Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:18

“Əsgərləri yerə uzadıb kürəklərində gəzdi”- [Məhkəmə]


İllüstrasiya
İllüstrasiya

►"Manqa komandiri Cavadov əsgərlərdən "jim" vəziyyəti almağı tələb elədi. Bir müddət əvvəl kor bağırsağımdan əməliyyat olunmuşdum deyə, "jim" vəziyyəti ala bilmədim.

Bunu dedim. Cavadov elə əməliyyat olunduğum yerdən yumruq vurdu. Vəziyyətim ağırlaşdı, "sançast"a getdim, iynə vurdular..."

Bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Biləcəridəki hərbi hissəsində xidmət edən əsgər Tamerlan Sadıqzadə Bakı Hərbi Məhkəməsində ifadə verərkən bildirib.

DÖYÜLÜB-SÖYÜLDÜKLƏRİNİ DEYİRLƏR

Söhbət həmin hərbi hissədə işgəncə halları, təxminən 50 əsgərin döyülməsi, təhqir olunması, eləcə də ötən il mayın 22-də orada əsgər Tapdıq Babaşovun müəmmalı ölümü ilə bağlı məhkəmə prosesindən gedir.

Fevralın 25-də keçirilən məhkəmə iclasında hərbi hissənin 14 əsgəri zərərçəkmiş qismində dindirilib. Onlar ifadələrində bu cinayət işi üzrə təqsirləndirilən üç nəfər - Ruslan Cavadov, Cəmil Ağayev və Elməddin Babayev tərəfindən döyülüb-söyüldüklərini bildiriblər. Onların üçü də manqa komandiri olub.

Əsgərlərin bir neçəsi, o cümlədən, Valeh Yaqubov, Xəyal Müzəffərli, Tural Cəfərli ifadəsində göstərib ki, Cəmil Ağayev bütün tağımın əsgərlərini yerə uzadıb, kürəklərində gəzib.

“HAMININ ÜSTÜNDƏN KEÇDİ”

"Bu hadisə mayın 16-da olub, manqa komandiri Cəmil Ağayev dedi ki, "siz intizamsız tağımsız". Ona görə bütün tağımın əsgərlərindən "jim" vəziyyəti almağı tələb etdi. Sonra da hamının üstündən keçdi", - deyə Xəyal Müzəffərli bildirib.

Əsgərlərin sözlərinə görə, hərbi xidmətə yeni gəldikləri vaxtlarda sırada düzgün addımlamadıqlarına görə onları bir ayağı üstdə saxlayıb, qaldırdıqları ayağın altına vururlarmış.

Əməliyyat olunduğu yerdən zərbə aldığını deyən Tamerlan Sadıqzadənin sözlərinə görə, səhər baxışında cibindən üzqırxan çıxdığına görə də döyüldüyü hallar olub: "Xəbərdarlıq elədilər ki, bir də çıxsa, daha pis olacaq".

Əsgər Eşqin Hüseynəliyev bildirib ki, manqa komandiri Elməddin Babayev əlinə dəsmal sarıyıb əsgərləri döyürdü.

____________________________________________________________

Bunlara da bax:

_____________________________________________________________

“ƏSGƏRLİKDƏN BEZƏN OĞLAN DEYİLDİ”

Tapdıq Babaşovun ölümünə gəlincə, ifadə verən əsgərlərin heç biri hadisəni gözü ilə görmədiyini bildirir. Onlar deyir ki, hadisə günü mərhum Babaşovun hərəkətlərində, əhval-ruhiyyəsində fərqlilik hiss etməyiblər.

Tapdıq Babaşov
Tapdıq Babaşov

"Hadisə vaxtı biz dərsdə idik. Leytenant Mirzəyev bizə dərs keçirdi. Tapdıq Babaşov növbədə idi. Gəlib dərsdə bizə qəzetləri payladı, dərsdə verilən sualları cavablandırdı. Hadisəni eşidəndə biz inanmadıq. Çünki o, daha cəsarətli idi. Demişdi ki, Milli Orduda zabit olmaq istəyir. Əsgərlikdən bezən oğlan deyildi", - deyə Tamerlan Sadıqzadə vurğulayıb.

Əsgər Hacıbala Azayev ifadəsində göstərib ki, həmin gün o da dərsdə olub. Lakin onu komandirin maşınını yumağa çağırıblar deyə, sonra baş verənlərdən xəbərsizdir.

DEYİR, ƏSGƏRİ TİBB HİSSƏSİNƏ ÖZÜ APARIB

Məhkəmədə təqsirləndirilən şəxslər ifadə verməyiblər, onlara qarşı irəli sürülən ittihamlara münasibət bildirməyiblər. Yalnız Ruslan Cavadov əsgərin əməliyyat olunduğu yerdən zərbə vurması barədə səslənən fikirlə əlaqədar bildirib ki, həmin əsgəri tibb hissəsinə özü aparıb.

Keçmiş manqa komandirlərinə Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələrilə ittiham irəli sürülüb.

Məhkəmə prosesi martın 14-də davam edəcək.

Tapdıq Babaşov ötən il mayın 22-də dünyasını dəyişib. Rəsmi məlumatlara görə, mərhum Babaşov özünü hərbi hissənin üçüncü mərtəbəsindən ataraq intihar edib. Lakin Tapdıq Babaşovun anası Kifayət Süleymanova və digər qohumları buna inanmır. Onlar əsgərin qətlə yetirildikdən sonra atıldığını düşünür.

Buna da bax...

30 illiyə istifadəyə verilən Bakı-Sumqayıt yolu 5 il sonra...
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

XS
SM
MD
LG