Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:46

Xersonda referendum söhbəti. Mindən çox cinayət işi


Xersonda Rusiya texnikası
Xersonda Rusiya texnikası

Ukraynanın şimalında Rusiya qüvvələrinin çıxdığı ərazilərdə zorlama və digər hərbi cinayətlər iddiaları artmaqdadır. Oxşar iddialar işğal olunmuş yerlərdən də gəlir

Moskva Ukraynanın Zaporojye və Xerson vilayətlərində Rusiyanın nəzarətində olan ərazilərdə referendum planlaşdırır. Ukraynanın şərqində döyüşün qızışdığı bir vaxtda yerli rəsmilər belə bir xəbərdarlıqla çıxış ediblər.

Ukraynanın cənubunda qismən işğal olunmuş vilayətlərdə səsvermənin təşkilində məqsəd qondarma “Xerson Xalq Respublikası” elan etmək ola bilər. Kreml 2014-cü ildə Ukraynanın Krım vilayətini ilhaq edəndən sonra Luqansk və Donetsk vilayətlərində də bu addımı atəb, bu ilin fevralında isə bu iki qondarma qurumu tanıyıb. Bu, Moskvaya yerli sakinləri Ukraynaya qarşı döyüşlərə cəlb etməyə imkan verə bilər. Hazırda Ukraynada separatçıların nəzarətində olan ərazilərdə 18-65 yaşlı kişilər də Rusiya qüvvələrinə məcburi cəlb olunur.

Xerson şəhərindən əhalinin 40 faizi çıxıb

“İnanıram ki, Xerson vilayəti ərazisində istənilən referendum qanunsuz olacaq, çünki Xerson Ukraynadır”, – Xersonun meri İqor Kolixayev “Current Time”a müsahibəsində deyib.

Rusiya Ukraynanın cənubunda işğal etdiyi ərazilərdə merləri Moskvaya rəğbət bəsləyən şəxslərlə əvəzləyib. Kolixayev istisnadır, onun bələdiyyəni Ukrayna qanunvericiliyinə uyğun idarə etməsinə icazə verilib.

Müharibəyə qədər 300 min əhalisi olan Xerson şəhəri müharibənin əvvəlində böyük dirəniş olmadan Rusiyanın əlinə keçib. Moskva fevralın 24-də işğala başlayandan tutduğu böyük vilayət mərkəzlərindən biridir. Kolixayev əhalinin 40 faizə qədərinin şəhəri tərk etdiyini bildirir.

Yoxa çıxanlar

Rusiya qüvvələri şəhərdə qərargah qurub, 2014-cü ildən Donbasda Kremlin dəstəklədiyi qüvvələrə qarşı vuruşmuş yerli sakinlərin datasına çıxış əldə edib. Xersonda selektiv reydlərdə bu datadan istifadə olunur. l

Kolixayev siyahıda adı olanlardan 200-dən çox adamın yoxa çıxdığını, Rusiya qüvvələrinin əllərində siyahı, maşınların nömrəsi ilə axtarışlar apardığını deyir: “Axşam saat 5-də küçələrdə demək olar, adam qalmır. Şəhər ölüb, getdikcə daha da boşalır”.

Rusiya rəsmilərinin son bəyanatları Moskvanın daha böyük ambisiyalarından xəbər verir. Ukraynanın cənubunun Moskva üçün strateji hədəf olması, Moldovanın separatçı Dnestryanı regionu ilə quru əlaqəsi yaradılacağı iddiaları səslənib. Rusiya parlamenti üzvlərindən isə Ukraynanın cənubundakı əraziləri genişləndirilmiş Krım federal rayonu adı altında Rusiyaya birləşdirmək çağırışları eşidilir.

Ancaq bu məqsədlərə çatmaqdan ötrü Rusiya təkcə Donbasdakı Ukrayna qüvvələrini mühasirəyə almamalıdır, həmçinin Mikolayev və Odessa sərhəd vilayətlərini tutmalıdır. Bir çox təhlilçilər və Qərbin hərbi rəsmiləri bunu mümkün saymırlar.

“Propaqanda”

Ukrayna prezidentinin müşaviri Mixaylo Podolyak Rusiya hərbi rəsmilərinin cənubda böyük əraziləri ələ keçirməklə bağlı bəyanatlarını “propaqanda” hesab edir. Onun fikrincə, Kreml müharibənin birinci mərhələsini uduzandan sonra məqsədlərinə yeni yön verməyə çalışır.

Bu arada Ukraynanın şimalında Rusiya qüvvələrinin çıxdığı ərazilərdə zorlama və digər hərbi cinayətlər iddiaları artmaqdadır. Oxşar iddialar işğal olunmuş ərazilərdən də gəlir.

Rusiya qüvvələrinin işğal etdiyi Xerson vilayəti prokurorunun birinci müavini Aleksey Danilyak AzadlıqRadiosu-na deyib ki, idarəsində işğal dövründə iddia olunan pozuntular üzrə mindən çox cinayət işi açılıb. Buraya qətl, adam oğurluğu, deportasiya, yaxud məcburi köçürmə, işgəncə, seksual cinayətlər daxildir.

Xersonda iki zorlama iddiası

La Strada-Ukrayna insan haqları qrupundan Alyona Krivulyak deyib ki, onların qaynar xəttinə müxtəlif iddia olunan cinayətlərlə bağlı məlumatlar gəlir. Baxmayaraq ki, Rusiya qüvvələri işğal altında olan dinc sakinlərin Kiyevin nəzarətindəki ərazilərlə kommunikasiyasını önləməyə çalışır. Onun sözlərinə görə, sakinlərə psixoloji və fiziki zorakılıq edilir, onların mobil telefonları, sosial media hesabları daim yoxlanır.

Bu təşkilat iki zorlama iddiasını qeydə alıb. Xerson vilayətində bir qadının və onun gənc qızının bir-birinin gözü qarşısında Rusiya əsgərləri tərəfindən zorlandığı deyilir.

Krivulyak Ukraynanın cənubunda müvəqqəti işğal altında olan ərazilərdən başqa zorlama iddiaları almadıqlarını, amma belə halların baş verməsindən əmin olduqlarını deyir.

Moskva indiyədək hərbi cinayətlərlə bağlı konkret iddiaları cavablandırmayıb. Amma Rusiya rəsmiləri əsgərlərinin dinc sakinləri hədəfə almadığını bildirir.

Ukraynanın insan haqları fəalları ölkədə “beynəlxalq hibrid tribunal” yaradılmasına, Rusiyanın işğalı başlayandan Ukraynada törədilmiş hərbi cinayətləri araşdırmağa çağırırlar. Kiyevdə yerləşən Mülki Azadlıqlar Mərkəzinin direktoru Aleksandra Matviyçuk deyir ki, belə bir tribunal “yerli müstəntiqlərlə hakimlərin” xarici həmkarları ilə birlikdə işləməsinə şərait yaradar.

XS
SM
MD
LG