Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 17:41

Məhkəmə Əli Kərimlinin pasport şikayətinə baxmaqdan imtina etdi


Ali Kerimli
Ali Kerimli

Bakı İnzibati Məhkəməsi AXCP sədri Əli Kərimlinin şikayətinə baxmaqdan imtina edib.

Kərimli 14 ildir ki ona pasport verilməməsilə əlaqədar məhkəməyə üz tutmuşdu.

Partiya sədri Daxili İşlər Nazirliyi və bu qurumun tabeliyində olan Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iddia qaldırmışdı.

Amma fevralın 20-də Bakı İnzibati Məhkəməsinin hakimi Elvin Əliyev bu iddiaya baxılmasının mümkün sayılmaması haqda qərar çıxarıb.

Məhkəmədə Əli Kərimlinin nümayəndəsi, vəkil Fəxrəddin Mehdiyev bildirib ki, şəxsə ümumvətəndaşlıq pasportunun verilməməsi və bu üzdən ölkədən çıxmaq imkanının məhdudlaşdırılması fundamental hüquq və azadlıqların pozulmasıdır.

Bu pozuntunun 14 ildir ki davam etdiyini vurğulayan vəkil xatırladıb ki, Avropa Məhkəməsinin də bu məsələ ilə bağlı qərarı var:

“Bugünə qədər nə Avropa Məhkəməsinin qərarı icra olunur, nə də hüquq pozuntusu aradan qaldırılır”.

Daxili İşlər Nazirliyini təmsil edən vəkil Əlirza Həbilov isə ümumiyyətlə, şikayətə baxılmasına etiraz edib.

O deyib ki, bu məsələ ilə bağlı qüvvədə olan məhkəmə qərarları var. Avropa Məhkəməsi pozuntunu tanısa da, əvvəlki məhkəmə qərarları ləğv olunmayıb:

"Ali Məhkəmənin Plenumu bu işə yenidən baxıb, qərarları ləğv eləməyib".

Hakim qısa müşavirədən sonra iddianın mümkün sayılmaması barədə qərarı elan edib.

Qərardan apellyasiya şikayəti veriləcək.

Əli Kərimli iddia ərizəsində Azərbaycanın Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərovun da üçüncü şəxs qismində bu məhkəmə prosesinə cəlb olunmasını istəmişdi. Amma onun nə özü məhkəməyə gəlib, nə də nümayəndəsi.

Xatırlatma

Avropa Məhkəməsi 2015-ci ilin iyulunda bu məsələ ilə bağlı qərar verib. Əli Kərimliyə pasport verilməməsi İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 2 saylı Protokolunun 2-ci maddəsinin (hərəkət azadlığı hüququ) pozuntusu kimi tanınıb. Azərbaycan hökuməti də bu qərarla razılaşıb, Yuxarı Palataya şikayət verməyib.

AXCP sədri 2006-cı ildən pasport ala bilmir. Ona barəsində 1994-cü ildə CM-in 220.1 maddəsilə başlanmış cinayət işinə (cibindən qumbara tapılması iddiası) xitam verilməməsi əsas gətirilir.

Əli Kərimli isə bildirir ki, 1994-cü ildən sonra ona 1996-cı və 2001-ci illərdə iki dəfə pasport verilib. Üstəlik, 1998 və 2003-cü illərdə millət vəkili kimi, ona diplomatik pasport da verilib.

2001-ci ildə aldığı pasportunun 5 illik müddəti 2006-cı ildə başa çatanda isə sözügedən cinayət işini əsas gətirib, imtina ediblər.

Cinayət işinin aqibətinə gəlincə, Əli Kərimlinin bildirdiyinə görə, 1995-ci ildən icraat dayandırılıb: “Bakı Şəhər Baş Polis İdarəsinə ərizəmdən sonra mənə məlum oldu ki, həmin cinayət işini 1994-cü ildə Nəsimi Rayon Prokurorluğu Baş Polis İdarəsindən götürüb. 21 dekabr 1995-ci ildə icraatı dayandırılıb. Həmin qərarın ləğv edilməsi üçün Baş prokurora və Bakı Şəhər Prokurorluğuna müraciətlərim nəticə vermədi”.

AXCP sədri cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi əsasıyla, həmin cinayət işinə xitam verilməsindən ötrü də məhkəməyə üz tutub. Ancaq məhkəmələr ona “yox” deyib. Bildirilib ki, cinayət işinə xitam verilməməsindən məhkəməyə şikayət nəzərdə tutulmayıb.

XS
SM
MD
LG