Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:28

Ukraynaya yeni hava hücumundan müdafiə tankları veriləcək


Leopard tankları Ukraynaya göndərilir
Leopard tankları Ukraynaya göndərilir

Newsweek jurnalı yazır ki, Ukraynaya yeni "Frankenstein" hava hücumundan müdafiə tankı veriləcək. Soyuq müharibə dövrünə aid , hava maşınları əleyhinə ən yeni sistemlərin imkanlarını özündə birləşdirən bu tankdan Rusiyanın dron və raketlərini vurmaq üçün istifadə edilməlidir.

Almaniyanın “Rheinmetall” şirkəti bu yeni dizaynını ötən həftə elan edib. Şirkət 35 millimetrlik avtomatik topla təchiz edilmiş “Skyranger” lüləsini “Leopard 1” şassisinə(otomotiv) yerləşdirməyi planlaşdırır.

"Əlimizdə hələ çox “Leopard 1” tankı var”, - “Rheinmetall”ın quru sistemləri proqramının rəhbəri Byorn Bernhard deyib. O bildirib ki, daha çox "Frankenstein" tankı istehsal edilə bilər.

“Anbarlarda çox qalıb”

Almaniyada soyuq müharibə dövründən qalma “Leopard 1” tanklarından artıq istifadə edilməsə də, anbarlarda onlardan çox qalıb. Artıq 100-ə yaxın “Leopard” tankı alan Ukrayna ordusunun hələ də Rusiya və onun son aylarda mühüm infrastrukturu hədəfə alan dron hücumlarından müdafiə olunmaq üçün əlavə dəstəyə ehtiyacı var.

1960-cı illərdə dizayn olunmuş “Leopard 1” soyuq müharibə dövründə qısa zamanda bir çox Avropa ölkəsinin ordularında standarta çevrilib. O, dünyanın 12-dən çox ölkəsinin ordusunda əsas döyüş tankı funksiyasını yerinə yetirib. Mobillik və atəş gücünə fokuslanan bu 42 tonluq tankın güclü mühərriki sayəsində onun sürəti saatda 64 kilometri aşa bilir. Nəticəsə tank irəliləyən qoşunlardan geri qalmır.

Tankın yaxşı sınanmış şassisi yolsuzluq şərtlərində yaxşı nəticələr göstərir. Bu isə onu Şərqi Ukraynanın sərt relyefi üçün ideal edir. “Leopard”ın çox da gözə girməməsi onu müəyyən qədər qarşı tərəfin atəşindən qoruyur.

“Leopard” bu maşının bazası olsa da, işin əsas hissəsini “Skyranger” sistemi görür. Bu müasir tank lüləsi 360 dərəcəlik tam görüntüyə malik mürəkkəb radarla təchiz edilib. Bu isə Ukrayna ordusuna yaxınlaşan təhlükəni dəqiqliklə aşkar edərək izləmək imkanı verir.

“Skyranger”in 35 millimetrlik avtomatik topu yaxınlaşmaqda olan dronlar ziyan vurmağa imkan tapmamış onları sıradan çıxarmağa qadirdir. Bu sistem eyni zamanda, hava maşınlarına qarşı raketatıcılarla da kombinə edilə bilər. Bu isə daha mürəkkəb hava təhlükəsinə qarşı əlavə müdafiə deməkdir.

“Rheinmetall” bildirir ki, bu kombinasiya Ukraynaya Rusiya dronlarına qarşı son dərəcə edffektiv sistemi qısa zamanda ortaya çıxarmaq imkanı verəcək. Bu yeni dizaynın elan edilməsi “Rheinmetall”ın Ukraynanın qərbində yeni sex açdığı vaxta təsadüf edir.

"Biz Ukraynada uzun müddət…”

"Biz Ukraynada [işimizi] uzun müddət üçün planlaşdırırıq. Biz sadəcə avadanlıq verib geri çəkilmirik – biz orada daimi qalaraq Ukraynanı dəstəkləyəcəyimizi göstəririk”, - Bernhard “Bild” jurnalına müsahibəsində deyib.

“Rheinmetall”ın yeni müəssisəsi cəbhə xəttində zədələnən alman tanklarını təmir edərək yenidən döyüşə göndərilməsini sürətləndirəcək.

Ukrayna Rusiyanın mühüm infrastrukturu hədəfə alan dron zərbələrinə qarşı əlavə dəstək cəlb etməyə davam edir. Ötən həftə Ukrayna prezidenti Volodımır Zelenski Amerika Birləşmiş Ştatlarla 10 illik təhlükəsizlik sazişi imzalayıb. Saziş Kiyevə uzunmüddətli hərbi yardım vəd edir.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı geniş miqyaslı təcavüzə başlayıb. Milyonlarla dinc sakin öz evlərindən didərgin düşüb.Hər iki tərəfdən yüz minlərcə hərbi quluqçunun, həlak olduğu, yaralandığı bildirilir.Ukraynada dinc sakinlər arasında da itkilərin böyük olduğu vurğulanır.

XS
SM
MD
LG