma vurmuşam ki, ölüm. Qismət deyilmiş, ölməmişəm. Bir də gecə saat 1-də ayılmışam. Özümü bir dəfə də elektrik «məftil»inə vurub öldürmək istəmişəm. Başqa bir dəfə isə bıçaqlamağa çalışmışam. Alınmayıb.


«Mən götürüb bir qram yarım heroini birdən qoluma vurmuşam ki, ölüm...»
Düşünmüşəm ki, belə həyat olmaz. Demişəm ki, yəni anadan da, qardaşdan da, uşaqdan da əzizdir İranın bizə verdiyi, məmurların qazanc yerinə çevirilən bu bəla? Bu heroin?»

«Gündə tək Sumqayıtda 1 kiloqram yarım heroin satılır»


29 yaşlı Nicat (ad şərtidir) ailəlidir. İki uşağı var. Uşaqlarından böyüyü qızdır, onun cəmi 4 yaşı var. İkinci uşağı isə oğlandır. Oğlunun isə 2 yaşı var. Nicat deyir ki, hələ evlənməzdən əvvəl narkotik maddələrə aludə olmağa başlayıb. Əvvəllər anaşa, tiryək qəbul etsə də, sonra onlar təlabatını ödəmədiyindən heroinə keçib. Evləndikdən bir qədər sonra isə narkotiklərə aludəçilik daha ciddi xarakter almağa başlayıb. Dediyinə görə, əvvəllər bisneslə məşğul imiş və həftədə təqribən 300 dollar həcmində qazancı olurmuş. Sonra həm işini, həm də maşınını itirib. Ancaq ailəsinin, xüsusilə də böyük qardaşının dəstəyi nəticəsində onu ara-sıra müvəqqəti də olsa işgüzar həyata qaytarmaq mümkün olub. Biznesi atdığından həmin vaxtlar da sürücülüklə ailəsini dolandırmağa çalışıb. Nicatın deməsinə görə, qardaşı əvvəlcə ona «Juquli», sonra «Opel», daha sonra isə kreditlə «QazEl» markalı maşın alıb. Ancaq çox vaxt narkotik maddə qəbul edib sükan arxasına keçdiyindən hər üç maşınla qəza törədib. Əzilib yararsız hala düşən maşınlar da ucuz qiymətə satılıb narkotiklərə xərclənib. Bir ara həm Zığdakı, həm də Sumqayıtdakı narkoloji dispanserə aparılsa da, müalicənin çox da ciddi təsiri olmayıb. Hər dispanserdən çıxdıqdan təqribən bir neçə ay sonra yenidən narkotik qəbul etməyə başlayıb: «Heç bir oğlan onun ağrısına dözməz. Nəyin var satıb vəziyyətdən çıxmaq istəyirsən. Qızılını, maşınını, paltarını. Qışda geyməyə ayaqqabı versələr, «lomka»da olsan, onu da satmaq istəyəcəksən. Nə yemək, nə siqaret istəyir könlün. Uşaqlarından sənə əzizi yoxdur. «Lomka»da olanda kim səninlə acıqlı danışsa, inan onu öldürərsən…»


Nicat deyir ki, «lomka» vəziyyətində - yəni orqanizmin kəskin narkotik istədiyi vaxt ehtiyaclarını ödəmək üçün hər şeyə hazırdır. O, həmin vaxt hər hansı bir cinayət etməyəcəyinə də zəmanət vermir. Nicatın sözlərinə görə, narkomanların bəzən oğurluq etmələri də bundan irəli gəlir.


Keçmiş Qarabağ döyüşçüsü olan bu xəstə insan həyatın min bir çətinliyini görüb. Artıq dördüncü dəfədir narkoloji dispanserdə müalicə olunur. Deməsinə görə, narkotiki atmaq üçün daim təşəbbüslər də göstərib. Hətta narkoloji dispanserdən çıxdıqdan bir dəfə sonra ibadətlə də məşğul olub.


Daha çox narkomanlar rəsmi qeydiyyata düşmək istəmirlər
Ancaq yenidən narkotik qəbul etməklə namaz qılmağı dayandırıb. İndi deyir ki, yenidən ibadətə qayıtmaq arzusundadır: «Gedib fəhləlik etməyə hazıram, bircə bu bəladan qurtarım. Mən açıq deyirəm, Sumqayıtda gənclərin 90 faizi narkomaniyaya düçar olub. İstənilən məmurun gözünün içinə baxıb bunu deyərəm. Heç kimdən də qorxmuram. Varlının da, kasıbın da balası narkomaniyaya tutulub. Hökumət hara baxır? Gündə tək Sumqayıtda 1 kiloqram yarım heroin satılır. Aya vuranda 45 kiloqram edir. Mən təxmini rəqəm deyirəm. Hökumət hara baxır?»

«Şəxsən polis bilir Sumqayıtda kimdir «baron»


Nicat Sumqayıtın «qara bazar»ında satılan narkotik maddələrin də qiymətini yaxşı bilir. Onun sözlərinə görə, heroinin bir qramının qiyməti keyfiyyətindən asılı olaraq 60 manatdan 80 manata qədər dəyişir. Bir çəkimlik tiryəki 10, anaşanı isə 6 manata almaq mümkündür. Nicat deyir ki, indi Sumqayıtın «qara bazaar»ında tiryəkə, anaşaya çox az hallarda rast gəlmək olur. Bazarı əsasən İrandan gətirilən heroin tutur: «Bax, bu hardan keçir? Sərhəddən keçir də. Göydən yerə salmırlar ki?! Düzdür, tuturlar ey, 1 qram, 10 qram satanları. Kasıb-kusubu televiziyalara çıxarmaqla deyil. Sumqayıtda «baron» tanıyıram, tutdular, Bakıda buraxdılar. Burdan satdırırlar, burdan tutdururlar. Şəxsən polis bilir Sumqayıtda kimdir «baron», kimdir bazarda narkotik satan…»


«Vəzifəli şəxslərin uşaqları əsasən, həblərdən istifadə edirlər»


Mütəxəssislər deyirlər ki, əslində, Azərbaycanda narkotikin hər növünün öz alıcı təbəqəsi formalaşıb. Anaşadan, tiryəkdən əsasən sadə insanlar istifadə edirlər. Xüsusilə də narkotik aludəçiliyinin ilk dövrlərində. Heroindən isə həm daha imkanlı, həm də daha təcrübəli narkomanlar istifadə edir. Vəzifəli şəxslərin narkomaniyaya tutulan uşaqları isə indi əsasən, həblərdən istifadə edirlər. İddialara görə, biri 300 dollara olan narkotik xassəli belə həbdən istifadə tədricən elitar təbəqənin bəzi təmsilçiləri üçün hətta dəbə çevrilməkdədir. Onlar eyş-işrət məclislərində bu həblərdən həm əhval-ruhiyyələrini, həm də fiziki imkanlarını qaldırmaq üçün istifadə edirlər.


BMT-nin Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının Azərbaycan üzrə rəhbəri Məzahir Əfəndiyev deyir ki, əslində, narkotiklərin qiyməti hər bir ölkədə müxtəlifdir: «Şərqdən Qərbə irəlilədikcə qiymətlər dəyişir. Məsələn, əgər Əfqanıstan-İran sərhəddində 1 kiloqram orta keyfiyyətli heroini 3-4 min dollara almaq mümkündüsə, bir sıra Avropa ölkələrində həmin bir kiloqramlıq heroinin qiyməti 250 min dollara çatır.


«Bəzən İrana araq aparıb əvəzində narkotik maddə gətirirlər»
Qiymətlər belə dəyişdiyindən narkokuryerlər, bu işlə məşğul olanlar narkotik vasitələrin daşınmasını himayəyə götürməklə az vaxtda küllü miqdarda vəsait əldə etmək istəyirlər…»

«Tranzitlə narkotik maddələr daşınır, ona qarşı mübarizə aparılmır»


Azərbaycanda yerli məhsul narkotika bazarının təqribən 10 faizini təşkil edir. Hər halda bunu yerli narkotika aludəçiləri iddia edirlər. Onların sözlərinə görə, bəzi aran rayonlarında taxıl zəmilərinin arasında narkotik bitkilər becərilib daxili bazarların istifadəsinə verilir. Bundan da onların deməsinə görə, yerli hüquq-mühafizə orqanlarının xəbərləri olur. İndi cənub rayonları üçün isə narkotika becərmək o qədər də xarakterik hal sayılmır. Çünki iddialara görə, əvvəllər olduğu kimi, İran-Azərbaycan sərhəddi indi o qədər də keçilməz deyil. Hərçənd rəsmi statistika heç də belə düşünməyə əsas vermir. Masallı Rayon Polis İdarəsinin yaydığı məlumata görə, bu ilin 9 ayı ərzində onlar narkomaniya ilə bağlı təqribən 40-a yaxın cinayət işi açıblar. Bu zaman 30-a yaxın şəxs saxlanıb. Müsadirə edilən malın ümumi çəkisi isə 200 qramdan azdır. «Femida-009» qəzetinin baş redaktoru, hüquqşünas Əyub Kərimov deyir ki, əslində, narkotiklərlə bağlı Azərbaycan məhkəmələrinə çıxarılan işlərdə də heç də böyük həcmli mallardan bəhs olunmur. Əyyub Kərimov bunu Azərbaycanda əsasən narkotika aludəçilərinin və xırda kuriyerlərin necə deyərlər, «ilişməsi» ilə izah edir: «Böyük balıqlar aradan çıxır. Tranzitlə narkotik maddələr daşınır, ona qarşı mübarizə aparılmır. Həqiqi mübarizə aparsalar, statistikada göstərərlər ki, 10 nəfər də polis vətəndaşın cibinə nəşə atarkən tutulub. Polis bəzən vətəndaşın cibinə ona görə nəşə atır ki, böyük mübarizəni apara bilmir. Bəzən cinayət işlərində heç mənbə də göstərilmir. Bəs narkotik malın mənbəsin mən tapmalıyam?»


Yerli kütləvi informasiya vasitələrində ölkənin İranla sərhəd cənub rayonlarında narkomaniyanın tüğyan etdiyindən geniş şəkildə bəhs edilir. Söhbət təkcə narkomaniyaya aludəçilikdən yox, həm də onun sərfəli biznes növünə çevrilməsindən gedir. Ancaq İranla sərhəd rayonlardakı real mənzərə ilə tanış olduqda da nə narkomaniyaya qarşı mübarizədə kompleks tədbirlərin, nə də üzə çıxan cinayətlərdə böyük həcmli işlərin şahidi olacaqsan. Hər halda Cəlilabad rayonunun düz İranla sərhəddə yerləşən Şatırlı kəndində narkomaniya ilə bağlı həbs edilən şəxslərin ailələrinin dolanışığı narkobaronların həyat tərzi haqqında təəssüratlarla heç də uyuşmur. Şatırlı kəndində son vaxtlar narkomaniya ilə bağlı iki şəxs həbs edilib. Onlardan birinin istintaqı hələ davam etsə də, Sücaət Abbasov adlı ikinci şəxsə artıq 7 il həbs cəzası verilib. Sücaət Abbasovun 9 azyaşlı uşağı var. Uşaqların yalnız biri oğlandır. Onun yeganə oğlu 16 yaşlı Elvin deyir ki, atası işsiz olduğundan ara-sıra Güzdəyə gedib daş karxanasında işləyirmiş.


«Atamı istəyirəm…»
Ay ərzində oradan evə 100-120 manat pul gətirirmiş. Bu isə böyük ailənin heç də bütün təlabatını ödəmirmiş. Atasının narkotika alverinə qoşulub-qoşulmadığını bilməyən Elvin deyir ki, həmişə problemlər içində yaşayıblar. Artıq atası tutulduğundan o da ailələrini birtəhər dolandırmaq üçün Bakıya gedib daş karxanalarında çalışır: «Maşınlara daş yükləyirəm. Bir günə 4 maşın yükləmək olur. Bir həftə işləsəm evə qayıdanda təqribən 60 manat gətirə bilirəm…»

«Adamı olmadı, getdi…»


Sücaət Abbasovun həyat yoldaşı isə evdə yox idi. Elvinin deməsinə görə, anası qonşu Ləkin kəndinə, valideynlərinin yanına getmişdi. Ailənin digər uşaqları isə həyətdə elə otun üstündəcə oynayırdılar. Uşaqlardan birini söhbətə çəkməyə təşəbbüs göstərirəm:


- Adın nədir qızım?


- Şəhanə.


- Neçə yaşın var?
- 7.


- Məktəbə gedirsən? Nə öyrənmisən?
- …
- Nəsə istəyirsən?


- Atamı…
Elvinin təkidindən sonra onun 3 yaşlı bacısı Pərvin isə bizə şeir deyir:


- Heydər baba maşında, qızıl papaq başında. Çalışarıq, vuruşarıq Heydər baba yolunda…


Bir müddət gözləsək də, Sücaət Abbasovun həyat yoldaşı gəlib çıxmır. Biz yalnız Şatırlıdan Cəlilabada qayıdarkən yolda ona rast gəlirik. Bu qadının elə bil bizi görən kimi bütün dərdləri yadına düşür: «Bilmirəm 9 uşağı necə dolandırım. Həyətdə toyuq-cücə saxlayıb satıram. Onu da qəndə-çaya veririk. Uşaqların 7-si məktəbə gedir. Eyni paltarı səhər birinə, axşam da o birinə geyindirirəm. İki növbə oxuyurlar…»


Sücaət Abbasovun həyat yoldaşının sözlərinə görə, ünvanlı sosial yardım üçün müraciət etsələr də, onlara yox cavabı veriblər. Böyük ailə onun və 16 yaşlı oğlunun öhdəsinə qalıb: «Adamı olmadı, getdi. İndi bilmirəm uşaqları neyləyim, kimə verim? Çoxu qız olduğundan internata da verə bilmirəm.


Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini Şahin Mirzəyev
Deyirəm mənə Mehriban Əliyeva kömək etsin. Mənim də ad və soyadım Mehriban Əliyevadır, onun da. Qızlarım səhərdən axşama kimi ağlayıb atalarını istəyirlər…»

Şatırlıda atışma…


Şatırlıda narkomaniyaya görə həbs edilən Şirməmməd Gülüşov da elə bir imkana malik deyil. Onun yaxın qohumu Təzəxan Mirələmov deyir ki, kənddə əkin-biçin işləri xeyli çətindir. Şatırlı dağlıq ərazidə yerləşdiyindən əkin sahələrində texnika hərəkət edə bilmir. Ona görə də bütün əkin-biçin işləri yalnız əllə görülür. Bu isə insanların əlini torpaqdan soyudur: «İranla sərhəd əksər kəndlərdə vəziyyət belədir. Ona görə də işsiz qalan əhali ya Rusiyaya ticarətə, ya da Bakıya fəhləliyə gedirlər. Bəzi insanlar isə narkotika ticarətinə qoşulurlar…»


Təzəxan Mirələmov güman edir ki, İrandan Cəlilabada keçirilən narkotik maddələrin heç 20 faizinin qarşısı alınmır. Tutulanlar isə əsasən xırda alverçilər olur: «Malı iranlılar özləri gətirirlər. Onlar həm silahla, həm də gecəgörmə cihazları ilə təmin olunurlar. Malı Cəlilabadda müəyyən adamlara verib gedirlər».


Cəlilabadda elə imkanlı şəxslər də var ki, əhali onları öz aralarında «narkobaron» adlandırır. Azadlıqda gəzən bu şəxslərin dəbdəbəli həyat təzi, istifadə etdikləri çoxsaylı xarici maşınların markası sadə insanların həsədlə ən çox bəhs etdikləri mövzulardandır. Cəlilabaddan Bakıya qayıtdıqdan sonra isə eşitdim ki, Şatırlı kəndinin ərazisində narkotik qaçaqmalçıları ilə hüquq-mühafizə orqanları arasında atışma olub, bir polis əməkdaşı həlak olub.


«Cənub xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənov deyir ki, narkotik qaçaqmalçılığı Cəlilabadla qonşu rayonlarda da geniş yayılıb: «Biz bir il əvvəl, Astara rayonuna qayıqla narkotik maddələrin keçirilməsindən bir yazı vermişdik. Həmin vaxt buraxlış məntəqələrində işıqlar da söndürülürdü. Bəzən İrana araq aparıb əvəzində narkotik maddə gətirirlər. Bu rayonlarda kor-kor, gör-gördü. Baxırsan bəziləri mağazalarını simvolik işlədirlər ki, sonra onlardan soruşmasınlar ki, bu qədər pulları haradan qazanırsınız…»



Şatırlı kəndində narkomaniya ilə bağlı həbs edilən şəxslərin ailələrinin dolanışığı narkobaronların həyat tərzi haqqında təəssüratlarla heç də uyuşmur
Ancaq həm müşahidələrdən, həm də statistik rəqəmlərdən bəs edərkən tək cənub rayonları ilə kifayətlənmək düzgün olmazdı.

Bu ilin 9 ayı ərzində narkotiklərlə bağlı 2006 cinayət işi açılıb


Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini Şahin Mirzəyevdən aldığımız məlumata görə, bu ilin 9 ayı ərzində narkotiklərlə bağlı 2006 cinayət işi açılıb. Həmin cinayət işlərinə əsasən 1660-a yaxın şəxs həbs edilib. Onların 36 nəfəri əcnəbi vətəndaşdır. Həbs edilənlərin təqribən 700-ü satışla, 1200-ə yaxını saxlama ilə, qalanları isə narkotik bitkilərin becərilməsi və başqa bu kimi hallarla bağlıdır. Bu ilin 9 ayı ərzində ümumilikdə hüquq-mühafizə orqanları qeyri-qanuni dövriyyədən 390 kiloqrama yaxın narkotik vasitə çıxarıblar. Şahin Mirzəyev deyir ki, həmin narkotik vasitələrin 80 kiloqramı İran vətəndaşlarından müsadirə edilib. Ümumilikdə narkotik vasitələrin 170 kiloqrama yaxını həşiş, 30 kiloqrama yaxını heroin, 70 kiloqramdan çoxu tiryək və başqa növlər olub. Bundan başqa, bu il 348 ton narkotik xassəli bitki məhv edilib. Həmin məhv edilən bitkinin bir hissəsi xüsusi olaraq əkilsə də, böyük əksəriyyəti ölkənin müxtəlif ərazilərində təbii şəkildə yetişir. Şahin Mirzəyev deyir ki, Azərbaycanda narkotiklərin daşınmasına, becərilməsinə və satışına qarşı mübarizə ildən-ilə güclənməkdədir: «Məsələn, keçən illə müqayisədə bu il Azərbaycanın hüquq-mühafizə orqanları qanunsuz dövriyyədən 200 kiloqramdan artıq narkotik vasitə çıxarıblar. Mən indiki mübarizəni effektli sayıram».


Söhbət qramdan, kiloqramdan yox, tondan gedirdi…


Ancaq müşahidəçilər bu statistik rəqəmlərə əsasən real mənzərə haqda təsəvvürlərin formalaşmasını istəmirlər. Cənub rayonlarında yaşayan bir çox insanların iddialarına görə, təkcə elə İran sərhəddindən Azərbaycana ildə müsadirə ediləndən qat-qat artıq narkotik vasitə keçirilir. Narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə məqsədilə Bakıda keçirilən beynəlxalq tədbirlərin birində isə çox maraqlı bir hal üzə çıxmışdı. Həmin toplantıda iştirak edən Azərbaycan hüquq-mühafizə orqanlarının nümayəndələri ölkənin İranla sərhəddində kiloqramlarla ölçülən narkotik vasitələrin müsadirəsindən bəhs edirdilərsə, onların Avropadan olan həmkarları daha ciddi əməliyyatlardan danışırdılar. Yəni artıq söhbət qramdan, kiloqramdan yox, tondan gedirdi. Üstəlik, son illər istifadəyə verilən Bakı-Kabul təyyarə reysi ilə də narkotiklərin keçirilmədiyinə hamını inandırmaq çətindir. «Femida-009» qəzetinin baş redaktoru, hüquqşünas Əyyub Kərimov bütünlükdə rəsmi statistikaya bir qədər şübhə ilə yanaşır: «Daxili İşlər naziri deyir ki, bizdə cinayətlərin açılma faizi Avropa ölkələrindən yüksəkdir. Orda statistika yoxdur, cinayətkarlığa qarşı mübarizə var. Bizdə deyirlər, 90 cinayətin 89-nu açmışıq. Bəs qeydiyyata alınmayan cinayətlər? Qaldı ki, ay yabanı çətənə kollarını təmizləmişik, bu da o işin davamıdır…»


«Narkoticarət Azərbaycan hakimiyyətinin çox mühüm qollarının nəzarəti altında həyata keçirilir»


Əslində, Daxili İşlər naziri Ramil Usubov da bildirmişdi ki, hüquq-mühafizə orqanları ölkəyə gətirilən narkotik vasitələrin yalnız 10 faizinin qarşısını ala bilirlər. Bu da narkoticarətin transmilli xarakter daşımasının göstəricisidir.


İran sərhəddindən Azərbaycana ildə müsadirə ediləndən qat-qat artıq narkotik vasitə keçirilir
«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid isə deyir ki, narkoticarətin yüksək səviyyələrdə himayə olunmadığı ölkə tranzitə çevrilə bilməz. O, hesab edir ki, əslində, Azərbaycanda narkomaniyaya qarşı mübarizə narkoticarətdən kənarda aparılır: «Narkoticarət Azərbaycan hakimiyyətinin çox mühüm qollarının nəzarəti altında həyata keçirilir».

Ancaq hüquq-mühafizə orqanları belə iddialarla razılaşmırlar. Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini Şahin Mirzəyev deyir ki, Azərbaycanda narkotik vasitələrin ticarətini heç də hakimiyyətin hər hansı qolu himayə etmir: «Bu himayə aşağı səviyyədədir. Onlar da əsasən bir neçə dəfə həbs edilmiş cinayətkarlar olurlar».


«Bizdə yalnız 5-10 faiz xəstəni həyata qaytarmaq olur»


BMT-nin Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının Azərbaycan üzrə rəhbəri Məzahir Əfəndiyev deyir ki, son illər Azərbaycanda xüsusən gənclər arasında narkomaniyaya meyl güclənir. Artıq 10-12 yaş arasında bəzi yeniyetmələr də narkomaniyaya meyl etməkdədir. Statistikaya görə, indi Azərbaycanda təqribən 20 minə yaxın narkoman var. Ancaq bu rəqəm şübhə doğurur. Respublika Narkoloji Dispanserin Təşkilat-Metodiki-Məsləhət Şöbəsinin müdiri Afət Məmmədova deyir ki, bu rəqəmi 10-a, 15-ə vurmaq lazımdır. Çünki daha çox narkomanlar rəsmi qeydiyyata düşmək istəmirlər. Afət Məmmədova narkoloji dispanserlərdə müalicənin ciddi effekt vermədiyi fikri ilə də razılaşır. Ancaq onun sözlərinə görə, bu, təkcə Azərbaycanda belə deyil: «Elə ölkələr var ciddi narkoloji reablitasiya və sosial inteqrasiya mərkəzləri mövcuddur. Orada da dönüşə nail olmaq mümkün olmur. Çünki mühitdən və ailədən çox şey asılıdır. Bizdə yalnız 5-10 faiz xəstəni həyata qaytarmaq olur».


2004-cü ildən Azərbaycandakı narkoloji dispanserlərdə əvəzedici müalicə üsuluna da keçiblər. Metodon əvəzedici müalicə proqramına əsasən, bəzi xəstələrə sintetik narkotik maddələr verilir. Bir çox ölkələr isə heç də metodondan istifadə etmirlər. Çünki metodonun özü də narkotik maddə sayılır. Afət Məmmədova deyir ki, bu proqramın əsas əhəmiyyəti narkomanlar arasında QİÇS-in qarşısını almaqdır: «Metodon yalnız o şəxslərə tətbiq edilir ki, onları artıq əsl həyata qaytarmaq çox çətindir».


«Qeydiyyatda azyaşlı xəstələr var»


Afət Məmmədova təkcə xəstəliyin yox, onu doğuran səbəblərin də üstündə dayanmağa çalışır. Həkimin fikrincə, Azərbaycanda narkomaniyanın geniş yayılmasının başlıca səbəblərindən biri regional amillə bağlıdır: «Əsas səbəb ölkənin narkotik vasitələrin tranzitinə çevrilməsidir. Başqa bir səbəb işsizlikdir. Düzdür, bizdə indi tədricən işsizlik problemi aradan qalxır. Ancaq xəstələrlə söhbətdə öyrənmək olur ki, onların çoxu ilk dəfə işləməyə getdikləri ölkədə narkotik maddə qəbul ediblər».



Şatırlıda narkotik qaçaqmalçıları ilə hüquq-mühafizə orqanları arasında atışma olub
Afət Məmmədova deyir ki, hətta qeydiyyatda azyaşlı xəstələr var. Bu isə onun fikrincə, Azərbaycan məktəblərində təlim-tərbiyə işlərinin düzgün aparılmaması ilə bağlıdır.

«Narkoticarəti doğuran başlıca amil böyük həcmli çirkli pullardır»


Ancaq bütün bu səbəblər narkotik istifadəçilərin sayına təsir edən amillərdir. «Femida-009» qəzetinin baş redaktoru Əyyub Kərimov deyir ki, bütünlükdə narkotik ticarətini doğuran başlıca amil isə böyük həcmli çirkli pullardır. Burada isə söhbət milyardlardan gedir. Aşağıdan-yuxarıya, kimi imkansızlıqdan, kimi də daha çox varlanmaq ehtirasından narkomaniyanın inkişafına xidmət edir.


Mütəxəssislər narkoticarətə qarşı mübarizəni isə daha çətin mübarizə sayırlar. Çünki beynəlxalq narkomafiya insanlar arasında nə dini, nə irqi, nə milli, nə də cinsi ayrı-seçkilik qoyur. Bu yeganə bəladır ki, orda mili, irqi, dini maraqlar toqquşmur. Ancaq bütün bunlar heç də narkoticarətə qarşı mübarizənin əhəmiyyətinə kölgə salmır. BMT-nin Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının Azərbaycan üzrə rəhbəri Məzahir Əfəndiyev deyir ki, mübarizənin gücləndirilməsi üçün beynəlxalq təcrübədən istifadə edilməlidir. Bundan ötrü isə o, bu problemi koordinasiya edən yeni bir qrumun yaradılmasına ehtiyac duyur. Məzahir Əfəndiyevin sözlərinə görə, bu qurum həm bu istiqamətdə qəbul edilən qanunların icrasına nəzarət etməli, həm də qanunların işləməsi üçün mexanizmlər hazırlamalıdır: «Bu qurum digər tərəfdən, həm bu problemi doğuran səbəbləri araşdırmalı, həm də ona qarşı beynəlxalq təcrübəyə əsaslanan mübarizə üsullarını işləyib hazırlamalıdır».


Məzahir Əfəndiyev deyir ki, artıq Rusiyada belə bir qurum yaradılıb. Məhz elə bunun nəticəsidir ki, Rusiya Federasiyasının hüquq-mühafizə orqanları son bir neçə ildə ölkəyə gətirilən tonlarla narkotik vasitələrin qarşısını ala biliblər.


«Femida-009» qəzetinin baş redaktoru Əyub Kərimov isə narkoticarətə qarşı mübarizə aparmaq üçün hakimiyyətin ciddi istək və iradə nümayiş etdirməsinə ehtiyac olduğunu deyir: «Bu istək və iradə daimi olmalıdır. Daha 3 ildən, 5 ildən bir maşınlardan qara örtüklərin yığışdırılmasına oxşamamalıdır».


Əslində, narkomaniya tək dolayı yox, birbaşa fəsadlar da törədir. «Cənub xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənov deyir ki, təkcə Masallı şəhərində hər il onlarla gənc narkomaniyadan vəfat edir: «Onların əksəriyyəti də 18-20 yaşlı gənclərdir. Mən onların Masallı qəbiristanlığında qəbirlərini bir-bir göstərə bilərəm. Çoxsunun da yas mərasimində iştirak etmişəm…»


Hələlik Azərbaycanda bilavasitə narkotikadan ölənlərin dəqiq statistikası aparılmır. Ancaq bu belə bir statistikanın olmadığı anlamına gəlməməlidir. Deməli, Azərbaycanda narkomaniyaya qarşı mübarizə aparmaq üçün bu «ağ ölüm»ün hələ necə deyərlər, ağ səhifəsi yazılmalıdır.


XS
SM
MD
LG