Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:16

Vəkillər Azərbaycanı Vardanyana işgəncədə günahlandırmaqla BMT-yə müraciət ediblər


Ruben Vardanyan
Ruben Vardanyan

Qarabağda keçmiş separatçı rejimin Bakıda doqquz aya yaxındır həbsdə olan "dövlət katibi" Ruben Vardanyanın beynəlxalq hüquq qrupu Birləşmiş Millətlər Təşkilatının (BMT) İşgəncələrə qarşı Komitəsinin xüsusi məruzəçisinə təcili ərizə təqdim edib.

Onlar Bakının Vardanyana qarşı işgəncə və "qəddar" rəftarını pisləməyə çağırıblar.

Qeyd olunduğuna görə, ailəsinə və beynəlxalq vəkillərinə bildirilib ki, 2024-cü ilin aprelində aclıq aksiyası zamanı Vardanyan karserə (cərimə kamerası) salınıb, yuxudan, içməli sudan və xarici aləmlə ünsiyyətdən məhrum edilib: "Hələ də bunun nəticəsində aldığı fiziki və zehni travmanın şiddətini bilmirik".

"Azərbaycan onu təhdid kimi görür, buna görə də susdurmağa çalışır, qanunsuz həbslərə və son vaxtlar işgəncələrə əl atır. Azərbaycan hakimiyyəti öz ölkəsinin beynəlxalq arenada ciddi qəbul olunmasını və COP29-un (BMT-nin iqlim konfransı) sülh konfransına çevrilməsini istəyirsə, Rubenə qarşı pis rəftarını dayandırmalı, onu və Dağlıq Qarabağın digər siyasi məhbuslarını dərhal azad etməlidir", - Vardanyan ailəsinin beynəlxalq hüquq məsləhətçisi Cared Qenser bildirib.

"Atamın çəkdiyi dəhşətlər haqqında öyrəndikdə şok olduq. Atamdan fərqli olaraq beynəlxalq dəstək görməyən digər az tanınmış məhbuslarla Azərbaycanda nə etdiklərini düşünmək belə qorxuncdur", - R.Vardanyanın böyük oğlu David də bildirib.

Rəsmi Bakı Qarabağda həbs edilənləri siyasi məhbus kimi tanımır. Rəsmilərin bildirməsinə görə, ümumilikdə də ölkə həbsxanalarında siyasi məhbusların olması ilə bağlı deyilənlər əsassızdır. Onların vurğulamasına görə, bununla bağlı hüquq müdafiə təşkilatlarının siyahılarında yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

26 aprel

Qarabağda keçmiş separatçı rejimin "dövlət katibi" olmuş Ruben Vardanyan Bakı İstintaq Təcridxanasında aclıq aksiyasını dayandırıb.

Ailəsinin bəyanatında vurğulanır ki, Vardanyanı səhhətinin pisləşməsi və saxlanma şəraiti ilə əlaqədar aclığı dayandırmağa razı sala biliblər.

"Qısa söhbət zamanı ailə üzvləri ona müxtəlif ölkələrin hökumət rəsmilərindən Azərbaycana artan təzyiqlər barədə məlumat veriblər. Həbsdə olan ermənilərin azad edilməsi üçün tədbirlərin görüldüyünü eşidən Ruben Vardanyan ailənin təkidli xahişlərinə tabe oldu", - qohumların açıqlamasında bildirilir.

Azərbaycan hökuməti Vardanyanın aclıq aksiyası keçirdiyinə dair xəbəri hələ ki, təsdiq və ya şərh etməyib.

22 aprel

Ailəsi ilə əlaqə saxlamağa icazə verilib

İki həftədən çox Bakı həbsxanasında təmas hüququ olmadan təkadamlıq kamerada saxlanılan Ruben Vardanyana ilk dəfə ailəsi ilə əlaqə saxlamağa icazə verilib.

"Bu, Ruben Vardanyanın beynəlxalq ictimaiyyətə təcili müraciətindən və aclıq aksiyasına başladığını elan etdikdən sonra baş verib", - Vardanyanın Facebook səhifəsində dərc olunmuş bəyanatda deyilir.

Ailəsinin dediyinə görə, telefon danışığı zamanı Vardanyan bütün bu müddət ərzində tam təcriddə saxlandığını, hətta oxumaq şansının belə olmadığını bildirib: "Bildiyimizə görə, onun yalnız təzyiqi ölçülürdü, başqa heç nə, bu da onun səhhətinin pisləşməsi ilə bağlı narahatlığımızı daha da artırır".

Vardanyanın ailəsi Azərbaycandan Beynəlxalq Qızıl Xaç Komitəsinin ona dərhal baş çəkməsinə icazə verməsini tələb edir ki, "bizim onun səhhətinin vəziyyəti ilə bağlı müstəqil sübutlarımız olsun və aclıq aksiyası zamanı ona lazımi tibbi yardım göstərildiyinə əmin olaq".

Ruben Vardanyan: 'Ermənistan bizim əvəzimizə qərar verə bilməz'
Gözlə

No media source currently available

0:00 0:05:31 0:00
19 aprel

Ailəsi Vardanyanın Bakı həbsxanasında aclığa başladığını xəbər verir

Azərbaycanın Qarabağ bölgəsindəki keçmiş separatçı rejimin "dövlət katibi" Ruben Vardanyan aprelin 5-dən Bakı həbsxanasında aclıq aksiyasına başlayıb. Bu barədə onun ailəsi məlumat verib.

55 yaşlı Vardanyan ötən il sentyabrın 27-də Qarabağdan kütləvi köç edən ermənilərlə birlikdə Azərbaycan-Ermənistan sərhədini keçmək istəyərkən həbs olunub. O, özünün və həbsdə olan başqa separatçıların dərhal və qeyd-şərtsiz azad olunmalarını tələb edir.

Azərbaycanda Vardanyana qarşı "terrorun maliyyələşdirilməsi", "qanunsuz silahlı qruplaşmalar yaratmaq və bu qruplaşmalarda iştirak", "sərhədin qanunsuz keçilməsi" kimi ağır ittihamlar irəli sürülüb.

Qarabağdakı keçmiş separatçı rejimin başqa liderləri – Bako Saakyan, Arkadi Qukasyan və Araik Arutyunyan da Azərbaycanda həbsdədirlər. Onlara qarşı separatizm ittihamları irəli sürülüb.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi.

Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizləmə" kimi dəyərləndirib.

Qarabağdakı separatçı qurumun rəhbəri yeni ilə qədər bu qurumun fəaliyyətini dayandıracağını açıqlamışdı. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG