Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:02

'Azərbaycan qədər ÜTT ilə belə uzun danışıqlar aparan ikinci dövlət yoxdur'


Azərbaycan bu təşkilata üzv olsaydı....
Gözlə

No media source currently available

0:00 0:05:12 0:00

Azərbaycan bu təşkilata üzv olsaydı.... (Arxiv. 2021)

İyulun 6-da Cenevrədə iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyətinin iştirakı ilə Azərbaycanın ÜTT-yə (Ümumdünya Ticarət Təşkilatı) üzvlüyü üzrə İşçi Qrupun 15-ci iclası keçirilib.

Nazir Cabbarov iclasda Azərbaycanın iqtisadi artımı, ticarət sahəsinin inkişafı haqda məlumat verib. O, həmçinin beynəlxalq ticarətə inteqrasiya və müvafiq qanunvericilik sahəsində islahatlardan, ÜTT-yə üzvlük məqsədilə görülən işlərdən danışıb.

Bundan əvvəl sonuncu belə iclas 2017-ci ildə keçirilib.

Azərbaycanın ÜTT-yə üzv olmaq niyyətini əks etdirən ərizə 1997-ci ildə ÜTT Katibliyinə verilib, həmin il iyulun 16-da Azərbaycan üzrə İşçi Qrup yaradılıb. Lakin bu uzun müddətdə Azərbaycan təşkilata üzv olmayıb.

R.Quliyev
R.Quliyev

"Bəzi ölkələrin xarici borcu artıb"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a bildirib ki, Azərbaycanın ÜTT üzvü olması üçün siyasi iradə var və bunun üçün müəyyən tədbirlər görülür. Quliyev ölkə iqtisadiyyatının daha liberal olması, sahibkarlıq iqlimini yaxşılaşdırılması, daha yaxşı investisiya mühitinin yaradılması yönündə işləri sadalayır. Onun iddiasına görə, bu addımlar beynəlxalq təşkilatlar, o cümlədən də ÜTT tərəfindən alqışlanır.

Deputat qeyd edib ki, burada Azərbaycanın siyasi iradəsi və istəyi ilə yanaşı, digər məqamlar da var: "Üzvlük prosesi olduqca uzun sürür və mərhələli şəkildə onlarla sənədlər imzalanmalıdır. İkinci tərəfdən, mən deməzdim ki, son 10-15 ildə ÜTT-yə üzv olan ölkələrin hamısı bu üzvlükdən qazanıb. Bu, hətta həmin ölkələrdə inflyasiya səviyyəsinə mənfi təsir edib, həmin ölkələrin iqtisadiyyatının ən zəif sektorları rəqabət mübarizəsində idxalçılara uduzub. Bəzi ölkələrin xarici borcu artıb. Amma buna baxmayaraq, müəyyən pozitiv nəticələr də var".

Komitə üzvünün fikrincə, Azərbaycan da ÜTT-yə tez üzv olarsa, eyni mənfi nəticələrlə qarşılaşa bilər: "Biz sürətlənmiş qaydada ÜTT-yə üzv olsaq, Azərbaycana malların axını olacaq və istehsal etdiyimiz məhsullar qiymət faktoruna görə rəqabətə dözə bilməyəcək. Biz bazarlarımızı keyfiyyətsiz məhsullardan qoruyuruq və yerli istehsalı stimullaşdırırıq".

Korporativ maraqlar...

İqtisadçı Qubad İbadoğlu isə AzadlıqRadiosuna bildirib ki, işçi qrupların iclasları daha çox deklarativ xarakter daşıyır: "Əsas lazım olan siyasi iradə və siyasi qərardır. Amma Ümumdünya Ticarət Təşkilatına üzv olmaq üçün bu, ortada yoxdur".

Q.İbadoğlu
Q.İbadoğlu

Ekspertin sözlərinə görə, korporativ maraqlar ölkədə rəqabətin dəstəklənməsinə, bazarın liberallaşmasına, ticarətin açılmasına mane olur: "Korporativ maraqlar dövlət başçısı İlham Əliyevin şəxsi maraqları ilə üst-üstə düşdüyündən... ÜTT-nin tələblərinə uyğunlaşmaq çətindir. Təşkilat idxal rüsumlarının aşağı salınmasını, ölkə bazarlarına sərbəst giriş-çıxış imkanlarının yaradılmasını tələb edir. Amma Azərbaycanda monopoliya, oliqopoliya varsa, onlar bazara girişə baryer yaradırlar".

Jurnalist araşdırmaları prezidentin ailə üzvlərinin ölkədə gəlirli biznes sahələrinə nəzarət etdiklərini üzə çıxarıb. Hakimiyyət təmsilçiləri isə bu iddiaları siyasi hakimiyyətə təzyiq cəhdi kimi qiymətləndirirlər.

İbadoğlunun fikrincə, Azərbaycanda inhisarçılıq aradan qaldırılmayınca, ticarət mübahisələrinin məhkəmədə ədalətli həlli üçün şərait yaradılmayınca, ÜTT-yə üzvlük məsələsi yerdə qalacaq: "Azərbaycan hakimiyyəti prosesi uzatmağa maraqlıdır və bu mənada rekord vurub – Azərbaycan qədər ÜTT ilə belə uzun danışıqlar aparan ikinci dövlət yoxdur. ÜTT üçün Azərbaycan o qədər də önəmli deyil, çünki iqtisadiyyatı kiçikdir, ticarəti əhəmiyyətli dərəcədə böyük deyil və dünya ticarətində əhəmiyyətli rolu yoxdur".

Xatırlatma

Ümumdünya Ticarət Təşkilatı (ÜTT) 1995-ci ildə yaradılıb. Təşkilatın qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşir. Hazırda ÜTT-nin 164 üzvü vardır. Bundan başqa, 22 ölkə və bir neçə beynəlxalq təşkilat ÜTT-də müşahidəçi statusuna malikdir.

Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı çoxtərəfli danışıqlar İşçi Qrup çərçivəsində aparılır. İşçi Qrupun birinci iclası 2002-ci ildə Cenevrədə təşkil olunub.

XS
SM
MD
LG