Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:51

Zelenski vəziyyətin getdikcə ‘çətinləşdiyini’ deyir


Baxmut şəhəri
Baxmut şəhəri

Ukrayna ordusunun fevralın 28-də bildirdiyinə görə, Rusiyanın ölkənin şərqində hücumu getdikcə Donetskin Baxmut şəhəri ətrafına cəmləşir. Prezident Volodimir Zelenski xəbərdarlıq edib ki, şəhərin ukraynalı müdafiəçiləri üçün vəziyyət getdikcə “həddən artıq çətinləşir”.

Son 24 saat ərzində Ukrayna qüvvələrinin şərqi Donetsk vilayətində Rusiya əsgərlərinin 60-dan çox hücumunu dəf etdiyi bildirilir.

Rusiya əsgərləri Lımansk, Avdiyevka, Şaxtarsk istiqamətlərində hücumları davam etdirsə də, hücumun əsas vektoru Baxmut şəhəridir. Zelenskinin sözlərinə görə, “düşmən möhkəmləndirmə və müdafiə mövqelərimizi qorumaq üçün istifadə oluna biləcək hər şeyi daimi məhv edir”.

Baxmut

Son bir ayda Baxmutda döyüşlər qızışıb. Rusiya əsgərləri şəhəri mühasirəyə salmağa, Ukrayna qüvvələrinin təchizat xətlərini kəsməyə çalışırlar, ancaq kəskin müqavimətlə üzləşiblər.

“Baxmut ətrafını müdafiə edən əsgərlərimiz əsl qəhrəmanlardır”, – Zelenski fevralın 27-də ənənəvi gecə müraciətində deyib.

Zelenski bir daha Kiyevin Qərb müttəfiqlərini Ukraynaya hərbi təyyarələr verməyə çağırıb ki, Ukrayna qüvvələri ölkəni bütünlükdə “Rusiya terroru”ndan qoruya bilsinlər.

Ukrayna quru qüvvələrinin komandiri, General Oleksandr Sirski deyib ki, Baxmut ərazisində vəziyyət “həddən artıq gərginləşib”.

“Ciddi itkilərə baxmayaraq, düşmən Vaqner (muzdlularının) ən yaxşı hazırlaşmış hücum bölmələrini döyüşə atıb, onlar əsgərlərimizin müdafiəsini qıraraq şəhəri mühasirəyə almağa çalışırlar”, – Sirski vurğulayıb.

Hava zərbələri

Baş Qərargahın məlumatına görə, Rusiya son 24 saat ərzində şərqə səkkiz raket və 32 havadan zərbə həyata keçirib.

Ukrayna hava qüvvələrinin isə Rusiya əsgərlərinin cəmləşdiyi ərazilərə havadan dörd zərbə endirdiyi vurğulanır.

Ukrayna ordusu dünən bildirmişdi ki, Rusiya şərqdə qüvvə sayını artırır, Luhansk vilayətinə yeni çağırışçı kontingentləri göndərir.

“Əldə olunmuş informasiyaya görə, Rostov vilayətindən 200-dək çağırışçı Luhansk vilayətinin müvəqqəti işğal altında olan ərazilərinə göndərilib”, – Baş qərargah axşam hesabatında qeyd edir.

XS
SM
MD
LG