Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:19

Zelenski NATO-ya dəvəti nəzərdə tutan 'Qələbə planı'nı açıqlayıb 


Volodimir Zelenski Verxovna Radada
Volodimir Zelenski Verxovna Radada

Ukrayna prezidenti Volodimir Zelenski ən geci gələn il Rusiyanın işğalçı müharibəsinə son qoyacaq və münaqişədə indiki durumu Kiyevin xeyrinə dəyişəcək tədbirlər planını açıqlayıb. Ukrayna lideri bunu ölkəsi Rusiya qoşunlarının tədricən, ancaq durmadan irəliləməsi və yaxınlaşan qışdan əvvəl enerji infrastrukturunun məhvini önləmək üçün gedən mübarizə fonunda edib.

Oktyabrın 16-da Ukrayna parlamentində çıxışı zamanı o tərəfdaş ölkələrə çağırış edib ki, “Ukraynanın bütün işğal edilmiş, eləcə də Rusiya ərazisinə və düşmənin hərbi infrastrukturuna zərbə endirə biləcək uzaqvuran silahların istifadəsinə məhdudiyyətləri aradan götürsünlər” və “ehtiyat briqadaların təchizatına” yardımçı olsunlar.

Onun 5 müddəadan ibarət “Qələbə planında” Ukraynanın heç bir ərazisini güzəştə getməyəcəyi, bundan əlavə NATO hərbi alyansa qoşulmaq üçün rəsmi Kiyevin qeyri-şərtsiz dəvət edilməsi yer alıb. Həmçinin o, Ukraynada strateji qeyri-nüvə çəkindirmə alətlərinin quraşdırılmasını istəyib. Zelenski söyləyib ki, o bu planı oktyabrın 17-də Brüsseldə keçiriləcək Avropa ittifaqının sammitində təqdim edəcək.

Heç bir detal açıqlamayan Ukrayna lideri bu planın ABŞ, Böyük Britaniya, Fransa, İtaliya və Almaniya liderləri ilə müzakirə olunduğunu söyləyib.

Şarl Mişelin xəbəri var

"Mən prezident Zelenskini Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə baş verən son hadisələri nəzərdən keçirmək və qələbə planını təqdim etmək üçün oktyabrın 17-də keçiriləcək Aİ Şurasının sammitinə dəvət etmişəm”, – Aİ Şurasının prezidenti Şarl Mişel (Charles Michel) özünün X sosial şəbəkəsi hesabında yazaraq Zelenskinin dediyini təsdiqləyib.

NATO-nun Baş katibi Mark Rütte (Mark Rutte) oktyabrın 16-da söyləyib ki, onda Zelenskinin “Qələbə planının” təfərrüatları var və mümkün gələcək addımlarla bağlı alyans üzvləri ilə artıq əlaqə yaradıb.

Zelenskini “üstüörtülü” ABŞ planını təqdim etməkdə suçlayan Kremlin sözcüsü Dmitri Peskov deyib ki, Ukrayna “ayılmalıdır”. Moskva Ukraynanın NATO-ya daxil olmasına qəti şəkildə qarşı çıxıb. O, bu perspektivi bəhanələrdən biri kimi istifadə edərək 2022-ci ilin fevralında qonşu ölkəyə qarşı tammiqyaslı müharibəyə başlamışdı.

Zelenski noyabrın 5-dək cavab gözləyir

Kiyev ötən həftənin sonu Almaniyada keçirilməli Ramştayn (Ramstein) qrupunun görüşü zamanı özünün 50-yə yaxın tərəfdaş və müttəfiqindən bu plana cavab gözləyirdi. Lakin görüş ABŞ-da tüğyan edən Milton qasırğasının fəsadları ilə əlaqədar bu ölkənin prezidenti Co Bayden (Jo Biden) səfərini ləğv etdiyindən təxirə salındı.

Zelenski söyləyib ki, planına cavabı noyabrın 5-dək Ukraynanın əsas müttəfiqi, maliyyə və hərbi dəstəkçisi ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl gözləyir. Respublikaçı partiyasının namizədi Donald Tramp (Donald Trump) seçkilərdə qalib gəlsə, bu, rəsmi Vaşinqtonun Kiyevə davam etdirdiyi dəstəyi şübhə altına qoyacaq.

Zelenski təqdimatını Rusiyanın Ukrayna şəhərləri və infrastrukturu üzərində təzyiqi davam etdirdiyi, eləcə də Rusiya qoşunları olduqca vacib logistika habı sayılan Pokrovsk istiqamətində irəlilədiyi bir vaxtda edib.

Oktyabrın 16-da Rusiya Ukraynaya 136 PUA və iki idarəolunan raketlə hücum edib. Onların əksəriyyəti Kiyev hava hücumundan müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

51 PUA Sumı, Çerkası, Kirovohrad, Ternopil, Xerson, Xarkov, Jıtomir, Donetsk, Dnipropetrovsk, Mikolayiv, Kiyev, Poltava, Çernihiv bölgələrində vurularaq endirilib. Qalan 60 Rusiya PUA-sı elektron hərbi tədbirlərlə zərərsizləşdirilib.

Bu arada Rusiya müdafiə nazirliyi Ukraynanın üç PUA-sını yerə endirdiyini açıqlayıb. Onlardan ikisi Belqorod, biri isə Voronej bölgəsində zərərsizləşdirilib.

XS
SM
MD
LG